İnsan ruhuna və milli tarixə işıq salan yazıçı

 

(Əvvəli ötən sayımızda)

 

XX əsrin əvvəllərinin Bakısı bir çox əsərlərin, filmlərin süjetində öz əksini tapıb. "Əli və Nino"da, M.S.Ordubadinin "Gizli Bakı", "Döyüşən şəhər", Mehdi Hüseynin "Səhər" romanlarında, "Son iclas" filmində... Lakin M.Süleymanovun bu tarixi oçerkində isə bütün bu əsərlərdə ayrı-ayrılıqda təsvir edilən hadisələr bir yerdə və xronologiya gözlənilməklə əks etdirilmişdir.

"Şubanı dağındakı Atəşgah məbədi atəşpərəstlərin ən böyük, ən müqəddəs ziyarətgahı hesab edilirmiş. Şubanı Atəşgahını ötən əsrin axırlarında dağıdırlar". Qurd qapısı aşırımından 5-10 km. aralıda qərar tutan Şubanı dağlarının adı Bakının məhrəmi kimi onun tarixinə aid sənədlərdə, təsvir edildiyi bədii əsərlərdə mütləq keçir, boz silueti görünür. Bakı şəhərinin mövqeyinin təsviri sanki görüntülüdür: "Limanın sahili şərqdə Zığ burnundan başlayıb, qərbdə Şıx burnuna qədər uzanır".

Əsərdə şəhərin bağlarından - "Malağan", Quru bağ (Parapet) və əlbəttə ki, Bakının ən qədim parkı Qubernator bağından danışılır. O Qubernator bağı ki, salınması üçün "Bakı şəhər komendantı Lənkəran və İrandan Bakıya gələn bütün gəmilərin yiyələrini və kapitanları bir neçə çuval qara torpaq gətirməyə vadar edərdi; əmri yerinə yetirməyənlərdən cərimə alınardı". Qurban Səid "Əli və Nino"da Qubernator bağını "üstü böyük səhranın qumu ilə örtülmüş" ərazi adlandıranda məhz həmin qumsallığı nəzərdə tuturdu. Bu bağ belə əziyyətlə salınmışdı. İki qala divarı arasında yerləşən bağ-bağça uzun müddət Bakıda yeganə istirahət parkı olaraq qalırdı. Nino da Əli ilə 1918-ci ildə məhz burada vədələşmiş, "saat beşdə Qubernator bağının gölməçəsi yanında ", - deyə görüş təyin etmişdi. Köhnə bakılıların "Goburnat bağı" adlandırdıqları bugünki Filarmoniyanın bağını mən nə üçünsə İstanbulun Gülhanə parkına bənzədirəm. Dənizə çıxışı olduğundanmı, bədii əsərlərdə göründüyündəmi, ya da hər iki səbəbdən... Elə park kimi xalqa açılması da aşağı-yuxarı Qubernator bağı ilə eyni vaxta düşür.

"Eşitdiklərim..."ə qədər də tanınmış yazıçı olan M.Süleymanovun bu əsərdən sonra ulduzu daha gur parlayır. O, bütün yaradıcılığı boyu həyatının şah əsərinə doğru gedirdi, işləyirdi, material toplayırdı, arxivlərdə düşüb qalırdı, lakin heç kimə heç nə demirdi. Qorxurdu gözündən salarlar, qorxudarlar, əli soyuyar, ruhdan düşər, 30 illik zəhməti heç olar. Çünki belə bir əsər yazmaq cəsarət istəyir. İlklərin ilki olmaq asan iş deyil. Amma insan, özü də yazıçı, söz demək istəyirsə mütləq deyir. Əsas odur, deməyə sözün olsun.

