Əhməd Həmdi Qaraağazadə
publisistikasında Qarabağ problemi
Azərbaycan
Respublikasının yenidən müstəqilliyə
qovuşması itirilmiş atributların, üzərinə
qadağa qoyulmuş dəyərlərimizin yeni müstəvidə
qiymətləndirilməsi ilə inkişafına da təkan verdi. Sovet dönəmində ideoloji
kanonların təsiri ilə təqdim edilmiş mətbuat
tarixinin obyektiv və
yeni baxış bucağından
araşdırılması bugünkü günümüz
üçün aktuallıq kəsb etməklə bərabər,
həm də zərurətə çevrilmişdir.
Bu zərurət milli müstəqillik və azadlıq,
türkçülüyümüz uğrunda uzun illər
mübarizə aparan tarixi şəxsiyyətlərin
araşdırılmasına yol açdı. Sovet
dövrü tədqiqatlarından kənarda qalmış məfkurəçi
şəxsiyyətlərdən biri olan Əhməd Həmdi
Qaraağazadə irsi haqqında araşdırmalar demək olar
ki, yox dərəcəsindədir. Cümhuriyyət
parlamentinin tərkibinə Müsavat və bitərəflər
fraksiyasının üzvü kimi daxil olmuş Ə.Həmdi
ilk mətbu fəaliyyətinə "Açıq
söz"də gürcü dilindən tərcümələri
ilə başlayır. M.Ə.Rəsulzadə
"İstiqlal" qəzetinin başlığı
altındakı Əhməd Həmdiyə məxsus
"İnsanlara hürriyyət, millətlərə
müsavat!" şüarındakı məfkurəçilik
roluna yüksək qiymət verib: "...bəzi münəvvərlər
Müsavatın türkçülüyündən və Azərbaycan
şüarının elanından diksinmiş ikən, Əhməd
Həmdi bu məfkurəni bənimsəmiş və
"İstiqlal" qəzetəsinin məsul bir mühərriri
olacaq qədər bu qayəyə isinmişdir".
Ə.Həmdi
"Azərbaycan" qəzetinin 1919-cu ilin noyabrından
1920-ci ilin aprelinədək 40-dan çox analitik təhlillərlə
ictimai-siyasi, tarixi, dini, hüquqi məsələlərlə
bağlı məqalələrini "Ə.H.",
"Ə.Həmdi" imzaları ilə qələmə
alıb. Bu məqalələr konkret fakt və
hadisələrə, məntiqi fikir və mülahizələrə
əsaslanmaqla ideyalar mübarizəsində kəsərli
silaha çevrilir. İstiqlal və hürriyyət,
suveren dövlət quruculuğu, erməni separatizmi və təcavüzkarlığı,
daxili-siyasi durum, Azərbaycanda
öz müstəmləkəçilik
hökmranlığını bərpa etməyə
çalışan Qərb və onun havadarlarının təxribatçılıq
siyasəti, ordu quruculuğu, iqtisadi problemlər Əhməd Həmdini
düşündürən məsələlər idi.
Ə.Həmdi
"Böyük bir gün" məqaləsində milli
qürur günümüz olan Cümhuriyyətimizin elan
olunmasını bəşəriyyət tarixində, mədəniyyətdə
tərəqqi və təkamül meyarı kimi təqdim edir:
"Günlər vardır ki, böyük bir həqiqəti
elan etmiş,.. kiçik
bir millət böyümüş, böyük bir milləti
oyandırmış, böyük vətənpərvərlərdən
böyük millətlər yetişdirmiş".
Ədib
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali
Şurasının qətnaməsilə müttəfiq və
birləşmiş dövlətlərin Azərbaycan hökumətini de-fakto səviyyəsində
tanınmasını "Azərbaycanın
böyük günü" məqaləsində
alqışlayaraq göstərir ki, Azərbaycan
istiqlalının təsdiqinəqədərki dövr uzun və
böyük şərəf, fəzilət tarixi kimi kitaba
düşəcək: "Bu gün həqiqətən bir Azərbaycan
var, bir də Azərbaycan türkünün beynəldüvəl
təsdiq və qəbul edilmiş siyasi, milli bir mövcudiyyət
və istiqlaliyyəti var!.."
