Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!

 

"Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitabından (III yazı)

 

Redaksiyadan: Müəlliflər bu maraqlı mövzu üzərində xeyli vaxtdır ki, birgə işləyirlər. Tədqiqatın bəzi hissələrini zaman-zaman oxucularımıza çatdıracağıq.

 

 

 

Belə söyləyirlər ki, qeyri-səlis məntiqin banisi görkəmli alim Lütfi Zadə bir dəfə öz zövcəsi Feya xanım barədə danışarkən onu belə tərif edib:

 

"O, gözəllər gözəlindən də gözəldir". Dahi alim bəlkə də fərqinə varmadan elə bir metafora işlədib ki, bu mənada bundan daha yüksək təyin düşünüb işlətmək mümkün deyil. Gözəl qadın haqda daha nə demək olar? Yəqin ki heç nə. Gözəllər gözəlindən daha gözəl olmaq səviyyəsini vurub keçmək qətiyyən mümkün deyil. Qeyri-səlis məntiqin bünövrəsində duran bir prinsip məhz elə belə də formalaşır.

 

Məlumdur ki, real dünyanı kəmiyyətcə yazan elə də real olmayan riyazi dünyanın modelinin əsasını G.Kantor tərəfindən təklif olunmuş çoxluqlar nəzəriyyəsi təşkil edir. Bu çoxluqlar əsasında qurulan riyazi dünya niyə real deyil, niyə həqiqi dünyamızdan uzaqdır? Çünki bu klassik çoxluqlar dəqiq sərhədlidir, ancaq kəmiyyəti ehtiva edir. Məsələn, dünyadakı bütün qadınlar universumundan bir elementi, yəni, bir qadını xarici gözəllik baxımından qiymətləndiririksə, Kantor çoxluq anlayışında o, ya gözəldır, ya da kifir. Başqa sözlə, o, gözəllər çoxluğunun ya daxilindədir, ya da xaricində. Qeyri-səlis çoxluqlara söykənən insan yönümlü riyaziyyata əsaslanan riyazi dünya isə yaşadığımız movcud dünyaya daha yaxındır, daha adekvatdır. Niyə? Çünki real həyatda olduğu kimi bu simvollarla, mətnlərlə, sözlərlə ifadə olunan dünyada kəmiyyətlə keyfiyyət vəhdətdədir. Başqa sözlə, qeyri-səlis məntiqin qeyri-səlis çoxluqlar sütununun (fasetin) əsas qayəsi odur ki, dünyada Tanrıdan başqa hər bir şeyin, hər bir hadisənin dərəcəsi var. Əgər bir qeyri-səlis çoxluğa baxırıqsa universumda olan bütün elementlərin bu çoxluğa aidiyyəti, mənsubluq dərəcəsi var. Öncəki misala qayıtsaq, o biçarə kifir dediyimiz qadın bəlkə də lap kifir deyilmiş, müəyyən dərəcə ilə gözəllər çoxluğuna mənsubdur ("Leyliyə Məcnunun gözü ilə bax" ifadəsini xatırlayaq).

 

Qeyri-səlis məntiqin çoxluqlar sütununun əsas prinsipi bizi çoxluqlar qradasiyasında ən yüksək səviyyəyə can atmağa və buna uyğun dil vahidi tapmağa sövq edir. Bunun üçün ilkin və sonuncu qütbləri müəyyənləşdirək. Bizim yuxarıdakı misalda bu, "gözəl - gözəllər gözəli" qütbləridir. Qeyri-səlis məntiqin axtarışı bu zaman başlayır. Bu "gözəllər gözəlini" necə vurub ondan da "daha çox gözəl" anlayışına yaxınlaşmaq olar? Əlbəttə ki, "sən gözəllər gözəlindən də gözəlsən" ifadəsi ilə.

 

Qeyri-səlis çoxluqlar bədii mətnlərin təhlilində linqvistik informasiyanın üzərinə qoyulan məhdudiyyətləri ehtiva edən tutarlı bir vasitədir. Mətndə verilən hərəkət və ya hadisə ilə bağlı natamam məlumat verildikdə bu ona olan inamı azaldır. Məsələn, "yəqin ki" ifadəsi "ehtimal ki" ifadəsindən mənaca daha güclüdür. "Az", "çox", "daha çox" kimi təyinediciləri də nəzərə almaq lazımdır.

