Eşq ilahəsi Nadirə
Övladları ilə birgə dar ağacına çəkilən
Xanqızı Nadirənin (1792-1842) həyatını vərəqlərkən
övlad acısı ilə mənən yanıb-yanıb
kül olan Xan qızı Xurşidbanu Natəvanın
(1832-1897) taleyi göz önünə gəlir. Bu talelər arasında bircə
fərq var. Xanqızı Natəvan ağılar, mərsiyələr
yazaraq ününü uca Allaha yetirdi, Xanqızı Nadirə
isə cismən bu ağrını çəkə bilməyəcəyini
anlayıb elə o andaca ruhunu Uca Allahın dərgahına təslim
etdi. Eyni taleyi yaşamaq eyni əsrin, eyni
dövrün, eyni ictimai-siyasi proseslərin cəfasımı?!
Xurafat, mövhumat bataqlığı insan
düşüncəsini əsir aldığı zamanlar hələ
öz dəyirmanında çox ziyalıları beləcə
məhv edəcəkdi. Belə bir hikmət
də var ki, dünya həmin dünyadır, onu əzablarla,
qanla, dərdlə, xoşbəxtliklə naxışlayan
insanların düşüncə tərzi,
dünyagörüşüdür.
Həyatı:
XIX əsrin I yarısında Kokandda yaşayıb-yaradan
istedadlı qələm sahibi Nadirəni özbək alimləri
ədəbiyyat səhifələrində "O, yüksək
bədii istedad sahibi Üveysi, Məhzunə, Dilşad, Ənbər
Atin kimi məşhur şairələr səfinin sərdarı
olmuşdur", - deyə təqdim ediblər. Gözəl,
eyni zamanda dövrünün yazar qadınları
sırasında yeri bəlli edilən bir təqdimatdır.
Nadirə 1792-ci ildə Əndican şəhərində
Əndican hakimi Rəhmanqulu quşbəyi ailəsində
dünyaya göz açmışdır. Atası Kokand
hökmdarı Narbuta bəyin yaxınlarından olub, əsli
isə özbəklərin Min sülaləsindəndir. Anası, Zahirəddin Məhəmməd Babur nəslindən
olan Ayişəbəyim xanım da dövrünün təhsilli,
ziyalı xanımlarından biri olmuşdur.
Rəhmanqulu bəyin bu istedadlı qızı
dövrünün yüksək təhsilinə yiyələnmiş,
xüsusi mütaliə ilə biliyini,
dünyagörüşünü artırmış, Şərq
ədəbiyyatını dərindən mənimsəmiş
incə ruhlu şeirlər müəllifi kimi ad-san
qazanmışdır. Onun əsl adı Kamilə, ədəbi təxəllüsü
isə Nadirə olmuşdur. Zadəgan əsilli
Nadirənin səsi-sorağı Kokand xanlığına da
gedib çatır. 1808-ci ildə Kokand
xanı Narbuta bəyin oğlu, Mərgilan valisi, bibisi oğlu
Məhəmməd Ömərxan ilə Nadirə ailə həyatı
qurur. Hələ Mərgilanda yaşadıqları zaman
Nadirə orada olan ədəbi mühitlə maraqlanmış,
elm, sənət adamları ilə yaxından tanış
olmuşdur. Xüsusən orada
yaşayıb-yaradan Cahan Atın Üveysi ilə dostluq
münasibətləri qurmuşdur.
Özbəkcə
"Divan"ının dibaçəsində Nadirə
yazır: "Qısa müddətdə tamamilə şeirə
hakim oldum; nəzmdə mahir, mənalar aləminin sehrində
oldum. Həzrət (Ömərxan) bəzən
yeni mənalar haqqında bir misra ilə sual verərdi. Mən də dərhal cavabını bir misra ilə
verməklə onları məmnun edərdim. Bunlardan
birini xatırlayaraq deyim: "Bir gün, "Niyə ərbab-ı
hirad əhli-i cünündin arı var?" misrası ilə
sual verərkən o saat, "Kim olar üryan, alarnınq çübbe
vü dastan var", - misrası ilə cavab verdim". Elə buradan da bir daha aydın olur ki, şairənin
ömür-gün yoldaşı Ömər xan Əmiri də
yazıb-yaradanlardan olub və aralarında tez-tez şeir
mübahisələri, müzakirələri olurmuş. Nadirə 1810-cu ilə qədər Mərgilanda, sonra
isə ömrünün sonuna qədər Kokandda
yaşamışdır. İki övladı olmuşdur:
Əri Məhəmməd Ömərxanın (1809-1822) vəfatından
sonra, atasının yerinə
Kokandda taxta çıxan 12 yaşlı oğlu Məhəmməd
Əlixan hakimiyyət başında (1822-1842) çox gənc
yaşlarında olduğundan oğluna yaxından dəstək
üçün (qəyyum olaraq) ictimai-siyasi fəallığını
artırmış, vaxtının çoxunu dövlət
işlərinə ayırmağa məcbur olmuşdur. Məhəmməd Ömərxan vəfat edəndə
Nadirə 30 yaşında idi. Tərcümeyi-halına
daxil olan bu kimi ciddi faktları Nadirə "Divan"ının
dibaçəsində də yazmışdır. Kokand ədəbi mühitində Nadirənin
yaradıcılıq üfüqləri genişlənir, təkmilləşir.
