Torpaq uğrunda...
tarix dərsi
O,
MƏKTƏBDƏKİ VƏZİFƏSİNDƏN
İMTİNA EDİB DOĞMA YURDUNUN
MÜDAFİƏSİNƏ QALXDI VƏ QƏHRƏMANCASINA
ŞƏHİD OLDU...
Birinci Qarabağ
müharibəsinin elə qəhrəmanları var ki, onların qısa, lakin şərəfli ömür
yolu müasir gənclər
üçün örnəkdir, nümunədir.
Laçınlı Vaqif müəllim də
onlardan biridir. İkinci Qarabağ
müharibəsində öz
karyerasını yarımçıq qoyub,
könüllü olaraq
torpaqlarımızın azadlığı uğrunda
savaşa yollanan və
şəhidlik zirvəsinə yüksələn gənclərimiz
olub. Vətənə belə fədakar
xidmətin ilk nümunəsini Vaqif müəllim kimi cəsur,
vətənpərvər oğullar məhz
Birinci Qarabağ
müharibəsində göstəriblər...
Vaqif Rzaqulu oğlu Quliyev 28 may 1956-cı ildə Laçın rayonunun İpək kəndində anadan olmuşdu. Doğma kənddə orta məktəbi bitirmiş, sonra keçmiş Sovet ordusunun Monqolustandakı kontingentində hərbi xidmət keçmişdi. Yeniyetməykən güləşlə məşğul olmuş, hətta iki dəfə respublika çempionluğunu qazanmışdı. 1978-1982-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda ali təhsil almış, tarix-ictimaiyyət müəllimi kimi təyinatla Laçın rayonunun Vağazin kənd orta məktəbinə göndərilmiş, burada müəllim işləmiş, direktor vəzifəsinə irəli çəkilmiş, bir müddət sonra öz arzusu ilə İpək kənd məktəbinin tədris hissə müdiri vəzifəsinə dəyişilmiş, 1991-ci ildə torpaqlarımızı işğalçılardan qorumaq üçün könüllü olaraq milli ordu sıralarına qoşulmuş, rota komandiri kimi rayon ərazisində gedən döyüş əməliyyatlarında fəal iştirak etmiş, 1992-ci il sentyabrın 2-də keçmiş Ağdərə rayonunun Vəng kəndi ərazisində ermənilərlə şiddətli döyüş zamanı qəhrəmancasına həlak olmuşdur. Həmin vaxt yeganə oğul övladı Beyrək yeni dünyaya gəlibmiş...
İgid və vətənpərvər komandir
Vaqif hündürboylu, fiziki cəhətdən möhkəm, xasiyyətcə təmkinli bir insan olub. Döyüşçü dostları onun şəxsi keyfiyyətlərindən, komandirlik məharətindən və igidliklərindən böyük ehtiramla danışırlar. Vaqif müəllimin rotası Laçında 50-dən çox kəndi ermənilərdən təmizləyibmiş.
