"Geriyə baxma, qoca..."  

 

("Göyçay etüdləri"ndən)

 

 

Eyniadlı romanla bədii düşüncəmizə bu diskursu gətirən

 

Xalq yazıçısı İlyas Əfəndiyevin unudulmaz xatirəsinə

 

MƏNİMLƏ QOZ-QOZ OYNA!?

 

Ötən əsr 60-cı illərin sonu - 70-ci illərin əvvəllərində Göyçayda "qoz-qoz" deyilən bir oyun şəhərin demək olar ki, bütün uşaqlarını məst edib öz cazibəsində fır-fır fırladırdı. Qoz ağacları bar verəndən az sonra ta erkən payıza qədər şəhərin demək olar ki, bütün küçələrində həmin oyunu oynayırdılar. Bu oyun kimin kəşfi idi - deyə bilmərəm, amma onun qeyri-adi ssenarisi, günü bu gün də mənalarını tam aça bilmədiyim terminologiyası elə indinin özündə də məni rahat buraxmır.

 

Son məqsədi mümkün qədər çoxlu qoz udmaq olan oyunun ssenarisi belə idi:

 

Cibində kifayət qədər qoz ehtiyatı olan birisi "danəllək" çağırışı ilə başqalarını oyuna dəvət edirdi. Oynamaq istəyənlər isə "sonrası" (bəzən "qabağı"), "sonrasının sonrası", "sonrasının sonrasının sonrası"... ifadələri ilə bu çağırışa reaksiya verirdilər. Sonra qozların və sakkaların (iri, uzunsov qozların) bir növ ekspertizası başlayırdı - yerə qurulacaq qozlar mütləq "ampişnə" - yəni yeməyə yararlı, saf olmalı idi. "Ürüşnə" - yəni çürük qozlarla oynamaq qadağan olunurdu. Sakkaları isə "felləmək" (yəni müxtəlif yollarla içini çıxarıb ora qır doldurmaq) böyük qəbahət sayılırdı.

 

 

 

Sonra oynayan oyunçuların və yerə qurulacaq qozların sayından asılı olaraq torpağın üstündə müxtəlif diametrli çevrə çəkilirdi. Hər oyunçu şərtdə nəzərdə tutulan sayda qozu çevrənin mərkəzində düz xətt boyunca düzürdü. Ardınca "uçma" prosesi başlayırdı - bu dəfə proses sonuncu "xonrası" olan şəxsdən "danəlləyə" doğru gedirdi, yəni həmin şəxs bir ayağını çevrənin qarşısına, o biri ayağını arxa tərəfinə qoyub sakkasını (ən iri qozunu) çevrəyə münasibətdə istədiyi məsafəyə atırdı. Şabalıdı - yəni bir tərəfi yastı, yaxud "diyirçə" deyilən ən kiçik qozla uçmaq qadağan idi.

 

Bu proses növbə danəlləyə çatana qədər uzanırdı. Danəlləyin qərarına qədər sakkalara yaxın getmək olmazdı. Nəhayət, növbə danəlləyə çatanda o, 2 qərardan birini qəbul edirdi - ya hamı kimi istədiyi məsafəyə uçur, ya da "dib" (bəzi məhəllələrdə "saqqaldibi") deyib gözləmə möqeyinə keçirdi.

 

Bundan sonra növbəti mərhələ başlayırdı. Sakkası çevrədən ən uzaqda olan oyunçu sağ, yaxud sol ayağını sakkanın düşdüyü yerdən azca aralı qoyub (ayağını sakkaya toxundurmaq, yəni "qırtmıq" qoymaq olmazdı, buna "haram qoydun" deyib oyunçunu halallığa dəvət edirdilər) çevrənin içindəki qozları nişan alır, sakkasını onlara tərəf atırdı. Sakka mütləq çevrənin içində yerə düşməli idi. Çevrənin çölündə yerə düşəndə buna "dığır" deyirdilər və bu atış kovdan olmurdu. Sakka qozlara dəyib 1, yaxud bir neçə qozu çevrədən çölə çıxara, yaxud çevrə daxilində yerini dəyişə bilərdi. Çevrədən çölə çıxan qızlar uduş sayılırdı və həmin oyunçu uduşunu götürüb yenidən o biri qozlar uğrunda mübarizəni davam etdirirdi. İlk uğursuzluqla üzləşən kimi o, oyunu dayandırır və növbə sakkası yenə də çevrədən ən uzaqda olan oyunçuya keçirdi.

 

Çevrənin içindəki son qoz udulana, yaxud son oyunçunun uğursuzluğuna qədər oyun bu qayda ilə davam edirdi. Oyun başa çatanda çevrənin içində qoz (yaxud qozlar) qalırdısa, onlar "dib" qalmış danəlləyin qazancı olurdu.