 

Əslində, mətndə olan məlumat müəllifin öz biliyi, müşahidəsi və ya inancı əsasında olan epistemoloji mövqeyinə əsaslanaraq verilir.

 

İndi də qeyri-səlis məntiqin 2-ci sütunundan - qeyri-səlis çoxluqlar sütunundan yola çıxaraq "Dədə Qorqud" dünyasına ekskurs edək.

 

"Dədə Qorqud" mətnində adi hal ilə maksimal hal arasında dərəcələri müəyyənləşdirmək bəzən asan, bəzən də çətin olur. Məsələn, hansısa ifadə ilə böyük, çox böyük bir gəmi təsəvvürü yaratmaq istəyi var. Mətnin dil potensialı bunu belə təsvir etməyə imkan verir. Mətn deyərdi: "Böyük ağac gəmilər oynadan su".

 

Amma təsəvvürdəki gəmi, sadəcə, böyük deyil. O, inanılmaz dərəcədə böyükdür. Ona görə də biz mətndə oxuyuruq: "Böyük-böyük ağac gəmilər oynadan su". "Böyük-böyük" ifadəsi burada böyüklüyün intəhasız ölçüsünü təsəvvür etmək cəhdidir. Qeyri-səlis məntiqin işə düşməsidir.

 

 

 

Alçaq və hündür yerlərin fərqləndirilməsi yeni topoloji vahidin adının ortaya (məhz ortaya!) çıxmasına imkan yaradır. Dirsə xanın xatunu yaralanmış oğlu Buğacı Qazlıq dağı ətəklərində alçaq bir yerdə (düzəndə) axtarır, amma tapa bilmir. O nə edir? Daha əhatəli ətrafı görmək üçün ana alçaqdan (düzəndən) uca bir yerə çıxır. Bu elə yerdir ki, ora atla çaparaq da çıxmaq olar. Mətn deyir: "Xatun alçaqdan uca yerlərə çapıb çıxdı". Belə yer isə ancaq və ancaq təpə ola bilər. Deməli, "alçaq yer" ilə "dağ" arasında alçaqdan uca yer də varmış və o yerin adı təpə imiş. "Alçaq yer - alçaqdan uca yer - dağ", əslində, çoxluqlar sistemində müəyyən anlayışlar düzümüdür və iki qütbün arasına üçüncü bir məkanın (alçaqdan uca yer - təpə) girməsi qeyri-səlislik vasitəsilə bu düzümün yeni bir dərəcəyə bölünməsi ilə nəticələnir.

 

"Dədə Qorqud" mətnində müxtəlif məqamlarda Allahı öyməklə bağlı belə mübarək misralar işlənir:

 

Ucalardan ucasan,

 

Kimsə bilməz necəsən,

 

görklü tanrı!

 

Neçə cahillər səni

 

Gögdə arar, yerdə istər -

 

Sən xud möminlər könlündəsən.

 

 

 

"Uca" artıq qütbdür. Ondan o tərəfə dilin potensialı imkan vermir ki, yeni sözlə yeni bir dərəcə müəyyənləşdirsin. Onun üçün də "uca" sözünün özü deformasiyaya uğrayaraq yüksək üstünlük dərəcəsini bildirir. Və burada "Ucalardan ucasan" artıq üstünlüyün ali dərəcəsi kimi özünü göstərir. Maraqlıdır ki, bu misalın ikinci hissəsində qeyri-səlis məntiqin "üçüncünü istisna" qanunundan kənara çıxma halı ilə, yəni, qeyri-səlis məntiqin bizə tanış köhnə sütunu ilə də qarşılaşırıq. Allah nə göydədir, nə yerdədir. Bu iki qütbün heç birində deyilsə, bəs o hardadır? Aristotel məntiqinə görə axı üçüncü istisna edilir və o daha heç yerdə ola bilməz. O yalnız bu iki məkandan birində ola bilər. Yox, amma üçüncü məkan da var imiş. Allah xud möminlərin könlündə də ola bilərmiş.

