Çiçəklər, dağlar
... və Xudayar dastanı
ZAUR
USTACIN SÖZ ÇƏLƏNGİ HAQQINDA
Şairlər
çiçəklərə, güllərə sevgi dolu
şeirlər həsr edərlər. Əsrlər boyu bənövşə,
lalə, qərənfil,
qızılgül poeziyamızın
əbədi obrazlarına
çevriliblər. Qurbaninin "Bənövşə"si yüzlərlə
bənövşələrin şeirimizdə ətirli sərgisinə dönüb,
"Heç yerdə
görmədim düz
bənövşəni" deyib ustad. Xətai qızılgülü
candan əziz tutduğu sevgilisinə bənzədib: "Qızılgül,
bağü-bustanım, nə
dersən, Fəda olsun sənə canım, nə dersən?" Xan qızı Natəvan qərənfili çiçəklərin
ən gözəlinə
bənzədib, qərənfillər
20 Yanvar faciəsi günləri bütün
Azərbaycanı matəm
çiçəkləri kimi
bəzədilər: "Qərənfil,
şəhid qanı, Ağla, qərənfil, ağla". Lalə isə çöllərimizin,
düzlərimizin qırmızı
xalısı kimi hamımıza gözəllik
bəxş edir, Rəşidin mahnısında
yaşayır o lalələr.
Şair Zaur Ustac da
çiçək sevgilərini
şeirlərində dönə-dönə
vəsf edir. Onun poeziyasında
güllərin, çiçəklərin
ayrıca bir hüsnü, lətafəti
var - bu güllər, çiçəklər
insan qəlbinin təbiətlə vəhdətini
əks etdirir. İnsan niyə gül-çiçək
aşiqidir, niyə bənövşə ilə
həmdərddilər, niyə
laləyə - onun gözəlliyinə baş
əyirlər, niyə
qızılgülləri sevgilinin
gözəlliyi ilə
bir tuturlar? Bu milli-mənəvi dəyərlərimizin bir
kriteriyası deyilmi?
Poeziyamızda insan-təbiət paraleli - insanda təbiəti, təbiətdə
insanı təcəssüm
etdirmək klassik poeziyanın da, müasir şeirimizin də aparıcı bir xəttinə çevrilib və bu missiyanı həyata keçirmək Zaur Ustaca da
həvalə olunur.
Zaur Ustac
"Ağçiçəyim" və "Şehçiçəyim"
şeirlərində özünün
çiçək sevgisini
mütləqləşdirir. Əslində, o, bu çiçəkləri
vəsf edərkən,
metaforik bir üsula əl atır - onun vəsf etdiyi çiçəklər gözəlliyin
özüdür, təbiətin
gözəllikdə təcəssümüdür.
Dümağsan, qar sənin yanında qara,
Tanrım
rüsxət verib, baxmayıb qara,
Bu qarlı qış hara, tər çiçək hara,
Xoş gördük, günaydın,
ay Ağçiçəyim!
"Şehçiçəyim"
şeirində isə
həm təbiətin
bu nadir çiçəyinin
- bu canlı gözəlliyin tərənnümü
ilə qarşılaşırıq,
həm də bu çiçəyin bir sevgili timsalına
döndüyü ifadə
olunur.
...Cəzbində qalmışam,
tamam çar-naçar,
Sağımda, solumda çox
çiçək açar,
Pərvanəyə dönüb, dövrəmdə
uçar,
Sərrafam, seçmişəm, dürr, Şehçiçəyim...
Çiçəklərə sevgi "İnci, qərənfil" şeirində
başqa bir məna kəsb edir. "Ağçiçəyim"
və "Şehçiçəyim"də
gözəlliyə vurğunluq
hissi ön plana keçirsə, "İnci, qərənfil"də
məhzunluq, çiçəyin
halına acımaq duyğusu ilə qarşılaşırıq. Bu da heç
şübhəsiz, 20 Yanvar
qərənfillərinin təəssüratından
irəli gəlir.
Olsan da bu işdə
ən son müqəssir,
Gəl, məndən
incimə, inci qərənfil.