Onun şeirlərinin - qəzəllərinin əsas məzmunu
milli və bəşəri motivlərə söykənib:
insanpərvərlik, eşq, məhəbbət, xalq, Vətən
mənfəətini uca tutmaq, sədaqət, gözəllik,
haqq, ədalət, insaf və s. kimi.
Hakimiyyətləri çərçivəsində olan ərazilərində
onun təşəbbüsü ilə bazar və
dükanların, məscid və mədrəsələrin,
karvansaraların genişlənməsinə, tikintisinə diqqət
yetirilirdi. Kokandda tikdirib istifadəyə verdiyi mədrəsəni
yerli əhali "Mahlar Ayim mədrəsəsi"
adlandırmışdı. Gənclərin
təlim-tərbiyəsində bu mədrəsənin
böyük təsiri olmuşdur. Nadirə
əsərlərini xəttatlara yazdırarkən gözəl
və xətasız yazılmasına birbaşa özü nəzarət
edər və sonda bütünlüklə gözdən
keçirər, sonra cildlənməsinə və bəzək
verilməsinə, yayılmasına izn verərmiş. Bu mənada gözəl xəttatlıq qabiliyyəti
olan katiblərə qızıl qələm və
gümüş qələmdan hədiyyə edib, onları
"Qızıl qələm" fəxri rütbəsinə
yüksəldərmiş.
Feodal adlı sosial sistemin - tarixi formasiyanın tədricən
ləğvi, əmirlər - xanlıqlar arasındakı
çəkişmələr, bir sözlə, dərəbəyliklər,
müharibələr bitmək bilmirdi. 1842-ci ildə Buxara əmirliyi
ilə Kokand xanlığı arasında zülmlə nəticələnən
qarşılaşma baş verir. Kokandda hakimiyyəti ələ
keçirən Buxara Əmiri Nəsrullahın qəddar
hökmü ilə şəhərin hakimi Məhəmməd
Əlixan və qardaşı Sultan Mahmudxan, Xoşhalbibi,
Narbibi, Ayişəbibi adlı məhrəmləri, anaları
Nadirə və 14 yaşlı nəvəsi Məhəmməd
Əminxan dar ağacından asılır. Beləliklə,
xalqının istedadlı və sevimli qızı Nadirə -
Kamilə 1842-ci ildə faciəli şəkildə 50
yaşında həyata vida etmişdi.
Yaradıcılığı:
Nadirə klassik poeziya ənənəsinə söykənərək
şeirlərini iki dildə - özbək və fars-tacik dillərində
yazmışdır. Bu mənada Əndican və
Kokand ədəbi mühitlərinin bu istedadlı yetirməsi
ikidilli şairə kimi ad-san çıxarmışdı.
"Kamilə" və "Nadirə" təxəllüsləri
ilə özbək, "Məknunə" təxəllüsü
ilə fars dilində şeirləri
yaşadığı dövrdə də geniş
yayılmışdır (Kamilə sözünün mənası
- yetkin, bitkin; mükəmməl, Nadirə sözünün mənası
- az tapılan, Məknunə - yaradıcı,
düşüncəli deməkdir).
XIX əsr özbək klassik poeziyasının ən
gözəl nümunələrini yaradan Nadirənin ədəbi
irsi ideya-bədii əhəmiyyətinə görə qiymətli
mənəvi xəzinə hesab olunur. Bu gün əlimizdə
Nadirənin özbək və fars-tacik dillərində
yazdığı 10 minə yaxın misradan ibarət lirik irsi
vardır.
