İnsan ruhuna və milli tarixə
işıq salan yazıçı
Manaf
Süleymanov - 110
Bu il 110 illiyi qeyd edilən unudulmaz
yazıçı, tarixçi, tərcüməçi Manaf
Fərəc oğlu Süleymanov 1912-ci ildə Şamaxı qəzasının
Lahıc kəndində anadan olub. Hətta, bir az
da geniş götürsək, Manaf Süleymanovun kiçik Vətəni
- Rusiya imperiyası Bakı quberniyasının tərkibində
yerləşirdi. 1930-cu ildə Bakıda orta məktəbi
bitirən gənc abituriyent istiqamətini Azərbaycan Neft-Kimya
İnstitutundan salır və geoloji kəşfiyyat fakültəsini
fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ
mühəndisi ixtisasına yiyələnir. Sonradan ömür yolunu daha çox ədəbiyyatla
bağlayan M.Süleymanov öz əsas sənətindən də
ayrılmır. Dissertasiya müdafiə
edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi
alaraq yarım əsrdən artıq doğma institutunda müəllimlik
etməklə yanaşı, həm də öz peşə
bilgilərini, təcrübəsini böyük ədəbiyyatda
qələmi ilə sınaqdan çıxarır. Onun "bütün əsərləri istisnasız
olaraq dağ-mədən sahəsində, birinci növbədə
neft, neft mədənlərində çalışan
insanlardan bəhs edir".
Manaf Süleymanov dedikdə dərhal göz önünə
"Eşitdiklərim, oxuduqlarım, gördüklərim"
əsəri gəlsə də, onun
yaradıcılığı heç də məşhurlaşdığı
Bakı mühiti ilə məhdudlaşmır. Yazıçının
fəaliyyəti onlarla kitabın səhifələrini
aşıb işlədiyi arxiv materialları, bədii tərcümələri
ilə genişlənir, tanınır, möhkəmlənir.
M.Süleymanov ədəbiyyata 1947-ci ildə "Azərbaycan"
jurnalında dərc olunan "Yerin sirri" romanı ilə gəlmişdi. "Yerin sirri" 1948-ci ildə
kitab şəklində çap olunmuş, zaman-zaman təkrar
nəşrləri işıq üzü görmüş,
rus, alman, slovak, çex, rumın və digər
dillərə tərcümə edilmişdi. Əsərlə tanış olan A.Fadeyev ona yüksək qiymət
verərək, "nəhayət, neftçilərin həyatından
layiqli bir əsər çıxdı", - demişdi. Fadeyevin bu açıqlamasını yaxın dostu və
həmkarı Səməd Vurğun da bölüşür,
romandakı şərait amilinin deyil, insan faktorunun
qabardılaraq önə çəkilmisini
alqışlayırdı. Hətta, yerə-göyə
meydan oxuyan Mircəfər Bağırov da "Yerin sirri"
haqqında Mehdi Hüseynə, Əli Vəliyevə
demişdi: "Gördünüz Manafın əsərini? Əsl əsər belə olar". Neft, Bakı fəhləsinin salnaməsi ədəbiyyatımızda
kifayət qədər və layiqincə
işıqlandırılıb. Görkəmli
yazıçılarımız Məmməd Səid Ordubadi,
Mehdi Hüseyn, İmran Qasımov bu mövzuda epopeyalar
yaratmış, sözlə Bakı fəhləsinə heykəl
ucaltmışlar. Söz sahibləri üçün
daim cəzbedici və aktual olan bu mövzu Manaf Süleymanovu da
məşğul etmiş, hər iki sahənin professionalı
kimi entuziazmla "Yerin sirri"ni öyrənməyə
qalxmışdı. Akademik Nizami Cəfərov yazır:
"Süjet o qədər də mürəkkəb deyil -
hadisələr 30-cu, 40-cı illər üçün
xarakterik olan xoşbəxt sonluqla başa çatır, lakin əsərin
bədii yükü sületdə deyil, daha çox təfərrüatda
cəmləşmişdir". M.Süleymanovun
bu mövzuda yazan digər müəlliflərdən fərqi və
üstünlüyü o idi ki,
"yazıçılığa neftçilikdən" gəlmişdi.
