Habil Əliyev-95: sayğı və sevgiylə anırıq  

 

 

28 may qədim Azərbaycan musiqi aləti kamançanın ən mahir ifaçısı, ustad sənətkar Habil Əliyevin 95 illiyi tamam olur. Mərhum sənətkar XX əsrin 50-ci illərinin sonundan ömrünün axırınacan Azərbaycan musiqisinin inkişafı, kamançanın təbliği mahir kamança ustalarının yetişməsi üçün yorulmadan çalışdı. O, hələ böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanmışdı. Onun ifasında Azərbaycan xalq mahnıları, muğam təsniflərimiz bir başqa rəng alır, özünün ən gözəl səslənməsinə nail oldu. Ömrünün sonunadək ifaçılıq sənətini daim təkmilləşdirərək o, Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirmişdi. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm kamança üçün yeni əsərlərin yaradılmasına təkan verib.

 

Habil Əliyev 1927-ci il mayın 28-də Ağdaşın Üçqovaq kəndində doğulub. O, Ağdaşda orta məktəbi eyni zamanda yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952-1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Burada ustad sənətkarlar tarzən Qurban Pirimov müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəyib.

 

Hələ uşaqlıqdan kamança çalmağa həvəs göstərdiyini deyən sənətkar anası Nisə xanımın çömçəsi oxlovu ilə kamança çalırmış. Bunu müsahibələrinin birində belə təsvir edir: "Anam əlindən çömçəni yerə qoyan kimi çömçəni, oxlovu götürüb dizimin üstünə qoyur, çalmağa başlayırdım. Yazıq arvad deyirdi, dəymə, murdarlayırsan. Evimizin balkonunda otururdum, isə çalmaq, öyrənmək, yeniliklər eləmək istəyirdim. Bir görürdüm, qonşudan ağı səsi gəlir, qara kağız gətiriblər. Bir gün bizə böyük qardaşımın qara kağızı gəldi. Onun yolunu çox gözləyirdim, bilirdim ki, ailəni, uşaqları saxladığıma, sahiblənməyimə görə gəlib mənə sağ ol deyəcək. Amma gəlmədi... Çox çətin idi. Qışın soyuğunda, qarda-qiyamətdə dərsə gedirdim. Qarnımız ac, əynimiz çılpaq, əziyyət çəkirdik. Yazıq anam yastığın üzünü çıxarıb kamançanı bükürdü ki, islanmasın. Sinif soyuq olurdu, əllərim kamançanı tutmurdu. İçəri girən kimi müəllim deyirdi ki, çal görək nə çalırsan. Əsəbiləşib ağzına gələni deyirdi. O qədər utancaq idim, deyə bilmirdim ki, soyuqdan əlim tutmur. Sözəbaxan, yumşaq, tərbiyəli, qorxaq uşaq olmuşam".

 

Xanəndə Yaqub Məmmədovla gənclik dostu olublar. Müharibədən sonrakı aclıq illərində qapı-qapı düşüb konsert verir, pul yığıb ailələrini dolandırırmışlar. Camaat danışırmış ki, iki qaraçı uşağı var, yaman qəşəng çalıb oxuyurlar.

 

Başqa bir müsahibəsində Habil Əliyev deyir: "Mənim kamançama erməni ustaları xəyanət elədi. Birinə etibar elədim, kamanı verdim ki, üzünün dərisini dəyişdirib gətirsin. İçini açıb, çanağını yonmuşdular. Soruşanda dedilər ki, səsi yaxşı çıxsın deyə belə eləmişik. Amma mən çala bilməyim deyə qəsdən eləmişdilər. Ondan sonra bir az kamandan uzaqlaşdım".

 

Bu, ermənilərin ilk xəyanəti olmayıb ustadın həyatında. Belə ki, bir gün Habilə deyirlər, get kaman ustası Nefton Qriqoryanın yanına o, sənə kamança haqqında bilmədiklərini başa salacaq. N.Qriqoryan ona kömək eləmir. Habil Əliyev isə bir gün onu içirdirondan öyrənir ki, kamançanın çanağına içəridən xrustal qırıqları yapışdırsa, o deyən səsi verər. Ancaq o dövrdə xrustal qab tapmaq müşkül məsələ idi. Xəbər Əlibaba Məmmədova çatır. O, evə gəlib həyat yoldaşının cehizlik xrustal qabını qəsdən salıb sındırır, sonra isə şüşə qırıqlarını yığıb Habilə verir. Üstündən bir müddət keçəndən sonra küçədə təsadüfən rastlaşırlar. Habil əlindəki kamançanı futlyarından çıxarıb necə çalırsa, Əlibaba Məmmədov dəhşətə gəlir.

 

Erkən yaşlarından kamançaya meyil salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlayıb, 1953-cü ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərib. O, 1956-1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.

 

"Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verən ustadın virtuoz çalğısını musiqişünaslar Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

 

Virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifi olan sənətkarın bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

 

Özü böyük incəsənət nümayəndəsi olsa da, qızlarına bu sahəyə həvəs aşılamır. Onları həkim görmək istəyirmiş. Çünki özü həkim olmaq istəmiş, ola bilməmişdi. Övladlarından təkcə Rəvan incəsənət yolunu seçir. Onun istedadlı olmasına baxmayaraq, atası onun seçimindən də narazı qalır. Səbəb olaraq isə deyirmiş ki, incəsənət çətin sahədir, orda baş çıxarmaq olmur.

 

Qızı Vəfa Əliyeva müsahibələrindən birində deyir ki, Habil Əliyev övladlarından çox kamançasını sevərmiş: "Həmişə deyirdi, kamança mənim ilk övladımdı, siz sonra gəlmisiniz. Kamança olmasaydı, mən sizi böyüdüb, yetişdirə bilməzdim. Yəni onun üçün kamança hər şeydən əvvəl gəlirdi".

 

Ömrünün son günlərində səsi batır, çətin danışır. Bir gün televizorda hansısa kanalda onun yaradıcılıq gecəsi keçirilir. Öz ifasında "Zabul Segah"ı verirlər. Öz çalğısına baxır və gözündən yaş axır. Daha sonra həyat yoldaşına tərəf çevrilib pıçıltıyla deyir: "Şərqiyyə, belə çalğı birheç vaxt olmayacaq". Elə o əhvalatdan bir neçə sonra dünyasını dəyişir.

 

"Şöhrət" və "İstiqlal" ordenli Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat etsə də, Azərbaycan musiqi sənəti var olduqca onun adı və ifaları da əbədi yaşayacaq!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 28 may.- S.17.