Utanc çiçəyisən, utanc
çiçəyi,
İstəsən lap məndən inci, qərənfil.
Şeirdə inci sözü iki məna daşıyır,
həm ən bahalı zinət (inci), həm də incimək sözünün kökü
(incimək, küsmək)
kimi. Şair niyə qərənfilə
"qaxınc çiçəyi"
deyir? Bəlkə
də bu deyimlə razılaşmamaq
olar, amma bu "həya örpəyi"nin şəhid qəbirlərinə
düzülməsi onu
mütəəssir edir.
Nəhayət, çiçəklərə sevgi onun "Matah çiçək"
şeirində daha bariz nəzərə çarpır. "Matah"
sözü burada sırf müsbət mənada işlənir və bütün çiçəklərə aid olur:
Əzəldən ağ çiçək dedim,
Cəzbində Şehçiçək dedim,
Gözlədim, Balçiçək dedim,
Bərzəx ruha dağ, çiçəyim,
Ay mənim matah çiçəyim.
Zaur Ustacın
dağlara həsr etdiyi şeirlər də insan-təbiət vəhdətini əks etdirir. "Dağlar" şeiri "Ruhuna min rəhmət, Dədə Ələsgər" epiqrafı
ilə başlayır
və hiss olunur ki, bu qoşma
ustadın poetik ənənəsini davam etdirmək cəhdindən
yaranıb. Zaur Ustac
təbiətin - gül-çiçəyin
zərifliyindən onun
zirvəsinə-dağlara yol
alır. Amma bu şeirdə Dədə Ələsgər ruhu dolaşsa da, Zaur Ustac dağlara
müasir bədii təfəkkürlə yanaşır.
Dünya
belə qalmaz, dəyişər zaman,
Yenə
dövran olar, həmənki dövran,
Bulaqlar başında məclislər
quran,
Oğullar ərsəyə gələli,
dağlar!
"Dağlar" adlı
başqa bir şeirdə isə kövrək notları qürur hissi əvəz edir. Artıq işğalda
olan dağlar da azad olunub
və şair Azərbaycan tarixinin zəfər dolu səhifələrini yada salaraq qürurlanır.
Təbiətin adicə bir yarpağı da şeirə gələ bilər və Zaur Ustac "Yarpaq və torpaq" şeirində Yarpağın və Torpağın obrazlarını
yaratmaqla maraqlı bir şeir ərsəyə
gətirib:
Bizə
can verənin canın
almayaq,
Bu iki aşiqin yolun burmayaq,
Yarpağı torpağa həsrət
qoymayaq,
Yarpaq elə torpaq, torpaqdır yarpaq.
Zaur Ustac bu günün, yaşadığımız gerçəkliklərin
şairidir. Biz onun
güllərə, çiçəklərə,
dağlara həsr elədiyi şeirlərlə
söhbətə başladıq.
Yəni şairin zəriflik, kövrəklik hisslərinin
təbiət gözəllikləri
ilə necə qaynaqlandığını nəzərə
çarpdırdıq. Amma Zaur Ustac bir-birindən
fərqli müxtəlif
mövzularda şeirlər
yazır. Bu şeirlərin bir qismi vətənpərvərlik,
yurdsevərlik motivləri
üzərində köklənib.
Onun Mübariz İbrahimova, Polad Həşimova, İlqar Mirzəyevə həsr elədiyi şeirlər bu Milli Qəhrəmanlarımıza
poeziyanın bir az hüznlü,
amma daha çox qürurla söylənilən xitablarıdır.
"Can, ay Ana" şeirində
şair Polad Həşimovun anasının
oğlunun məzarı
önündə düşüncələrini
təqdim edir.
"Can, ay Ana, bu baxışda
nələr var... Bu baxışda Poladının
mərdliyi, ərənliyi,
cəsurluğu, qürur
var". Onun İlqar Mirzəyevə həsr elədiyi bir neçə şeiri var və bu şeirlərin
hər birində qəhrəmanlığın tərənnümü
ilə qarşılaşırıq:
Hər şey belə başladı,
Gülə-gülə getmişdin.
