Ailəşünaslığa dəyərli
töhfə
İnsani münasibətlərin tərbiyə məktəbi
adlandırdığımız ailə cəmiyyətin ilkin
özəyidir. Kiçik bir dövləti xatırladan
ailədə fəzilət və qəbahət münasibətlər
zəminində səciyyələnir. Ər-arvadlıq
həyatının başlanğıc mərhələsi; ər-arvadın
ailə həyatı haqqında təsəvvürləri;
nikah motivlərinin uyğunluğu; mühit dəyişkənliklərinə
adaptasiya problemi və sair - bütün bunlar ailə həyatını
və fəaliyyətini şərtləndirən amillərdir.
Qloballaşan müasir dünyada ailə
kiçik sosial qrup kimi yeni xarakter almağa başlayıb.
Bu kimi xarakterlərin formalaşması, təzahür etməsi
psixologiya üzrə fəlsəfə doktoru, dosent Nuralı
Çələbiyevin "Azərbaycan ailə modeli
qloballaşma və millilik kontekstində" (Bakı: ADPU-nun
nəşriyyatı, 2021, 526 səh.) adlı monoqrafiyasında
tədqiq-təhlil süzgəcindən keçirilib.
Monoqrafiya
giriş, iyirmi iki paraqrafı özündə birləşdirən
beş fəsil, nəticə və ədəbiyyat
siyahısından ibarətdir. Elmi redaktoru
psixologiya elmləri doktoru, professor Ramiz Əliyev, rəyçiləri
respublikanın tanınmış alimləri - professorlar
A.N.Abbasov, R.F.İbrahimbəyova, Q.N.Qəhrəmanova, fəlsəfə
elmləri doktoru A.İ.Əsədov, dosent C.Q.Alıyevdir.
Öncə qeyd edək ki, əsər ağır elmi zəhmətin
məhsuludur.
Əsərdə Azərbaycan ailə modelinin etnopsixoloji
genezisi, qloballaşma prosesinin mahiyyəti, onun milli xüsusiyyətlərə
və Azərbaycan ailə modelinə təsiri, ailə həyat
tərzinin modelləşməsi zəminində meydana
çıxan sosial-psixoloji problemlər, o cümlədən,
ailə həyatının müxtəlif mərhələlərində
ər-arvad, qayınana-gəlin, övlad valideyn münasibətlərinin
xarakteri, ailədaxili konfliktlərin determinantları,
onların doğurduğu sosial-psixoloji problemlər tədqiqatçı-alim
tərəfindən etnopsixoloji aspektdə müqayisəli təhlilə
cəlb edilib.
Bildirilir ki, ailə həm bioloji, həm psixoloji, həm
də canlı sosial orqanizmdir. Odur ki, ailənin həyatından
söhbət gedərkən, həmişə onun hər bir
üzvünün həm ailədə, həm də ailədənkənar
mühitdə davranışını, onun sosial, hüquqi və
əxlaqi nəticələrini nəzərə almaq lazım
gəlir.
Nuralı
Çələbiyev, əsərin adından
göründüyü kimi, "qloballıq"
anlayışını haqlı olaraq bir sıra əlamət
və meyarlara istinad edərək, dörd qrupa ayırır:
birincisi, qlobal kimi dəyərləndirilən problemlər xəyali
deyil, real olub, sivilizasiyanın və bəşəri
mövcudluğun əsasları üçün ciddi təhlükə
yaradan, olduqca təhlükəli və aktual bəşəri
problemlərdir; ikincisi, onlar bütün millət və
xalqların, son nəticədə bəşəriyyətin mənafe
və maraqlarını ifadə edir;
üçüncüsü, onlar həm ictimai, həm də təbii
xarakterli prosesləri əhatə etdiyindən cəmiyyət həyatının
və insan fəaliyyətinin bütün sahələrinə
nüfuz edir; dördüncüsü isə onların regional
həlli yalnız bütün ölkələrin,
bütün millət və xalqların kollektiv səyləri
nəticəsində mümkündür.
Həmişə
aktual olacaq monoqrafiyada tədqiqatçı alim qeyd edir ki,
müasir dünyada qloballaşmanın qaçılmaz və
dominant təsiri altında bütün ölkələrdə
"şəxsiyyət və cəmiyyət", "cəmiyyət-ailə"
və "ailə-ailə üzvləri" dixotomiyasında
qarşılıqlı münasibətlərin yeni sistemi formalaşır,
mənəvi dəyərlər sistemi dəyişmələrə
məruz qalır, milli ailə dəyərlərinin məzmununda
sıçrayışlarla müşayiət olunan ziddiyyətlər
dərinləşir.