Şairənin
müxtəlif janrları əhatə edən poetik nümunələri
- məzmun və
qayəsinə görə sevilərək, geniş
yayılaraq ötən əsrin bir çox əlyazma
fondlarına daxil edilib. Nadirə
yaradıcılığında xalq ədəbiyyatının
təsiri də çox olmuşdur. Xalq ədəbiyyatının
ən gözəl nümunələrinin təsiri ilə insan
qəlbinin dərinliklərinə hakim olan məhəbbət
duyğularının tərənnümü uğurlu
alınmışdır. Hətta
mahnılar qanadında məclislərə yol
açmışdır. Nadirənin
şeirləri özbək ədəbiyyatında, 19-cu əsrin
birinci yarısı üçün xarakterik olan mütərəqqi
meyllərlə seçilir. Nadirə müasirləri -
Cahan Üveysi, Munis Xarəzmi, Dilşad Bərna, Səadət
Müştəri, Mehriban Məhzunə, Ənbər Atin,
Zibanisə, Məqsudə bəyim - ilə birlikdə
dövrünün poeziyasının inkişafında və zənginləşməsində
xidmətləri olan görkəmli şairədir. Onun yaradıcılığı XIX əsr özbək
poeziyasında mütərəqqi istiqamətin
formalaşmasına zəmin yaratmışdır. Nadirənin müasirləri və
davamçıları onun poeziyasının təsiri ilə
gözəl bədii yaradıcılıq nümunələri
yaratmışlar.
Əlişir
Nəvainin ədəbi irsindən faydalandığı elm-mərifət,
haqq-ədalət, dilə-dinə xidmət, xalqa-torpağa məhəbbət,
insanlığı ali mərtəbədə
görmək, onu vəsf etmək kimi hikmət və
estetikanı yaradıcılığının ana xəttinə
çevirmişdir.
XIX əsr klassik özbək qadın şairlərinin
imzasında qadın sevgi lirikaları peyda oldu. Nadirə
eşq şairi kimi sevilir. Təsadüfi
deyil ki, onun və müasiri olan gözəl şairələrin
imzasında ilk dəfə sevgi, eşq lirikası ədəbiyyat
səhifələrinə yazıldı. Mövhumatın,
xurafatın baş alıb getdiyi zamanda qadın imzalı sevgi
şeirləri cəsarət və hünər tələb
edirdi. Bu, özünəgüvən,
özünüdərk milli qürurdan doğan
yaşantılardır. Nadirə
yaradıcılığında bunları ustalıqla qələmə
almışdır.
Nə
Şirin qaldı aləmdə, nə Fərhad,
Hanı
Yusif, hara getdi Züleyxa?
Könül,
eşq içrə bulma be təhəmmül,
Ki, vəsli hicr ilə qılğıl madara.
Mənə, ey Kamilə, qismət bu erkan,
Əzəl gündən olubdur eşqi payda.
Nadirə üçün ar-namus, həya-ismət, əhdə vəfalılıq kimi hiss və duyğular qadın gözəlliyinin atributlarıdır, qadın gözəlliyinin pünhan sirləridir, qadın gözəlliyinin möcüzələridir. Nadirə poeziyasının, xüsusən klassik şeirin nəzəri imkanlar çərçivəsində onun nəzəriyyəçi alim kimi dəyərləndirmək heç şübhəsiz mübaliğə olmaz.
"Nadirə-Kamilə" "Divan"ı belə bir epiqrafla başlayır: "Nadirə dövrümüzün kamala dolmuş zehni, sayıqlığı ilə məmləkətini gözəl təsvir etmiş, səxavəti ilə xalqını sevindirmişdir. Fərqanə mülkünü abad etmişdi. O - Zöhrəsifət Nadirə heç vaxt var-dövləti, səltənəti ilə fəxr etməyib. Gözəl ağlı-zəkası, intellekti, təbii və fitrətən istedadı ilə gecə-gündüz rəngarəng ahəngdə qəzəllər yazar və oxumaqla məşğul olardı". Nadirəyə öz dövründə el məhəbbəti ilə Mahlar Ayim, Zöhrəsifət deyə də əzizləyərək müraciət ediblər. Burada isə Mahlar Ayim - Aylar ayı, yəni Ayüzlü, Aya bənzər anlamını; Zöhrəsifət - Eşq ilahəsi, Dan ulduzuna bənzər anlamını ifadə edir.
Nadirə şeirləri insan övladının izzəti-nəfsindən, onun şərəf və ləyaqətindən, yaxşılığın insan qəlbində, ruhunda yandırdığı çıraqdan bəhs edir. "Yaxşılıq etmək nər kişinin işidir, dünyada qalan da məhz yaxşılıqdır, yaxşı addır". Necə ki, indi şairənin tərcümeyi-halında yaxşılıqlara dolu naxışları görürük.
Almaz
ÜLVİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 26 may.- S.13.