Yaddaşımdan boylanan Şəki və... Məşədi Muxtar  

 

 

"Yadında nəyi saxlayırsansa, bax o, bədii ədəbiyyatın predmeti ola bilər".

Lev Tolstoy

 

 

Yaddaşıma söykənərək qələmə aldığım bu xatirələr keçən əsrin 40-cı illərinin ikinci yarısında Şəkidə (Nuxada) təsadüf etdiyim əhvalatlardır. O zamankı Böyük Vətənimizin hər yerində olduğu kimi Şəki şəhəri kəndləri müharibədən sonrakı yeni həyata qədəm qoyurdular. Müharibə qurtarsa da yenə əvvəlki ağır güzəran, məşəqqətli həyat davam edir, insanlar sanki yaşamaq üçün yox, ölməmək üçün yaşayırdılar. Onlar hər ailə üçün dövlət tərəfindən müəyyən edilmiş çörək norması talonu (zabor) ilə çörək almaq üçün obaşdan çörək dükanlarının qabağına can atır, bu zaman hər kəsin üz-gözündən açıq-aşkar sezilən bir nigarançılıq da qara kabus kimi başlarının üstünü alırdı: Bu, onlara çörəyin çatıb-çatmayacağı ilə bağlı içərilərində cərəyan edən qorxu hissi idi. Doğrudur, kimlərəsə çörək çatmırdısa gün ərzində çörək zavodundan gətirilən çörəkdən ala bilirdilər. Lakin hər halda şaxtanın qılınc kimi kəsdiyi havada saatlarla qeyri - müəyyən vəziyyətdə ayaqüstə gözləntidə üzülmək ağır durum idi. Çörək zavodunun 24 saat fasiləsiz işlədiyini danışırdılar. Özümdən kiçik qardaşım zəif xəstə, babam nənəm isə yaşlı olduqlarına görə çörək almağa həmişə mən gedərdim. Ona görə çörək dükanının qarşısında baş verən hadisələrin canlı şahidi olurdum. Şəhərdə çörək dükanlarının məhəllələr üzrə yerləşdirilməsinə görə Sarıtorpaq məhəlləsində yaşayanlar, o cümlədən, bizim ailənin çörəyini M.F.Axundzadə prospektinin sol tərəfindən - məşhur yerli şair İsmi bəy Nakamın adını daşıyan küçənin başlanğıcından, xalq arasında "Motorun aralığı" da deyilən yerdən təxminən 40 metr yuxarıda iki mərtəbəli evin birinci mərtəbəsindəki dükandan alırdıq. "Motorun aralığı"sözünün etimologiyası isə belədir: Həmin adı daşıyan yerdə böyük bir elektrik transformatoru qoydularcamaat da buna "motor" adını verdi. Buradan başlayan Nakam küçəsinə xalq arasında "Motorun aralığı" adı verildi. Əyalət şəhər və rayonlarında olduğu kimi bizim şəhərdə də adamlar növbəyə dayanmağı qətiyyən xoşlamazlar: bəziləri bunu öz mənliyinə sığışdıra bilmir, təhqir kimi, bəziləri əskiklik kimi götürər, bir qismi isə burada yaranan basabası öz gücünü nümayiş etdirmək üçün münasib yer və məqam sayardı. Sonralar musiqi texnikumundatibb məktəbində təsərrüfat işlərində çalışan pəhləvan cüssəli Xalid, yesir anasının himayəsində bacısı ilə yaşayan uca boy Seyidəli, köhnə bolşevik Zəkəriyyə Şahvələdovun yaşlarına görə çox vərkər (fiziki cəhətdən yaşıdlarından xeyli böyük görünən uşaq) olan oğlanları Həsən və Fikrət bir qayda olaraq hamıdan əvvəl çörəklərini alaraq gedirdilər. Onlardan qabaq çörək almaq heç kimin ağlına belə gəlməzdi. O vaxtlar qış çox sərt keçərdi. Yadımdadır, bəzən hətta may ayının ortalarına qədər yollarda qalın buz əriməmiş qalır, biz uşaqlar yaşadığımız Sarıtorpaq məhəlləsindən xeyli yüksəkdə yerləşən Ağvanlar məhəlləsinin yuxarı hissəsindən - hökmlü el ağbirçəyi Şahman bacının yaşadığı yerdən təxminən 1 km məsafəni xizəklə üzüaşağı sürüşərək Nakam küçəsinin başlanğıcına qədər gələrdik. Adamların bir neçə saat soyuqda, boranda həsrətlə gözlədikləri xüsusi çörək maşını gələrkən böyük basabas, qalmaqal düşərdi, onlar güc - bəla ilə "bombu"nu (kiçik kub formalı çörək) alaraq uzaqlaşırdılar. Yazıq dükançı Ziyəddin dayı da başını itirirdi. Onun həm də ayaqlarında şikəstlik vardı, iki qoltuq ağacı ilə gəzirdi. Hər cür basqılara, təhqir və hədələrə baxmayaraq sifətindən nur tökülən əxlaq etalonu sayıla biləcək bu gözəl insan ünvanına yağdırılan aşağılamaları "udur", bir kimsənin xətrinə dəyməz, izdihamı yola verərdi.bu vəziyyət hər gün təkrar olunurdu. Ziyəddin dayı arvadı Ruqiyyə bacı və sonralar Neft Daşlarında mühəndis işləyən oğlu Yaşarla Sarıtorpaq məhəlləsində bizimlə yaxın qonşuluqda kirayədə qalırdılar. Sonralar "Motor"dan təxminən 100 metr aşağıda ev almışdılar.