Bakının neftli torpağı, neft kəşfiyyatçılarının
həyatı, dünyada ilk dəfə dərin qazma
üsulunun həyata keçirilməsi romanın süjet xəttini
təşkil edir. Gənc geoloq Zəki cəsarətli
və məsuliyyətli bir layihə ortaya qoyur. Nəticədə 5 km. dərinliyində qazılan
buruq fontan vurub "neft dənizi" əmələ gətirməklə,
gurultusu onlarla kilometr uzaqlarda eşidilir. "Sanki
kürreyi-ərzin içi qopub havaya atıldı; göy
üzünü qara bir pərdə örtdü. Havadan iri damcılarla, şiddətli neft
yağışı yağmağa başladı".
M.Süleymanovun ilk əsərinin,
özü də romanın ədəbi ictimaiyyət tərəfindən
bəyənilməsi gənc yazıçını daha
"sirri" öyrənməklə qane etməmiş,
sonralar "Fırtına"da "Dalğalar qoynuna"
atılaraq, "Zirvələr"i də fəth etməyə
ruhlandırmışdı. Mövzu
yazıçının qəlbinə, ruhuna o qədər
yaxın idi ki, qəvvas kimi dərinliklərə baş vurur,
rahatca "Fırtına"da "Dalğalar..."a
doğru üzürdü. Hətta, müəllif
ilk əsərinin qəhrəmanı olan Gülşənin
adını qızına vermiş, sevə-sevə
yaratdığı obrazı övladında
yaşatmışdı. "Dalğalar
qoynunda" dəniz neftçilərinin məşəqqətli
əməyindən, qəhrəmanlığından, fədakarlığından
bəhs edən bir istehsalat romanıdır. İstehsalat romanı janr kimi XX əsrin əvvəllərində
yaranmağa başlamışdı. Getdikcə
sovet ədəbiyyatında təşəkkül taparaq
yazıçıların ən çox müraciət etdikləri
mövzuya çevrildi. M.Süleymanovun da
"qələminə ən çox yatan mövzu qurub-yaradan
adamların ömür-günü" idi. Ədibin ilk romanında olduğu kimi "burada da əsərin
bədii gücü təfərrüatdadır". Yazıçı heç nəyin üzərindən
saymazyana keçmir, göstərmək istədiyini göstərir,
çatdırmaq istədiyini çatdırır. "O
kağız-kuğuz olmasa da, mən incinar olmasam da, bilirəm
ki, bizim dənizdə güclü neft var. Gəmi ilə
gedib-qayıdanda hara baxırsan suyun üstü, cəzirələr
neftdir, qazdır. Dəniz qırağından
yüz, iki yüz mil uzaqda neft üzür, qaz qaynayır".
Burada artıq geoloq-mineraloq M.Süleymanov
danışır. "Gəmiçilər
əvvəllər sahilə yaxınlaşanda Qız
qalasını tuş götürürdülər, indi isə
Hökumət evinə səmt alırlar" - deyəndə
isə yazıçı duyğusallığı üzə
çıxır.
1960-cı ildə ədib "Fırtına"
romanını yazır. Qasırğa quruda, fırtına dənizdə
olur. Atmosferdə baş verən hər
hansı çalxalanma ilə, lap maqnit qasırğası
olsun, qarşılaşmaqdan hər kəs qaçsa da, ədəbiyyat
və incəsənətdə həqiqətən
"Fırtına" qoparan əsərlər kifayət qədərdir.
Dahi Şekspirdən başlamış rus ədəbiyyatının
qızıl, gümüş dövrünün demək olar
bütün nümayəndələri, türk poeziyası
daxil dağıdıcı külək yağışla,
qarla birləşib sətirlərdə tufan qoparır.
Romanda "fırtınalar qoparsa-qopsun" deyib
"sürüklənməkdən" qorxmayan, daim
ölüm təhlükəsi ilə üzbəüz qalan, Xəzərin
ağır "xasiyyəti" qarşısında səbr,
səbat göstərib neft çıxaranların hünərvər
əməyi təsvir və vəsf edilir. Zaman - müharibəsonrası,
məkan - açıq dəniz, dəli dalğaların qoynu.
Dünənki cəbhəçilər bu
günün əmək qəhrəmanlarıdır.
Burada usta, mühəndis, fəhlə ayrı-seçkiliyi
yoxdur. Hamının məqsədi - altı
"nöyüt, döylət" olan mədənlərdən,
neft təbəqələrindən itkisiz neft hasil etmək idi.
Roman personajlarla zəngindir. Usta Piri, Qulam
İskəndərzadə, Qurban Hacıyev, gənc fəhlələr
- Rövşən, Gülər, Firəngiz, Əhməd-Tovuz
cütlüyü... Hər bir obraz, xarakter əsərin
mükəmməlliyinə, çatışmayan
epizodların, nüansların tamamlanmasına xidmət edir.