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin.
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın.
Özün getdin yuxuya,
Milyonları oyatdın.
İkinci Qarabağ müharibəsinin
dillərdə dastan olan qəhrəmanlarından
biri də Xudayar Yusifzadə idi. Ölümündən qabaq Xudayar sözləri Əliağa
Vahidin olan bir nəğmə oxuyur. İndi bu mahnı-təsnif
"Xudayar təsnifi"
adlanır. Zaur Ustac
Xudayar haqqında sonetlər çələngi
düzüb-qoşub. Sonetlər çələngi
düzüb-qoşmaq şairdən
istedad tələb edir, gərək bu şeir növünün
formal tələblərinə əməl edəsən, həm də on beş sonetdə
məzmunu, irəli sürdüyün qayəni,
məqsədi sonadək
eyni ardıcıllıqla
davam etdirəsən. Hər sonetin axırıncı misrası sonrakı sonetin ilk misrasına çevrilir və axırda - on beşinci sonetdə yeni bir sonet yaranır.
Fikir tamamlanır. On beşinci
sonet (italyan soneti formasında) belədir:
Xudayar çağırdı ana
adını,
Şəfqətlə əyilib öpdü üzündən.
Səni
məhəbbətlə bağrına
basdı,
Oğul ətri gəldi kövrək sözündən.
Böyüdün həyatda ər
oğlu ərtək,
İstədin yurddaşın olsun bəxtiyar.
Qarabağ uğrunda gedən
savaşda,
Adını tarixə yazdın, Xudayar.
Şəhidlik köynəyi geydin
əyinə,
Düşməni almadın heç
vaxt eyninə,
Qartaltək uçduğun zirvəyə
döndün.
Səsindən qələbə ətri
ələndi,
Zəfər sevincinə torpaq
bələndi,
Vətəndə əbədi nəğməyə
döndün.
Bu yazıda Zaur Ustacın bir sıra şeirlərinin adını çəkə bilərik ki, həmin şeirlər onun fərdi üslubu barədə müəyyən təsəvvür yaradır. Fikrimizcə, onun təbiətə, onun ayrı-ayrı fəsillərinə və gözəlliklərinə həsr etdiyi şeirlər daha uğurludur. Hiss olunur ki, Zaur Ustac təbiəti yaxşı duyur, təbiətlə insan akrasındakı vəhdəti də şeirlərinə gətirir. Onun Ali Baş Komandan İlham Əliyevə, üçrəngli bayrağımıza həsr etdiyi şeirlər də poetik baxımdan sanballıdır. "45" şeirlər kitabında toplanan sevgi şeirləri barədə də xoş sözlər söyləmək olar, belə ki, Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır. Bu şeirlərin birində onun sevgiyə, sevilən qadına, gözəl qadına münasibəti dolğun şəkildə öz ifadəsini tapır:
Gözəl sima, heç gözəllik deyildir,
İncə bədən, heç
incəlik deyildir,
Zərif
tellər, heç zəriflik deyildir,
Gözəl insan, sən daxilən gözəlsən!
"Bütöv Azərbaycan"
qəzetində (6 may nömrəsində)
Zaur Ustacın yeni şeirləri ilə tanış
oldum. "Elə
ad verin ki, bəxti yar olsun!!!" şeirində
üzünü atalara
tutub deyir ki, qız uşaqlarınız
dünyaya gələndə
onlara uğurlu adları əsirgəməyin,
"Ya Humay çağırın, ya
Sona deyin, Elə ad verin ki, bəxti yar olsun!" Rəşad Məcidə ünvanladığı
"Ağ adam" şeirində Ağdam və Ağcabədi adlarının kökünə
varır. Vaqif Mustafazadəyə
həsr etdiyi və ingilis soneti formasında yazdığı şeiri
də Vaqifin sənətkar portretini yaratmaq mənasında uğurludur. Və
biz Zaur Ustaca belə gözəl şeirlər yazmaqla yolunu davam etməyi
arzulayırıq!
Vaqif
YUSİFLİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 26 may.- S.14.