Paytaxtımızdan Mədəniyyət Paytaxtımıza  

 

 

...O günlərdə dünyanın gözü yenə Şuşaya dikilmişdi. Musiqimizin, mədəniyyətimizin, milli ruhumuzun simvolu olan Şuşada dünyanın 10 ölkəsinin musiqi təmsilçilərinin iştirak edəcəyi V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçiriləcəkdi. Bu möhtəşəm tədbirə dəvətli olduğuma görə çox sevincliydim...

 

Bu sevinci hər bir azərbaycanlıya, eləcə türk dünyasına yaşadan möhtərəm Prezidentimizə - Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanımıza, qəhrəman ordumuza borcluyuq. Xalqımızın vətən həsrətinə dahi sərkərdəmiz - Ali Baş Komandanımız İlham Əliyev son qoydu. Onun "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!" sözləri Azərbaycanın müasir, çağdaş tarixinə qızıl hərflərlə yazıldı. Bu sözləri bütün dünya eşitdi. Dünya bir daha İlham Əliyevin uzaqgörən siyasətinə, onun dönməz siyasi iradəsinə böyüklüyünə heyran qaldı. Bəli, məhz Onun siyasi iradəsi, parlaq diplomatiyası, mükəmməl strategiyası nəticəsində Qarabağımıza qovuşduq...

 

...Zəfər yolundayıq artıq. Bu yol bizi Şuşaya aparır. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktor müavini Xalidə Musayeva, şöbə müdirləri Tamella Məmmədova, Günay Həsənova, Nübar Cəlilova böyük metodist Nərminə Xəlilli ilə birlikdə dağların ətəyindən, qayaların üzərindən salınan Zəfər yolu ilə üzü Şuşaya doğru gedirik.

 

...Ovsunlanmışam. Sirli-sehrli duyğular aləmindən ayrıla bilmirəm. Sakit bir tərzdə öz-özümə pıçıldayıram: Bu il gözəl Şuşamızın ilidir. Gözəl Şuşamız yenə müxtəlif xalqların musiqisinə, mədəniyyətinə onun görüşünə gələn qonaqlara qucaq açıb. "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Azərbaycan xalqının barış niyyətinin, sülh istəyinin, möhtərəm Prezidentimizin sülhdə qərarlığının mesajıdır. Musiqi olan yerdə sülh olur, həyat olur. Bu, adi musiqi festivalı yox, həyata çağırışdır, qurub-yaratmağa, sülh şəraitində yaşamağa çağırışdır, ölkəmizin siyasi-mədəni həyatına işıq salan bir bayramdır - musiqi bayramı.

 

...Həyəcanlıyam. Hiss edirəm ki, həyəcanım bütün varlığımı əsir alıb. Zəfər yolu ilə Şuşaya getdikcə, daxilimdə dalğalanan duyğularımla söhbətləşirəm. Meşələrlə əhatə olunan dağların qoynundan qıvrılaraq uzanan yollar elə bil məni səmaya qanadlandırır. Şuşaya yaxınlaşdıqca 44 günlük Vətən müharibəsini, şanlı ordumuzun rəşadətli qəhrəmanlığını xatırlayıram. Təbiət bizi, doğmalarını qarşılayır. Şuşaya yaxınlaşdıqca daha yaxından duyulurdu ki, yağışdan sonra torpağın ətri çiçəyin ətrinə, çiçəyin ətri torpağın ətrinə qarışıb. Sanki burada mərd oğullarımız, sərtləşib, qayalaşıb, kainatın dəyişməz nizamı olan təbiətin gözəlliyinə gözəllik qatıb...

 

 

 

Zəfər yolunun bitməsinə bir qədər qalmış uzaqdan - buludların qoynunda məğrur baxışları ilə adamı heyrətləndirən nəhəng sıldırım qayalıqlar diqqət çəkir. Ora Şuşadır! Öz möhtəşəm görünüşü ilə tarixin özünə tarix yaşadan əziz Şuşa! Daşaltı kəndinin yanından keçəndə ağrılı-acılı, ancaq həm şərəfli qürurlu səhnələr kino lenti kimi gözlərimin önündən gəlib keçir. İlahi, buradan oğullar necə keçib, hərəsi bir qayaya, bir daşa öz qanını töküb, o qanın suvardığı torpaqda isə Xarıbülbül bitir... Qəhrəman oğullarımızın bu yollarla Şuşaya necə yaxınlaşdıqları, güllə yağışı altında düşmənlə necə mübarizə apardıqları, bu sərt qayalıqları necə qalxdıqları haqqında düşünürəm. Şuşanı fəth eləmək ancaq belə olarmış... Başqa cür mümkün deyil. Bu müqəddəsliyi qorumaq ancaq müqəddəs amalları yaşatmaqla olar. Bu da Şuşanın şərafətini əzəmətini təsdiq edir.

