Dul qadının tənhalığı
(Əvvəli
ötən şənbə saylarımızda)
Ümumiyyətlə, professor Səfərli ədəbiyyata,
incəsənətə, mədəniyyətə insanın mənəvi
aləminin inikası, təsviri kimi baxır, ibtidai insanın
sosial mahiyyətə yiyələnməsində heyvanlardan fərqli
olaraq mənəvi faktorun mühüm əhəmiyyət
daşıdığını qeyd edirdi. İbtidai
insan təkcə heyvan kimi fiziki varlıq olması ilə kifayətlənmirdi,
öz ağlını təkcə ov etməyə, meyvə və
kök yığmağa sərf etmirdi, həm də obrazlar
yaratmaq yolu ilə özünün yaradıcılıq imkanlarını
üzə çıxarırdı. Mağarada
yaşayan insan onun divarlarını həyatda
gördüyü və təxəyyülündə
yaratdığı heyvanların təsviri ilə bəzəyirdi.
O, əvvəlcə ritmlərdən istifadə edirdi, sonra ətrafda
baş verənləri oxumaqla çatdırmaq yolunu tutdu və
musiqinin rüşeymi yarandı. Axı o,
yarpaqların xışıltısını, quşların
oxumasını eşidirdi, yırtıcı heyvanların nərəsi
onu qorxuya salırdı. Bunları o, təkcə
sezmirdi, həm də öz imkanları hesabına yenidən səsləndirmək
istəyirdi.
Ünsiyyət vasitəsi kimi dil, danışıq insan
beyninin inkişafına da xeyli köməklik göstərdi. İlk folklor
nümunələri - mahnılar, nağıllar, dastanlar, əfsanələr
yarandı. Onlar təkcə
reallığı əks etdirməklə kifayətlənməyib,
bədii təxəyyülün yaratdıqları ilə də
zənginləşirdi. Qədim yunan
mifologiyasında gələcəyə ünvanlanmış
çox şeylər vardır, onlar heç də əyləncə
vasitəsi olmayıb, insanları düşünməyə,
həyatda düzgün nəticələr
çıxartmağa yönəldir. Sonra
müəlliflərin istedadının məhsulu olan eposlar,
poeziya və nəsr əsərləri yarandı. Bizim eradan əvvəl VIII əsrdə Homerin ölməz
"İliada" və "Odisseya"sı işıq
üzü gördü. Bu iki əsərdə
insan həyatının, davranışının, əxlaqının,
iradəsinin və igidliyinin çox sayda cəhətləri
öz bədii ifadəsini tapmışdır. Homerin əsərləri qədim yunan mifologiyası
ilə sıx vəhdətdə olmaqla yanaşı, onun qəhrəmanlarını
və macəralarını daha cazibədar edir.
Professor Səfərli deyirdi ki, ədəbiyyat, şeir,
poema, hekayə, roman, pyes - bütün bədii növlər
insan könlünün hamıya açılan
güzgüsüdür. Ədəbiyyatın yaratdığı
mozaika bütün insan həyatının, onun
qarşılaşdığı və xidmət etdiyi xeyiri və
şəri təsvir edir, onunla tanışlıq adamı
düşünməyə, hər şeyi - istər bu, hadisə
və ya bədii obraz olsun, öz ağıl və ruh süzgəcindən
keçirməyə sövq edir. Ədəbiyyat,
əslində, mövzularının genişliyi, əlçatmazlığı
ilə bəşər dünyasının yeni
koordinatlarını yaradır, onlarda məskunlaşanlar
öz təcrübəsi, xeyirxahlığı, ləyaqəti
ilə yanaşı, insanı səciyyələndirən pis
xüsusiyyətləri də açıb göstərməklə,
onlarla təmasda olanlara seçim etmək şansı verir.
Ləyaqət cığırı ilə yanaşı,
ziyanlı yol da özünü göstərir. Oxucuya ona açımaq və ağlamaq qalır.
Bədii əsər nə qədər xeyiri, ləyaqəti
təbliğ etsə də, qüsurlar, eybəcərliklər
həyatda qalmaqda davam edir, öz mövqeyini vermək istəmir.
