Zəngilandan gələn var
Zəngilandan yenicə qayıtmış
yaxın qohumum həmin günün axşamı bizə gəlmişdi. Çay süfrəsi arxasında təəssüratlarını bölüşdükcə, işğaldan
azad olunmuş 1 il 7 aya yaxın
müddətdə gedə
bilmədiyimiz doğma
yerlərin adlarını
çəkdikcə, oraları
necə gördüyünü
təsvir etdikcə ixtiyarsız kövrəlir,
içimiz titrəyirdi.
Çətin də olsa, özümü
toxdaq tutdum, uşaqlıq və gənclik xatirələrimdə
yaşayan Zəngilan şəhərində nələr
gördüyünü, küçələrin,
evlərin, bir sözlə, şəhərin
işğaldan sonrakı
durumunun necə olduğunu soruşmadım. Əvvəla, ona qədər də oralara baş çəkib qayıdanların lentə
aldıqları bir neçə görüntüyə
ürək ağrısı
ilə baxmış, ölkənin müxtəlif
televiziya kanallarının
hazırladıqları rəsmi,
qeyri-rəsmi verilişlərdə,
fərqli süjetlərdə
virtual da olsa erməni vandalizminin şahidi olmuşdum.
Gördüklərim, ən çox
da şəhər qəbiristanlığının ürək parçalayan vəziyyətinin əks olunduğu videoçəkiliş,
atamın, başqa iki doğma insanın dağıdılmış
məzarları başımdan
tüstü çıxarmışdı.
Təkcə Zəngilanda deyil,
işğal dövründə
bütün rayonlarımızda
ermənilərin hansı
vəhşiliklər törətdikləri,
daş üstə daş qoymadıqları isə hər birimizə, hələ lazımınca etiraf olunmasa da, artıq
dünyaya məlumdur.
Ancaq evin xanımı uşaqlığının
keçdiyi, ayağı
yer tutandan gəzib-dolaşdığı yer-yurd adlarını, suyunu içdiyi bulaqların, kölgələndiyi,
meyvəsini daddığı
ağacların indiki durumundan xəbər verən söhbətdən
hədsiz təsirləndiyindən
göz yaşlarını
saxlaya bilmirdi.
Qohum isə ara
vermədən elə
yanğıyla, ürəkdolusu
danışırdı ki...
- İsmayıl dayıgilin
evindən yuxarı Pərəkəra gedən
yolla, qayalıq vardı ha, ondan o tərəfə qədər
getdik. Yol-irzi ot-ələf basıb
keçilməz etsə
də, maşını
düz Ağbisə qalxan yolun ağzında
böyük bir armud ağacı vardı ha, ora qədər sürdüm.
O armudun, Gülməmməd
dayıgilin biçənəyi
ilə üzbəüzdəkini
deyirəm, yaman şirin meyvəsi olurdu, alçaqlar onu da kəsiblər.
Amma onun toxumundan bir az aralıda
bir neçə cavan armud pöhrələyib.
Yolqırağı təkəmseyrək meyvə ağaclarından
da artıq əsər-əlamət yoxdur.
Deyirəm, bunlar ağaca
da düşmən kimi baxıblar.
Dediklərinin təsdiqi kimi xatirələrdən daha bir yarpaq düşür,
bu, sanki söhbətinin davamına
bir körpü olur.
- Giciktkanlıqdan güc-bəla
"Şorsu"ya keçib,
oradan Kələkliyə
qalxdım ki, görüm örüş
yerlərindəki saqqız
ağacları yerindədirmi.
Onlar yadındadırmı? Birini də
tapmadım. O ağaclardan
o qədər saqqız
yığıb çeynəmişdik
ki. O kənd-kəsəkdə
ən çox baş çəkdiyimiz yerlərdən biri idi.
- O saqqız ağacları hamımızın yadındadır.
Hərdən qızlarla onlardan
danışırıq. Orda bir bulaq da
vardı, Kürd navı, o, dururmu? Məktəbə gedib-gələndə Məmmədxan müəllimin
biçənəyinin otunu
tapdalaya-tapdalaya keçib
o bulağın suyundan
o qədər içmişik
ki. Bulaqdan birinci kim
içəcək deyib,
"Şorsu"nu qalxan
kimi Kələklidən
üzüaşağı kimisə
qovurmuş kimi götürülürdük. Hərdən kiminsə ayağı ilişir yıxılır,
qolu-dirsəyi sıyrılırdı.
Ancaq heç nə olmamış kimi tezcə də qalxıb, göynərtisinə
əhəmiyyət vermədən
bulağa çatmaqda
olan uşaqların arxasınca qaçırdıq.
Ağrı-acının gəlməyi
ilə getməyi an çəkirdi. Yara ilk dəfə qanayanda, bir də qabığı
soyulub dərinin rəngini dəyişəndə
yada düşürdü.
Sıyrılmış, qançır olmuş
yaraya kimsə bir gündən artıq, əsasən də ot-əncərdən
hazırlanmış türkəçarə
dərmanları yaxmazdı.
Nədənsə, o bulağın suyunun
dadı daha çox damağımda qalıb.