 

Dastanda müxtəlif məqamlarla bağlı "şivən" situasiyasının baş verməsi özünü göstərir. Bu söz adi halında, yalnız şivən kimi işlənir (məsələn, "evinə şivən girdi" kimi). Bu sözün yüksək dərəcəsi kimi "böyük şivən" anlayışı mətndə özünü "qara şivən" ifadəsi şəklində biruzə verir. Sanki bununla səlis məntiqin ən yüksək dərəcəsi ilə qarşılaşırıq. "Şivən - qara şivən" qütbləri formalaşır. Üçüncü yoxdur. Amma yox. "Qara" şivən"in özü orta hala dönür, qütblükdən çıxır. Bəs o biri qütb nə olur? Bundan daha şiddətli dərəcə də mövcuddurmu? Mövcud imiş. Mətn deyir ki, "Dəli Domrul" boyunda onun quru çayın üzərindən saldığı sınıq körpü yanında bir yaxşı yigit ömrünü Allaha bağışlayır. Onu sağlığında hamı sevirmiş. Onun üçün də "ol yigit üzərinə möhkəm qara şivən oldı". "Şivən" - yox, "qara şivən" - yox. Məhz "möhkəm qara şivən!" O biri şiddətli qütb belə tapılır. Artıq "möhkəm qara şivən" dedikdə dərəcənin daha yüksək, bəlkə də dil potensialının ən yüksək qradasiyasına uyğun bir ifadə özünü göstərmiş olur.

 

Bəzən mətndə yüksək dərəcə konkret bir söz, yaxud ifadə vasitəsilə deyil, sintaktik-semantik düzən ilə üzə çıxır. Dastanda Oğuz bəyləri bir-birinə köməyə gedərkən onların sayı xeyli olurmuş. Onları sayıb qurtarmaq, yəni, sayıb konkret bir rəqəm söyləmək mümkün deyilmiş. Dilin potensialı bu situasiyaya (kontekstə) uyğun belə bir variant verə bilir: "Sayılmaqla Oğuz bəyləri tükənməz". Bu qəti bir qərardır. Amma bundan daha yumşaq, başqa sözlə, gələcəyə yönəli bir sintaktik variant daha var. Mətn qəti qərarı bir kənara qoyub deyir: "Sayılmaqla Oğuz bəyləri tükənsə olmaz". İki seçim arasında mətndəkinin xeyrinə fərq "olmaz" sözünün potensialında gizlənən "olar"ın özü ilə gətirə biləcəyi sonsuzluq ideyasından qidalanır.

 

 

 

Qeyri-səlis məntiqin əsas aşkaredicisi müəyyən dil elementlərinin iştirakı və köməyilə baş tutur. Bu yazımızın ruhuna uyğun aşkaredici element qoşa sözlərdir. Dildə qoşa sözlər aid olduğu cümlə elementinin intensivliyini yüksəldən vasitə kimi çıxış edir. "Kitabi-Dədə Qorqud" mətnində də qoşa sözlər bol-bol işlənir. Onların işlənməsi aid olduqları dil komponentinin bütün potensialı ilə "çalışdığını" üzə çıxarmaqdan ibarətdir. Məsələn, bu misallara diqqət edək:

 

Quru-quru çaylara su saldım; qanlı-qanlı sular; sən gedəli gumbur-gumbur davullar döyülmədi; soyuq-soyuq sular; taşqın-taşqın sular; açuq-açuq meydana bənzər sənin alıncığun; yüksək-yüksək qara dağlar; böyük-böyük suların köprüsü ağac; qara-qara dənizlərin gəmisi ağac; yumru-yumru ağladı; çığnam-çığnam qayalardan çıxan su; içib-içib Ulaş oğlu Salur Qazanın alnına şərabın itisi çıxdı; yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu; bir gecə döşəyində qatı-qatı inlədi; qalxıbanı iki qardaş quca-quca görüşdülər; bu məhəldə Oğuz ərənləri alay-alay gəldilər ...