Şekspir "Maqbet"də bunu
"ağılın xəncəri, saxta məxluq"
adlandırır, "qızmış beyindən"
çıxdığını qeyd edir. Qüsurları,
şəri görən insan pessimizmə qapılır, həyata
inamını itirir. Bu vaxt onun könlü
sakitləşmək üçün vasitə arayır, onun
da yaxşı vaxtını seçə bilir, Şekspir
"Qış nağılı" pyesində dediyi kimi,
"kədərli hekayə qış üçün daha
yaxşıdır". Lakin həyata
inamı itirmək düzgün deyildir, onu bərpa etmək,
baş verənlərə nikbin qaydada baxmalıyıq.
Bunu da Şekspir öyrədir, o, özünün
"Tufan" pyesində yazır: "Görün burada nə
qədər çox gözəl məxluqlar vardır. Bəşəriyyət necə də gözəldir".
Məhz dünyaya bu rakursdan yanaşmağı
məsləhət görür. Sonetlərin birində isə
yazırdı: "Bu, mənim tabut olmayan beynimdə
yetişmiş düşüncələrdir. Onlar
öz qəbrini böyüdükləri ana bətninə
çevirmişlər". Sonetin birində isə
deyilirdi: "Onların şirin ölümü daha şirin
qoxu verirdi".
Bu söhbətlərdən sonra Lətafət gəlişinin
ilk məqsədinə qayıtdı və əlavə etdi ki,
Südabə Səfərlidən sonra Şekspiri təhlil etmək
olduqca çətindir, çünki onun fikirləri dramaturqun
öz dili kimi olduqca musiqili, cazibədar səslənir. Şekspir dəryasını
ölçmək, onda üzmək olduqca çətin məsələdir.
Farsların münasibəti də mənim
üçün maraqlıdır.
Ruhiyyə
alim qıza dedi ki, əslində, o, İranda Şekspir əsərlərinin
necə yayılması ilə məqsədli şəkildə
məşğul olmamışdır. Çünki
ingilis dramaturqu barədə müəyyən məlumatlara
malik olsam da, bu mövzu mənim maraq dairəmdən kənarda
olmuşdur. Bircə onu deyə bilərəm
ki, Şekspirə münasibətdə Şərqin əsasən
istifadə etdiyi meyllərə və üsullara orada da əl
atılır, nağıl şəklindəki poeması səhnədə
tamaşaya qoyulmaq üçün dram əsərinə
çevrilmişdir. Şekspirin, "Venera və
Adonis" əsəri Şahrax Moşkin tərəfindən fars qaydalarına uyğunlaşdırılaraq
"Zöhrə və Manuçehr" adı altında
Parisdə səhnəyə
çıxarılmışdır.
Əlbəttə,
fars yazıçısı heç də
təsadüfən bu əsəri seçməmişdir,
Şekspir qədim yunan (sonralar
romanlaşdırılmış) mifologiyasından bu məhəbbət
elegiyasını böyük ustalıqla qələmə
almış, mifik qəhrəmanların istəklərindəki
ülvi hissləri və faciə ünsürlərini
çox məharətlə təsvir etmişdir. Südabə xanım əsər haqqında mənə
danışanda, böyük maraq göstərdiyimi hiss edib, əsərin
qayəsini qısa şəkildə tərcümə edib mənə
vermişdi. Bəlkə də, o, bu Adonis
timsalında, Hüseynə qarşı hərarətli hisslər
yaranması lüzumunu mənə başa salmağa
çalışmışdı. Onun
hansı məqsəd güdməsindən asılı
olmayaraq, Şekspir nakam məhəbbətə öz əsəri
ilə əlavə bir himn də həsr etməyi
bacarmışdı.
Lətafət
etiraf etdi ki, Şekspiri hərtərəfli öyrənməsinə
baxmayaraq, "Venera və Adonis" ona tanış
deyildir, çünki professor Səfərlidən fərqli
olaraq mən ingilis dilini zəif bilirəm, onunla
tanışlığım elə də güclü deyildir. Lakin söyləsəniz, mən buna şad olaram.
Ruhiyyə alim qızın sözünü
xahiş kimi qəbul edib, əsərdəki əhvalatı
söyləməyə başladı.
Adonis günorta vaxtı ov etməyə
çıxmışdı. Venera onun gözəlliyinə
laqeyd qala bilmədi, ona vurulduğundan, atın belindən
yıxıb yerə saldı. Həm də dedi ki,
yalnız "bir şirin öpüş" əvəzinə
onu azad edəcəkdir. Adonis razı oldu, lakin
sonra vəd etdiyi öpüşü icra etməkdən imtina
etdi. Venera onu ələ almağa
çalışdı, gah tərifləyir, gah da tənqid etməklə
şirnikləndirmək istəyirdi. Nəticədə
"təbiətin qanununu" əsas gətirərək, bu
qız qəşəng gəncin yanında otun üstünə
uzandı. Günorta günəş daha
qızmar olmuşdu. Adonis günəşin
onu yandıracağından qorxub getmək istədi. Bu vaxt Venera ağlamağa başladı.
