Azərbaycan dilçiliyinin yeni uğuru
Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi adına
Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası
şöbəsinin 2022-ci ildə hazırladığı
"Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur
dialektoloji atlası" Azərbaycan dilçiliyinin növbəti
uğurudur. Atlasın Şuşa ilində
nəşr olunması xüsusi anlam daşıyır, simvolik
məna kəsb edir. Şuşa ilinə həsr
olunan bu atlas Azərbaycan Ordusunun erməni qəsbkarları
üzərindəki tarixi zəfərinə möhtəşəm
bir töhfədir. Azərbaycan əsgərinin
səngərlərdə, döyüş meydanlarında
göstərdiyi şücaətə dialektoloqlarımız
öz araşdırma-ları ilə layiqli qarşılıq
vermişlər. Dövlətimiz
üçün çox böyük strateji əhəmiyyəti
olan bu atlas Qarabağ və Şərqi Zəngəzur bölgələrinin
dialektoloji materiallarını müfəssəl şəkildə
özündə əks etdirir. Dialektoloji
atlas yüksək keyfiyyətlə və nəfis biçimdə
çap olunmuşdur. Dörd dildə: Azərbaycan,
türk, rus və ingilis dillərində nəşr olunan bu
atlas Qarabağ və Şərqi Zəngəzur bölgələrinin
dil izoqloslarını özündə ehtiva edir. Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan
dialektologiyası şöbəsinin müdiri, istedadlı
dilçi, filologiya üzrə fəlsəfə doktoru, dosent
Kifayət İmamquliyevanın rəhbərliyi altında
hazırlanan bu atlas böyük və gərgin əməyin nəticəsi
kimi reallaşmışdır.
Azərbaycanda dialektoloji araşdırmaların
şanlı tarixi var. Vaxtilə akademik Məmmədağa
Şirəliyevin rəhbərliyi ilə Azərbaycan
dialektoloji atlasının hazırlanması istiqamətində
işlər aparılmışdır. İndiyə
qədər Azərbaycan dilçiləri bir çox ilklərə
imza atmışlar. Belə işlərdən
biri də dialektoloji atlasların hazırlanmasıdır.
Məlumdur ki, dialektoloji atlaslar dilçilik
coğrafiyası üçün ən mühüm
qaynaqlardan biri hesab olunur. Dilçiliklə
coğrafiyanın kəsişmə nöqtəsi olan
dialektoloji atlaslar dil faktlarının yayılma
areallarını əyani şəkildə inikas etdirir. Dialektoloji atlasda dialekt və şivə
faktlarının yayılma sahəsi təsbit olunur. Keçmiş Sovetlər Birliyində və
türkdilli ölkələr arasında dialektoloji atlasların
yaradılması təcrübəsi ilk dəfə məhz Azərbaycan
dilçiliyi ilə bağlıdır. Hələ
1990-cı ildə Azərbaycanda ilk dialektoloji atlasın nəşr
olunması dünya linqvistikasında böyük tarixi hadisə
idi.
Hal-hazırda Azərbaycan dialektologiyası şöbəsinin
əməkdaşları bu varislik ənənələrini
uğurla və fədakarlıqla davam etdirirlər. Atlasda 692
yaşayış məntəqəsi
kodlaşdırılmışdır. "Azərbaycan
dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji
atlası"nın tərtibçiləri: filologiya üzrə
fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva,
filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədov,
filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra
Quliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent
Qüdsiyyə Qəmbərova, filologiya üzrə fəlsəfə
doktoru Səkinə Şərifova və filologiya üzrə fəlsəfə
doktoru, dosent Güntəkin Binnətovadır. Atlasın
rus və ingilis dillərinə tərcüməçisi
filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən
Axundova, türk dilinə tərcüməçisi isə
filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra
Quliyevadır. Atlasın məsul redaktoru Nəsimi adına Dilçilik İnstitutunun baş
direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.
Bu böyük strateji əhəmiyyətli atlası ərsəyə
gətirən dialektoloqlarımız Azərbaycan aliminin şərəfli
adını bir daha ucaltmış, dilçilik tariximizə
öz möhürlərini vurmuş, vaxtilə əsası
akademik Məmmədağa Şirəliyev tərəfindən
qoyulan Azərbaycan dialektologiyası məktəbinin
adını zirvələrə qaldırmışlar. Bu atlasdan öncə
şöbə əməkdaşları 2015-ci ildə "Azərbaycan
dilinin Naxçıvan dialektoloji atlası"nı
nəşr etdirmişlər. Həmin atlas
müstəqillik dönəmində Azərbaycan
dialektologiyası sahəsində ən sanballı
araşdırmalardan biri hesab oluna bilər.
"Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur
dialektoloji atlası"nın "Xalqın tarixi onun ana dilindədir"
adlı giriş hissəsində, filologiya üzrə fəlsəfə
doktoru, dosent Kifayət İmamquliyeva erməni qəsbkarlarının
daima Zəngəzur bölgəsində və tarixi Qarabağ
mahalında türk izini silməyə
çalışması haqqında müfəssəl məlumat
verir. Bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır və
atlasdakı zəngin dil faktları Azərbaycan türklərinin
Zəngəzur və Qarabağ ərazilərinin aborigen sakinləri
olduqlarını bir daha sübut edir.
Atlas Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ana dili
haqqında olan fikri ilə başlayır: "Əsrlər
boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan
dilidir". Bu epiqraf atlasın ümumi
konsepsiyasını tam ifadə edir.
Qeyd edək ki, atlasın hazırlanması prosesi 2015-ci
ildən başlanılmışdı. Yeddi illik gərgin
əməyin nəticəsi olan atlas dilçiliyimiz, tariximiz,
etnoqrafiyamız üçün çox mötəbər mənbədir.
Yeddi il ərzində şöbə əməkdaşları
respublika ərazisində müxtəlif bölgələrdə
məskunlaşmış məcburi köçkünlərlə
görüşərək dialekt materialları
toplamış, informatorlarla söhbətlər
aparmışlar. 44 günlük II Qarabağ
müharibəsində - Vətən müharibəsində əldə
edilən tarixi qələbəmizə dialektoloqlarımız
öz fədakar əməkləri ilə layiqli töhfə
vermişlər. Dialektoloqlar Bərdə, Ağcabədi,
Beyləqan, Gəncə, Tərtər, Füzuli, Ağdam və
s. rayonlarda məskunlaşmış köçkün ailələri
ilə görüşərək dialekt materialları əldə
ediblər və bu materiallar atlasda öz əksini tapıb. Şöbə əməkdaşları 2015-2021-ci
illər ərzində bölgələrimizə dialektoloji
ekspedisiyalar təşkil edərək dilçiliyimiz
üçün əvəzsiz linqvistik faktlar
yığmışlar. Nəhayət, 2022-ci ildə,
iftixar və qürur hissi ilə yaşadığımız Şuşa ilində bu gərgin əməyin nəticəsi
olan belə bir fundamental dialektoloji atlas ərsəyə gəlib.
Dialektoloji
atlasda Xocalı, Ağdam, Zəngilan, Şuşa, Füzuli,
Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Tərtər,
Xocalı, Bərdə, Ağcabədi, Cəbrayıl
rayonlarına aid dialekt və şivə materialları xəritələr
şəklində verilib. Atlasda hər bir dil izoqlosu müfəssəl şəkildə
əks olunmuş, dil faktları dərindən izah edilib.
Müzəffər ordumuzun müzəffər Ali Baş
Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin gördüyü möhtəşəm işlərə
mənəvi dəstək olaraq Azərbaycan
dialektologiyası şöbəsinin əməkdaşları
çox çətin bir işin öhdəsindən
uğurla gəlib, dilçilik elmimizə gözəl bir əsər
bəxş ediblər.
Atlasda hər bir dil faktına həssaslıqla
yanaşılıb, dərin analitik şərhlər verilib.
Fonetik səviyyədə olan dil
faktları içərisində mövcud səs keçidləri
diqqəti cəlb edir. Atlasda fonetik hadisələrin
transkripsiyalar şəklində verilməsi areallar üzrə
fonoloji oppozisiyaları, səs korrelyatlarını, kombinator dəyişmələri
izləməyə tam imkan verir. Bu əvəzsiz
mənbədə qeyd olunan səs keçidləri Azərbaycan
dilinin tarixi fonetikasının yenidən dəyərləndirilməsinə
şərait yaradır. Atlasdakı xəritələrdə
əksini tapan b-m (buna - muna tipli), q-k, t-d keçidləri qədim
fonetik xüsusiyyətlərin bu bölgələrdə
mühafizə olunduğunu sübut edir. Qarabağ
və Şərqi Zəngəzur dialekt və şivələrində
müşahidə olunan fonetik səciyyəli hadisələr
dilimizin arxitektonikası, fonoloji mahiyyəti, fonotaktikası
haqqında tam təsəvvür formalaşdırır. Leksik səviyyədə olan dil izoqloslarında
omonimliyin çox olması diqqəti cəlb edir. Məsələn,
211-ci xəritədə qədim türk sözü olan aba
lekseminin Qarabağ və Şərqi Zəngəzur bölgələrində
yeddi mənada işlənməsi bu arealın xalqımız və dilimiz
üçün necə dəyərli olduğunu bir daha isbat
edir. Çünki hətta bir qədim
sözün tarixinə ekskurs etməklə yüzlərlə
analoji linqvistik faktı müəyyənləşdirmək
mümkündür. Beləliklə, atlas
ilk növbədə, dil tariximiz üçün əvəzsiz
bilgilər verir.
Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki spesifik dialekt və şivə xüsusiyyətlərini kompleks şəkildə əks etdirən atlas özünün orijinal tərtibatı ilə də fərqlənir. Atlasda verilən 278 xəritənin hər biri dilçilik coğrafiyası üçün qiymətli mənbə hesab oluna bilər. Fonetikaya aid 69 xəritədən ibarət olan hissədə verilən səs dəyişmələri həm anlautda, həm də intervokal mövqedə dialekt fonetikasının səciyyəvi cəhətlərini üzə çıxardır. Burada dilimizin qədim fonetik xüsusiyyətlərini yaşadan sağır nun səsinin işlənmə variantları da qeyd edilmişdir. Atlasda mağa, sağa biçimlərinin verilməsi bu arealda sağır nun səsinin reliktinin qorunduğunu göstərir. Atlasda fonemlərin variantlar şəklində verilməsi fonetik variasiyaların Qarabağ və Şərqi Zəngəzur bölgələrində geniş yayıldığını isbat edir. Morfologiyaya aid xəritələr müxtəlif nitq hissələrinin qrammatik əlamətlərini kompleks şəkildə müəyyənləşdirməyə imkan verir. Məlumdur ki, ədəbi dillə müqayisədə, dialekt və şivələr dilin qədim xüsusiyyətlərini, arxaik əlamət-lərini daha çox mühafizə edir. Dialekt faktları hər bir dilin ən arxaik qatının reliktini əks etdirir. Bu baxımdan "Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası"ndakı linqvistik faktlar dilimizin qədim tarixinə ekskurs etmək baxımından da çox dəyərlidir. Atlasdakı materiallar Azərbaycan xalqının linqvokulturologiyası haqqında geniş məlumat verir. Çünki hər bir dil faktının arxasında həmin dilin mənsub olduğu etnosun kulturoloji, etnik təfəkkürü dayanır. Bu dialektoloji atlas nəinki zəngin dil materiallarını ehtiva edir, eləcə də zəngin etnoqrafik mənbə kimi çox dəyərli və əhəmiyyətlidir. Atlasdakı məlumatlar Azərbaycan xalqının etnoqrafik xüsusiyyətlərini hərtərəfli əks etdirir. Atlasda Qarabağ və Şərqi Zəngəzur bölgələrində dialekt faktlarının həm fonetik, həm morfoloji, həm leksik, həm də sintaktik səviyyələrdə yayılma arealları öz əksini tapıb. Burada, həmçinin, Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan tarixi-memarlıq abidələrinin fotoşəkilləri verilib, ərazinin ümumi etnoqrafik mənzərəsi canlandırılıb, arealın əsrarəngiz təbii landşaftı əks olunub. Atlasdakı xəritələr Kəlbəcər, Laçın, Qubadlı, Tərtər, Zəngilan, Ağdam, Cəbrayıl, Ağcabədi, Xocalı, Füzuli, Bərdə, Xocavənd, Şuşa rayonlarının sakinlərinin nitqlərindən əldə edilmiş dialektoloji materiallara əsaslanır və bu faktlar Azərbaycan dilinin dialektoloji bazasının zənginliyini göstərir.
"Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası" 2013-cü ildə qəbul olunmuş Dövlət Proqramı əsasında hazırlanıb. Atlasdakı qiymətli dil faktları sübut edir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində Azərbaycan dilinin türk layı yüksək səviyyədə qorunub. Bu atlas erməni vandallarının viranə qoyduğu Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan quruculuq işlərinə Azərbaycan dilçilərinin növbəti töhfəsidir. Çiçəklənməkdə olan Qarabağ və Şərqi Zəngəzur bölgələri dövlətimizin apardığı uğurlu və müdrik siyasət nəticəsində öz əvvəlki simasını tam bərpa edəcəkdir.
"Azərbaycan dilinin Qarabağ
və Şərqi Zəngəzur dialektoloji
atlası"nın disk variantları da hazırlanıb və
elektron atlas oxucuların ixtiyarına verilib. İnanırıq
ki, elmi mühitimiz Azərbaycan dialektoloqlarının gərgin
əməyinin nəticəsi olan bu atlası yüksək dəyərləndirəcək.
"Elm və təhsil" nəşriyyatında nəfis
şəkildə çap olunan "Azərbaycan dilinin
Qarabağ və Şərqi Zəngəzur dialektoloji
atlası" təkcə Nəsimi adına Dilçilik
İnstitutunun deyil, bütövlükdə Azərbaycan elminin
uğurudur.
Baba
MƏHƏRRƏMLİ
AMEA
Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər
üzrə direktor müavini, filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci
qəzet.- 2022.- 1 noyabr.- S.10.