 

O ki qaldı qapılarının ağzında, yaxud həyətlərinin küçəyə yaxın hissəsində qoz ağacı olan sakinlərə, onlar bu ağacları səlbələyən uşaqlarla payızda bir az məhsul yığmaq naminə açıq və gizli mübarizə aparmağa məhkum idilər.

 

Amma indi narahat olmağa dəyməz - nə o ağaclar var, nə o oyun, nə də o oyunçuların varisləri.

 

Çox təəssüf...

 

KÖHNƏ NEHRƏNİN NAĞILI

 

...Bu o vaxtlar idi ki, hər səhər zəngli saatın yox, qonşularımızın naxıra, örüşə ötürdükləri mal-qaranın, qoyun-quzunun səsinə oyanırdıq - şəhərdə həyətində ən azından 1 inək, 3-4 qoyun saxlamayan ailələri barmaqla saymaq olardı. Qoyun sürüsünü, naxırı otaran çobanın, naxırçının nəinki adlarını (Ağanəzər və Qulam) xatırlayıram, hətta simaları da gözlərimin qabağındadır. Axşamlar naxırdan, örüşdən qayıdan inəyimizin, qoyunlarımızın pişvazına vaxtında çıxmayanda atamdan eşitdiyim tənəli sözlər indi də qulaqlarımdadır və atam tam mənada haqlı idi. Çünki xüsusilə qoyunlar onları qarşılamayanda başlarını aşağı salıb qapımızın qabağından üzüaşağı şəhərə enir,  bəzək kollarının böyür-başındakı çəmənliyə girib axşam sərinində şirin-şirin otlamağa başlayırdılar və təbii ki, bu "xuliqanlıqlarına" görə cəzasız da qalmırdılar. Onları salındıqları "cərimə təcridxanalarından" çıxarmaq üçün gərək böyüklərdən kimsə gedib boğaz çəkəydi, qoyunların əvəzinə söz verəydi ki, bu özbaşınalıq bir də təkrar olmayacaq.

 

Xülasə, nağıl dili yüyrək olar, deyiblər. Bir halda ki, şəhərdə bu qədər mal-qara, qoyun-quzu vardı, deməli, hər axşam neçə-neçə həyətdə inəklərdən, qoyunlardan vedrə-vedrə süd sağılırdı, sonra o süddən qatıq çalınır, qatıqdan isə ayran, nehrə yağı alınırdı - bax, bu yaxınlarda ata evimizin zirzəmisində tapdığım bu nehrədə!

 

 

 

O vaxtlar mal-qara saxlayan ailələrin demək olar ki, hamısında bu nehrələrdən vardı. Başqa ailələri deyə bilmərəm, amma mənim anam həftədə bir dəfə - bazar günləri mütləq nehrə çalxalamalı idi ki, növbəti həftəyə nehrə yağımız, dovğa üçün ayranımız, səhərlər yemək üçün şorumuz olsun. Səbirsizliklə gözlədiyim və acgözlüklə tamaşa etdiyim maraqlı bir ritual idi anamın nehrə çalxalamağı. Əvvəlcə çuğun qazanlarda çaldığı qatığı nehrənin boğazından təxminən 1-2 qarış aşağıyadək tökür, sonra qoyunun qarnından hazırlanan və "sələ" deyilən ağ dəri parçası ilə onun ağzını möhkəm bağlayırdı. Daha sonra nehrəni qulpu və ilk növbədə nehrənin içindəki havanın çıxmasına xidmət edən gördüyünüz dəlik yuxarıda tən ortada olmaq hesabı ilə onu ehmalca əvvəlcədən yerə döşənmiş döşəkcənin üstünə yıxır və bizim "düdük" dediyimiz təxminən 1 qarış qarğını həmin deşiyə keçirirdi ki, nehrə çalxananda qatıq, ayran çölə sıçramasın. Bundan sonra özü də nehrənin baş tərəfində qoyulmuş döşəkçənin üstündə oturur, nehrənin qulpundan yapışıb ehmalca irəli və geri hərəkət etdirməklə onu çalxalamağa başlayırdı.

 

Belə vaxtlarda anam bəzən nehrənin içində qatıqdan ayrana çevrilməkdə olan kütlənin növbə ilə gah sələyə, gah da nehrənin dibinə toxunmasından yaranan səsin ritminə uyğun hansısa qədim bir melodiyanı zümzümə edərdi. Təəssüf ki, o melodiyanı xatıramıram...

 

Arada həmin ritm ilə bərabər, anamın zümzüməsi də kəsilirdi və mən dərhal bilirdim ki, anam qarğını çıxarıb dəlikdən nehrənin içinə baxmağa hazırlaşır ki, görsün, Sabir demişkən, çalxalanan kütlənin yağı yağ, ayranı ayranlıq olub, yoxsa yox...

 

Gözəl günlər idi, vallah!

 

"HAMAMIN İÇİNDƏ VƏ ÇÖLÜNDƏ"...