Bir neçə il əvvəl "mia.az" xəbər portalında yayımlanmış məqalədə müəllif Taleh Avşar Vaqif müəllimin silahdaşlarının xatirələrinə geniş yer verib. Məsələn, Laçında strateji mövqelərdən biri sayılan Hoçaz yüksəkliyini Vaqif müəllimin rotasının uğurlu əməliyyat nəticəsində necə geri aldığını keçmiş döyüşçü Ərşad Hüseynov belə nəql edir: "1 avqust 1992-ci ildə Vaqif müəllimin komandirliyi altında rotamız Alxaslı kəndindən Hoçaz istiqamətinə irəlilədi. Məqsədimiz Hoçaz kəndi ətrafında möhkəmlənmək idi. Hələ bir sutka əvvəl həmin istiqamətdə 5-6 nəfərlik kəşfiyyat qrupu göndərilmişdi. Saat 12 radələrində kəşfiyyat qrupu geri dönərək Sonasar kəndində bizə çatdı. Məlum oldu ki, düşmənin bir rotası bizdən qabaq Hoçaz kəndinə daxil olub və orada mövqelərini möhkəmləndirir. Komandirimiz qısa müzakirə təşkil etdi və qəti qərara alındı ki, ləngitmədən düşmənə zərbə vurulsun. Hətta qəfil döyüş planı barədə yuxarı komandanlığa məlumat verməyi də lüzumsuz saydıq. Çünki təxminən 80 nəfərdən ibarət bir rota ilə 90-100 nəfərlik düşmən qruplaşmasına edilən bu həmlə kəşfiyyat xarakterli bir döyüş olmalıydı. Saat 16 radələrində Hoçaz dağının yamacında meşənin içindən düşmənin bütün mövqelərini aydınlaşdırmışdıq və hər birimiz nə edəcəyimizi bilirdik. Vaqif müəllim ən cəsur döyüşçülərdən ibarət 15 nəfərlik bir qrupa Hoçaz dağından aşaraq kəndin cənubuna - düşmənin arxasına keçmək əmri verdi və yarım saatdan sonra ilk atəşin açılacağını bildirdi.
Döyüş başladı. Qəfil və inamlı hücum nəticəsində cəmi yarım saat sonra düşmənin pərən-pərən olduğu, fürsət düşdükcə qaçmağa çalışdığı aydınca görünürdü. Lakin qaçmaq da asan deyildi. Düşmənin bütün mövqeləri tam nəzarətdə idi.
Beləcə, təxminən, iki saat çəkən döyüşdən sonra erməniləri tamamilə susdurduq. Düşmən mövqelərində meyitlər hər tərəfə səpələnmişdi. Onlar təkcə döyüş meydanında 45-50 cəsəd qoyub qaçmışdılar. Bir nəfər əsir götürülmüşdü. Növbəti gün əsir götürülən başqa bir erməni deyirdi ki, dünənki döyüşdən cəmi 10-15 nəfər canını salamat qurtarıb. Qalanların çoxu ölüb, bir qismi isə yaralanıb".
Hoçaz döyüşündə Vaqif müəllimin rotası da ilk şəhidlərini vermişdi: Minkənddən Vüqar, Alxaslıdan Qasım və Polad, Hoçazdan Asəf və Kamil qardaşları, Vağazindən Ramiz, Bozgüneydən Səməd və Müzəffər. Onların hər biri qəhrəmancasına döyüşərək şəhid oldular.
Hoçaz zəfərinin səhərisi günü - avqustun 2-də də həmin ərazidə şiddətli döyüş gedib. Düşmənlər öz hərbçilərinin cəsədlərini götürməyə cəhd etsələr də, yenidən itki verib geri çəkiliblər. Kəndin kənarındakı məktəb binasında gizlənmiş və mühasirəyə alınmış erməni silahlılarından ikisinə Vaqif müəllim rus dilində müraciət edib ki, təslim olsunlar. Cavab gəlmədikdə isə o, əsgərlərə yayındırıcı atəş açmağı əmr edərək, özü binaya daxil olub. Atəş dayandırıldıqdan bir neçə saniyə sonra içəridən iki güllə səsi eşidilib. Daha sonra isə əsgərlərimiz Vaqif müəllimin bir erməninin boynundan yapışıb həyətə sürüdüyünü görüblər. Ərşad Hüseynov həmin hadisəni belə xatırlayır: "Rəhmətlik dedi ki, birini içəridə gəbərtdim, bu alçaq o qədər yaxından atəş açdı ki, avtomatın alovu saqqalımı ütdü, qızmış lüləsi isə əlimi yandırdı. Ancaq yüksək fiziki hazırlığı olan Vaqif müəllim (rəhmətliyin boyu təxminən 185 santimetr idi) bir zərbə ilə onu yerə sərərək əsir götürmüşdü. Bu, Hoçaz döyüşündə ələ keçən ikinci əsir idi..."