Ə.Həmdinin
"Azərbaycan Parlamanının birinci illiyi",
"1920-ci il", "Sərvəqt olmalıdır",
"İstiqlaliyyətin amilləri və nəticələri",
"Sovet hökumətinin təklifinə cavab",
"İcmali-siyasi", "Bolşevik təhrikatı",
"Bolşeviklər və biz", "Qars məsələsinə
dair", "Türkiyə məsələsi", "Batum
məsələsi" və digər məqalələri onun
istiqlal savaşında məsləkdaşları ilə birgə
addımladığını və necə bir siyasətçi
olduğunu təsdiqləyir.
İstiqlaliyyət mövzusu Əhməd Həmdi
publisistikasının ana xəttini təşkil edir. O, Zaqafqasiya cümhuriyyətləri
arasında Azərbaycan və Gürcüstanın bir gündə
istiqlaliyyətlərinə nail olmalarını
alqışlayır, bunu hər iki cümhuriyyətin siyasi həyatı
üçün şərəfli bir hadisə kimi qiymətləndirir.
Ədib "İstiqlaliyyətin amilləri və
nəticələri" məqaləsində Azərbaycandan
xaricə gedən səfirlərlə birgə ölkəni
tanıtmaq, inkişafını sürətləndirməyin də
mümkünlüyünü qeyd etməklə bərabər,
həmçinin, əlaqələri genişləndirərək
xarici sərmayədarlarla münasibət qurmaq imkanının
da yarandığını diqqətə çatdırır.
Aydın məsələdir ki, bu da yeni
yaranmış Azərbaycan dövlətinin xarici iqtisadi ticarət
siyasətində və dövlətin büdcə məsələsində
böyük rol oynayır.
"Bu da dostluqmu?" məqaləsi ədibin
bugünkü günümüzün reallığı, Azərbaycanın
tarixən üzləşdiyi çox ciddi bir problemə -
Qarabağ ətrafında baş verən hadisələrə
qonşu dövlətlərin, eləcə də
Gürcüstanın mətbuat orqanlarının qeyri-müəyyən
məlumatlarla, təhriflərlə, obyektivlikdən kənar
yanaşmasına etirazı idi. Qafqaz millətləri arasında
çıxa biləcək bütün ixtilafları quru
sözlər və boş nəsihətlərlə həll
etməyi düzgün yol hesab etməyən Əhməd Həmdi
qeyri-müəyyən istinadlardan uzaq olub həqiqəti
yazmağı tövsiyə edirdi: "Təəssüf olunur
ki, Gürcüstan mətbuatı Qarabağ hadisələri
üzərində bizi müəyyən bir fakt ilə müttəhim
etmiyorlar. Yazdıqları qeyri-müəyyən
istinadlardır".
Ədib Ermənistan və Gürcüstan
qoşunlarının bir-birinə qəsdini də imperializmin
Cənubi Qafqazda apardığı siyasi oyunlardan biri kimi qiymətləndirir. Belə bir qarşıdurma
yaşayan Gürcüstanın bəzi mətbuat
orqanlarının Azərbaycana qarşı ittiham irəli
sürməsini kəskin tənqid edən ədib gürcü
mətbuatından sitat gətirir: "Şimaldan bir
bolşevik təhlükəsi var. Cənubdan da iki qonşu
dövlət yek digərlərilə hərb ediyor. Azərbaycan kəndisini nə qədər məsuliyyətli
olduğunu fərq edəmiyor, ermənilərlə müharibəyə
girişiyor. Bu yazıları yazan mühərrirlərin
insan ilk nəzərdə Qafqasiyadan xaric bir məmləkətdə
olduqlarını zənn edər".