 

Yağış yağıb... Yox, bu, yağış deyil, göydən yerə nur ələnib... Festivalın ikinci günü, Şuşanın başının üzərində buludlar ağır-ağır hərəkət edir. Buludların hərəkətinə qayalar sanki tamaşa edir, Cıdır düzü sehrli xalça kimi bizi səmada gəzdirir. Göydə uçduqca daxilən təmizlənirik, ruhən dincəlirik, saflaşırıq... Şuşa müqəddəs, təbiətin qoynunda saf bir şəhərdir. Burada ulu ruhların şad olduğuna əminəm. Bəli, Şuşa azaddır, Şuşanın azadlığına şahid oluruq. Şahidliyimiz əbədi olsun, deyirəm.

 

Festival başlayır. Cıdır düzündə sərin meh əsir. Hiss edirəm ki, yenilənirəm, içimdə baş qaldıran duyğular məni uşaqlığıma aparır. Hamının üzündə bir sevinc, bir xoşbəxtlik var. Sanki Şuşa bizə bütün qayğılarımızı unutdurub. Burada xoşbəxt olmayan adamı görmək mümkün deyil. Bu torpağa ayağı dəyən adamın həyata inamı artır, buranın havasını udan şəxsin ümidləri çoxalır, ürəyi böyüyür, arzuları da. Şuşadan ayrılmaq istəmirəm. Elə bil burada doğulub, burada böyümüşəm, uşaqlığım Cıdır düzündə keçib. Sanki yerdən uzaqlaşıb səmaya yaxınlaşmışam. Şuşa mənim ruhumun evinə çevrilib. Ruhum evini tərk etmək istəmir. Şuşa hamımızın evidir. Bu evi yenidən bizə bəxş edənlər var.

 

Qəflətən gözümə bir kollektivdə çalışdığımız Günay xanım sataşır. Balaca şüşə qaba torpaq yığır. Qəribə hisslər məni öz qoynuna alıb ulu keçmişimizə aparır. Bu, adi torpaq deyil. Bu torpağa igidlərimizin qanı səpələnib. Çox keçməyəcək ki, tökülən  hər damla qandan bir igid boy göstərəcək. Bu torpaqda Molla Pənah Vaqifin, Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün, Xan Şuşinskinin... nəfəsinin hənirtisi yaşayır. Bu torpaqda onların ürək döyüntüləri eşidilir. Şuşalı Günay xanımın Cıdır düzündən götürdüyü bir ovuc torpaq da Şuşadır. Onu özüylə Bakıya aparacaq - atasına! Babalarının, nənələrinin uyuduğu torpağın ətrini duyması üçün! Əslində, bütün Azərbaycan Şuşadır, Şuşasız Azərbaycan var ola bilməz!

 

...Yola düşürük. Düşünürəm... Düşünürəm ki, Şuşa həm mənim həsrətimin ən uca zirvəsi idi. O zirvəni fəth edə bildim. İndi Şuşada bir zirvə var. yaxşı ki, indi mənim həsrətimin zirvəsində Azərbaycan bayrağı dalğalanır. Dualarımızı qəbul edən Allaha şükürlər olsun!

 

Şuşanın küçələri tarixin bələdçiləridir. Hər daşına bir tarix yazılıb, hər abidəsində bir sirr var. Bu tarixi, bu sirri yaxından gördüm, sirr , tarix Şuşadadır. Bu sirr başı dumanlı dağlardan anlaşılır, bir də Xarıbülbüldən.

 

Xarıbülbülün sehrinə düşən biro sehrdən çıxa bilmir. Bu sehrin gücü bizim qanımızda, canımızda bir ömür yaşamağa davam edir. Buna görə möhtərəm Prezidentimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq.

 

Mədəniyyət Paytaxtımızdan Paytaxtımıza qayıdırıq...

 

Yenə də qıvrılan yollar...

 

Gördüklərim yuxudumu, yoxsa nağılmı?

 

Yox, böyük bir gerçəklikdir!

 

"Əziz Şuşa, sən azadsan!"

 

Azadlığın əbədi olsun, əziz Şuşamız!

 

 

Aslan CƏFƏROV

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru

 

525-ci qəzet.- 2022.- 25 may.- S.11.