 

Qoşa söz vasitəsilə adi durum qatılaşır, yəni, özünün yüksək dərəcəsinə çatdırılır. Ulaş oğlu Salur Qazan sadəcə içmir, dönə-dönə içir, içdikcə içir. Alay-alay Oğuz ərənləri bir alay gəlmir, saysız alaylar şəklində gəlir. Bütün sifətlər, isimlər, təqlidi sözlər (bıldır-bıldır, zar-zar, ökür-ökür) öz təkrarı ilə təsvirin yüksək həddə çatdığını bildirir.

 

Bəzən isə təkrara da ehtiyac qalmır. Qeyri-səlis məntiq "işləyəsi" məqamda təkrar yerinə tək variant üzə çıxır. Ondan əvvəlki təkrarların ağırlığı son həlqədəki elementə də öz təsirini göstərir. Qatar-qatar dəvələr, tavla-tavla şahbaz atlar, soyuq-soyuq binarlardan sonra qurban veriləsi qoyunlara gəldiyində "ağayılda ağca qoyunum" işlədilir. Bu zavallı qoyun, əslində, tək deyil. O da tövlə-tövlədir. Amma özünün tək halında belə o, əvvəlki qurbanların işığında intensivlik, yüksək dərəcə yarada bilir.

 

Yüksək həddə çatmaq uğrundakı cəhd, bizim fikrimizcə, düşüncənin neytral axınının qarşısını alır, onu ən yüksək - "qaynama" dərəcəsinin həndəvərinə gətirir. Bu, adilikdən kənara çıxma kimi də qiymətləndirilə bilər. Molla Nəsrəddinin sözü olmasın, arvadı ondan soruşanda ki, niyə bizi soyan qaçaqların sənin ətrafına çəkdikləri çevrədən kənara çıxmadın, Molla belə cavab verir: "Mən üç dəfə ayağımı çevrədən kənara çıxardım və beləliklə onların "direktivlərinə" - buyruqlarına qarşı çıxdım". Beləliklə, Molla Nəsrəddin bizim oxuduğumuz qəhrəmanlar içində öz hərəkətləri ilə qeyri-səlis məntiqə əsaslanan bəlkə də ilk qəhrəmandır. Üç dəfə ayağını ətrafına çəkilən çevrədən çıxardan Molla "çıxarma-çıxar" qütbləri arasında müəyyən dərəcə qoymağa cəhd edən bir cəsarət sahibidir.

 

 

 

Qeyri-səlis məntiqin bu sütunundakı prinsip qədim insanın düşüncəsində gedən "sadə - mürəkkəb" münasibətlərinin formalaşmasına gətirir, sadədən mürəkkəbə keçidin müxtəlif variasiyalarını cilalayır. Eyni zamanda düşüncəmizdə gedən proseslərin dilimizdə necə əks-səda verəcəyini ortaya qoyur. Düşüncənin neytral sadə axınının qarşısının alınması (qütblər arasına dərəcə daxil etməklə mürəkkəbləşməsi) sonrakı mərhələdə üslubun gəlişməsinə, dil elementlərinin formalaşmasına, bütövlükdə dilimizin zənginləşməsinə gətirib çıxaracaqdır. Hələlik isə göründüyü kimi "dil - düşüncə" yarışında dil, düşüncə qarşısında aşkar şəkildə geridə qalmaqdadır.

 

Beləliklə, dediklərimizin işığında dahi alim Zadənin deyiminə qayıdaraq qeyd edək ki, "gözəllər gözəli" ifadəsi həmin təsəvvürün son həddi deyildir, bundan da yüksək hərarət dərəcəsinin mövcudluğu dil materialı tərəfindən təsbit edilir. Hətta "gözəllər gözəlindən də gözəl" ifadəsinin özü də görünür ki, bu qradasiyada sonuncu mərhələ kimi qalmır. Və böyük alim, böyük insan, böyük eşq sahibi Zadə də öz zövcəsi üçün hələlik dildə mövcud olan ən yüksək dərəcənin ifadəsini seçməkdə haqlı idi.

 

 

Kamal ABDULLA, Rafiq ƏLİYEV

 

525-ci qəzet.- 2022.- 28 may.- S.12-13.