A.S.Qriboyedovun qətli və Xosrov Mirzənin
"üzrxahlıq missiyası"
Yuxarıda rus diplomatik missiyasının və səlahiyyətli nazir A.S.Qriboyedovun nüfuzdan salınmasında, ümumxalq nifrətinə səbəb olmasında erməni amilindən ümumi şəkildə bəhs etmişdim. Maraqlıdır ki,
qarşılıqlı ədavət, hətta nifrət
hissinin mövcudluğuna baxmayaraq, bu prinsipial məsələdə
İran və Rusiya tarixçilərinin, ictimai fikrin mövqeləri
üst-üstə düşürdü.
XIX əsr İran tarixçisi Rzaqulu xan Hidayət (1800-1871)
"Rövzət-üs-səfa" əsərində
yazırdı ki, "rus silahının Azərbaycandakı qələbələrindən
sərməst olan Qriboyedov özünü həddən
artıq iddialı və təkəbbürlü aparır, hətta
şahla münasibətdə də saymazyana rəftara yol
verirdi. Ağıllı adamlar dəfələrlə ona demişdilər
ki, hər şeydən öncə tutduğu elçi vəzifəsi
taxt-tac sahiblərinə hörmətlə yanaşmağı
tələb edir. Lakin Qriboyedov məsləhətlərə
qulaq asmırdı. Əyanlar onun hikkəsi
qarşısında susmaqla vəziyyətdən
çıxmağa çalışırdılar. Şaha heç nə demirdilər. Şah isə Qriboyedovun rus imperatorunun səlahiyyətli
naziri kimi ölkəyə gəldiyini, sülh müqaviləsinin
bağlanmasında iştirak etdiyini, sarayın qonağı
olduğunu və nəhayət Peyğəmbərin
"Qonaqlarınız kafir də olsa, onların hörmətini
saxlayın" kəlamını nəzərə alıb səfirin
əslində tənə və töhmətə layiq hərəkətlərinə
göz yumurdu".
Fətəli
şah Qacarın fərmanı ilə A.S.Qriboyedov ölkənin
ali mükafatı - 1-ci dərəcəli
"Şiri-Xurşid" ordeni ilə təltif olunmuşdu. Hətta xarici işlər naziri və bir sıra
dövlət adamları istisnaya yol verərək rus səfirini
öz iqamətgahında ziyarət etmişdilər. Faciədən
sonra səfirliyin sağ qalmış yeganə əməkdaşı
- birinci katib Maltsov Naxçıvandan qraf Paskeviçə
göndərdiyi 18 mart 1829-cu il tarixli məktubda
etiraf edirdi ki, "Bizim nümayəndə (Qriboyedov - V.Q.) Tehranda indiyə qədər heç bir Avropa ölkəsinin
səfirinə göstərilməyən yüksək ehtiramla
qarşılandı".
Amma bu diqqət və ehtiramın müqabilində yenə
Rzaqulu xan Hidayətin yazdığına görə, Qriboyedov
şah hökumətinin mövqeyi ilə hesablaşmadan
lazım bildiyi, yaxud istədiyi addımları atırdı. Məsələn,
qarşı tərəfin rəsmi
razılığını almadan Gilanda rus konsulluğu
açılması belə saymazyana rəftara nümunə ola bilər. Bu, əslində
dünya diplomatiya tarixində qəbul edən ölkəyə
misli görünməmiş bir hörmətsizlik və özbaşınalıq
idi.
Təbii ki, Rzaqulu xan İran tarixçisi olduğundan
onun yazdıqlarında müəyyən tərəfkeşlik
ünsürlərinin mövcudluğunu istisna etmək
qeyri-mümkündür. Məsələ buradadır ki, görkəmli
qafqazşünas-alim, 1864-1886-cı illərdə Qafqaz
Arxeoqrafiya Komissiyasının sədri Adolf Berje (1828-1886) də
"Russkaya starina" jurnalında çıxan
"A.S.Qriboyedovun ölümü" adlı geniş tarixi
araşdırmasında rus səfirinin yalnız
"qaragüruhçu Tehran kütləsinin" deyil, həm
də ətrafına topladığı adamların yaramaz əməllərinin
qurbanı olduğunu açıq etiraf etmişdi. Fakt və sənədlərlə
zəngin olan bu tədqiqat məşhur latın
ifadəsindəki "Qarşı tərəfi də dinlə!
("Audiatur et altera pars") prinsipi ilə qələmə
alınmışdı. Yəni müəllif həm rus,
həm də fars dilindəki material və
qaynaqlardan eyni obyektivliklə istifadə etməyə
çalışmışdı.
