"Xeyirxahlıq mücəssəməsi"nə
bir baxış
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Mətbuat
tarixi və publisistika" şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor Vüqar Əhmədin yenicə
işıq üzü görmüş "Xeyirxahlıq
mücəssəməsi" kitabı
sağlığında Millət Atası, Müsəlmançılığın
fəxri kimi şərəfli ad və təyinlərini
qazanmış məşhur Bakı milyonçusu,
böyük azərbaycanlı Hacı Zeynalabdin
Tağıyevin əziz xatirəsinə ithaf edilib. Vüqar Əhmədin adıçəkilən əsəri
xalqın sevimlisi, bu unudulmaz şəxsə olan ehtiram və qədirşünaslığın
daha bir gerçək ifadəsidir.
Hamımız
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsinin
ucaldılması haqqında 11 mart 2020-ci il tarixli müvafiq Sərəncamının,
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,
Bakı şəhər İcra Hakimiyyəti və Heydər
Əliyev Fondunun bununla bağlı açıq heykəltaraşlıq
müsabiqəsi elan etməsinin, 18 yanvar 2022-ci il tarixində
Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında
hazırlanmış heykəlin ölkə
başçısının iştirakı ilə təntənəli
açılış mərasiminin sevincini yaşadıq. H.Z.Tağıyevin (1823-1924) anadan olmasının 200
illiyinin UNESCO-nun 2022-2023-cü illər üzrə keçiriləcək
yubileylər proqramına salınması sevincimizə sevinc
qatdı. Bu ərəfədə dəyərli
alim Vüqar Əhmədin də bu dahi şəxsiyyət
haqqında yeni monoqrafiyasının çap olunması isə
qəlbimizi daha da fərəhləndirdi.
Bəs Tağıyevin vəfatından yüz ilə
yaxın bir müddət ötsə də, onun şəxsiyyətinə
bu cür hörmətin, xatirəsinə bu qədər diqqətin,
fəaliyyətinə bu səviyyədə marağın səbəbi
nədir?
Ölkə
Prezidenti İlham Əliyevin bu fikirləri suallarımıza ətraflı
aydınlıq gətirir: "Zeynalabdin Tağıyev
ömrü boyu Bakının inkişafına,
abadlaşmasına, ümumiyyətlə, Azərbaycanın
inkişafına böyük töhfələr vermişdi.
Çox zəngin adam idi. Əgər
onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin
ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı.
Onun təşəbbüskarlığı ilə Azərbaycanda
bir çox layihələr həyata
keçirilmişdir..."
Bəli,
"Xeyirxahlıq mücəssəməsi" əsər
i həmin
xidmətlərin yüz il sonra uğurlu analitik təhlilidir. Əsər monoqrafik araşdırmanın yekunu
olduğu üçün elmi əsərin tələblərinə
müvafiq olaraq giriş, üç fəsil, nəticə və
ədəbiyyat siyahısından ibarətdir. Qeyd edək ki, fəsillər ayrı-ayrılıqda
müxtəlif paraqraflara bölünsələr də, fikri-məntiqi
baxımdan bir-birini izləyir və tam halda oxucuya
çatdırılır. Birinci fəsil ədəbi qəhrəmanın
dövrü və mühiti, tərcümeyi-halı, sənayemizin
inkişafında fəaliyyəti, ikinci fəsil
maarifçiliyi, mətbuat sahəsində xidmətləri,
ictimai işlərdə fədakarlığı,
üçüncü fəsil xeyriyyəçiliyi, milli
düşüncənin və yeni nəsil ədəbiyyatının
inkişafına dəstəyi, Türk dünyası və
Şərq aləmində şöhrətlənməsi, həmçinin,
Hacı Zeynalabdin Tağıyevin Azərbaycan xalqının bədii
ədəbiyyatında yer alan obrazını özündə
ehtiva etdirir.
Kitabın
elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli,
ön söz müəllifi, Azərbaycan jurnalistlər
Birliyinin üzvü Ülkər Hüseynova, rəyçilər
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri
doktoru Nəriman Yaqublu, Bakı Dövlət Universitetinin
kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru,
dosent, Əməkdar jurnalist Vüqar Qaradağlı və
filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlidir.
"Xeyirxahlıq mücəssəməsi" monoqrafik
tədqiqat işi olsa da, dilinin sadəliyi və hadisələrin
təqdimi etibarilə tarixi roman təsiri
bağışlayır. Bu da onu daha oxunaqlı və yaddaqalan edir.
