"Ürəklə oynamaq
olmaz..."
Davud Nəsib - 80
Azərbaycan ədəbiyyatı 70-ci illərdə
pərvaz edən qələm sahiblərinin
yaradıcılıq məsuliyyətini
xalq yazı təfəkkürü ilə
cilalayıb. Bunu gərək səmimiyyətlə
etiraf edək. Buna görə o illərdə
yazıb-yaradanların bədii
düşüncəsində və ədəbi fövqündə məhz
həmin nüanslar diqqət çəkməkdədir.
Erkən
yaşlarından şeirə
maraq göstərmiş
Davud Nəsib yaradıcılığını da elə bu
proseslə səciyyələndirmək
olar.
Bildiyimiz
kimi, 1942-ci il
avqustun 25-də Qazax şəhərində anadan
olmuş Davud Nəsib ədəbi fəaliyyətə 1956-cı ildə,
Qazax rayonunda çıxan "Qalibiyyət
bayrağı" adlı
qəzetdə dərc
edilən "Mənim
doğma çayım
- mənim Kür çayım" adlı
ilk şeiri ilə başlamışdı. O vaxtdan
fəal poetik yaradıcılıqla məşğul
olmuş, sonrakı illərdə bədii tərcümələr də
etmiş, macar şairi Mikloş Radnotinin şeirlər kitabını dilimizə çevirmişdi. Onun özünün
də rus dilində - Moskvadakı
"Sovetski pisatel"
nəşriyyatı tərəfındən
"Anama məktublar"
(1974), "Ocaq daşları"
(1981) şeirlər kitabı
çap olunub.
Şairin
"Ürəklə oynamaq
olmaz" şeiri həyatın ritmini tutmaqda çətinlik çəkən insanlar üçün bir növ, köməkçi
vasitədir:
Fikrini bilmirəm,
- qəlbimdə yatır.
Hicranın qəlbimi yaman göynədir.
Əgər sevirsənsə, sevgi
başqadır,
Əgər sevməyirsən, bu oyun nədir?
Göründüyü kimi, burada həyat
və insan münasibətlərinin qabarıq
mündəricəsi var;
taledən asılılıq
acısı yaşayan
fərd bu şeirdə öz yolunu düzgün görə və tapa bilər.
"Bir qız ağlayır"
şeirində də müəllif bu poetik zərurəti eyni zəmində xarakterizə edib:
Qılınctək qınından sıyrılır
gecə,
Nə vaxt ki, gün kimi
məhəbbət batır.
Hər insan qəlbində sakit, gizlicə
Qıvrıla-qıvrıla bir sevgi yatır.
...Deyirlər, tutulur sevənin gözü,
Sinədə bir ürək coşur, çağlayır.
Qoymur ağlamağa kişilik bizi,
Ağlayır, hardasa bir qız
ağlayır.
Bu şeirdə də
oxucu öz qəlbinin işıqlı
həyat nəğmələrinə
qulaq asmaq və digər fərdin tale acılarına
yanmaq təpəri tapır. Nəticədə, həyat eyni
aqibəti yaşayan və eyni dərdə
tutuşan iki şəxsdə normal münasibət
yaradır. Bax, budur
Davud Nəsib şeirinin qüdrəti.
Ümumiyyətlə, o, yaradıcılığı
boyu Azərbaycan şeirinin zənginliyindən,
incəliklərindən məharətlə
istifadə edərək
maraqlı ədəbi
nümunələr yaradıb,
həyatın gözəlliklərini,
duyğu lirikasını
oxuculara aydın çatdırıb...
Davud Nəsibin
"Gözüm səni
axtarır" (Bakı. Azərnəşr, 1966, 31 səh.), "Dağlar danışsaydı" (Bakı.
Gənclik, 1969, 49 səh.), "Məhəbbət yolları"
(Bakı. Gənclik, 1973, 110 səh.), "Ürək sözsüz danışır"
(Bakı. Gənclik, 1976, 134 səh.), "Ümid qatarı" (Bakı.
Gənclik, 1979, 133 səh.), "Bizdən sonra yaşayanlar" (Bakı.
Yazıçı, 1981, 174 səh.), "Əsrin laylası" (Bakı. Gənclik, 1982, 223 səh.), "Azərbaycan bayatısı"
(şeirlər və poemalar) (Bakı. Yazıçı, 1984, 208 səh.), "Dünya bir körpüdür" (Bakı.
Yazıçı, 1987, 183 səh.) və sair
kitabları çap olunub. Bu kitablar
Azərbaycan oxucusuna həyat eşqi, torpaq məhəbbəti verir, onda vətənpərvərlik
ruhu aşılayır,
onun ovqatına misilsiz təsir edir.
Eyni zamanda, Davud Nəsibin şeirlərindəki ədəbi
hisslər başdan-ayağa
poetik rənglə cilalanıb, oxucu onları bütün parametrlərinə qədər
izləyir. Diqqət yetirək:
Hamı
öz eşqinə mənalı baxır,
Bəzən bu yollardan keçməyir
mətin.
Sevgi yollarının hicranı
ağır,
Sevgi yollarının
vüsalı çətin.
lll
A qızlar, sevgidə tələsməyin siz,
Sevgi kəməndini
sizə tez atır.
Sizin qəlbinizdə sizdən xəbərsiz
Sevilə-sevilə bir sevgi yatır.
lll
Sevgi nə saralar,
Sevgi nə solar,
Bu eşqi, ülfəti
ötərgi sanma.
Desələr: "Çox sevib,
ayrılmaq olar,
Sevgi qabaqdadır", buna inanma.
Bu şeir parçalarından görünür ki, istedadlı şair öz ədəbi-ictimai zərurətini oxucu fonunda qurub, ictimai quruluş, ehtiyac, eşqanə təzəlik, psixoloji zərurət və sair aspektlərdə bir uyğunluq axtarıb. Onun hətta lirik-epik duyğularında belə çağlayan acı təəssüratlar poetik-zəruri tendensiya yaradır. Çünki o, həyatdan aldığı acı göynərtini tale uyğunsuzluğu kimi xarakterizə edib, oxucunu bu acıdan kənar tutub. Biz bu mühüm amili onun indiyə kimi çap olunmuş kitablarının, demək olar ki, hamısında aydın görürük.
Əlbəttə, Davud Nəsibin də həyat boyu çəkdiyi acılar bütün cəmiyyətlərin çəkdiyi acılar olub və onun şeirlərində bu proses oxucuya lazım olan şəkildə çatır.
Davud Nəsib ömrünü yetkin çağında faciəli şəkildə vəfat etdi. Əslində, biz bu yazı ilə onun ölümünə ağlamaq fikrində deyilik, necə ki, o, özü deyib: "Qoymur ağlamağa kişilik bizi". Sadəcə, çalışdıq ki, bu yazı ilə bir Davud Nəsib Obrazı, bir Davud Nəsib Abidəsi ucaldaq.
Nəzakət MƏMMƏDLİ
525-ci qəzet.- 2022.- 1 noyabr.- S.13.