"Azərbaycan ailə modeli qloballaşma və millilik
kontekstində" adlı monoqrafiyaya dərin nüfuz edən
psixoloq - alim ailədə davranış normalarının tənzimlənməsində
qeyri-hüququ normalar kimi əxlaq, din, adət və ənənələrə
əsaslanan qaydalar (məsələn, qulluq, nikahaqədərki
davranış, ərlə arvad arasında hakimiyyət və
vəzifə bölgüsü, ailədə
böyük-kiçiyə, ata-anaya münasibət, ailənin
asudə vaxtının təşkili və s.) mühüm rol
oynayır - qənaətindədir. Pedaqoji-psixoloji-etik
istiqamətdə elmi şərh verən tədqiqatçı
qeyd edir ki, normalar da adət-ənənələr kimi zaman
keçdikcə dəyişir və onlar arasındakı fərqlər
ailə həyatının dövrü mərhələlərindən
asılı olaraq özünü daha aydın büruzə
verir. İndiki nəsillərdə qəbilə
həyat tərzindən qalmış bir çox patriarxal ənənələr
(məsələn, qızların qaçırılması,
yalnız qan qohumluğu olanlardan qız alıb-vermə,
qadınların sosial statuslarının aşağı səviyyədə
olması, qadınlara qarşı zorakılıq və s.)
sosial təkamülə, davamlı insan inkişafına mane
olan əsas amillərdir.
Dərin
elmi axtarışlar, araşdırmalar və təhlillər
sayəsində ərsəyə gəlmiş monoqrafiyada o da
göstərilir ki, bütün dünyada olduğu kimi Azərbaycanda
da ailənin həyat və fəaliyyətində, struktur və
funksiyalarında yeni təmayüllər meydana gəlir, ailə-nikah
münasibətlərində, onun etnik xarakteristikasında
neqativ dinamika müşahidə olunmaqdadır.
Bildiyimiz kimi, tarixən Azərbaycan ailəsi
xalqımızın milli mental dəyərləri sistemində
öncül mövqedə olub, sosial məişət həyatının
ayrılmaz hissəsi hesab edilib. Xalqımızın
milli-mənəvi dəyərləri ilk növbədə məhz
ailə müstəvisində yaranıb, qorunub-saxlanıb və
nəsildən-nəsilə ötürülüb. Tarixi inkişafın müxtəlif mərhələlərində
Azərbaycan ailə sistemi müxtəlif təsirlərə məruz
qalsa da, özünəməxsus təməl, fundamental
xüsusiyyətləri hifz edilib, müasir dövrədək
yaşadılıb. Tədqiqatçı
qeyd edir ki, xalqımızın tarixən formalaşmış
ailə modeli milliliklə bəşəriliyin, ənənəviliklə
müasirliyin, qədim Şərqlə və müasir Qərb
mədəniyyətinin ən pozitiv cəhətlərinin
sintezidir. Bizim can atdığımız dəyərlər
ənənələrə, müasirliyə, Şərqə
və Qərbə aid olan hər şeydə ən gözəl
mənəvi və maddi mədəniyyət nümunələri
ehtiva etməlidir. Bütün bu xüsusi cəhətləri
inteqrasiya etməklə biz mənəvi və əxlaqi dəyərlərin
yaradılması və tətbiqi üçün daha
dolğun zaman formalaşdırırıq. Bu baxımdan, N.Çələbiyevin də qeyd
etdiyi kimi, milli ailə modelimiz milli-mənəvi dəyərləri
qoruyub-saxlayan, davamlı şəkildə zənginləşdirən,
yalnız mütərəqqi bəşəri adət və
normaları qəbul edən və ikrah doğuran mürtəce
meylləri rədd edən spesifik, unikal bir sistemdir.
Monoqrafiyada ailədə dini dəyərlər də
geniş tədqiqat obyektinə çevrilib. Göstərilir
ki, hər bir xalqın dini dəyərləri onun milli dəyərləri
sistemində aparıcı təsirə malikdir. Dini dəyərlər xalqımızın
dünyagörüşündə, dini abidələrində,
dini bayram və mərasimlərində, ailə həyat tərzində,
mədəniyyətində, etnik psixologiyasında,
düşüncə və davranışında dərin
kök salıb. Məhz buna görə də,
milli-mənəvi dəyərlərin tərkib hissəsi kimi
İslami dəyərlər tarixən xalqımızın ailə
məişətində güclü təsirə malik olub və
bu gün də öz aktuallığını
qoruyub-saxlamaqdadır. Müsəlman adət
və ənənələri insanların geyimində, zərərli
vərdişlərə münasibətində, qidasında,
yaşlılara, uşaqlara, qadınlara, ailə
başçısına münasibətində və sair -
yüzilliklər boyu hakim rola malik olub və olmaqdadır.
