Ülvi hisslər, müqəddəs duyğular poeziyası  

 

 

MAHİRƏ NAĞIQIZININ POETİK YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏRİM

Ədəbiyyat insanın özüdür. Onun duyğu düşüncələrini ifadə edən, söz varlığının zənginliyindən xəbər verən mənəvi bir dünyadır. Elə bir dünya ki, bu dünyada hər varsa, qeyri-adi görünür, baxanda isə dünyanın özündə olan bütün qeyri-adiliklərdən seçilir. Böyük şairlərimiz, ədiblərimiz öz sözləri ilə həmişəlik xalqımızın yaddaşına, tarixinə düşərək özlərinə ölməzlik qazanıblar. Vətənimizi, millətimizi dünyada tanıtmaqla bərabər, həm sözümüzün dilimizin keşiyində durub, onu yad dillərin qatqısından qoruyublar. Onlardan sonra ədəbiyyatımızın keşiyində duranlar öz sələflərinin yolu ilə gedib, yazmış olduqları əsərlərdə Vətəni milləti yüksək sevgi istəklə tərənnüm ediblər. Sözümüzü dilimizi sevgilərinə qataraq onu daha da lakonik şirin etməyi bacarıblar. Çağdaş poeziyamızda da bu, özünü göstərməkdədir. Onlardan biri poeziyamızda öz yolu, öz dəsti-xətti olan, bənzərsizliyi ilə seçilən şair xanım Mahirə Nağıqızı - Hüseynovadır.

Mahirə Nağıqızının poeziya dünyasından danışmamışdan öncə onu da qeyd etməyi özümə borc bilirəm ki, o, fədakar ana, təcrübəli pedaqoq, sanballı alim yüksək keyfiyyətlərə malik insandır. Bu baxımdan da onu mən belə adlandırardım: insan-şair, insan-pedaqoq, insan-vətəndaş, insan-ana ya qadın, insan-alim, insan-dost... Bunların başında isə birinci növbədə, Azərbaycan qadınına məxsus zəriflik, incəlik, gözəllik, saflıq duruluq gəlir. Dediklərim şairin poeziyasına da hoparaq onun oxucusunu duyğulandırır. Bu mənada Mahirə Nağıqızı bütün əzəməti ilə poeziyasındakı ideyaların tərənnümçüsü rolunda çıxış edə bilir.

Şairin poeziyasını diqqətlə nəzərdən keçirəndə şahidi oluruq ki, onun yaradıcılığı mövzuca rəngarəngdir. Vətən ana sevgisi isə onun yaradıcılığının ana xəttini təşkil edir. Fikrimizi istedadlı şairin yaradıcılığına müraciət etməklə əsaslandıraq:

 

 

Bitər sərhədlərin bu Yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəmisən, üzürsən eşq dənizində,

Sənə məhəbbətim, Vətən, bitmədi.

 

 

"Onun daş nağılı" kitabında verilən "Vətən" şeirindən gətirdiyim bu nümunədə müəllifin Vətənə olan sevgisinin sonsuzluğu elə-belə, söz xatirinə deyilmir. Bu sevgi sonsuzluğun doğma, isti bələyinə çevrilərək onu üşüməyə qoymur. Həmçinin, bu şeirdə Vətən mövzusuna yeni yanaşma duyulur, yəni şair Vətənə Ana-Bala münasibəti ilə yanaşır. Başqa bir bənddə biz bunu daha aşkar surətdə görə bilirik:

 

 

 

Ana harayını eşidir hamı,

Qadınlar, qızlar da bir ərə dönər.

Oğullar seçəcək dost-düşmənini,

Hər biri uğrunda səngərə dönər.

 

 

Göründüyü kimi, şeirdən gətirilmiş bu misalda müəllif güclü bir yenilik edib. Buna metonimiya-addəyişmə ya yerdəyişmə demək olar. Bu yerdəyişmə nədir? Bilirik ki, müharibələr zamanı səngər igidləri-ərləri qorumaq üçün istifadə edilən sığınacaqdır. Ancaq bu nümunədə müəllifin ərə səngərə baxışı başqadır. Ana harayını eşidənlər görür ki, burada qadın ər-igid yerində, əsl oğul-ər isə səngər yerindədir. Müəllifin yaratdığı, özü bir ana-şair kimi yaratdığı qadın-ər ər-səngər obrazı bu mövzuda yazılan əsərlər içərisində obraz olaraq bir yenilikdir. Mahirə Nağıqızının "Onun daş nağılı" kitabındakı başqa bir şeirindən gətirəcəyimiz nümunə ilə fikrimizi davam etdirək:

 

 

Atamla yanaşı daş qaldırırdı,

Deyərdi, bu daşlar ocaq daşıdı.

Bezmədi, qəlbində gücü vardı,

Anam sinəsində ocaq daşıdı.

 

 

Azərbaycan-Türk düşüncəsinə görə Vətən, torpaq, eləcə dil Ana adı ilə tanınan varlıqlardır. "Ana Vətən", "ana torpaq", "ana dili" birləşmələri dediklərimizi təsdiqləyir. Yurd, ocaq, çıraq varlıqları isə birbaşa ata-baba adı ilə bağlıdır. Baba yurdu, ata ocağı, ata çırağı anlamları dediklərimizin gerçək olduğundan xəbər verir. "Onun daş nağılı" şeirində isə ana obrazı ata obrazı ilə bərabərləşir. Ana başa düşür ki, ocaq deməkdir. Ocağın istisinə istilik qatan ocaq daşının qeyri daşlardan fərqi nədir? Ömrü boyu sinəsində ocaq daşımaq da soyuğun istiliklə əvəzlənməsinə işarədir.