HAŞİYƏ: Onlar yeni aldıqları evə köçdükdən 30 il sonra Ruqiyyə bacını yaşadıqları evin qarşısındakı küçənin girişində gördüm. Kimi isə gözləyirdi. Məni tanıdı, qucaqladı, hal-əhvaldan sonra bir az aralıda dayanmış həyat yoldaşımın kimliyi ilə maraqlandı, onu çağıraraq tanış etdim. Ruqiyyə bacı həyat yoldaşımı təbəssümlə süzərək dedi: - Qızım, Hikmət və qardaşının yetimliklə keçən ağır uşaqlıq illəri indi də mənin gözlərimin qabağındadır. Hikmətdən muğayat ol, onu qoru. Onlar daşdan su çıxan kimi böyümüşlər... Sonralar həyatımda ilk dəfə rəhmətlik Ruqiyyə bacının dilindən eşitdiyim bu simvolik və obrazlı ifadə müntəxəbat kimi dəyərləndirilən "Daşdan su çıxan kimi..." biblioqrafik xatirələr kitabımın "vizit kartı"na çevrildi. O dövrdə şəkililərin gündəlik ağır həyatında mühüm rol oynamış Şəkinin qoynunda yatdığı Böyük Qafqaz sıra dağları ilə bağlı da xatirələrimi bölüşməsəm, günaha bataram. Əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətlə deyə bilərəm ki, müharibə və müharibədən sonrakı ağır, məşəqqətli illərdə dağlar insanların dalında bir dağ kimi dayanmış, onları o illərin sərt, dəhşətli şaxtasından mühafizə etmiş, həm də acından ölməmək üçün bir nicat mənbəyi olmuşdu: insanlar dağlardan gətirdikləri odun və çırpının (çırpı, çır-çırpı - ağacın quruyub tökülən və qırılan budaqları) bir hissəsini və xüsusi quyularda yandırdıqları odundan hasil etdikləri kömürü sataraq ailələrini dolandırırdılar. Dağçılıq bir çox ailələrin yeganə dolanacaq yeri idi. Şəhərin Yuxarı Baş hissəsində dağçı ailəsində doğulmuş Xalq şairi Bəxtiyar Vahabzadənin xatirələrinə görə onun atası da dağçılıq və kömürçülüklə ailəsini dolandırırdı. Və belə ailələrın sayı-hesabı bilinmirdi. Dağçılıq şəhərin və rayonun hər tərəfində, o cümlədən, şəhərə yaxın Kiş kəndində daha çox yayılmışdı. Şəhərdə hamı - qoca, cavan, qadın, qız, gəlin, uşaq əlində balta, dəhrə və sair, dağlara axışırdılar. Bu sətirlərin müəllifinin də dəfələrlə şahidi olduğu meşəbəyilərin əzazilliyi, qəddarlığı və insafsız hərəkətləri də bu axının qarşısını ala bilmirdi.