A.P.Berje
yazırdı: "Məlumdur ki, Qriboyedov İrana səfəri
zamanı bir müddət Tiflisdə qalmışdı. Burada o, əsasən erməni və gürcülərdən
ibarət bir sıra şəxsləri yanında xidmətə
cəlb etdi. Həmin adamlar heç bir təhsil
görməmişdilər, hər cür etibar və məsuliyyət
hissindən uzaq idilər. Üstəlik, əxlaq
və mənəviyyat anlayışları da olduqca
şübhəli idi". Çox
güman ki, Qriboyedov əməkdaşlarına təsir
göstərə, onları idarə edə bilmirdi. Ya da çirkin əməllərinə sadəcə
göz yumurdu. Rus silahının zəfərindən
sonra məğlub ölkə ilə hər cür rəftarı
məqbul sayırdı. Özbaşınalıqlar
Təbrizdən Tehrana yola çıxandan
başlanmışdı. Yolboyu kəndlərin
sakinlərini təhqir etmək, aldıqları ərzağın
pulunu ödəməmək, əkinləri tapdalamaq yerli
"diplomatlar" üçün adi hal idi. Berje daha
sonra yazır: "Tehrana gələndən sonra onların əl-qolu
daha da açıldı. Tez-tez sərxoş vəziyyətdə,
əllərində siyirmə qılınc, səs-küy
salaraq şəhərin küçələrini
dolaşırdılar. Açıq-aşkar
əxlaqsızlıq etmələri, "qadın ovuna"
çıxmaları məğlubiyyət acısı
yaşayan sakinlərin hisslərini daha da
qıcıqlandırırdı. Əsirlərin
geri qaytarılması məsələsində Qriboyedovu öz
tərəflərinə çəkəndən sonra isə vəziyyət
daha dözülməz olmuşdu".
Tehran hadisələrində Qriboyedovun bəlli günah və
səhvləri olması ən yüksək səviyyədə
- çar I Nikolay tərəfindən də etiraf edilmişdi. Bu barədə xarici işlər
naziri qraf Nesselrodenin Qafqazın baş hakimi qraf Paskeviçə 16 mart 1829-cu
il tarixli məktubunda məlumat verilmişdi. Sənəddə
deyilirdi: "Rusiyanın ləyaqətinə güclü zərbə
endirilib. Yalnız ali fars hakimiyyətinin
baş vermiş hadisəyə heç bir aidiyyəti
olmadığının açıq şəkildə
etirafı bu zərbəni müəyyən qədər
yumşalda bilər. Əlahəzrət imperator
üçün İran şahı və taxt-tac varisinin
(Abbas Mirzə nəzərdə tutulur - V.Q.) bu alçaq və
insanlıqdan kənar əməldən uzaq olduqlarına
inanmaq sevindirici ola bilərdi. Eyni zamanda hadisə həm də
davranışını Tehranın qara camaatının adət-ənənələri
və anlayışları ilə uyğunlaşdırmağı
ağlına da gətirməyən mərhum Qriboyedovun ifrat təşəbbüs
və səylərdən doğan düşünülməmiş
addımları ilə əlaqələndirilməlidir".
A. S.
Qriboyedov
Tehran qarşıdurmasının nəticələri
kifayət qədər qanlı idi. Missiya mənsublarından, mühafizə
dəstəsindən və həmin gün iqamətgahda olanlardan 37 nəfər
(müxtəlif qaynaqlarda bu rəqəm 44 və 57 kimi də
göstərilir), etirazçılardan isə 19 nəfər
öldürülmüşdü. Binalar, səfirliyə
məxsus əşyalar və sənədlər
dağıdılıb yararsız hala
salınmışdı. Səfirlik əməkdaşlarından
cəmisi üç nəfər - bir diplomat və iki texniki
işçi xilas ola bilmişdi.
Ertəsi gün saraydan hələ də missiyanın həyətində
atılıb qalmış cəsədlərin dəfn
olunması ilə bağlı əmr gəldi. Şəhər
kənarında, gözdən-nəzərdən uzaq bir yerdə
xəndək qazıb bütün meyitləri ora atdılar,
üstünü torpaqladılar. Bir
neçə gün sonra isə Qriboyedov zənn etdikləri
meyiti çıxarıb erməni kilsəsinin həyətində
dəfn etdilər. Seçilən meyitin məhz
Qriboyedova məxsusluğu ilk növbədə onu gözü
ilə görənlərdə şübhə
yaratmışdı.