Əsər tanışdırıcı fraqmentlərlə başlayır. Hadisələr Bakının köhnə məhəllələrində cərəyan edir, Birinci Dünya Müharibəsini adlayıb 28 aprelə qədər qarma-qarışıq, mürəkkəb yol gedir. "Gündən-günə böyüyən şəhərdə üfunətdən nəfəs almaq olmurdu. Bir yandan havanı korlayır, digər tərəfdən yoluxucu xəstəliklərin yayılmasına səbəb olurdu. Bunları nəzərə alıb 1878-ci ildə ümumu kanalizasiyanı çəkməyə başlayırlar". Getdikcə Bakı şəhər şəkli almağa başlayır. Küçə fənərlərinin sayı artır, "dərə-təpəlikdən ibarət olan şəhər küçələrini tarazlamağa, səki və küçələri düzəltməyə icazə verilir. Məhəllələrdə süpürgəçilər qoyulur". Əsərdə sözügedən dövrün Bakısı hər hansı tərəfdən baxsaq, yaşamaq üçün normal demirəm, heç ortabab da olmayıb. Milyonçular, bir ovuc ziyalı, bir az da əli iş tutan sənətkarları çıxsaq, orta və aşağı təbəqə ağır vəziyyətdə yaşayırdı. Amma bütün bunlara baxmayaraq, həmin illər sonrakı nəsillər üçün həmişə maraqlı olub, ədəbiyyatda, incəsənətdə dönə-dönə qayıdılıb, müraciət olunub. Yəqin ki, tariximizin taleyüklü hadisələri bu dönəmdə baş verdiyindən, müqəddəratımız məhz bu illərdə həll edildiyindəndir.

Əsərin dili də maraqlıdır və diqqət çəkir. "Hacı Zeynalabdin Tağıyev ortada, qubernator bir tərəfində, şəhər bələdiyyə rəisi digər tərəfində lll Aleksandra yaxınlaşırlar. Hacı xoşamədi deyir". Zamanın özü kimi sadə, bəzək-düzəksiz xalq dili təhkiyəyə uyğun olub, əsərin qiraətini sağlayır.

Bütün şüurlu ömrünü tədqiqata sərf edən M.Süleymanovu müasirləri canlı tarix də adlandırırdılar, gəzən ensiklopediya da, tozlu arxiv də... Onun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." əsəri XlX əsrin sonu, XX əsrin əvvəlinin Bakısını öyrənmək üçün zəngin mənbədir. Əsərdə neft maqnatı Murtuza Muxtarovla usta Pirinin maraqlı dialoqu var. Bu "Fırtına" romanındakı məşhur neftçi Piri Quliyevdir.

Zaman keçir... M.Süleymanovdan təsirlənənlər, yeni salnaməçilər, Bakışünaslar peyda olur... Əsəri yaradan müəllif olsa da, onun sonrakı taleyi cəmiyyətə nə qədər yararlı olmasından asılıdır. Zamanın keşməkeşindən çıxa biləcəkmi? Düşünürəm ki, bu sualın cavabı müsbətdir və əsərin aqibəti barədə nigarançılığa əsas yoxdur. M.Süleymanov Bakının tarixinə dair elə mükəmməl bir əsər yaratmışdır ki, sonrakı cəhdlər hələ ki, kölgədə qalır, parodiyanın parodiyasına bənzəyir. 2019-cu ildə Bakı Kitab Mərkəzi ən çox satılan kitabların siyahısını təqdim etmişdi. Reytinqə daxil olan Azərbaycan dilindəki 10 kitabdan biri M.Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim..." əsəridir. Böyük ədiblərin əsərlərinin yer aldığı mötəbər onluqda "Eşitdiklərim də..." halal yerini tutub.

1994-cü ildə M.Süleymanovun "Azərbaycan diyarı Lahıc: etnoqrafik-bədii lövhələr" kitabı işıq üzü görür. Yazıçı bu kitabında doğulub böyüdüyü, Azərbaycanın ən qədim insan məskənlərindən olan Lahıcın bənzərsiz təbiətindən, çay daşları ilə döşənmiş küçələrindən, adət-ənənələrindən, məişət və mədəniyyətindən, sənətkarlığından söz açıb. Bu gün bələdiyyə statusu daşıyan Lahıc böyük bir ustalar qəsəbəsidir. Emalatxanaların taybatay açıq qapılarından görünən xalça toxuyanlar, dəmir döyənlər, dekorativ tətbiqi sənəti inkişaf etdirən və bu təkrarsız peşəni gələcək nəsillərə ötürən misgərlər kitabda sevə-sevə tərənnüm olunub. Qədim zamanlardan öz əlinin zəhməti ilə yaşayan belə sənətkarlar haqqında deyirlər ki, onların həmişə qarnı tox, əyni geyimlidir. Çünki azaddırlar, beynəlxalq vəziyyətdən, qlobal dəyişikliklərdən, heç kimdən, heç nədən asılı deyillər, öz dədə-baba dükanlarını işlətdikləri üçün vergi də ödəmirlər. "Azərbaycan diyarı Lahıc..." M.Süleymanovun Vətən, ocaq məhəbbətinin parlaq təzahürüdür. Lahıc bir çox görkəmli şəxsiyyətlər, tanınmış ziyalılar, alimlər, ictimai xadimlər yetirib və... Şəhidlər verib. 44 günlük şərəf müharibəmizdən sonra bölgələrimizi tanıdan şəxsiyyətlərimizi sadalayarkən verdiyi şəhidlərin də adları çəkilir. Bu onların ruhuna verə biləcəyimiz kiçik bir təşəkkür borcu, igidlərimizin isə halal haqqıdır.