Hoçazda iki günlük döyüşdə düşmənin tamamilə məhv edilən rotasının silahları və döyüş sursatları, həmçinin, 2 ədəd avtomobili qənimət götürülmüş, 2 erməni əsir alınmış, onlardan qiymətli əməliyyat məlumatları əldə olunmuşdu.
Vaqif müəllimin digər silahdaşı Rəhman Məhərrəmov danışır ki, komandir çox qorxmaz adam idi, bütün döyüşlərdə ən qabaqda olardı, ən çox ermənini də özü vurardı. R.Məhərrəmovun dediyinə görə, Xankəndidən Laçına gedən, Ermənistandan texnika və canlı qüvvə daşınması üçün istifadə edilən strateji əhəmiyyətli dağ yolunu Vaqif müəllimin şəxsən rəhbərlik elədiyi kəşfiyyat-diversiya qrupu partladaraq düşmənə ağır zərbə vurmuşdu.
Laçının işğalından az sonra rayon ictimaiyyətinin Ağcabədi Mədəniyyət Evində keçirdiyi bir yığıncaqda Vaqif müəllimin hərbi komissar təyin edilməsi barədə təklif irəli sürdüyü, lakin vətənpərvər döyüşçünün bu təklifi qəbul etməyərək, qətiyyətlə "Vətən dardadı, Laçın əldən gedib, hər kəs müharibəyə kömək barədə düşünməli olduğu halda burada vəzifə bölgüsü aparırsınız, Laçınsız Laçının hərbi komissarı olmaz!" dediyini həmyerliləri bu gün də xatırlayırlar.
Şəhidlik məqamı
Şuşa və Laçının işğalından sonra Ermənistanın silahlı dəstələrinin işğal ərazisini daha da genişləndirmək cəhdlərinin qarşısını almaq üçün Azərbaycan Ordusu özünün bütün məhdud imkanlarından istifadə etməyə çalışırdı. Uğurlu Hoçaz əməliyyatından sonra şəxsən Vaqif müəllimin və komandiri olduğu rotanın göstərdiyi şücaət böyük əks-səda doğurubmuş. O dövrdə Kəlbəcər-Laçın istiqamətində döyüşlərə rəhbərlik edən briqada komandiri, mərhum general Zaur Rzayevin əmri ilə Vaqif müəllimin rotası Ağdərə istiqamətinə göndərilir.
Laçınlı döyüşçülər həmin zonaya bələd deyilmişlər. Rotanın əsgəri olmuş müharibə veteran Nuru İbrahimov deyir: "Vaqif müəllim döyüşlərə gedərkən həmişə rotanının önündə olardı. Ağdarə istiqamətindəki Vəng əməliyyatında da belə idi. Kəndə doğru irəliləyərkən yaxınlıqdakı sıx meşəlikdən ermənilərin atəşinə məruz qaldıq. Şiddətli döyüş başladı. Əvvəldən yaxşı hazırlanmış, güclü silahlarla silahlanmış ermənilər pusquda bizi gözləyirmişlər kimi üstümüzə hücuma keçdilər. Bizim rotada 70-80 nəfər vardı. Uşaqlardan bir neçəsi vuruldu. Ən cəsarətli döyüşçülərimizdən olan Etibarın vurulduğunu görən Vaqif müəllim onu döyüş meydanından çıxarmaq üçün yanına yüyürdü, atəş altında yaxınlaşıb yaralı əsgəri çiyninə götürdü, lakin elə bu zaman özü də düşmən gülləsinə tuş gəldi..." Döyüşçülər Etibarı ölümdən xilas eləyən komandiri təcili tibbi yardım maşını ilə Kəlbəcərdəki hospitala çatdırmağa çalışıblar. Lakin o, yolda keçinib. Döyüşçü dostlarının bildirdiyinə görə, həmin döyüşdə Vaqif müəllim şəxsən özü 18 düşmən əsgərini məhv edibmiş.