Ədib
Şimaldan gələn təhlükədən Ermənistanın
qurdcasına sui-istifadəsinə münasibət bidirərək
yazır: "Və bu qurdcasına oynanılan oyuna qarşı
Azərbaycan qoyuncasına ərzi-mütaviətmi etməli
idi? Bu məsuliyyət əqli-səlim sahibi üçün
də aşkar bir şeydir ki, kim bu hadisələri qurmuş,
kim əlaltı
bu planları hazırlayıb da birdən Qarabağ üzərinə
saldırmış isə ona aiddir. Müharibəyə
girişən də Azərbaycan degil, Ermənistanın təşkil
edib də iləri sürdügü bandalardır".
Yüz ildən çox keçməsinə
baxmayaraq, bu gün də Avropa mətbuatı klassik erməni təbliğatına
sahib çıxaraq Azərbaycana qarşı qərəzli,
böhtan xarakterli yazılar dərc etməklə imperializm
taktikalarını həyata keçirirlər.
Ə.Həmdinin
günümüzün reallığı baxımından
böyük maraq doğuran "Bir həqsizlik" məqaləsi 1918-1920-ci illər
erməni siyasi terrorçu hərəkatının
Zaqafqaziyada törətdikləri islam qətliamı və bu
soyqırımlarla bağlı xeyli faktları ortaya qoyur. Məqalədə,
həmçinin, Qars əyalətində islam qətliamı,
Ordubad, Qarabağ müsəlmanlarına qarşı həyasızcasına
davam edən hərbi hərəkata, erməni-daşnak
silahlı quldur dəstələrinin dinc azərbaycanlı əhaliyə
qarşı törətdiyi basqınlar və kütləvi
qırğınlarla bağlı Antant dövlətləri
nümayəndələrinin etinasızlığına və
onlara olan havadarlığına ədibin münasibəti və
analizi bugünkü günümüzlə də səsləşir:
"Naxçıvan, Ordubad müntəzəm erməni
taborları tərəfindən
yaxılıb-yıxılır ikən Paris, Londra və yaxud
Nyu-Yorkdan gələn və Ermənistanın nizamilə
mütəhəssis olan və müxil Ermənistan
üçün məsudi-əməl və niyətlər pərvərdə
edən Avropa müməssilləri bu həqayiq faciə, bu vəqaye...
hüzuri-qəlb ilə baxdılar".
XX əsrin sonu - XXI əsrin əvvəllərində də
tarixin təkrar olunduğunu, beynəlxalq miqyasda fəaliyyət
göstərən erməni daşnak terror təşkilatlarının
dəhşətli cinayətləri və onlara havadarlıq edən
Avropa dövlətlərinin imperialist siyasəti ilə
üz-üzə dayanaraq müstəqil Azərbaycan dövlətinin
apardığı mübarizənin şahidiyik. 44 günlük
II Qarabağ müharibəsindən qələbə ilə
çıxan Azərbaycan dövlətinə qarşı
aparılan informasiya müharibəsi də bunu bir daha təsdiqlədi.
Ə.Həmdi
Qarabağ problemi ilə bağlı dərc etdirdiyi
yazılarında bu məsələnin tarixi köklərini,
Rusiyanın Qafqasiyada apardığı siyasətin mahiyyətini,
Qars faciəsi, Zəngəzur, Naxçıvan, Ordubad hadisələrində
o tarixi siyasət ənənəsinin təkrar edilmiş səhifələrinə
bir araşdırmaçı-publisist kimi münasibət
bildirmişdir. "Vəziyyətə hakim
olmalıdır"
yazısında təqdim olunan faktlar və analizlər
çox maraqlıdır.
Ədib
Ermənistanın tarixi bir ənənəsini - Rusiya
üçün Qafqasiya üzərində istənilən
vaxtda ortalığı atəş və qanla
qarışdırmaq vasitəsi olduğunu yaddan
çıxarmağın hansı faciələrlə nəticələndiyini
faktlarla təqdim edir: "Biz daima şahid olduq ki, Rusiya ilə
Qafqasiya arasında birincisinin bütün amali-siyasiyyə və
ehtirasatına amil və vasiitə olan ikinci bir millət və
məmləkət vardır ki, bu gün də "Ermənistan"
namı altında Qarabağ hadisələrini
hazırlamış və "bulanıq suda balıq ovlamaq"
məharətini tamam vəsaitlə icrayə
girişmişdir".