Adonis hələ də ova getmək istəyirdi,
tullanıb ayağa qalxdı, lakin atı cinsi istəyinə
uyğun olaraq madyanın arxasınca meşəyə
qaçmışdı. Öz atına bənzəyən bir
atın belinə oturdu. O, yalnız qaban ovlamağı
sevirdi və Veneraya bildirdi ki, sevgi ilə məşğul
olmaq üçün o, hələ çox cavandır.
Veneranın ürəyi getdi. Adonis onun
öldüyünü güman edib, öpüşü ilə
qızı diriltmək istədi. Bundan
şadlanan Venera üçün "kədər gecəsi bu
vaxt işıqlı gündüzə çevrildi".
Lakin Adonis gecənin düşdüyünü
görüb, Veneranı tərk etməmişdən əvvəl
ona ancaq bir öpüş də vermək şərti ilə
razılaşdı. Cütlük
öpüşəndə hərarətlə
qucaqlaşıb, yerə yıxıldı. Bu,
Veneranın ehtirasını daha da alovlandırdı və
ondan soruşdu ki, sabah görüşə
bilərikmi? Lakin Adonisin dilindən "yox"
cavabını eşitdi, yenə o, əlavə etdi ki,
dostları ilə birgə qaban ovlamağa gedir.
Venera anladı ki, o, çox da qorxulu olmayan vəhşi
heyvanı ovlamağa getmirsə, hökmən öləcəkdir. Artıq gecə
düşmüşdü və Adonis istəyirdi ki, tezliklə
öz yoldaşlarına qoşulsun. Venera
isə israr edirdi ki, aysız bir gecədə onunla qalsın və
onu özü ilə sevgi macərasını yaşamağa dəvət
etdi. Lakin Adonis etiraz etməyə
başladı ki, sənin təklif etdiyin məhəbbət təhqiramiz
şəhvətdən başqa bir şey deyildir. Ona görə də Veneranı tək, özü də
kədər içində qoyub, getdi.
Venera torağayın nəğməsini eşidəndə
səhərin açıldığından hali oldu və bu,
onu güclü ağrıdan azad etdi. Ov itlərinin hürməsindən
həyəcanlanıb, bunun səbəbini öyrənmək
istədi. Bu vaxt o, ağzı qana
bulaşmış qabanı gördü. Veneranı
ovçular uzaqdan Adonisin sağ olmasına inandırmaq istədilər.
Qaçıb onu görmək istəyəndə,
Venera onun qanlı cəsədini görüb sarsıldı.
Onun bədəni üzərində elegik
sözlər söyləməyə başladı. Venera gördü ki, Adonisin qabırğası vəhşi
heyvan tərəfindən parça-parça edilmişdir.
Güman etdi ki, Adonislə sevişməli idi.
O, etiraf etdi ki, onun özünün də qaban dişləri
olsaydı, onu ehtirasla öpmək istədiyinə görə,
öz sevgilisini ilk olaraq o, özü öldürərdi. O,
Adonisin qanı ilə öz sifətini buladı. Adonisin bədəni "onun baxışında duman
kimi" yoxa çıxdı və onun qanı tökülən
torpaqda lalə çiçəyi əmələ gəldi.
Venera çiçəkləri dərib, daim
onları, ümidsiz vəd verməklə öpürdü.
O, arabasına oturub evinə matəm saxlamağa getdi.
Şekspir
Veneranın Adonisə qarşı cinsi yaxınlıq
iştahı ilə olan təcavüzünü belə təsvir
edir:
"Qızın dodaqları qalibinki idi, oğlanın
dodaqları da ona tabe oldu".
Lətafət
Ruhiyyəyə maraqlı söhbət üçün təşəkkürünü
bildirəndə, ev sahibi dedi ki, bizim hər
ikimizin minnətdarlığı Südabə xanıma
ünvanlanmalıdır. Onun tərcüməsi bizi Venera və
Adonislə dərindən tanış etdi.
