Əlibəy Məmmədov :“Güclü diaspora üçün
ürəkli insanlar lazımdır”
ƏLİBƏY
MƏMMƏDOV: "MƏN ÖZ HƏYATIMI YAPONİYA
İLƏ AZƏRBAYCAN ARASINDA "DƏMİR YOLLARI"NIN
QURULMASINA HƏSR ETMİŞƏM"
Əlibəy Məmmədovu yəqin
"525"in oxucuları tanıyır. Onun Yaponiyadakı
bölünməz və
güclü Azərbaycan
ideologiyası uğrunda
göstərdiyi fəaliyyət
və əldə etdiyi uğurlar tez-tez yerli mətbuatda
işıqlandırılır. Bu xəbərlər başqa ölkələrdə
diaspor fəaliyyəti
göstərən insanlar
üçün də
bir nümunədir.
"İnsan başqa ölkədə öz vətənini necə təbliğ, təmsil etməlidir" sualına Əlibəy Məmmədovun simasında
cavab tapa bilərik. Bu müsahibədə
az sual
verib çox cavab alacağıma əmin idim, çünki onun Yaponiyada Azərbaycan üçün göstərdiyi
xidmətləri saymaqla
bitirmək olmur.
Beləliklə, Yaponiyada yaşayan həmyerlimiz, Yaponiya-Azərbaycan
Əməkdaşlıq Assosiasiyasının
sədri Əlibəy
Məmmədovla söhbəti
təqdim edirik.
***
- Bir tələbə kimi getdiyiniz ölkədə iqtisadi, siyasi və elmi fəaliyyətinizlə
Yaponiya-Azərbaycan münasibətlərinə
illərdir öz töhfənizi verirsiniz.
- 2012-ci ildə Yaponiyanın yeddi ən qədim
universitetindən biri olan Hokkaydo Universitetinə
siyasi elmlər üzrə təhsil almaq üçün gəlmişdim. Artıq
10 il tamam
olur ki, bu ölkədəyəm və bu illər
ərzində burdakı
fəaliyyətim təhsil,
diaspor və biznes fəaliyyəti olaraq üç fərqli istiqaməti əhatə edir. Amma bunların hər üçü bir məqsədə - Azərbaycanı
təmsil etməyimə
xidmət edib.
Yaponiyadakı fəaliyyətimiz həqiqətən
bir ömürə sığmaz dərəcədə
çoxşaxəlidir. Əvvəl arzum
Yaponiyada təhsil alıb, burada Azərbaycanın səfiri
olmaq idi. Siyasətə böyük
marağım var. Yaponiyada
ya bir elm adamı, ya siyasi xadim ola bilərdim, ya da biznesmen
kimi fəaliyyət göstərəcəkdim. Kim olmağıma, nə etmək istədiyimə qərar verməliydim.
İstəyim isə bu iki ölkə arasında sarsılmaz bağlar qurmaq, daimi və davamlı
iqtisadi inkişafa nail
olmaq idi. Bunun üçün isə nə mütləq
diplomat, nə də
elm adamı olmağa ehtiyac var. Həm də bu sahələr
yapon əhalisinin müəyyən bir hissəsinə, ayrı-ayrı
qruplara xitab edirdi. Onsuz da burada yaşadığım
illərdə hər iki istiqamətdə yetərincə çox iş görmüşəm
və görməyə
də davam edirəm. Qərarım isə bizneslə
məşğul olmaq
oldu və 2018-ci ildə Yaponiyada Azərbaycan üzrə ixtisaslaşmış "AzePro"
şirkətini yaratdım.
- Təhsil həyatınızda
Azərbaycana necə yer verirdiniz?
-
2012-2018-ci illər ərzində,
təhsil həyatımda
elmi fəaliyyətlərimi
Azərbaycanla bağlamağı
bacarmışam. Deyə bilərəm
ki, elmi fəaliyyətim çox aktiv və məhsuldar
olub. Elmi mövzum magistraturada
"Cənubi Kuril adaları
problem və ictimai rəy", doktoranturada isə "Dağlıq Qarabağ münaqişəsi
və Cənubi Kuril adaları probleminin müqayisəli təhlili"
olub. Eyni zamanda, Şri-Lankada
vətəndaş müharibəsi
ilə Dağlıq Qarabağ münaqişəsinin
müqayisəli təhlili
ilə bağlı Hindistanda, Şri-Lankada və Yaponiyada araşdırmalarım, elmi
çıxarışlarım və yazılarım olub. Yaponiyanın məşhur elmi jurnallarında ("Sərhəd
araşdırmaları", "Şimal-şərqi Asiyanın
indiki vəziyyəti",
"Yaponiya Mərkəzi
Asiya ölkələri
elmi araşdırmalar
Assosiasiyası" və
s.), milyonlarla tiraji olan mərkəzi qəzetlərdə yapon dilində məqalələrim
çap olunub. Yaponiyanın Sapporo, Tokio,
Kyoto, Fukuoka və ABŞ-ın
San-Fransisko və Reno şəhərlərində bir
çox məşhur
elmi konfranslarda dəfələrlə Dağlıq
Qarabağ və Cənubi Kuril adaları ilə bağlı çıxışlar etmişəm.
Hokkaydo Mərkəzi Avrasiya Tədqiqat Assosiasiyası, Yaponiya Mərkəzi Asiya Araşdırmalar Assosiasiyası,
Yaponiya Siyasi Elmlər Assosiasiyası, Yaponiya Beynəlxalq Siyasət Elmləri Assosiasiyası kimi qurumların elmi konfranslarında dəfələrlə
çıxışlarım olub.
- Bəs diaspor fəaliyyətinə başlamağa
necə qərar verdiniz?