Usta Piri surəti haradasa müəllifin
özü ilə uzlaşır. Onun dəniz,
neft, qazma barədə bilmədiyi bir şey yoxdur. Təpədən-dırnağa neftçidir. Hətta, yapışqanı axtaranda da, "nə
oldu, o zəhrimara qalmış yapışqan? Hazır olmadı? Quyudan-zaddan
çıxır?" - deyir. Və bu elmini, təcrübəsini gənc nəslə
yadigar qoymaq üçün kitab yazır. Gördüyü çətinliklərdən, ləğv
etdiyi avariyalardan, xilas olduğu yanğından, qəzadan
"namə" bağlayır. Yazıçı
istehsalat mövzusunu Daşkəsən filizçilərinin
iş-fəaliyyəti ilə davam etdirir. "Zirvələrdə"
belə yaranır.
"Eşitdiklərim,
oxuduqlarım, gördüklərim..." Sovet
hökumətinin dirəklərinin laxladığı,
süqutuna doğru gedən bir zamanda yazılmışdı.
1984-cü ildə "Azərbaycan"
jurnalında çap edilmiş, dərhal da yaxşı mənada
böyük ajiotaj yaratmışdı. Digər
adı "Günlər keçdi" olan bu bu tarixi
oçerk 1987-ci ildə kitab kimi nəşr olundu və əl-əl
gəzdi. Hamı bu kitaba
"yoluxmuşdu". Əsər inqilab dövründə
"neft və milyonlar səltənətində" baş
verən hadisələrdən, Bakı neftinin tarixindən,
varlanmaq üçün dünyanın bir çox sənət,
peşə sahiblərinin buraya axışmasından, mənsəb
və dövlət sahib olub "qızıl
qırmaq"larından, "təzadlar şəhəri"nin milyonçularından və dilənçilərindən
söhbət açır və dövr haqqında geniş təsəvvür
yaradır. Kitabda mövzuya, dövrə aid elə
bir böyük, ya kiçik məsələ, hadisə, ya
nüans yoxdur ki, M.Süleymanov onun üstündən
sükutla keçsin, epizodik ya dərindən toxunmasın.
Əsər "millətə azacıq da olsa
istiqlal dadızdıran" Cümhuriyyətin süqutu və
Qızıl Ordunun Bakını işğal etməsi ilə
başa çatır. Təbii ki, 1984-cü ildə həm
zamandan, bəlkə də əqidəsindən dolayı
M.Süleymanov əsərinin sonunu tamam başqa tərəfə
- "sabaha açılan pəncərəyə", şərqin
işıqlı səhərinə aparır... Əsərdə
Şaumyan da öz "qəhrəman statusunda"dır,
Bakı qırğınlarında 15 min azərbaycanlını
qətl edəndən sonra cəsədlərin üstündə
"bir-iki, Bakı oldu bizimki" oxuyan daşnaklarla da əsərdə
onun heç bir əlaqəsi yoxdur. Bu
yazdıqlarım nə qınaqdır, nə başqa bir
şey, sadəcə faktdır. Düşünmürəm
ki, M.Süleymanovun bunlardan xəbəri olmamış olsun... Təbii
ki, işin içində olan adam kimi
bilirdi. Lakin Sovet hökumətinin
yaratdığı ermənilərin özləri kimi qondarma
Azərbaycan-hayastan dostluğunun fonunda əsl həqiqəti nə
qələmə ala, nə də dilə gətirə bilərdi.
Baxmayaraq ki, bütövlükdə Azərbaycan
əleyhinə yazılmış, xalqımızın hissləri
ilə oynayan, sırf təxribat məqsədi daşıyan
"Ocaq" artıq kitab şəklində nəşr olunub
yayılmışdı. İndiyə qədər
canımızdan çıxmayan ağrı-acılarımıza
da cəmi 4 il qalırdı. Amma H.Z.Tağıyev daha "Döyüşən
şəhər"dəki Hacı deyil. Macəraçı
obrazından qurtulmuş nüfuzlu dövlət və iş
adamı, xeyriyyəçi, millətini sevən, onun çətinini
asan edən, eyni zamanda, şəxsiyyətini qoruyan bir vətənpərvərdir.
(Ardı var)
Dilarə ADİLGİL
525-ci qəzet.-
2022.- 1 noyabr.- S.11.