N.Çələbiyev
haqlı olaraq qeyd edir ki, müasir Azərbaycan ailəsində
ər-arvad konfliktləri, məsələn deyək ki,
yaşlı nəsil ilə liberal təfəkkürlü gənc
nəsil arasında kəskin fikir ayrılıqlarından irəli
gələn konfliktlərin dərinləşməsi
tendensiyası da ciddi sosial-psixoloji problem kimi narahatlıq
doğurur. Müəllif həyəcan təbili çalaraq
yazır ki, qloballaşan müasir dünyada sürətlə
genişlənən liberal dəyərlər, ifrat azadlıq,
asosial fərdlərin eqoistik motivləri, qedonizm, yad mədəniyyətlərin
və dəyərlərin imitasiyası gənc nəslin fərdi
həyat üslubuna, etnik şüura, ənənəvi Azərbaycan
ailəsinin təməl yaşam prinsiplərinə ciddi zərbə
vurmaqdadır. Halbuki nikah insan həyatında ali,
əvəzolunmaz sosial və mənəvi-psixoloji dəyərlərdən
biridir. Ailənin təşkilində birinci yerdə mənəvi-emosional
təhrik və ehtiraslar (sevgi), ikinci yerdə isə
qarşılıqlı simpatiya, dünyagörüşü
və maraqların ümumiliyi, hörmət, zahiri cəlbedicilik,
tənhalıqdan qaçış, nəsli davam etdirmək
instinkti, başqaları qarşısında borc və məsuliyyət
hissi, valideynlərin arzusu kimi mühüm motivlər durur. Bu cəhətlər ər-arvad münasibətlərində
qarşılıqlı gözlənilərsə, deməli
belə, ailə möhkəm təməl üzərində
qurulmuş ailədir və xoşbəxt ailədir. Lakin
nikahda olan cütlüklər
(ər-arvad olacaq gənclər) öz vəzifələrini
düzgün başa düşmürsə,
qarşılıqlı münasibətlərin qorunub
saxlanması naminə güzəştə getmirsə, səbirli
və dözümlü olmursa, bir-birlərinə qarşı
hörmət və qayğıkeşliklə
yanaşmırsa, bu zaman konfliktlərin meydana
çıxması qaçılmazdır.
Psixoloq-alim N.Çələbiyev ailədə baş verən
konfliktlərin determinantlarının
çoxsaylığından bəhs edir. Bu çoxluq sırasına
ər-arvad cütlüyündən birinin eqoist təbiəti,
mənəvi, intellektual və emosional uyğunsuzluq baxımdan
qeyri-bərabər, erkən, tələsik nikahlar, məhəbbət
çatışmazlığı, tərəflərdən
birinin "parazit" və istehlakçı həyat
üslubu, kişi şovinizmi, simbiozun konmensator mexanizminin
pozulması kimi konfliktlər işıqlandırılıb.
Monoqrafiyada 358 mənbə və pedaqoji ədəbiyyatdan
istifadə edilib. Tədqiqatçı problemin mahiyyətini, qoyuluşunu
və tədqiq olunma vəziyyətini öyrənib, məqsədə
çatmaq üçün tədqiqat metodlarının yerini
düzgün müəyyənləşdirib, Azərbaycan ailə
modelinin qloballaşma və millilik kontekstlərini elmi-pedaqoji,
psixoloji əsaslarla şərh edib, Azərbaycan xalq
pedaqogikasından, etnopsixologiyasından, görkəmli
maarifçi və mütəfəkkirlərdən gətirilən
fikir və ideyaları, ciddi yazı nümunələrindən
istifadənin yeni imkanları və optimal yollarını
üzə çıxarıb, elmi şəkildə əsaslandırıb,
bu sahədə çox əhəmiyyətli elmi nəticələr
əldə edib.
N.Çələbiyev Azərbaycan ailə modelində
baş verən fəzilət və qəbahətləri
pedaqoji, etnopsixoloji istiqamətdə elmi şərhlə
işıqlandırıb.
Müəllifi bu sanballı əsəri
münasibətilə təbrik edir və ona elmi
yaradıcılıq işlərində yeni uğurlar
arzulayıram!
Kamal CAMALOV
Pedaqogika elmləri doktoru,
Azərbaycan Respublikasının
Əməkdar müəllimi
(Naxçıvan Müəllimlər
İnstitutu)
525-ci qəzet.- 2022.- 25 may.- S.18.