"Gedək uzaqlara" adlı şeirində Mahirə Nağıqızı qadın olmağın müqəddəsliyini önə çəkərək bu müqəddəsliyi yaşamağın qadın üçün ən yüksək ad şərəf olduğunu özünəməxsus şəkildə qələmə alır. Şeirin son bəndində bu müqəddəslik real şəkildə öz əksini tapır:

 

 

 

...Yenidən başlayaq həyatımıza,

Yenidən yazılsın ömür varağı.

Yenidən yanında müqəddəsləşim,

Yenidən öyrənim qadın olmağı.

 

 

Zənnimcə, qadına qadınlığa bu cür münasibət təkcə şairin özünə məxsus deyil. Bu, bütünlüklə qadın qadınlığa aid olan məsələdir. Müəllifin özü isə qadın qadınlığın rəmzinə çevrilən qadın şair obrazıdır. Müəllifin digər yazılarında da həmişə döyünən, döyünməkdən usanmayan bir ürəyin kövrəkliklə baş-başa vermiş hayqırtısı duyulur.

"Şəhid nəğməsi" şeirində biz bu döyüntünü lap çılpaqlığı ilə hiss edirik. Həmin şeirində müəllif öz üslubuna sadiq qalaraq Vətən torpaqlarının bütövlüyü yolunda özlərini qurban etmiş müqəddəs insanların şəhidliyini öz baxış bucağına uyğun olaraq istedadla təqdim edir. Şəhidləri sadəcə olaraq Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlar kimi yox, həm onların hər birini Vətən torpağının bir parçası olaraq qələmə alır. Şairə görə onların hər biri bir ünvandır:

 

 

Boy vermiş məzarın qəbir daşları,

Bir ömrün daşlaşan arzu-kamıdır.

Onların sağlığı döyüşən əsgər,

Məzarı - Vətənin istehkamıdır.

Şəhidlər, şəhidlər! Öz canınızla,

Bizə yol açdınız, dövran verdiniz.

Millətə diz çöküb baş əymək üçün,

Şərəfli, müqəddəs ünvan verdiniz!

 

 

Şeirin bütün bəndlərində şəhidlərin şəhidliyin ucalığı göz önünə gətirilir, əbədiyaşarlığı poeziyanın dili ilə qışqırıqsız, bağırtısız, sakit, ancaq yanğı sevgi ilə qələmə alınır. Müəllif bu əsərində 44 günlük Vətən savaşının millətimizə gətirdiyi başucalığı ünvanının obrazlı olaraq şəhidlərin igidliyi ilə bağlı olduğunu mətnaltı şəkildə oxucuya çatdırır.

Bildiyimiz kimi, dövləti dövlət edən onun atributlarıdır. O atributların ən uca sayılanı isə bayraqdır. Harada dövlətin bayrağı dalğalanırsa, deməli, orada Vətən var, Vətən torpaqlarının azadlığı mövcuddur. Məncə, dünyada elə bir xalq olmaz ki, bayrağını sevməsin. Şairlər isə ona şeir həsr etməsin. Azərbaycan xalqı da burada xüsusi olaraq fərqlənir. Tarixdən məlumdur ki, Azərbaycanın söz ustaları üçrəngli müqəddəs bayrağımıza şeirlər yazmışlar. İlk olaraq bu sırada biz Əhməd Cavadın, Cəfər Cabbarlının adlarını xüsusi olaraq vurğulamalıyıq.

Bununla yanaşı, onu da deməliyik ki, çağdaş poeziyamızda da bir sıra söz adamları bayrağımıza böyük sevgilərlə şeirlər yazmışlar. Onlardan biri xüsusi dəst-xətti ilə seçilən şair Mahirə Nağıqızıdır şairin "Al bayrağım" şeiri öz poetik çəkisi ilə seçilən sənət nümunəsidir.

Müəllifin başqa mövzularda yazdığı şeirlərdə çox sayda dəyərli tapıntılara, poetik yeniliklərə rast gələ bilərik. Şairin dünya poeziyasında əzəli və əbədi mövzulardan biri olan sevgi mövzusunda yazmış olduğu şeirlərindən birinə müraciət edək:

 

 

Sevgimizin yaşı varmı?

İçində möhnət qocalır.

Qəm yağışı yağır, kəsmir,

Verdiyin möhlət qocalır.

 

 

"Qocalır" adlı gəraylıdan gətirdiyimiz bu bənd özünün orijinallığı ilə seçilən bir nümunədir. Möhnətin və möhlətin qocalması isə Mahirə Nağıqızının poetik çəkisinə şirinlik qatan, işıq salan uğurlu tapıntıdır.

Ümumiyyətlə, Mahirə Nağıqızının, demək olar ki, bütün şeirlərində bu cür dolu, sanballı misralara rast gəlmək mümkündür. Bütün bunlar onun şairlik istedadının dərin, güclü və mükəmməl olduğundan xəbər verir. Çağdaş poeziyamızın qadın şairləri sırasında parlaq imzası ilə seçilən Mahirə Nağıqızına elmi və bədii yaradıcılığında bol-bol uğurlar arzu edirəm.

 

Aynur QAFARLI

ADPU-nun "Türk araşdırmaları" bölməsinin kiçik elmi işçisi

 

525-ci qəzet.- 2022.- 1 noyabr.- S.14.