O illərdə Şəkidə əsirlik həyatı yaşayan almanlar barədə də yaddaşımda bəzi xatirələr qalıb. Alman əsirlərini özlərinin istehsalı olan, qənimət kimi alınmış kuzovlu maşınlarda, yaxud "Lend Liz" sazişi üzrə SSRİ-yə verilmiş "Doç" adlanan yüngül, yarıminik-yarıyük maşınlarında və iri tonnajli "Studabekker"lərdə işləməyə aparıb gətirirdilər. Əsirlər 3-4 nəfər olmaqla kiçik qrup halında, mənim yaşadığım Sarıtorpaq məhəlləsindən keçərək şəkililərin "Quru çay" adlandırdığı Kiş çayının sahilində fəaliyyət göstərən ət kəsinti məntəqələrinə - sallaqxanalara ( Səllax - ərəbcə "qəssab" deməkdir. Sallaqxana (xana farscadır) hərfi mənada "qəssab evi" deməkdir. Bax: Bəşir Əhmədov, Azərbaycan dilinin etimologiya lüğəti) gedərək kəsilmiş heyvanların qanını oradan xüsusi aliminum qablarda aparır, həm də qayıdarkən özlərilə götürdükləri çuvallara gicitkan yığardılar. Böyük Vətən Müharibəsinin iştirakçısı olan Muxtar əmim bir neçə dəfə alman əsirlərini evimizdə milli yeməklərimizə qonaq etmişdibu zaman deyərdi ki, bunların günahı yoxdur, əsas günahkarlar bunları müharibəyə göndərənlərdir. Əsirlər tısbağaları tutaraq ətini bişirib yeyir, çanağından isə papiros üçün külqabı düzəldərək yerli əhali ilə ərzaq əvəzinə dəyişərdilər. Onlar uşaqlar üçün də müxtəlif oyuncaqlar düzəldərək ərzaqla dəyişərdilər. Fiziki cəhətdən zəif görünən bu bədbəxtlər hələ də müharibədən qalmış öz nimdaş geyimlərində və ayaqqabılarında gəzir, şəkililərin təbirilə desək, "cındırlarından cin ürkürdü". Ən təəcüblü görünən həm də bu idi ki, əsirləri aidiyyatı güc qüvvələrindən müşayiət edən olmurdu. Aralarında heykəltəraşlar da vardı. Ərsəyə gətirdikləri əsərlər, əsasən, şir heykəlləri parkların və müəssisələrin girişində qoyulardı. Onları həftədə bir dəfə mütəşəkkil qaydada Gəncəli məhəlləsinə giriş yollarından biri olan Körpü qulağı adlanan yerdə fəaliyyət göstərən "Dərə hamamı"na aparırdılar.

Yuxarıda bəzi minikyük maşınlarını qeyd etdim. Yerli əhalinin və təşkilatların istifadəsində "ZİS", "QAZ -51", 1,5 tonluq (əhali arasında bu maşına "Poltaratonka" deyirdilər) yük maşını, çox az miqdarda "Pobeda" və "Moskviç" minik maşınlarına rast gəlmək olardı. Sonralar Bakı Radio Zavodunun direktoru olmuş dostum Vaqif Cəlilovun atası, səliqəli geyimi və gözəl sifəti ilə yadımda qalmış Ələddin dayının idarə etdiyi qara "M -1" markalı avtomobil (şəkililər ona "Emadin" deyirdilər, ruscadan M-1, EM-odin sözünün təhrif olunmuş variantı) şəhər milis şöbəsinin rəisi, şəkililərin Alməmmədov adı ilə tanıdıqları Baladadaş Əliməmmədovun xidməti istifadəsində idi. Sonralar, 50-ci illərin ortalarında məşhur xalq təbabəti bilicisi Həkim babanın oğlanları və professor Əbdüləzəl Dəmirçizadənin yaxın qohumu Hikmət adlı birisi "ZİM" markalı bahalı minik avtomobilləri gətirdilər. Şəhərin Gəncəli məhəlləsində avtomobil sürücüləri məktəbi fəaliyyət göstərirdi. Məktəbdə sürücü peşəsini tonyarımlıq (poltaratonka) kuzovlu avtomobildə öyrədirdilər. Maşının arxa tərəfində təxminən 5 x 15 sm. həcmində kiçik dəmir lövhədə "Uçebnaya" sözü yazılmışdı. Sürücülüyü öyrədən məktəbin çox sərt görkəmli, ucaboy, enlikürək rus müəlliminə yerlilər nəvazişlə "Uçitel" deyə müraciət edirdilər. Bu məktəbdə yüzlərlə şəkili o vaxtlar üçün həsəd aparılan sənət kimi baxılan sürücülük peşəsinə yiyələndi.