Fevralın əvvəllərində rus
missiyasının Tehrandakı faciəli aqibəti haqqında
xəbər Tiflisə, daha sonra isə Peterburqa çatdı. Qacar sarayı
günahını yumaq üçün rus səfirinin cənazəsini
mümkün qədər tezliklə, həm də müəyyən
ehtiram qaydalarına əməl etməklə Tiflisə göndərməyə
çalışırdı. Lakin
hazırlıq işləri bir ay yarımdan çox çəkdi.
Aprelin ortalarında Tehrandan yola salınan cənazə əvvəlcə
Təbrizə, oradan isə mayın 2-də Naxçıvana gətirilmişdi. Şəhərin
girəcəyində Qriboyedovun taxt-rəvan üzərindəki
cənazəsini general Merlini, polkovnik (sonralar general-mayor) Ehsan
xan Naxçıvanski, digər hərbçilər, rus və
erməni keşişləri, yerli ictimaiyyətin nümayəndələri
qarşılamışdılar. Müvafiq
ayinlərin icrasından sonra xristian adətincə tabuta qoyulan
meyit (daha doğrusu, meyit qalıqları) bir gecə
Naxçıvanda saxlandıqdan sonra Gümrü üzərindən
Cəlilabada, oradan da Tiflisə aparılmışdı.
Ərzuruma səyahətə çıxan A.S.Puşkin
Arpa çayından bir qədər aralıda, Herher adlı kənddə
cənazə karvanı ilə rastlaşmışdı. Təəssüratını
yol qeydlərində belə ifadə etmişdi:
"Heç düşünmürdüm ki, bir də
haradasa bizim Qriboyedovu görə bilərəm. Onunla keçən il Peterburqda, İrana səfəri ərəfəsində
vidalaşmışdıq. Kədərli idi.
Qələcəklə bağlı qaramsar hisslərə
qapılmışdı. Sakitləşdirmək
istədim. Mənə dedi: Vous ne connaissez pas ces gens-l?: vous verrez qu'il faudra jouer des couteaux (Siz bu
adamları tanımırsınız. Özünüz görəcəksiniz:
iş bıçaqlaşmaya gəlib çıxacaq - fr.). Düşünürdü
ki, qan tökülməsinə səbəb şahın
ölümü və yetmiş iki oğlu arasındakı
hakimiyyət davası olacaq. Lakin qoca
şah hələ də yaşayır, Qriboyedovun peyğəmbərliyi
isə doğruldu. O, cahillik və xəyanətə
qurban getdi, farsların xəncər zərbələri
altında ölümə can verdi. Eybəcər hala salınmış cəsədi
üç gün Tehran qaragüruhunun oyuncağı oldu.
Meyitini yalnız duel zamanı pistolet gülləsindən
yaralanmış əlinə görə tanıya bildilər".
Təxminən iki ay sürən "son səyahətdən"
sonra iyunun ortalarında cənazə Tiflisə
çatdırılmışdı. Qriboyedov İrana yola düşməmişdən
əvvəl, 1828-ci ilin avqustunda tanınmış gürcü
zadəganlarından şair və hərbçi Aleksandr
Çavçavadzenin qızı, Tiflisin birinci gözəli
sayılan 15 yaşlı Nina Çavçavadze ilə evlənmişdi.
Sanki fəlakəti əvvəldən sezdiyindən arvadına
başına bir iş gələrsə, Tiflisdə dəfn
olunmasını vəsiyyət etmişdi. Son arzusu
yerinə yetirilmişdi. 1829-cu il
iyunun 17-də indi Panteon yerləşən Mtasminda
dağında, Müqəddəs David kilsəsinin
qrotlarında birində dəfn olunmuşdu. Baş
daşına dul arvadının təsirli vida sözləri həkk
edilmişdi.
Rəsmi
tarixşünaslıq Rusiya diplomatik missiyasının
dağıdılmasını və vəziri-muxtarın
öldürülməsini bir qayda olaraq din xadimlərinin,
Tehran qaragüruhunun əməli və saray
intriqalarının nəticəsi kimi qələmə versələr
də, əslində burada rus-erməni ekspansiyasına
qarşı kortəbii xalq üsyanının elementləri də
nəzərə çarpmaqda idi.