- Hə, bulaq yerindədi, ancaq böyür-başı tamam
tanınmaz hala düşüb. Ətrafındakı örüş yerlərini
də, kənd qəbiristanlığına gedən
yolu da kol-kos,
ot-ələf basıb.
Ən çoxu da süddü qanqal dörd tərəfi bürüyüb. Süddü qanqalın
qartalıb belə adamboyu qalxdığını
görməmişdim, o qədər
də sıx bitib ki, yarıb
keçmək olmurdu.
İstəyirdim, rəhmətliklərin məzarına baş çəkim, ora qədər getməyə
azı 4-5 saat lazım idi ki, birtəhər yarıb keçəsən.
Vaxtımızsa çox
az idi.
Uzağı iki saata geri qayıtmalıydıq.
Qismət olsa, yayda baş çəkəcəm.
Uzaqdan nə illah elədim,
otların arasında qalan başdaşlarını
doğru-dürüst seçə
bilmədim.
Cavan yaşında
dünyadan köçmüş
atasının həmin
qəbiristanlıqdakı məzarını
göz önünə
gətirdi, güclə
tutduğu göz yaşları yenə yanağını islatdı. Çiyinlərinin xəfif titrəyişindən
bildim ki, bu dəfə hönkürtüsünü saxlaya
bilməyəcək. Ona
görə, "bəlkə
çayları təzələyək,
deyəsən, soyuyub",
dedim. Mətbəxə keçdi, ancaq
durumundan görünürdü
ki, hələ də o barədə düşündüyündən sakitləşə bilməyib.
Bu vəziyyət söhbətimizdə
qısa fasilə yaratsa da, yaxşı
ki, davamını çox gözləməli
olmadıq.
- Sofular pirinə getdiyimiz yolun üstündəki o meşəlik
də xeyli seyrəlib, ağacların
çoxunu kəsiblər.
Görünür, qışda yandırmaq
üçün yaxınlıqdakı
erməni kəndlərinə
daşıyıblar. Yəqin meşədəki
Sofular bulağının
suyu da azalmış
olar. Vaxtımız olmadığından ora da gedə
bilmədik.
Bulaqlarımız da işğalla barışmayıb, birinin
suyu azalıb, birinin gözü batıb, çoxunun da yan-yörəsi dağıdılıb, yolu-yolağası
bağlanıb. Yəqin o illərdə suyunun dadı, tamı
da dəyişib, soyuqluğu azalıb.
- Bizim 7 para kənddə
bir salamat ev qalmayıb.
Ancaq yerləri bilinir. Təkcə rəhmətlik Ədifin evinin bir divarı,
bir də bizim axırıncı tikdiyimizin arxa divarının yarısı
salamatdır. Onlar da
2-3 ilə sökülüb-töküləcək.
İnşallah, qismət olar
yenilərini tikərik,
təki tezliklə o yerlərə qayıdaq.
Yolboyu işlərin sürətləndiyinin
şahidi oldum, ümidim artdı.
- Zəmi düzündə,
Şamoğlu biçənəyindəki
otu yığıb-yığışdırmaq
olmaz. Az
qala adamboyu qalxıb. Daldərədə, elə kəndin
bütün ərazisində
yaşıllıq, gül-çiçək
adamın gözünü
güldürür. Az qala Şahqulu
qayası, Mal qayası
da yaşıllıq içində görünməz
olub. Bu il
oralarda əkin-biçin
üçün çox
əlverişli, bərəkətli
il olacaq. Ancaq hələ bizim kəndlər tərəfdə
əkin-biçin işlərinə
başlanılmayıb. Əsas diqqət rayon mərkəzindən
keçməklə Ağbəndə
qədər gedəcək
magistral yoluna və artıq Zəngilanın bir neçə kilometrliyinə
çatmış yeni
dəmiryoluna verilib.
- Deyirəm, kənd-kəsəyə
qayıtsaydıq, elə
bizim biçənəyin
başında bir mal ferması tikərdim. Qohum-qardaş, dost-tanış arasında bunu istəyənlər çoxdur.
İnşallah, gedərik, qurub-yaradarıq,
kimin əlindən nə gəlir, onunla da məşğul
olar.
- Geri qayıdanda bir az yağışa
düşdük. Yaxşı ki,
maşınımız batmadı,
yoxsa torpaq yolun o yapışqan palçığından çıxmaqmı
olardı.
Yağış bərəkət rəmzidir. O
bərəkətli torpaqların bar-bəhərini bir az da
artırar, yaşıl dağlarını bir
az da təravətləndirər,
gursulu çaylarının suyunu artırar, bulaqlarının gözünü güldürər. Biz tərəflərdə
yağışdan sonra
göyqurşağının görünməsi isə adi haldır. Özü də
möcüzə olan
göyqurşağının möcüzəli yerlərin
gözəlliyinə necə rəng qatdığını sonuncu dəfə gördüyümdən 29 il keçir. Bir anlığa o
göyqurşağının lap ucundan tutub uçub
o torpaqlara getmək, bu həsrətə son qoymaq keçdi ürəyimdən...
Lətif
ŞÜKÜROĞLU
525-ci qəzet.- 2022.- 25 may.- S.10.