Qoşqu vasitələri - at, qatır, kəl, eşşək qoşulan arabalar geniş istifadə olunurdu. Onların arasında bir atya eşşək qoşulan arabaya daşqa, iki at qoşulan arabaya isə durux deyirdilər. Daşqa ikitəkərli, durux isə dördtəkərli olurdu. Durux daşqadan iki dəfə uzun olurdu. Kəl arabalarından əsasən, kənd yerlərində istifadə edirdilər. Minik vasitələri arasında faytonların öz xüsusi yeri vardı. Faytonlardan həm xüsusi taksi kimi, həm gəlin gətirəndə, həm də idarə və təşkilatlarda xidməti minik vasitəsi kimi istifadə edirdilər. Dostum Akif Nəcəfovun dediyinə görə, bir sıra idarə və müəssisələrdə olduğu kimi onun atası - Şəki Şəhər Maliyyə Şöbəsinin müdiri Abbas Nəcəfov da xidməti faytondan istifadə edirdi. Zəngin, imkanlı insanlar birnəfərlik faytonlardan, yerli əhalinin təbirincə "odnaşka"dan (ruscadan "odinoçka" sözünün təhrif olunmuş variantı) istifadə edirdilər.

Şəkinin o dövrdəki mənzərəsini təsvir edərkən şəhərin suvarma - irriqasiya sistemi barədə bir neçə söz demək istəyirəm: Demək olar ki, əksər evlərin həyətində və məhəllələrdə içməli su bulaqları vardı. Bulaqları insanlar həyətlərinə öz hesablarına çəkdirir, küçədəki bulaqların isə bir hissəsi dövlətin, bir hissəsi isə ayrı-ayrı adamlar tərəfindən xeyriyyə, ehsan kimi meydana gəlirdi: valideynlər həyatdan nakam getmiş övladlarına, övladlar valideynlərinə, bəzi ailələr Böyük Vətən Müharibəsində həlak olmuş doğmalarının xatirəsinə öz hesablarına bulaq çəkdirirdilər. İçməli su əsasən, şəhərin Yuxarı Baş hissəsindən və Giləhli məhəlləsinin yuxarı tərəfindən - dağdan, məşhur vəkil, repressiya qurbanı Mustafabəy Əlibəyovun bağına qədər dulus borularla, oradan isə polad borularla şəhərə verilirdi. 1963-cü ildə Nuxa ipək kombinatı komsomol komitəsinin katibi vəzifəsində işləyən zaman dağın zirvəsindən gələn həmin boruların komsomolçu-gənclərin iştirakı ilə bərpasını təşkil etmişdik. Şəhərin Dodu adlanan hissəsində Kiş çayının suyundan istifadə edilərək 1935-ci ildə tikilib 15 min nəfərin iştirakı və nağara - zurna dəstinin müşayiətilə təntənəli şəkildə istifadəyə verilmiş elektrik stansiyasından çıxan su xüsusi qurğularla təmizlənib və dərmanlanıb şəhərin bir hissəsinə içməli su kimi verilirdi. Bu stansiyaya yerli dialektdə "gidro", onun yanındakı üzgüçülük hovuzlarına isə "suyacah" deyirdilər. Oğlan uşaqları üzməyi əsasən, burada öyrənirdilər. Şəhərin landşaftı nəzərə alınaraq mükəmməl su dəyirmanları sistemi yaradılmışdı və 9 dəyirman gecə-gündüz əhali üçün un istehsal edirdi. Kiş çayının suyu hesabına şəhərdəki məhəllələrin suvarılmasının tənzim edilməsi də məharətlə həll olunurdu. Bu işin tənzim edilməsilə xüsusi səriştəli insanlar - coharlar (merablar) məşğul olurdular. Məşhur cohar rəhmətlik Muxtar dayını yaxşı xatırlayıram.