Qriboyedovun
cənazəsi ilə eyni vaxtda Tehrandan Fətəli
şahın nəvəsi, vəliəhd Abbas Mirzənin
oğlu, 16 yaşlı Xosrov Mirzənin
başçılığı ilə Peterburqa
"üzrxahlıq missiyası" da yola
salınmışdı. Bu niyyəti barəsində Fətəli
şah oğluna göndərdiyi fərmanda və Qafqazın
baş hakimi qraf Paskeviçə
25 mart 1829-cu il tarixli məktubunda xəbər vermişdi. Səfirin qətlindən sonra hər iki tərəf
mütərəddid vəziyyətdə idi. Zəifləmiş Qacar səltənəti Rusiya ilə
müharibəyə hazır deyildi. Hələlik
Osmanlı imperiyası ilə savaşını başa
çatdırmayan Rusiyada da Qafqazda yeni münaqişə
ocağının alovlanmasını istəmirdi. Ona görə də problemin mümkün qədər
tez və barışıq yolu ilə həlli müştərək
arzu idi. Aprelin əvvəlində Peterburq
sarayı İrandan göndəriləcək nümayəndə
heyətini qəbul etməyə hazır olduğunu
bildirmişdi.
Xosrov Mirzə
Maraqlıdır ki, həmin günlərdə Cənubi
Qafqazda olan Puşkin təkcə Qriboyedovun cənazə mərasimi
deyil, "üzrxahlıq missiyası" ilə də
rastlaşmışdı. Görüş
Tiflisin 70 kilometrliyində, Ananuri qalası
yaxınlığında baş tutmuşdu.
"Ərzuruma səyahət" əsərində müəllif
bu qəribə təsadüf haqda söz açaraq
yazırdı: "Atların gətirilməsini gözləmədən
piyada yola düzəldim və Ananuri qalasından bir vers
yarım məsafədə, döngədə Xosrov Mirzə ilə
rastlaşdım. Onun ekipajları
dayanmışdı. Şahzadə
özü oturub ətrafa baxırdı və məni görəndə
başı ilə salamladı. Görüşümüzdən
bir neçə saat sonra dağlılar onlara hücum ediblərmiş.
Güllə vıyıltısını
eşidən Xosrov Mirzə kolyaskadan atın belinə
sıçramış, dördnala çaparaq
uzaqlaşmışdı. Dəstəni müşayiət
edən ruslar şahzadənin cəsarətinə mat
qalmışdılar".
42 nəfərlik
nəfərlik heyətdə (14 rəsmi şəxs, 28 nəfər
xidmət personalı) Nəsrəddin şahın hakimiyyəti
dövründə İranın sədrəzəmi olan və
ölkədə mütərəqqi islahatların müəllifi
kimi tanınan Mirzə Tağı xan Əmir Nizam kimi təcrübəli
dövlət adamı da vardı.
Mayın əvvəlində Tiflisdən çıxan heyət
Vladiqafqaz-Yekatrinador-Novqorod-Voronej-Serpuxov marşrutu ilə hərək
edərək iyunun sonlarında Moskvaya çatdı. Səfər
boyu Qacar şahzadəni əvvəlcə general Rannekampf, sonra
isə qraf Suxtelen müşayiət etmişdi. Onlar Xosrov
Mirzənin az qala hər bir addımı
haqqında gündəlik məlumat hazırlayırdılar. İkinci paytaxtda qonaqlara Razumovskinin malikanəsi
ayrılmışdı.
Moskvada
qaldığı müddət ərzində şahzadə Kreml sarayında, Silah
Palatasında, Böyük teatrda, universitetdə, kadet
korpusunda, Xarici İşlər Nazirliyinin arxivində və
başqa yerlərdə olmuşdu. Moskva
tanışlıq və görüşlərinin kulminasiya
nöqtəsi isə A.S.Qriboyedovun anasını ziyarət idi.
Bu
görüş proqramda nəzərdə
tutulmamışdı. Sadəcə, gənc
şahzadənin arzusu nəzərə alınaraq təşkil
edilmişdi. Özünəməxsus şərqli
yaraşığı, nəciblik və həssaslığı
ilə seçilən Xosrov Mirzə çətin psixoloji
sınaqdan uğurla çıxmış, dərdli
qadının ürəyini ələ ala bilmişdi.
Nümayəndə heyəti avqustun 4-də paytaxt
Peterburqa gəlmiş və Tavriya sarayında yerləşmişdi. Xosrov Mirzə
burada Şərq monaxlarına xas olmayan bir demokratizm örnəyi
göstərmişdi. Onun tələbi ilə
nümayəndə heyətinin qaldığı müddət
ərzində şəhər əhalisinin saray bağında əvvəlki
qaydada gəzmələrinə və istirahət etmələrinə
icazə verilmişdi.