Bu isə heç də təsadüfi deyil.
Belə ki, geniş oxucu kütləsi professor Vüqar Əhmədi
həm də gözəl lirik şeirlər, Azərbaycan
Demokratik Respublikasının banisi, görkəmli ictimai xadim Məhəmməd
Əmin Rəsulzadə haqqında yazdığı "Son nəfəsədək
Azərbaycan" adlı tarixi romanın müəllifi kimi də
tanıyır.
Sözügedən möhtəşəm əsərin
adından da duyulur ki, Hacı Zeynalabdin Tağıyevin keşməkeşli
həyatı, acı taleyi, ömür yolu ictimai-siyasi fəaliyyəti
ilə vəhdətdə təhlilə cəlb olunur. Haqqında
danışdığımız monoqrafiya müəllifin bir
neçə il bundan qabaq çap etdirdiyi
"Son nəfəsədək Azərbaycan" tarixi
romanı ilə elmi-publisistik üslub, bədii-estetik
düşüncə baxımından çox yaxındır.
Bu məqamda
akademik Ziya Bünyadovun Hacı Zeynalabdin Tağıyev
haqqında dediyi və haqqında
danışdığımız kitaba da salınmış
fikirlərini xatırlatmaq istərdik: "Hacı Zeynalabdin
Tağıyev sözün həqiqi mənasında nəinki
Abşeron torpağında, hətta bütün Azərbaycanda
misli-bərabəri olmayan iki böyük şəxsiyyətdən
biridir. Məhəmməd Əmin Rəsulzadə
əgər siyasi meydanın ən böyük cəngavəri
idisə, H.Z.Tağıyev səxavət dünyasının
heç kimlə müqayisə edilməyəcək dahi bir
şəxsiyyətidir".
"Xeyirxahlıq
mücəssəməsi"ndə müəllif Azərbaycan
xalqının adət-ənənələrinə, ədəbi
dilinə dərindən bələd olmasına rəğmən,
Hacı Zeynalabdin Tağıyevlə bağlı məlumatlarda,
epizodlarda Bakı-Abşeron camaatının özünəməxsus
koloriti, şirin-şəkər tərzi ilə oxucusunu öz
yazıçı fantaziyası sehrinə sala bilir. Yəqin, elə o səbəbdəndir ki, əsəri
nəfəs dərmədən oxuyub başa vurmaq istəyirsən.
Bəri başdan deməliyəm ki, bir oxucu, həm də
filoloq olaraq ilk aldığım təəssürat məhz
budur. Çünki yazılan hər hansı bir əsər
ünvanına çatmaqla, maraq doğurması ilə dəyərlənir
və özünə əbədiyyət vəsiqəsi
qazanır. Ölməz Füzuli yadigarımız
Əliağa Vahidin sözlərilə desək:
Əsər
ki, qaldı cahanda, o, ölməmək kimidir...
"Xeyirxahlıq
mücəssəməsi"ni dönə-dönə
vərəqləyirəm. Əsər
H.Z.Tağıyevə ümumxalq sevgisini ifadə etməklə
yanaşı, bir çox gizli mətləblərə
aydınlıq gətirilməklə bahəm, bu nurlu, səxavət
dolu ürək sahibinə qarşı iblis xislətli, məkrli
adamların böhtan və uydurmalarına yüksək ədəbi
taktla verilən bir cavabdır.
Əsla artırıb-şişirtmədən mövcud
kitabı millətimiz üçün çox dəyərli,
vacib bir töhfə adlandırmaq olar. Burada nəinki Tağıyevin, həm
də onun cəfakeş qızı Sara xanımın,
vaxtı ilə atasının xidmətlərini, millət
yolunda elədiklərini üzə çıxarmaq, bəraət
qazandırmaqdan ötrü min bir əziyyətlə ölkədə
və ölkədən kənar arxivlərdə, müxtəlif
mənbələrdə, xalqdan gizlədilən (eyni zamanda
qorunub saxlanılan) sənədləri, məlumatları
özünün kiçicik məvacibi ilə almasını
da qeyd etmək istərdim. Bu baxımdan
görülən nəcib işlər Sara xanımın da
incik ruhuna, məhv olmuş acı taleyinə, bəlkə də
bir əvəz sayıla bilər.