Ədib
1905-ci il oktyabr inqilabı zamanında, AXC
dövründə Qarabağ hadisələri ilə birgə Zəngəzurda,
Qars faciəsində, Naxçıvan və Ordubadda baş verən
qanlı fəlakətlərdə erməni daşnakların
böyük rolunu bu siyasətin bir üzü kimi təqdim
edir. I Dünya müharibəsi dövründə
Rusiya-Türkiyə müharibəsində daşnakların fəaliyyətini
önə çəkən Ə.Həmdi yazır: "Rusiya
namınə Qafqasiyada diktatorluq edən və o tarixdən
etibarən müsəlmanlar ilə ermənilər arasında
bilainqita vuruşmaların zühuruna bilqəsd təsir edən
yenə daşnaklar degilmi idi?"
Əhməd Həmdi bu məqamda ermənilərə xas
olan bir fakta da diqqəti cəlb edir. Şimaldan Rusiya təhlükəsi
baş verən zaman ermənilərin dərhal cənubdan
qonşu bir hökumət və millətə təcavüzlə
onu zəiflətmək kimi planının - məkrli siyasətinin
iç üzünü ortaya qoyur. Ədib belə siyasi vəziyyətlərə
laqeyd qalmağımızın acı nəticəsini göstərir:
"...neçün Qarabağ kimi Azərbaycanın göbəyində
bulunan bir yeri xudaya əmanət buraxaraq nagəhani bir təərrüzə
hədəf olmuşuz?"
Əhməd Həmdi bu məqalədə
istiqlalımıza düşmən olan qüvvələr
qarşısında məsuliyyətimizi dərk etməyə,
bütün mənası ilə "vəziyyəti-siyasiyyəyə
hakim" olmağa çağırır.
Əhməd Həmdinin siyasi məzmunlu publisistik yazılarında siyasi analitik kimi hadisə və faktlara yanaşması, eləcə də mülahizələri maraqlıdır. "Çiçerinin notası münasibətilə" məqaləsində Rusiyanın xarici siyasətində Azərbaycana qarşı tutduğu istiqamətə aydınlıq gətirən ədib Çiçerinin ittiham xarakterli notasının arxasında gizlənən qaranlıq məsələləri şərh edir: "Minlər, yüz minlərcə türk bolşevik Rusiyasının boyunduruğu altında, Lenin hökuməti naminə qanlarını, canlarını fəda etdikləri halda, Başqırdıstan, Türkistan, Qırğızıstanın müstəqil bir hökumətləri varmıdır? Xayır! Bunlar həp birər alət, vasitə olmuşlar. Beynəlmiləl inqilab, beynəlmiləl şüarlar naminə qurban olub getmişlərdir".
Sovet Rusiyasının Azərbaycanla etilaf qurmaq əvəzinə öz çirkin siyasətilə onu özünə tabe etməyə çalışmasına, Çiçerinin Azərbaycan-İngiltərə münasibətlərini pozmasına və istiqlaliyyətimizin Denikin təhlükəsi ilə təhdidinə kəskin qələmi ilə cavab verir: "Azərbaycan xaricdən rəçtəyə möhtac degildir. Azərbaycan türkligi, kəndi qanı və canı bahasına əldə etdigi bir səadəti doğrudan-doğruya mühafizəyə də müqtədirdir. Doğrudan-doğruya onun uğrunda canını fəda etməgə hazırdır".
"Azərbaycan" qəzeti ilə
əməkdaş olduğu dövrdə müntəzəm
olaraq beynəlxalq ictimai-siyasi prosesləri bir politoloq kimi izləmiş
ədib, hər bir problemə öz münasibətini bildirərək
əsas qayəsinə - türkçülük, azərbaycançılıq
ideyalarına hər zaman sadiq qalmışdır.
Aygün ƏZİMOVA
BDU-nun
dosenti
525-ci qəzet.- 2022.- 27 may.- S.12.