...Yuxarıda adını çəkdiyimiz məqalə müəllifi Taleh Avşar Vaqif müəllimin tələbə yoldaşı və ən yaxın dostlarından biri olan Bulud Quliyevin oğludur. Taleh Vaqif müəllimi sonuncu dəfə 1992-ci ilin yayında gördüyünü xatırlayaraq yazır: "...Bizim kəndə - Ağcabədinin Avşar kəndinə gəlmişdi. Hərbçi yoldaşları ilə, hərbi formada, silah bellərində, "UAZ"la... Onda 9 yaşım var idi. Atamın ən yaxın dostu olan Vaqif müəllim bizimlə görüşməyə, halallaşmağa gəlmişdi... Onun saqqal basmış nurlu sifəti hələ də gözümün qabağındadı. Tezliklə həlak olacağını duyurmuş kimi bizimlə halallaşmağa gəlmişdi Vaqif müəllim... Elə də oldu... Bizdən gedəndən az müddət sonra ölüm xəbərini eşitdik. Çox sarsılmışdım bu xəbərdən. Uşaq olsam da, onun ölümü mənə çox pis təsir etmişdi. Neçə gün məni sakitləşdirə bilməmişdilər..."
Unutmayaq və unutdurmayaq
Vaqif Quliyev xalqımızın indi böyük qürur hissi ilə qarşıladığı bir gündə - mayın 28-də dünyaya gəlib. Yaşasaydı, bu gün 66 yaşı tamam olacaqdı və yəqin ki, müstəqil dövlətimizin qüdrətinə, zəfərinə sevinəcək, fərəhlənəcəkdi. Heç nəyi - nə vəzifəsini və gələcək karyerasını, nə də yenicə qurduğu ailəsini və körpə balasını nəzərə almadan Vətənin azadlığı uğrunda mübarizəyə qoşulan və bu yolda canını qurban verən Vaqif müəllimin Laçının səmasındakı ruhu indi, yəqin ki, şaddır.
Lakin döyüşçü dostlarını və tələbə yoldaşlarını narahat edən odur ki, Vaqif müəllimin qəhrəmanlığı layiq olduğu qiyməti almayıb. Təbii ki, onun şəhid olduğu dövrdə Azərbaycan çətin günlərini yaşayırdı, ölkədə hakimiyyət davası gedir, xaos, qarışıqlıq hökm sürürdü. Lakin indi dövlətimizin güclü, qüdrətli olduğu bir zamanda Vaqif müəllimin və onun kimi əsl xalq qəhrəmanlarının xatirəsini əbədiləşdirmək, adlarını tarixi yaddaşımızın ən mötəbər səhifəsinə yazmaq vacibdir. İkinci Qarabağ müharibəsinin gənc döyüşçüləri məhz öz ata-babalarının dillərdə dolaşan qəhrəmanlıqlarından dərs almışdılar.
Əvvəla, Vaqif müəllimin keçmiş döyüşçü dostları ona Birinci Qarabağ müharibəsində göstərdiyi rəşadətə görə Milli Qəhrəman fəxri adının, tələbə yoldaşları isə Laçın rayonun məktəblərindən birinə onun adının verilməsini arzulayırlar və bununla bağlı müvafiq qurumlara müraciətlər də göndəriblər. Bu gün Vaqif müəllimin xatirəsini əziz tutanlar hamısı onun Bakıda Şəhidlər xiyabanındakı məzarını ziyarət etməyə toplaşırlar.
Məktəblilərə tarixi kitablardan öyrətməkdənsə, özünün şəxsi nümunəsi ilə dərs verməyi üstün tutan Vaqif Quliyevin xatirəsi təkcə onu tanıyanların deyil, xalqın yaddaşında əbədi yaşamalıdır!
Orxan ASLAN
525-ci qəzet.- 2022.- 28 may.- S.19.