İlber Ortaylının tanıdığı və sevdiyi Sabir  

 

MİRZƏ ƏLƏKBƏR SABİRİN ANADAN OLMASININ 160 İLLİYİ ƏRƏFƏSİNDƏ DÜŞÜNCƏLƏR

 

 

"Əcnəbinin seyrə balonla çıxdığı", bizim "avtomobil minməyən" vaxtımız çoxdan arxada qalıb.

 

Reklamınızı SmartBee ilə effektiv edin.

Biz də o "balon"la İstanbula gəlmişik.

 

Türk dünyasının tanınmış alimi ilə türk dünyasının tanınmış şairi barədə söhbətə.

 

Ankara Universitetinin professoru İlber Ortaylı ilə anadan olmasının 160 illiyi tamam olan Mirzə Ələkbər Sabir barədə danışmaq fikrindəyik.

 

Dəqiq görüş vaxtı bir ay əvvəl təyin olunub.

 

Amma həmsöhbətimiz görüşə bir az ləngiyir. Osmanlılar demiş, görüş ertələnir.

 

Və nəhayət, iri cüssəli bu məşhur və gülərüz tarixçi özünü görüş yerinə yetirir.

 

Şəhər bələdiyyəsində bir tədbirdə ləngidiyini bildirib üzrxahlıq edir.

 

Qısa hal-əhvaldan sonra söhbətə başlamağa hazırlaşırıq.

 

Rejissorumuz bayaqdan qurulmuş kameranın arxasında dayanan operatora işarə verir ki, başlamaq olar. İşıqçı hansısa düymələri basıb həmsöhbətimizin nurlu sifətinə bir az da işıq əlavə edir.

 

Biz əvvəlcə Bakıdan apardığımız hədiyyələri təqdim edirik: kiçik Şirvan xalçası, müxtəlif çeşidli Azərbaycan şərabları, şirniyyat və bəndənizin müəllifi olduğu "Nobellər neft, milyonlar və milyonçular şəhərində" adlı kitabı...

 

Kitabı vərəqləyir və:

 

- Sizmi yazdınız? - deyə soruşur və dərhal da geri qaytarır:

 

- Yazmadınızmı?

 

Yəni avtoqraf yazılmadığıma kiçik bir etiraz...

 

Çoxsaylı dünyaca məşhur kitabların müəllifinə avtoqraf yazmamaq kimi təvazökarlığım "cəzalandırılır".

 

Götürüb yazıram.

 

Nəhayət, əsas hədiyyəni təqdim edirik: "M.Ə.Sabir. Seçilmiş əsərləri".

 

Sevincək bu kitabı da vərəqləyir və gülə-gülə soruşur:

 

- Necə demişdi "Ürəfa marşında"? Anyaları, Sonyaları yanlarız...

 

Və kitabda həmin şeiri axtarır. Mən tapıb verirəm, ləzzətlə yenidən oxuyur, "ay bərəkallax nə güzəl canlarıq" misralarını özünəməxsus tərzdə təkrar edir.

 

Və başlayır: "Mən Sabirin yaradıcılığı ilə ilk dəfə 1967, ya 1968-ci ildə tanış olmuşam..."

 

O vaxt Bakıdan Ankaraya bir heyət gəlir. İlber bəyin dediyi kimi "Moskva üzərindən".

 

Həmin qrupun yarısı gürcülərdən ibarət imiş, yarısı da bizimkilər, yəni Bakıdan gələnlər.

 

"Rəhmətə yürümüş artıq, Ənvər bəy vardı..." - deyə İlber bəy xatırlayır.

 

Mən söhbətin hansı Ənvər bəydən getdiyini xatırlaya bilmirəm. Sonradan Bakıda bu barədə yazıçı Anara danışanda deyəcəkdi ki, vaxtilə Ənvər Bağırov adlı filoloq var idi, o vaxtlar Moskvada yaşayırdı. İndi rəhmətə gedib, yəqin onu nəzərdə tutur.

 

İlber Ortaylı isə Sabirlə "tanışlığı"nın tarixçəsini danışır: "Mənə dedilər ki, müsafirləri Ankarada Esenboğa hava alanından alacaqsan, Ankaranı gəzdirəcəksən, Konyaya aparacaqsan, sonra da gətirib Ankaradan "Aeroflot"la Moskvaya yollayacaqsan".