Ən müxtəlif sənətkarların və peşə adamlarının fəaliyyəti şəhərin işgüzar mozaikasının maraqlı tərəfi, ayrılmaz hissəsi idi. Müxtəlif fəaliyyət adamları arasında qəssabları ayrıca qeyd etmək istəyirəm. Hətta "qəssablar məhəlləsi"adlanan məşhur bir məhəllə və "qəssab Vahablar" ləqəbini daşıyan bir nəsli də yaxşı tanıyırdım. Qəssab Vahab, oğlu qəssab Şirəli - onun oğlu Lütfəli müəllim orta məktəbdə fizika müəllimim olmuşdu. O həm də mahir folklor bilicisi idi. Qəssablara müraciətimiz həm də hekayəmizin əsas qəhrəmanının bu peşənin ad-san şıxarmış sahibi olması ilə əlaqədardır. Qəssabların işi həmişə və hər yerdə ən çox tələb olan peşə sayıla bilərdi. Həm də bu peşənin altına hər adam girə bilməzdi. Qəssabların arasında qətl törətmə hadisələrinin çox olması da cavabını tapmayan suallar sırasında dayanırdı. Mənim uşaqlıq illərimə təsadüf edən qəssablar tərəfindən törədilmiş azı beş belə qətl hadisəsi xatirimdədir. Bilmirəm, bəlkə bu, onların peşə xüsiyyətləri ilə bağlıdır. Axı hər gün canlı bir varlığın qanını axıtmaq xüsusi qəddarlıq, soyuqqanlıq və laqeydlik vərdişi yaratmırmı? Şəxsən mən bu uzun ömrümdə bir toyuğun başını kəsməyə, yaxud belə mənzərəyə baxmağa ürək etməmiş, özümdə cürət tapmamışam. Hər halda hesab edirəm ki, qəssablar xüsusi psixi durumu indiyədək psixoanalitiklər tərəfindən açılmamış və öyrənilməmiş bir məchul qurumdur. Və dediklərim onların ağır əməyinə qətiyyən kölgə salmaq niyyətini güdmür.

Şəki mətbəxi öz zənginliyi ilə məşhurdur və onun menyusunda ətdən hazırlanan yeməklərin ayrıca yeri vardır. Qoyun əti isə bu mətbəxin ən çox tələb olunan xammalıdır. Qoyunlar şəhərdə və kəndlərdə yetişdirilməklə yanaşı həm də çoxlu sayda və əsasən, dağ yolları ilə Şəki ilə həmsərhəd olan Dağıstandan, müəyyən qədər də Qərbi Azərbaycandan və Qarabağdan gətirilirdi. Qarabağ qoyunları iri quyruqları ilə fərqlənirdi. Onların bəziləri quyruqlarını gəzdirməkdə çətinlik çəkdiklərinə görə onu aparmaq üçün xüsusi olaraq düzəldilmiş kiçik arabalardan istifadə edilirdi. Qəssabların bir qismi kəsdikləri əti dövlət tərəfindən icazə verilmiş qaydalara uyğun olaraq öz dükanlarında satır, digər qismi icazəsiz qəssablıq edirdi. Bu isə o dövrdə qanunla sərt cəzalandırılırdı. Sarıtorpaq məhəlləsindən ŞakirPaşa, buradan təxminən 200 metr yuxarıda yaşayan Əhməd dayı, oğlanları Bəhram və Soltan (o sonralar daimi yaşamaq üçün Gəncəyə köçmüş qonşusu Ədilxan İlisuyskinin həyətini, torpaq sahəsini satın alaraq orada xüsusi ev tikmişdi), onların qonşusu Nemət, xalq arasında "dəri skladı"adlanan dəri aşılama məntəqəsinin yanında yaşayan Həsən, "Qədiroğlunun dükanı"nın qonşuluğunda yaşayan Qədir, Nazim, onlardan bir az yuxarıda məndən xeyli yaşlı məktəb yoldaşım olmuş Mirəli böyük qardaşı Əbdüləli ilə, Oxutlu qəssab Əyyub, Əli, Otaq eşiyi məhəlləsindən İsrafil dayı və Maqay, oradan bir az aralıda Dındılların Əfsər, Yuxarıbaşlı Rəsul, 10 saylı məktəbdən təxminən 150 m.yuxarıda yaşayan Mahmud, Gəncəli məhəlləsindən Məşədi Muxtar və başqaları bu peşənin ad-san çıxarmış təmsilçiləri sayılırdı.