 

Ötən əsrin 60-cı illərinin əvvəllərində - o vaxtlar ki, şəhərə kanalizasiya xətti bir yana, heç su xətti də çəkilməmişdi - hər gün saat 12-13 arası nisbətən mərkəzə yaxın məhəllələrdə zavod fitinə bənzər səs eşidilən kimi hamı bilirdi ki, "yeraltı hamam" müştəriləri "çağırır". O dəmlər şəhərdə olan hamamların içərisində yeraltı hamam ən məşhuru idi. Əvvala ona görə ki, daha qədim tarixi vardı - rayonun tanınmış simalarından olan Həzrət bəy Ağabəyzadə bu hamamı XIX əsrin sonlarında ərə verdiyi qızına cehiz kimi tikdiribmiş. Ona yer hamamı desələr də, əslində bu, "yeraltı hamam" ifadəsinin qısaldılmış forması idi, çünki hamamı elə tikmişdilər ki, onun döşəməsi yerin səthindən 2 metr aşağıda yerləşirdi. Və nəhayət, hamamın çirkab sularının yerin altı ilə harasa naməlum bir yerə axması barədə camaat arasında gəzən söz-söhbətlər elə bir vüsət almışdı ki, indinin özündə belə deyilənlərin doğruluğuna inananlar az deyil.

 

O vaxtlar fit çalınan kimi qadınların içərisinə boxça qoyduqları vedrələri, kişilərin o dövrdə dəbdə olan kiçik hamam çemodanlarını götürüb evimizin qabağından üzüaşağı - hamam tərəfə tələsmələri indi də gözümün qabağındadır. Amma uşaqlıq xatirələrimdə xüsusi yeri olan bu hamam artıq xeyli vaxtdır ki, öz taleyinin ən ağır günlərini yaşayır. Əslində, onun yaman günləri çoxdan - ötən əsrin 30-cu illərində başlayıb. Və mən bu yaxınlarda doğma şəhərdə olanda bu tarixçənin bütün detalları barədə dəqiq məlumat almaq üçün evləri hamam ilə übəüzdə yerləşən keçmiş coğrafiya müəllimi, Göyçayda böyük hörmət və nüfuz sahibi olmuş (buna görə də ailəsi ilə bərabər bu hamamda pulsuz çimmək hüququ qazanmış) Mir Fazil ağanın nəvəsi Əlirasimlə görüşüb söhbət etdim. Əlirasim müəlimin mənə dediklərini sizinlə bölüşürəm:

 

"Hamamın ocaqxanası onun arxa tərəfində - indi həyətyanı sahə olan ərazidə yerləşib və ocaqçı iri gər kötüklərini yandıranda ətrafa elə istilik yayılırmış ki, camaat zarafatla deyirmiş: "Filankəs cəhənnəm ocağını qaladı".

 

Bina yerin altında bişmiş kərpiclərdən tikilmiş tunellərə daxil olan isti hava ilə isidilirmiş. Qaldı kanalizasiya xəttinə, bina əsas və ehtiyat olmaqla 2 belə xəttə malik imiş. Əsas xətt "hopdurma" prinsipi ilə işləyirmiş - çirkab su əvvəlcə hamamın qarşısındakı quyuya, oradan isə binanın arxa həyətində yerin altında tikilmiş süzgəcləmə və hopdurma quyularına axıdılırmış - yəni çirkab su əvvəlcə süzülüb təmizlənir, sonra torpağa hopdurulurmuş.

 

Gil borulardan hazırlanmış və yerin altı  ilə çəkilən ehtiyat xətt çox güman ki, hopdurmanın başqa texnoloji üsulla həyata keçirilməsinə hesablanıbmış və bu xətti işə salmağa heç ehtiyac da olmayıb.

 

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra hamam bir müddət öz təyinatı üzrə fəaliyyət göstərib, lakin 30-cu illərin ortalarından dönüb olub dustaqların saxlandığı dustaqxana (!?) (görünür, rəsmi dustaqların sayı planlaşdırıldığından çox olub! - Ə.H.), 40-cı illərdə isə pendir planının artıqlaması ilə doldurulması naminə pendir sexi kimi də ömür yaşamalı olub. 1958-ci ildə təmir olunduqdan sonra onun öz doğma statusu geri qaytarılıb və hamam 1992-ci ildə - SSRİ dağılana qədər yenidən hamam kimi fəaliyyət göstərib. Amma müstəqilliyimiz bu hamama düşməyib - 92-ci ildən sonra bəzi kommersiya eksperimentlərinin güdazına gedəndən sonra, nəhayət, qapısına iri bir qıfıl vurub eləyiblər yerli əhəmiyyətli tarixi abidə və divara vurulmuş lövhədəki yazıya inansaq, dövlət tərəfindən qorunur".

 

Əlbəttə, əgər buna sözün tam mənasında qorumaq demək olarsa.

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2022.- 27 may.- S.13.