 

Nümayəndə heyətinin səfəri bir həftə davam edir və İlber bəy etiraf edir ki, mən ilk dəfə Azərbaycan ziyalıları ilə onda qarşılaşdım. Azərbaycan dilində danışıqları ilk dəfə onda eşitdim. Mənə kitablar verdilər. Bu kitabların içində kiril əlifbası ilə basılmış "Hophopnamə" də var idi. Mən kiril hərflərini oxuya bilirdim deyə kolayca oxudum. Sabiri onda tanıdım, çox xoşuma gəldi.

 

İlber bəy Sabirin yaradıcılığına vurğunluğunun bir sirrini də açır: "Həyatını öyrəndim. Gördüm bu, bir məzlum adamdır. Yəni Azərbaycan "dvoryanstvosu"ndan, zadəganlarından deyil. Şamaxılı küçük bir tüccar ailədən gəliyor. O zaman solçu olduğum üçün öncə ordan sevdim.

 

Sonra onu da öyrəndim ki, 49 sənə yaşamış bu zavallının şeirləri çox da çap edilməyib. Ömrünün son səkkiz sənəsində Azərbaycanda türkçülük, türk mədəniyyəti və mətbəəçilik inkişaf etdiyi üçün bunun şeirlərini toplayıb nəşr ediblər. "Hophopnamə" belə yaranıb..."

 

İlber Ortaylı onu da etiraf edir ki, onun şeirlərini oxuduqca anladım ki, bu, bizi bağlayan, tərbiyə edən bir öyrətmən, bir müəllimdir. Və fikirləri bütün türklər üçün keçərli!

 

Və bundan sonra İlber bəy Sabirin Füzuli şeirinə bağlılığından danışır. Hətta onun yaradıcılığını Əziz Nesinlə müqayisə edir. Əziz Nesinin çirkin bir adamı gözəl kimi təqdim etməsindən nümunə gətirir. Sabirin yaradıcılığında bu üslubun qabarıq olduğunu xatırladır.

 

 

 

Və əlavə edir: "İnsanları satira qədər, mizah qədər etkiləyən, dürtən bulunmaz. Şimdi mən sana bir ton laf etsəm, səbrin olsa dinlərsən, bir başqasının səbri yoxdur, dinləməz. Çıxdıqdan sonra da unudarsınız. Amma Sabir bunları şeirlə yapıyor, yadaşlara hopduryor".

 

Ardınca İlber bəy cavanlıqdan yaddaşına hopmuş misraları özünəməxsus tərzdə əzbər söyləyir:

 

Xoşlamarıq bir para nadanları,

 

Şiveyi-nisvani-müsəlmanları,

 

Neyləyirik Fatma-Tükəzbanları?!

 

Annaları, Sonyaları yanlarıq,

 

Ay barakallah, nə gözəl canlarıq!..

 

İzah edir ki, Sabir öz dövründə meydana çıxan "kültürəl assimlyasiya"ya etirazını belə bildirir.

 

İlber bəy yaradıcılığından həvəslə danışdığı Sabirə Bakıda heykəl qoyma tarixçəsindən də xəbərdardır: "Maləsəf, həyatının son səkkiz sənəsində yazdıqları basılmış, amma o qədər çox oxunmuş, o qədər çox sevilmiş ki, bu gün də unudulmur. Bu, dünyada para ilə heykəli tikilən ilk böyük müsülman və ilk böyük türk. Bu, çox interasan məsələdir. İnsanlar bu gün də böylə yazarlar bəklərlər".

 

İlber bəyin Sabirin heykəli barədə dedikləri nədənsə məni uzaqlara apardı.

 

Xüsusən ilk türk heykəli ifadəsi...

 

1988-ci ildir.

 

Ölkədə Qarabağ məsələsi ilə bağlı yaranan gərginliyin ilk vaxtlarıdır. Hamı Qarabağdan danışır. Azərnəşrin baş redaktoru Cəmil Əlibəyovun kabineti. Bəxtiyar Vahabzadə Qarabağla bağlı hökumətin hansısa addımına etiraz etmək üçün Əlibəyova:

 

- Cəmil, mən burdan durub gedərəm Sabirin heykəlinin qarşısına, 10 min adamı yığaram başıma...

 

Cəmil Əlibəyovun az qala pıçıltı ilə dediyi etiraz:

 

- Bəxtiyar, Sabirin heykəli qarşısına yox... Ora getsən, səni millətçi hesab edəcəklər. Leninin heykəlinin qarşısına getmək lazımdır.

 

Bu, öz gözləri qarşısında atası Ədil bəyin 37-ci ildə nələr çəkdiyini, "NKVD"nin nə olduğunu dərindən hiss eliyən ağsaqqal yazıçının pıçıltısı idi...