Onunla razılaşmaqla, qonaq geniş intellektə
malik olan Ruhiyyə ilə tanışlığa da şad
olduğunu bildirdi.
Həsənlə
tanışlıq
Rəfiqələrindən
birinin ad günündə cavan bir oğlan ona
yaxınlaşdı və gülə-gülə dedi ki, sizinlə
tanış olmağa can atanlardan böyük növbə
yarandığına görə mən qaydanı pozub, sizə
xoş münasibətimi göstərmək üçün
səbrim çatmayacağına görə
üzlülük etdim. Yəqin ki, buna görə
məndən acığınız gəlsə də, bunu
büruzə verməyəcəksiniz, xətama görə
narazılığınızla yanaşı, məni əfv
edəcəyinizə də ümidimi üzmürəm.
Bəzən həyasızlığa bənzəyən cəsarət
nə qədər məzəmmət edilsə də, məqsədə
çatmaqda yaxşı köməkçiyə
çevrilir, risk bəzən xoşagəlməyən nəticəsi
ilə yanaşı, qarşıya qoyduğun məqsədə
çatmaqda ən qısa yol rolunu oynayır. Mən,
bəlkə də bir qədər etiketi pozmuşam, yəqin
ki, buna görə məni cəzalandırmayacaqsınız.
Qorxduğumu da sizdən gizlətmirəm.
Ruhiyyə
də eyni qaydada dedi:
- Mən
kraliça I Elizabeti çox sevdiyimdən onun barəsində
əlimə düşənlərin hamısını
oxumuşam. Onun yeni favoriti gənc Uolter Reli
kraliçaya hündürlükdən qorxduğunu poetik dillə
etiraf etdikdə, kraliça da şeirlə ona cavab vermişdi
ki, əgər qorxursansa, elə hündürlüyə qalxma.
Sizdə də, əgər qorxu güclü
olsaydı, yəqin ki, yaxınlaşmazdınız. Deməli,
qorxu heç də təsəvvür etdiyiniz səviyyədə
deyildir, yaxud da tanış olmaq istəyiniz
ondan daha güclü imiş.
Cavan oğlan, o, özünü Həsən Hüseynov kimi təqdim etdi və bildirdi ki, maliyyəçi olsa da, iri bir bankda mühüm vəzifə tutsa da, cavan işçiləri gecə-gündüz işlətməklə, əsl mənada istismar etməklə yanaşı, özü istirahət etməyə, maraqlandıqları nə varsa onunla tanış olmağa vaxt tapır. Sözlərimdə yəqin ki, özünütənqid notlarını hiss etdiniz, istəmirəm ki, məni qalın qılafa bürünmüş kimi təsəvvür edəsiniz. Bu yaxınlarda sizin tərcümədə bir fars yazıçısının romanını oxudum, əsərdə Don Braunun təsiri, onun kimi tarixə müraciəti geniş yer tutsa da, əsər mənə maraqlı gəldi və İranda nəsrin belə inkişaf səviyyəsinə yüksəlməsi məni həm təəccübləndirdi, həm də heyrətləndirdi.
Ruhiyyə ona, söhbətin ciddi növündən fərqli, yüngül fazasına keçməsi üçün dedi:
- Siz imamların adlarını öz üstünüzə yığmısınız, ona görə də sizinlə bir qədər ehtiyatlı olmaq lazımdır. Bu ad, soyadla sizi "Əhli-beyt" üzvü də güman edə bilərlər. Farslar əvvəllər qatı zərdüştlülər olduğu kimi, imam Əlinin qətlindən sonra geniş yayılan şiə məzhəbinin ən sədaqətli əsgərləridir. Yəqin buna görədir ki, fars ədəbiyyatına sizin böyük marağınız vardır. Siz etiraz edə bilərsiniz ki, öz marağınızı kölgədə qoymaq üçün belə danışırsınız. Lakin mən onun cavabını vermək istərdim ki, mənim romana həvəs göstərməyimin bünövrəsində maddi marağım, qonorardan olan mədaxil durur. Siz bank işçiləri yüksək maaş alır, hər cür bonuslar uydurur, işdən çıxanda da "qızıl paraşütdən" istifadə edirsiniz. Mən kasıb bank işçisinə rast gəlməmişəm, banklar bir-birinin ardınca iflasa uğrasa da, onların əməkdaşlarının sonralar da heç bir maddi sıxıntısı olmur, özlərini hind maharacaları kimi aparırlar.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2022.- 28 may.- S.22.