Mövcud monoqrafik tədqiqat əsərinin ərsəyə
gəlməsi daha bir cəhətdən təqdirəlayiqdir
ki, burada kitabın sonundakı ədəbiyyat
siyahısında Hacı Zeynalabdin Tağıyev haqqında
indiyə qədər yazılmış əsərlər, dəyərli
məlumatlar öz sistemli əksini tapır. Bir daha bəlli
olur ki, uzun illərin qadağalarına baxmayaraq, qədirşünas
insanlarımız bildiklərini, eşitdiklərini millətin
yaddaşına köçürməklə gələcək
nəsillər üçün etibarlı mənbə
yaratmışlar.
Müəllifin əsəri qələmə almazdan qabaq
geniş tədqiqat aparması, özündən əvvəl
yazılmış materialları diqqətlə izləməsi,
təhlil süzgəcindən keçirib, yeri gələndə
polemikalara girişməsinin, faktlara obyektiv münasibət
bildirməklə cəsarətli tədqiqatçı
mövqe ortaya qoymasının şahidi oluruq.
Bəli, xüsusi bir ədəbi takt və
düşüncə, etik, estetik yanaşma hiss olunur müəllif
təhkiyəsində. Hər hansı hadisə və ya dildən-dilə
keçən əhvalata münasibət bildirərkən bir təəssübkeş
vətəndaş mövqeyi ortaya qoyulur. Fikirlərimizi
əyaniləşdirmək üçün bəzi abzaslardan,
ifadələrdən sitatları diqqətə
çatdırmaqla, kitabda adları keçən müəlliflərin
vaxtilə çəkdikləri zəhməti bu gün minnətdarlıqla
yada salmaqla vacib xüsusatlar üzərində dayanmaq istərdik.
Hacı
Zeynalabdinin əməlisalehliyi, Azərbaycan xalqı
üçün elədiyi misilsiz xidmətləri,
maarifçiliyi, missionerliyi onun məktəblər
açmağı, Nəcib Qızlar Gimnaziyasının
banisi, türkçülük və islamçılıq
ideyalarının daşıyıcısı, XIX əsrin
sonu, XX əsrin əvvəllərində çağdaş
türkçülüyün, islamçılığın
təbliğində, yayılmasında ölçüyəgəlməz
dərəcədə maddi dəstək göstərməsi,
Azərbaycanda müstəqilliyin yaranmasında, bir sözlə,
millət yolunda fəaliyyət göstərdiyi haqqında
xeyli yazılıb. Daha bir cəhəti də məlumdur
ki, vəzifəsindən asılı olmayaraq, kimsəyə
haqq verməzdi ki, onun xalqını təhqir etsinlər.
Vətən
fədaisi, xalq təəssübkeşi olan hacının tərcümeyi-halı
müdrik, ziyalı davranış, tolerantlıq, fədakarlıq
örnəkləri ilə müzəyyəndir, elə
bütün bunları yaddaşlardan, xatirələrdən
seçmələyərək xalqa çatdıranlar
sırasında Vüqar Əhmədin də əməyi
öz layiqli yerini əminik ki, tapacaq...
Bir neçə kəlmə də kitabın nəfis
görüntüsü, cildi və içərisindəki
fotoşəkillərlə bağlı demək istərdim. Rəssam
işi, bədii tərtibat mövcud kitabın uğurlu şəkildə
ərsəyə gəlməsində öz töhfəsini
verib.
İnşallah,
"Xeyirxahlıq mücəssəməsi"
xalqımızın fəxri olan, imzasını şəhadət
barmağı ilə qoyan Hacı Zeynalabdin Tağıyevin
şərəfinə sözdən yazılan və yapılan
bu "qala" möhtəşəm əsər kimi
qarşılanacaq və məşhur bir el bayatısında
deyildiyi kimi:
Bu qala qədim
qala,
Daşları möhkəm qala.
Tikmədim
özüm qalam,
Tikdim ki,
izim qala!...
- amalını bir daha doğruldacaq.
Bəli, həqiqətən,
"1924-cü ildə 101 yaşında Allah rəhmətinə
qovuşan Hacı Zeynalabdin Tağıyevin fiziki
varlığı bitsə də, nura bürünən ruhu
ölmədi, heç zaman inşa etdiyi ocaqlardan
uzaqlaşmadı, onların üzərində qərar tutub və
bu işığı qiyamətə qədər sönməyəcək
ocaqlar onun pak ismini əbədi olaraq yaşatdı"
Lalə
ƏLİZADƏ
Filologiya
elmləri doktoru,
professor
525-ci qəzet.- 2022.- 26 may.- S.12.