Hekayəmizin qəhrəmanına keçiddən əvvəl qəssablarla bağlı eşitdiyim bəzi əhvalatları da oxucularla bölüşmək istəyirəm. Məncə burada dostum Akif Nəcəfovun nəql etdiyi bir əhvalatı elə olduğu kimi vermək yerinə düşərdi: "Qəssablarla əlaqədar bir hadisə xatırladım və Sizin üçün də maraqlı olacağına ümid etdiyimdən yazmağı qərara aldım: Şalikonun rəis (Şaliko Rüstəmov), mənim də baş mühəndis işlədiyim Şəki 6 saylı Texniki -İstismar Rabitə İdarəsində əvvəllər qəssab işləmiş, lakin rəqabətə davam gətirməmiş "Qəssab Əli" adlı birini sürücü kimi işə götürdük. Az müddətdə bir neçə dəfə qəza törətdiyindən, rəis Şalikonun məsləhəti və köməyi ilə Oğuz bazarında ət dükanına işə düzəldi. Heç bir həftə keçməmişdi ki, Oğuzdakı rabitəçilər xəbər verdilər ki, Əli həbs edilib və bizdən kömək istəyir. Dərhal Oğuz milis idarəsinə yollandıq. Orada bizə bildirdilər ki, Əlini yeni gəlmiş prokurorun əmri ilə tutublar. Prokurorluğa gəldiyimizdə məlum oldu ki, yeni prokuror Salikonun dostu imişonun Qəssab Əlinin yazıq, xəstə biri olduğunu və nə qəbahət işlətdiyi sualına prokurorun cavabını öz dilindən olduğu kimi qeyd edirəm: - Şaliko, üz vurma, bu əclaf mənim arvadıma sataşıb, ət alarkən bu gün nə bişirəcəyi ilə maraqlanıb.Yoldaş prokuror sözünü qurtarmamış ikimizqeyri-ixtiyari olaraq qəh-qəhə ilə gülməyə başladıqda, o lap özündən çıxdı. Güc-bəla ilə prokuroru başa sala bildik ki, Şəkidə bütün qəssabların ət alanlara mütləq verdiyi ilk sualdır, yəni bişiriləcək xörəyə görə ət verilməsi məqsədini güdür. Nə isə birtəhər Əlini qəzəbli prokurorun caynağından qurtardıq".

Digər bir əhvalatı isə qəssab Bəhramın öz dilindən eşitmişəm. Qəssab Bəhram mənim uzaq qonşum, peşəsinin bəlkə də ən məşhuru, pəhləvan cüssəli, enlikürək, sağlam sifətli, gülərüz, xoş xasiyyətli, həyatı sevən bir insan idi. Günlərin bir günü onun ürək infarktı keçirdiyi xəbəri yayıldı. Sağlamlığına görə bu xəbərə inanmayanlar da tapıldı. Bir müddət sonra sağaldığını eşitdik. Onun yaxın qonşuluğunda yaşamış qohumumun yas mərasimində bir təsadüf nəticəsində üzbəüz oturduq. Təbii ki, mən onun səhhəti ilə maraqlandıqda qayıtdı ki, ay Hikmət müəllim, bəs mən "Meşəbəyi" havasının vurğunu, dəlisiyəm, xüsusilə o havanı nağara-zurnada eşidəndə qanım qaynayır, sümüklərimdə iliyim də oynayır, doymuram o havadan... Yaxın qəssab dostumun oğlunun toy məclisinə çağırmışdılar. Toyu nağara-zurna dəsti idarə edirdi. Zurnaçıya yaxınlaşıb artıqlaması ilə "düşərgə"sini (pulunu) verərək "Meşəbəyi"ni sifariş etdim. Bu havaya toy müddətində fasilələrlə düz on dörd dəfə oynadım...Ayılanda özümü xəstəxanada, ağır vəziyyətdə gördüm...

İndi isə qəssabların ağsaqqalı və ən məşhuru sayılan Məşədi Muxtar haqqında xatirələrimi bölüşmək istəyirəm. Bu 10-12 yaşlarında olan bir uşağın yaddaşına həkk olunmuş xatirələrdir.

 

(Ardı var)

 

Hikmət ƏBDÜLHƏLİMOV

525-ci qəzet.- 2022.- 1 noyabr.- S.12;13.