Hər axşam

 

Esse

 

 

Aysu metrodan çıxanda ağacın arxasına daldalanaraq onu gözləyən adamı ağlına belə gətirə bilməzdi.

İnsanı, ələlxüsus da gənc qızları gözləyən hadisə tində, kol dibində ya elə Aysunu gözləyən oğlan kimi ağacın dalında pusquda durub qəflətən aşkara çıxır.

Bəli, çox zaman insanın gözlədiyi olmur, ağacın arxasında gizlənən olur.

, Aysu, metronun pilləkənli çıxışından bu axşam da, işdən sonra həmişə çıxdığı vaxt çıxdı ətrafdakı sərnişinlərdən aralanaraq üz qoydu ağaclıqdan keçən cığıra. Ağaclığın o başında səki uzanmışdı, səkinin qurtardığı yerdə isə onun evi yerləşirdi. Evdə onu əri yox... anası gözləyirdi.

Ağaclığın ortasına çatan Aysu sanki yaxınlıqda hənirti hiss etdi. Duruxsunub səksəkəli tərzdə ətrafa boylandı. İns-cins yox idi.

Aysu addımlarını bir az da yeyinlətdi.

Beş addım getmişdi ki, sol tərəfdəki ağacın arxasından yarıkeçəl oğlan çıxıb qızın önündə durdu.

Aysu qorxdu, amma özünü itirmədi, oğlanın yanından ağacın yanından keçən kimi keçib yoluna davam etdi.

Oğlan cəld tərpənib, yolabələd yolyoldaşı kimi onun yanına düşdü.

Aysu sürətlə addımladıqca o da sürətini artırdı, Aysu yavaşıdıqca o da addımlarını yavaşıtdı.

Oğlan qəflətən başını çevirib Aysunun profilinə zilləndi.

- Səninlə tanış olmaq olar?

- Səninlə yox, Sizinlə.

- Səndən başqa burda kimsə var ki?! - oğlan ətrafa boylandı.

- Mən ailəli qadınam. - Aysu oğlandan üzülsün deyə, yalan dedi.

- Ailəlisənsə, bəs niyə barmağında üzük yoxdur?

- Üzük taxmıram.

- Demək ərini sevmirsən...

- Sevirəm.

- Sevsən, onun üzüyünü barmağından çıxarmazdın.

- Bunun sənə dəxili?

- Dəxili var.

- Yoxdur.

- Var, çünki mən səni çoxdan izləyirəm, bilirəm, hər axşam eyni vaxtda burdan keçirsən. Hələ sənin barmağında üzük görmüşəm, yanında kişi...

- Sənin başqa işin yoxdur ki, hər axşam məni izləyirsən?

- İzləmirəm, sənin yolunu gözləyirəm.

- Çox nahaq.

- Onu hələ bilmək olmaz...

- Mən artıq bilirəm.

Aysu qəflətən ayaq saxlayıb sərt baxışlarla oğlanın üzünə zilləndi.

- Bura mənim məhləmdir.

- Bilirəm.

- Səni yanımda görən olar, yaxşı deyil... Bir bizim məhlənin oğlanları dəliqanlıdırlar, sənin üçün pis ola bilər...

- Mən heç kəsdən qorxmuram.

- Bir qənşərimə çıxsan, qorxmadığını sənə göstərərlər...

Aysu dönüb sərt addımlarla yoluna davam etdi. Oğlan yerində qaldı.

Bu, bir neçə axşam eyni məkanda, eyni zamanda təkrarlandı.

Qızla oğlanın arasında olan söhbət (nişan üzüyünə aid hissəsini çıxmaq şərtiylə) eyniydi deyə, təkrarlayıb oxucunu yormaq istəmirəm.

Aysu hər axşam ağaclığın sıx yerində oğlanın qabağına çıxmasını əndişə içində gözləyirdi hər axşam gah ürəyində, gah da dodaqlarında pıçıldayaraq Allaha yalvarırdı ki, bu oğlan onun yoluna bir daha çıxmasın.

Hər şey Allahın əlində deyilmi? O istəsə, çıxmaz, istəsə, oğlanın yolunu uzaqdan salar, istəsə, buraları tamam unutdurar.- bu Aysunun metro düşüncələri idi.

Bir axşam oğlan doğrudan da Aysunun qənşərinə çıxmadı.

Aysu ağaclıqda həmin yerə çatanda, həmişəki kimi ürəyi sürətlə döyünməyə başladı. Oğlanın həmin an haradansa peyda olacağını güman elədi. Amma gümanı doğrulmadı.

Aysu bəlli yerdən bir-iki addım aralanıb ayaq saxladı, dönüb ətrafa, arxaya boylandı. Oğlan gözə dəymirdi.

Aysu "Allaha şükür" desə , həmin an ürəyinin dərinliyində hiss etdi ki, nəsə, çox vacib bir şey çatışmır. Sanki qayda pozuldu, sanki həyatın tarazlığı alt-üst oldu.

Aysu bir az gedib yenə arxaya boylandı. Oğlan yox idi, hər ağacın arxasından cansıxıcı bir boşluq baxırdı.

Oğlan sonrakı gün onun qarşısına çıxmadı, sonrakı həftə , sonrakı ay da...

Ağaclar hər axşam günahkar adamlar kimi durub başını aşağı salıb gedən Aysunun arxasınca baxırdılar.

Aysu get-gedə artıq onu, o xoş əndişəli axşamları unutmağa başlamışdı.

Bir axşam yenə işdən yorğun-arğın qayıdarkən ağaclığın tən ortasında tanış hənirtini hiss etdi. Addımlarını yavaşıdaraq həmin ağaca tərəf baxdı.

Bu an oğlan onun qənşərində peyda oldu.

Aysu əvvəlcə diksindi. Ürəyini çulğayan hissləri gizlədərək özünü toxtatdı:

- Harda itib-batmışdın?

- Məni gözləyirdin?

- Gözləyirdim yox bir...

- Gözləmirdinsə itib-batdığımı necə bildin?

- Onu bilməyə nə var, gördüm, cinbat olmusan...

- Cinbat olmamışdım...

- Bəs harda idin? Gözə dəymirdin...

- İş götürmüşdüm.

- Nə?

- Ağır idi... Gecəmi gündüzümə qatdım, işlədim... Sənə nişan üzüyü aldım... (əlindəki balaca qutunun ağzını açdı) toyumuz üçün vəsait də topladım...

Oğlan qutudan qəşəng  bir üzük çıxarıb Aysuya sarı uzatdı.

Aysu qeyri-ixtiyari (bunun necə baş verdiyini özü də bilmədi) sağ əlini irəli tutdu...

Oğlan üzüyü onun barmağına taxdı.

Sonra (bir ömür boyu) hər axşam Aysunun yolunu gözlədi... Gözlədi ki, onun qənşərinə bir başqası çıxmasın.

 

İmir MƏMMƏDLİ

 

525-ci qəzet.- 2022.- 2 noyabr.- S.16.