M.Süleymanovun yaradıcılığının əhəmiyyətli hissəsini onun tərcümələri təşkil edir. Cek Londonu, Uilyam Somerset Moemi, O.Henrini, Con Steynbeki, Piter Abrahamsı və başqa ingilisdilli yazıçıları azərbaycanca "danışdıran" məhz M.Süleymanov olub. "Tərcüməçi prozada qul, poeziyada rəqibdir", - deyirlər. Bu da nəsrdə tərcümənin çətinliyinə işarədir. Yəni, bədii əsərlər sözbəsöz yox, həm də düşüncəbədüşüncə çevrilməli, çatdırılmalıdır. Gürcü rejissoru G.Daneliya Daşkənddə "Baharın on yeddi anı" filminə özbək dilində baxırmış. Fürerin kabinetinə daxil olan Borman fərəqət vəziyyəti alıb deyir: "Salamaleykum, Qitler-aqa! " Tərcümə prosesində ilk assimilyasiyaya uğrayan, itən yumor olsa da, burada əksinə, naşı tərcümənin hesabına ciddi mətn gülüş doğurur ki, bu da əlbəttə, qeyri-professionallıqdan xəbər verir. Ona görə deyirlər ki, bədii əsərlərin tərcüməsi ilə səriştəli yazıçılar məşğul olmalıdır. Mövlud Süleymanov kimi. Onun tərcümələri birbaşa, seçimi zövqlüdür. C.Londonun "Həyat eşqi", E.Heminqueyin "Qoca və dəniz", O.Henrinin "Ən əziz hədiyyə" kimi dünya şöhrətli əsərləri Azərbaycan dilinə tərcümə edərək möhürünü vurub, bu tərcümələr latın qrafikası ilə də dəfələrlə çap olunub.O, ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb-yaradıb.

Bu yazı Manaf Süleymanov haqqında olsa da, akademik Nizami Cəfərovun ona həsr etdiyi "Dolan, kəfkirim, dolan..." xatirə kitabını xüsusi qeyd etmək istəyirəm. Əvvəla, onu deyim ki, bağlanan bu "ömür dastanı" sevgidən yoğrulub, yazıçının şəxsiyyətinə hörmətlə süslənib, nəql edilənlər qədirbilənliklə yad edilib. Xüsusilə son cümlə - "Bu kitabda yaxşı nə varsa Sizin adınızadır və Sizə aiddir, uğursuz cəhətləri isə mənə aiddir və onun məsuliyyətini mən təkcə daşıyıram" - Manaf Süleymanova olan ehtiramın göstəricisi olmaqla bərabər, müəllifin də ziyalı təvazökarlığının başucalığıdır.

M.Süleymanov 90 ilə yaxın uzun bir ömür sürüb. Bir epoxanın yaranmasını da gördü, süqutunu da. M.Bağırovu taxtda görüb, Məhəmməd Əminlə söhbət edib. "Qaraşın, gülümsərsifətli bir adamdı"... Dəyişən formasiyaları da yaşadı, əlifbadan əlifbaya da gözünün qarşısında keçildi. Ömrü çox şeyə çatdı, çox hadisələrə şahidlik elədi. Ən başlıcası ləyaqətli bir həyat yaşadı, özü özünə layiq ola bildi. Hamı dahi ola bilməz, kifayətdir ki, özün olasan. "Sevdiyin hər şey bir gün itəcək, amma sonunda sevgi başqa bir şəkildə geri dönəcək". M.Süleymanova olan oxucu həvəsi, yaradıcılığının bu gün də yaratdığı maraq həmin bu sevginin bariz nümunəsidir.

 

Adilgil Dilarə

 

525-ci qəzet.- 2022.- 2 noyabr.- S.15.