Səbinə Hacıyeva: "Mən teatrda həyatı
öyrənmişəm"
Elə insanlar var ki, onlar
heç vaxt öyrəndikləriylə kifayətlənmirlər. Həmişə axtarışda olurlar.
Axtarışlarında həmişə əzmkarlıq nümayiş
etdirirlər. Belə insanlar
üçün mənəvi
yorğunluq da zamanla ən gözəl məşğuliyyətə
çevrilir. Müsahibim Pantomima
Teatrının aktrisası,
Əməkdar artist Səbinə
Hacıyeva da belə insanlardandır.
Müsahibim söhbətimiz zamanı
peşəsini sevə-sevə
daimi məşğuliyyətə
çevirməyindən danışdı.
***
- Səbinə xanım, pandemiyayla əlaqədar uzun zaman teatrlar
da digər qapalı məkanlar kimi bağlı qaldı. Səhnəni nə ilə
əvəz etdiniz?
- Bildiyiniz kimi mən həm də gimnastika müəlliməsiyəm. Tələbələrim çoxdur. Daha sonra seirala dəvət aldım.
Ancaq bunların heç bir mənə teatr səhnəsi qədər zövq vermirdi. Ruhən sarsılmışdım.
Teatr səhnəsinə çıxmağa
mənəvi cəhətdən
çox ehtiyacım var idi. Artıq teatrlar fəaliyyət göstərir. Bir aktrisa
kimi çox xoşbəxtəm.
- Hansı obrazınızı
daha çox sevirsiniz?
- Mən bütün obrazlarımı sevirəm.
Mənfisi ilə, müsbəti
ilə hamısı mənimdir, obrazlarım mənəvi övladlarımdır.
Bir insan övladını zəhmətlə böyütdüyü
kimi, aktyor da obrazlarını zəhmətlə yaradır.
- Hansı obrazı canlandırmaq arzusundasınız?
- Mən əsasən tarixi obrazları çox sevirəm. Yəni, o obrazları oynamaqla yanaşı, həm də tarix haqda
daha çox məlumat toplamış oluram. Kinoda Xurşidbanu Natəvanı,
teatrda isə Karmeni oynamaq arzusundayam.
- Akrtisa olmaq nə
dərəcədə çətindir?
- Bizim məmləkətdə
qadın olmaq çətindir, nəinki
aktrisa. Bu haqda
çox danışmaq
olar. Yəni insan özünü
cəmiyyətə sübut
edə bilməsi üçün ona illər lazımdır.
Bəzən o illər insanın
səbrini tükəndirir.
Axı sən hər şeydən öncə insansan. Mənim həyatda bir
məqsədim var, istəyirəm, hər şeydən öncə mənə desinlər ki, o, yaxşı insan idi. Bu, mənim həyatımda
çox vacib məqamdır. İlk
növbədə əsl
insan olmağı, sonra isə yaxşı peşə
sahibi olmağı seçirəm.
- İncəsənətlə yanaşı, ədəbiyyatı
sevdiyinizi də bilirəm. Daha çox kimləri
oxuyursunuz?
- Konkret bir şairi
və ya yazıçını oxumuram.
Çalışıram ki, daha faydalı mətnləri oxuyum. Poeziya bəzən əhvalıma
bağlı olur.
Daha çox nikbin ruhda yazılmış şeirləri oxuyuram.
- Teatr səhnəsi həyatınızda nə
qədər mühümdür?
- Balığa su lazım olduğu qədər mənə də səhnə lazımdı.
- Aktrisa kimi özünüzü
teatrda görürsünüz,
yoxsa mavi ekranda?
- Mən ömrümün
21 ilini teatra həsr etmişəm. Teatrlar bağlı olan vaxtlarda seriala çəkilməklə təsəlli
tapırdım. Teatr
səhnəsində rahat
olduğum qədər
heç bir yerdə rahat ola bilmərəm.
Mən teatrda həyatı öyrənmişəm. Bütün çətin
anlardan çıxış
yolunu obrazlarımda görmüşəm. Bizim teatr
laboratoriya teatrdır.
İnsan
orda yetişir. Məktəbdə müəllimlərimin öyrətmədiyi çox
şeyi teatrdan öyrənmişəm. İlk
dəfə teatrda tamaşa məşqlərinə
başlayanda Bəxtiyar
Xanızadə fonda bir musiqi səsləndirərək
yuxarıdan bir ağ vərəqi aşağı atdı.
Bu vərəqin plastikasını
izləyin,-dedi. Musiqi bitənə
kimi tam maraqla baxırdım. Sanki o vərəqə qarışıb
mən də uçurdum. Həmin an anladım
ki, mən doğru ünvandayam.
Və mən doğrudan da aktrisa olmaq
istəyirəm. Bir sözlə,
mən özümü
teatrda tapdığımı
anladım.
- İdman sahəsində çox tələbəniz
var. Bəs aktrisa kimi necə?...
- Bu sahədə də tələbəm var. Hətta
bir sıra nailiyyətlər də əldə edib. Mən onun uğurlarını gördükcə sevinirəm
ki, mən də bu sahədə
müəllim kimi nələrsə edirəm.
- Artıq teatr öz qapısını tamaşaçıların üzünə
açıb. Nə kimi
yeniliklər gözlənilir?
- Kollektiv olaraq hamımız yüksək əhvalla işə başlamışıq. "Yük" tamaşası hazırlanıb. Bundan əlavə digər bir tamaşa üzərində məşqlər davam edir. Düşünürəm ki, yeni tamaşalarımız teatrımızı sevənlərin zövqünü oxşayacaq.
Əntiqə KƏRİMZADƏ
525-ci qəzet.- 2022.- 25 may.- S.17.