Əsl yazıçı əxlaqının
bariz örnəyi
İMİŞLİDƏ GÖRKƏMLİ YAZIÇI SƏYYAD ARANIN 70 İLLİYİ QEYD EDİLİB
Mayın
21-də İmişli rayonundakı
V.Xudiyev adına
Mədəniyyət sarayında
görkəmli yazıçı
Səyyad Aranın 70 illik yubileyi təntənəli şəkildə
qeyd olundu. Yeni Azərbaycan Partiyası İmişli
rayon təşkilatının və İmişli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə keçirilən
tədbiri bədii qiraət ustası Sənəm Məmmədova
açaraq yubilyarın
çoxşaxəli fəaliyyəti
və yaradıcılığı
barədə ətraflı
məlumat verdi.
Bildirdi ki, Səyyad Aran 1952-ci ildə İmişli rayonunda anadan olub. Tanınmış ictimai-siyasi xadim,
filologiya üzrə fəlsəfə doktorudur.
Əsası Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulan
Yeni Azərbaycan Partiyasının qurucularından
idi. Milli Məclisin birinci
və ikinci çağırış deputatı
olub. Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisidir.
Hazırda Dini Qurumlarla
İş Üzrə
Dövlət Komitəsi
sədrinin birinci müavini vəzifəsində
çalışır. Yazıçılar Birliyinin nəsr
seksiyasının rəhbəridir.
O, ABŞ-ın Texas ştatının
fəxri vətəndaşı,
Əməkdar jurnalistdir.
Dövlət qulluğunda səmərəli
fəaliyyətinə görə
ölkə başçısı
tərəfindən "Tərəqqi"
medalı və "Şöhrət" ordeni
ilə təltif edilib.
Tədbirin aparıcısı - Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) sədr müavini,
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid S.Aranı hər zaman yaradıcılıq axtarışında
olan görkəmli yazıçı kimi səciyyələndirir. Bildirdi ki,
o, ədəbi arenada özünəməxsus yeri
olan sənətkardır.
Özünə və sözünə,
dövlətçiliyə sədaqəti ilə həmişə seçilib.
S.Aran yazıçı və tədqiqatçı alim,
ictimai-siyasi xadim kimi Azərbaycanın həyatında çox mühüm yer tutur. O, məşğul
olduğu bütün
sahələrdə zəngin
şəxsiyyətdir.
Xalq yazıçısı, AYB-nin sədri Anar tədbirdə çıxış edərək dedi: "Səyyad Aran ömrü boyu hansı vəzifəni tutmasından asılı olmayan özünü təvazökar, sadə, nəcib və məsuliyyətli aparıb. Onun yazıçı istedadını ilk dəfə çox illər öncə oxuduğum "Soyuq günəş" kitabında duydum. Eləcə də "Təmizlik kağızı" povestini oxuyarkən... Stalin dövrünün repressiyaları faciələrindən bəhs edən əsərlərin çoxunda adətən, ziyalıların başına gələn bəlalardan söz açılır. Səyyadın əsərində isə eyni həyatı yaşamış sadə kənd insanlarının taleyindən bəhs olunur. "Təmizlik kağızı"ndan aldığım ümumi təəssürat hələ də yaddaşımdan silinməyib. Repressiyaların yalnız ziyalıları yox, yalnız ayrı-ayrı insanları yox, ümumiyyətlə, insanların mənəvi varlıqlarını şikəst etməsi, xof və qorxu nəticəsində bir-birindən danos verməsi, bir-birindən şübhələnməsi halları "Təmizlik kağızı"nda dolğun təcəssümünü tapıb. Səyyadın "İrəvana gedən yollar" əsərinin içində isə üç müxtəlif janrda yazılmış üç əsər var. O, bu mövzuda yazdığı əsərləri ilə özünü həm də peşəkar hərbi yazar kimi tanıdıb. Səyyad haqqında "İstedadlı yazıçı" təbirinə "Abırlı insan" sözlərini əlavə edirəm və bu onunla bağlıdır ki, o, ədəbi aləmdə heç kəsin uğuruna qısqanmır, hər kəsin yerini bilir. Həm özündən əvvəl gələnləri, həm öz nəsildaşlarını, həm də daha gənc nəslin qabiliyyətli nümayəndələrini obyektiv qiymətləndirir. Onun "altmışıncılar" haqqında xoş sözləri, onlara nəcib münasibəti əsl yazıçı əxlaqının bariz örnəyidir. Ona yeni-yeni uğurlar diləyirəm".
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli də çıxışında Səyyad Aranın aydın, sədaqətli mövqeyə malik ictimai-siyasi xadim və yazıçı olmasından söz açdı. Bildirdi ki, onunla eyni vaxtda ali təhsil alıb. Eyni elmi konfranslarda iştirak ediblər. Bütün bu illər ərzində S.Aranı həmişə sözə həssas, elmi-nəzəri biliklərə dərindən bələd olan, fəal ictimaiyyətçi kimi tanıyıb. Öz fəaliyyətində çoxşaxəli sahələri bir araya gətirə bilən insanlara çox nadir hallarda rast gəlinir. Bu mənada Səyyad Aran zəngin təcrübəyə malik, hərtərəfli bilik və zövq sahibidir.
Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, AYB-nin katibi Səlim Babullaoğlu, professor Vüsal Qasımlı, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, şair Qəşəm Nəcəfzadə, AYB Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, yazıçı Əlisahib Ağayev və başqaları da yazıçının yaradıcılıq məziyyətlərindən ətraflı şəkildə bəhs etdilər. Bildirdilər ki, Səyyad Aran ədəbiyyat aləmində öz yeri, sözü və mövqeyi olan yazıçıdır. O, əsərlərində Azərbaycan insanının ən müxtəlif sosial-psixoloji situasiyalarda özünə sadiqliyini, dirəniş gücünü səmimiyyətlə qələmə alır.
Vurğulandı ki, S.Aran həm də doğulub boya-başa çatdığı Aran bölgəsinin ədəbi həyatının formalaşmasında xüsusi yeri olan sənətkardır.
Tədbirdə yazıçının yaradıcılığı əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olundu, slayd izləndi.
Sonda Səyyad Aran 70 illik
yubileyi ilə bağlı tədbirin
keçirilməsinə şərait yaradıldığı
üçün İmişli
rayon İcra Hakimiyyətinin
başçısı Elçin Rzayevə,
ədəbi fəaliyyətinin inkişafında xüsusi yeri olan Xalq
yazıçısı Anara, tədbir
iştirakçılarına təşəkkürünü
bildirdi, yaradıcılıq yolundan söz
açdı və dedi: "Bütün nailiyyətlərim üçün ilk
növbədə Ulu öndər Heydər
Əliyevə borcluyam".
Sərvaz
HÜSEYNOĞLU
525-ci qəzet.- 2022.- 25 may.- S.15.