Avqustun 10-da heyət Qış sarayında imperator I
Nikolay və ailə üzvləri tərəfindən qəbul
olunmuşdu. Xosrov Mirzə Fətəli şah Qacarın
üzrxahlıq məktubunu rus çarına təqdim
etmişdi. Xosrov Mirzə, I Nikolayın adından isə
xarici işlər naziri qraf Nesselrode nitqlər söyləmişdilər.
Diqqətəlayiq cəhət şahzadənin
nitqinin Azərbaycan türkcəsində olması idi. Ümumiyyətlə, XIX əsrin I yarısında
Qacarlar arasında türklük əhval-ruhiyyəsi hələ
qüvvətli idi. Hətta 1848-ci ildə
taxta çıxan Nəsrəddin Mirzə yalnız şah olandan
sonra farsca öyrənmişdi. Xosrov Mirzə bir az fransızca bilsə də, Peterburq
sarayında ana dilində danışmağı üstün
tutmuşdu.
I Nikolay "xoşagəlməz Tehran hadisəsini həmişəlik
unutduğunu" rəsmən bəyan etmişdi. Xosrov Mirzəyə
və onu müşayiət edən əyanlara qiymətli hədiyyələr
(o cümlədən, 12 müasir top) təqdim olunmuşdu.
Rusiya tərəfi Türkmənçay müqaviləsinə
görə aldığı təzminatın 2 milyon
manatını güzəştə getmiş, son iki milyonun
ödəniş müddətini isə beş
il uzatmışdı.
Qacarlar da borclu qalmamışdı. A.S.Qriboyedovun "qan
bahası" kimi Rusiyaya Nadir şahın Hindistandan,
Böyük Moğollar sarayından gətirdiyi 88,7 karatlıq "Şah" almazı
verilmişdi. Hədiyyələr arasında 20 qiymətli əlyazması
(görünür, belə hədiyyə seçilməsində
vaxtı ilə Qriboyedovun məşhur Ərdəbil
kitabxanasını yağmalayıb Peterburqa göndərməsi
də təsirini göstərmişdi - V.Q.), iki kəşmir
xalça, impetariçə üçün nadir mirvari
boyunbağı, vəliəhd Aleksandr üçün tarixi
relikviya olan qılınc, böyük knyaginalar
üçün zinət əşyaları və s. vardı.
Qiymətli
hədiyyələr, dəbdəbəli qəbul, bal və ziyafətlər fonunda
"Rusiyanın ləyaqətinə sarsıdıcı zərbə"
kimi səciyyələndirilən Qriboyedovun qətli birdəfəlik
unudulmuşdu.
Çətin diplomatik vəzifənin öhdəsindən uğurla gələn, az müddət ərzində rus aristokrat dairələrinin (xüsusən də xanımların) sevimlisinə çevrilən Xosrov Mirzə Tehrana yalnız bir il sonra - 1830-cu ilin baharında vətənə dönə bilmişdi. Fətəli şah nəvəsinin fəaliyyətindən çox məmnun qalmışdı. Amma ölkənin başı üzərindən asılmış təhlükəni dəf etməsi onun yalnız dostlarının deyil, düşmənlərinin də sayını artırmışdı. Sonuncuların çoxalmasında Xosrov Mirzənin Peterburqdan dönəndən sonra özünü hədsiz qürurlu aparması da az rol oynamamışdı.
Atası Abbas Mirzənin, ardınca isə babası Fətəli şahın vəfatı iddialı gəncin taleyinin faciə ilə nəticələnməsinə səbəb olmuşdu. 1834-cü ildə Məhəmməd şah adı ilə taxta çıxan qardaşı Məhəmməd Mirzə "rus padşahının adamı" kimi özünə güclü rəqib gördüyü Xosrov Mirzənin (habelə digər qardaşı Cahangir Mirzənin) gözlərini çıxartdırmışdı... Şimal paytaxtındakı parlaq şöhrətdən sonra qəm-qüssə dolu həyatını 1875-ci ildə, qardaşı oğlu Nəsrəddin şah Qacarın hakimiyyəti illərində Həmədan yaxınlığındakı kəndlərdən birində, ona ayrılmış ailə malikanəsində başa vurmuşdu...
Beləliklə, A.S.Qriboyedovun karması daha bir faciəyə yol açmışdı...
Vilayət
QULİYEV
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 28 may.- S.10-11.