- Diaspor fəaliyyətim bəlkə də, son illərdə ən çox vaxt ayırdığım və
nəticələr əldə
etdiyim sahədir.
2014-cü ilin mayında
Hokkaydo Universiteti Xarici Tələbələr
Assosiasiyasının sədri
seçiləndən sonra
ictimai həyata, biznesə təsir imkanlarım əhəmiyyətli
dərəcədə artdı. Bu üstünlükdən yararlanaraq
dəfələrlə Azərbaycanla
bağlı tədbirlər,
görüşlər təşkil
etmişdik. Ən
maraqlı işlərimizdən
biri də
2015-2016-cı illərdə hər il
bir həftə ərzində təxminin iki milyondan çox
insanın ziyarət etdiyi məşhur Sapporo Qar Fiqurları Festivalında Qız Qalası və milli geyimli azərbaycanlı
qar fiqurlarının hazırlanması və bununla bağlı keçirilən tədbirlər
olub.
2016-cı ilin iyun
ayında yaponiyalı
biznesmen dostlarımla birlikdə Yaponiya-Azərbaycan
Əməkdaşlıq Assosiasiyasını
yaratdıq. Bundan sonra bu Assosiasiyamızın təşkilatçılığı
ilə Yaponiyanın şimalından cənubuna
doğru bütün əsas şəhərlərində
hər birində təxminən 150-200 nəfər
biznesmenin iştirakı
ilə Azərbaycanla bağlı tədbirlər
təşkil etdik.
Öz şirkətimizi - "AzePro"nu yaratdıqdan sonra isə əsas diaspor fəaliyyətimi də bu şirkətin adı altında keçirməyə başladım.
Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasını
bu şirkətin bir qurumuna çevirdim. Çünki diaspor işində təkcə könüllü
olmaq kifayət etmir. Bu, həm
də kifayət qədər maliyyə tələb edən sahədir. Bu işləri şirkətimizin
gəlirləri hesabına
həyata keçirməyə
başladıq. 2020-ci ilin sentyabr ayının
27-də başlayan İkinci
Qarabağ müharibəsi
zamanı Yaponiyanın
məşhur telekanallarının
canlı efirinə dəvət alaraq Azərbaycanın haqlı
mövqeyi ilə bağlı bütün ölkə ictimaiyyətini
məlumatlandırıb, onların
diqqətini Azərbaycanın
haqlı mövqeyinə
cəlb etməyə
nail oldum.
Onu da qeyd edim ki,
2018-ci ildə ilk dəfə
olaraq yaponiyalı biznesmen dostumla birlikdə "Azərbaycanın
indi maraqlı olmasının səbəbləri"
adlı yapon dilində kitabım işıq üzü görüb. Kitabda Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı ətraflı
məlumat, Azərbaycanın
biznes potensialı və iqtisadi inkişafı haqqında geniş məlumatlar var. Həmin kitab hazırda Yaponiyanın bir çox kitabxanasında, kitab muzeylərində saxlanılmaqdadır.
Diaspor fəaliyyətində
əsas maraqlı işlərdən biri də 2016-2020-ci illərdə
Tokio, Yokohama, Saitama və
Şiba şəhərlərindəki
təxminən 200-dən çox
məktəbdə "Azərbaycan
mədəniyyəti" mövzusunda
dərs deməyim olub. Bu zaman əsas işim yaponiyalı şagirdlərdə
Azərbaycana sevgi və hörmət yaratmaq idi. Bundan əlavə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə mənim təhsil aldığım universitet
arasında əldə
etdiyimiz razılaşma
əsasında 2017-2021-ci illərdə
Hokkaydo Universitetində
tədris etdiyim "Azərbaycan multikulturalizmi"
dərsləri də diaspor fəaliyyətimizin
əsas dirəklərindən
biridir.
- Yaponiyadakı biznesiniz də sanki məhz
Azərbaycanı təmsil
etmək üzərində
qurulub. Bu da
məqsədlidir?
- Bəli, Azərbaycan adının daima Yaponiyada, bu xalqın yaddaşında,
kitablarında həkk
olunması üçün
biznes yolunu seçmişəm. Çünki diaspor fəaliyyətini yüksək səviyyədə
aparmağın yolu məhz biznesdə uğurlu olmaqdan keçir. Təkcə siyasi çıxışlarla
heç bir nəticəyə gəlmək
olmaz, gərək siyasətə güclü
iqtisadi dəstək olsun.
Ümumiyyətlə, iki ölkə arasındakı münasibətləri
inkişaf etdirmək üçün təkcə
siyasət kifayət etmir. Bunun üçün təkcə elm də kifayət deyil. Gərək məhsulların və insanların mübadiləsi
də olsun. İnsan, məhsul və pul üçlüyü eyni zamanda uğurlu
dövriyyə edərsə,
o zaman iki ölkənin münasibətləri
kifayət qədər
uğurlu müstəvidə
inkişaf yoluna qədəm qoyar. Mənim əsas məqsədim Yaponiya və Azərbaycan arasında sarsılmaz və davamlı, daimi inkişafa nail olmaq və bundan bizdən sonra gələcək nəsillərin
yararlanmalarına yardım
göstərməkdir. İstəmirəm ki, məndən
sonra gələnlər
mənim çəkdiyim
əziyyətləri çəksinlər.
Onlar artıq hazır "dəmir yolu"nun üstündə sadəcə
"qatarlar"ı sürə
bilsinlər deyə, mən öz həyatımı bu iki ölkə arasında olan dəmir yollarının qurulmasına həsr etmişəm. Məndən sonra gələn nəsillərin bu yollardan uğurla istifadə edib ölkələrimiz arasında
daha parlaq münasibətlər quracaqlarına
şübhəm yoxdur.
Natəvan ABDULLA
525-ci qəzet.- 2022.- 26 may.- S.7.