 

İndi xatırlamıram, Bəxtiyar müəllim o mitinqi təşkil elədi, ya eləmədi, başqa məsələdir. Amma Sabirin heykəlinin ilk türkə ucaldılan heykəl olduğu və İlber bəyin bunu xüsusi vurğulaması Sabirin millətçilik və türkçülük ideyalarını yada saldı. 

 

"Sabirin türkcəsi xoş bir türkcədir. Sabiri İstanbul türkcəsinə çevirmədən böylə oxusaq, bizim Osmanlı kültürümüz də artar, zənginləşər. Bu, çox önəmlidir", - bu fikirləri də İlber bəy söyləyir.

 

Və əlavə edir ki, bunun ardınca Şəhriyarı oxuyursan, sonra Cavidi oxuyursan, "Danabaş məktəbi" ("Danabaş kəndinin məktəbi" - M.H.) kimi pyesləri oxuyursan... Öncə oxumaq lazımdır. Görəcəksən ki, problemlər eyni! Onun üçün bu kimi yazarlar üç qitənin adamlarıdır.

 

İlber bəy yenidən Sabirin kitabını götürür. Şeirləri zövqlə, gözəl əhval-ruhiyyə ilə oxuyur. Və hər şeir barədə özünün izahatını verir.

 

Və təəssüflə əlavə edir ki, "mənim bildiyim bizdə bir sokak yok Sabir adına, bir meydan yok, hətta bir heykəl də yok! Amma olacaq, çünki Sabir adı indi Türkiyədə çox hallanır, onun şeirlərini oxuyanlar çoxalır".

 

Əslində İlber Ortaylı tarixçidir, Ankara universitetinin professorudur. Amma onun tarixçiliyi Sabirə, Sabir poeziyasına vurğunluğuna qətiyyən mane olmur. Bizə ayırdığı vaxt limiti tükənsə də, Sabirin şeirlərini oxumaqdan doymur. Oxuyur, ürəkdən gülür, hər dəfə Sabir yaradıcılığının hansısa bir cəhətini qabardır...

 

Və Sabir dövrünə qayıdır. Sonrakı illəri xatırladır. Azərbaycan ədəbiyyatı ilə yanaşı, mədəniyyət və incəsənət sahəsində bizim qazandığımız uğurları xüsusi vurğulayır. Üzeyir bəy kimi dahinin hələ də Türkiyədə yetişmədiyini təəssüflə etiraf edir.

 

Söhbətimiz o qədər uzanır ki, görünür, bizdən sonrakı görüşlərini unudur. Və bu vaxt qızı və nəvəsi gəlir.

 

İlber bəy bizi onlarla tanış edir və yalnız nəvəsinin belə qəfil gəlişindən sonra söhbətə yekun vurur.

 

Sabiri sevin, Sabiri oxuyun deyir...

 

Biz isə böyük alimlə sağollaşıb otelə tələsirik. Yenidən seyrə "balon"la çıxmaq üçün. Yolumuz Bakıyadır. Sabirin Vətəninə...

 

O Vətənə ki, Sabiri sevirlər, oxuyurlar...

 

O Vətənə ki, Sabirin əsərlərini sadəcə şeir kimi oxuyuruq. Amma nəticə çıxarmırıq. İslah olmuruq!

 

Hündürmərtəbəli binaları bir-birinin içində ucaldırıq.

 

Sabir dövründə rus dilində danışanlarımız indi ingiliscə danışmaqlarını gözə soxurlar.

 

Sabir dövründə "oxutmuram əl çəkin" deyənlərin nəvələri indi saxta diplom gəzdirirlər. Hətta bu diplomlarla yüksək vəzifələr tuturlar!

 

Əgər o vaxt Sabir "min qələt gördüm qarışmış bir vərəq imlasına" yazırdısa və o, bu "min qələt"i bir "məktəbi-müdirin" məktubunda görmüşdüsə, bu gün biz elementar savadı olmayan məktəb direktorunun məktubunu oxumalı oluruq.

 

Xəstə ayağı qoyub salamat ayağı kəsən, əməliyyat edən həkimi xatırlamırsınız? Azərbaycanda olmuşdu axı, bir neçə il əvvəl! XXI əsrin Azərbaycanında. Sabirin vəfatından 110 il sonra!

 

Deməli, biz Sabiri sadəcə... oxuyuruq, gülürük. Amma yüz il əvvəlki problemlər qalır!

 

Deməli, Sabirin yaradıcılığı bu gün də aktualdır!

 

Min təəssüf ki, aktualdır!

Müsəllim HƏSƏNOV

 

525-ci qəzet.- 2022.- 26 may.- S.11.