Florensiya şəhəri və Mediçi
sülaləsi
(Əvvəli ötən
çərşənbə sayımızda)
Mikelancelonun məşhur
"David" heykəlinin bir nüsxəsi prinsipial olaraq,
1503-cü ildən başlayaraq üç əsr yarım ərzində
burada durmuşdu. Sonra isə oradan Akademik
qalereyaya götürülmüşdü.
Mikelancelonun yaratdığı füsunkar heykəldə
təsvir olunan gəncin igidliyi də Bibliyada təsvir
olunmuşdur.
Filistimlilərlə yəhudilərin davası
gedirdi. Filistimlilərlə yəhudilər
şərt qoydular ki, hər iki xalqın bir igidi öz
aralarında vuruşsun və nəticə, iki xalq
arasındakı münaqişəyə öz həlli vasitəsilə
son qoysun. Filistimlilərin nümayəndəsi
kimi nəhəng Qoliaf döyüşə çıxdı,
yəhudilər onun iri bədənindən qorxuya
düşmüşdülər, onunla vuruşmağa cəsarət
etmirdilər. Bu vaxt yeniyetmə çoban,
cılız bədənli David onunla vuruşmaq
üçün qabağa çıxdı. Bu uşağa bənzəyən gəncin
görünüşü Qoliafın istehzasına səbəb
oldu. David isə vaxtı itirməyib, əlindəki
sapandla atdığı daşla Qoliafın başını
yardı və fələstinli yerə yıxıldı.
David yaxınlaşıb, onun öz
qılıncı ilə başını kəsdi. Yəhudilər gözləmədikləri halda,
Davidin igidliyi hesabına qalib gəldilər.
Mikelancelo
"David" heykəlinin doğma şəhərinin
azadlıq simvolu kimi nəzərdə tutduğundan
Bibliyadakı təsvirdən fərqli olaraq bu gəncin ideal bədəni
və baxışının bütün xüsusiyyətləri
ilə əsl ləyaqət və igidlik rəmzi kimi göstərmək
üçün, cılız çobanı, ecazkar kişi gözəlliyini təcəssüm
etdirən bir sehrli obraza çevirmişdir.
Vekkio sarayının giriş qapısını mərmər
üzərində "Xristin Monoqramı" bəzəyirdi. İki şir
heykəlin arasındakı lövhədə "İisus
Xrist krallar kralı, lordlar lordudur" sözləri
yazılmışdır. 1594-cü ildə
isə Böyük Hersoqun həyatının bir epizodunu təsvir
edən "Böyük Hersoq I Kozimo de Mediçinin at
üstündəki heykəli" də şəhərdə
qoyulmuşdu.
Vekkio sarayı Florensiyadakı əsl arxitektura abidəsi
olmaqla, İtaliyanın ən mühüm Orta əsr ictimai
saraylarından biridir. Onun qülləsinin
hündürlüyü 94 metrə çatır. Ənənəyə
müvafiq olaraq bu bina XII əsrin sonundan başlayaraq 16 il ərzində tikilmişdi, əvvəlcə
qəsr rolunu oynamışdı. Özəl
qotik üslubdakı iki mərtəbədəki
işıqlı pəncərə digər cəhətlərlə
yanaşı, binanın orijinal quruluşunu göstərirdi.
Vekkio sarayı həyətinin dizaynını
1439-1454-cü illərdə Mikelancelo vermişdi. Françesko de Mediçi 1565-ci ildə avstriyalı
Jannayla evlənəndə Vazri həyət
görünüşünü gəlinin şərəfinə
Avstriya şəhərlərinin səhnələrini təsvir
edən freskalarla bəzəmişdi. Həmin
vaxt sütunlar qızıl suyuna çəkilmişdi.
Saraydakı 500-lər zalı Venetsiya modelində dizayn
edilmişdi, Vazari salona freskalar çəkmişdi, həmin
vaxt bina Mediçi ailəsinin iqamətgahı idi. Onlar I Kozimonun
yüksəlməsi ilə Florensiyanın Böyük
Hersoqlarına çevrilmişdilər. Uzun
divarlara Mikelancelonun və Leonardo da Vinçinin freskaları
çəkilmişdi. Mərkəzdə
isə Mikelancelonun "Ləyaqətin Brut qüvvəsi
üzərində qələbəsi" heykəlini görmək
olardı.
Böyük Hersoq I Kozimo Corcio Vazariyə möhtəşəm
binaları tikmək səlahiyyətini vermişdi. Onların birində
indi Uffutsi qalereyası yerləşir. Əvvəllər
isə bina hökumət ofisi kimi nəzərdə
tutulmuşdu. Bu, Vazarinin bir arxitektor kimi ilk
işi idi.
Uffitsi qalereyası dünyanın ən məşhur rəssamlıq
əsərləri muzeylərindən biridir. Burada italyan rəssamlarının
çox sayda əsərləri nümayiş etdirilir. Qalereyanın ən məşhur tabloları Sandro
Bottiçellinin fırçasının məhsullarıdır.
Burada onun iki əsəri diqqəti xüsusən
özünə cəlb edir. Bunlardan biri
"Veneranın doğulması"dır.
Homerə görə, Venera Zevsin və Diananın
qızı olmasına baxmayaraq, Hesioda görə isə o, dəniz
köpüyündən doğulmuşdu. Balıqqulağında
köpüklərdən meydana gələn sarışın
saçlı, bakirə qız bədənli Venera tabloda təsvir
olunmuşdur. Onun dünyaya gəlməsi
kimi möcüzəni mələklər də seyr edirlər.
İkinci əsər isə "Bahar
alleqoriyası"dır. Burada bəzəkli
parçadan olan donda Baharın rəmzi olan qız əks
olunmuşdur. Bir az aralıda
üç qratsiya ilhamlanaraq rəqs edir. Muzeyə
gələnlər dahi rəssamın gözəllik
simvollarına çevirdiyi qız obrazlarına tamaşa etməkdən
ayrıla bilmirlər. Qalereyanı, həmçinin,
Mikelancelonun "Müqəddəs Ailə" və
Titsianın "Urbinalı Venera" tabloları bəzəyir.
Burada Rafaelin "Kardellino madonnası" və
Karavaconun "Gənc Vaxx" əsərləri də
çox saydakı incilərdən biridir.
Florensiya həm də dini mərkəz şöhrətinə
malikdir. Buradakı "Baptisteriya" kilsəsi Florensiya
xristian olandan şəhər sakinlərinin həmin dini
inancı qəbul etməsinin rəmzi idi. Bu
şəhər divarları içərisindəki birinci
kafedral (baş) kilsə idi. Sonra şərəf Santa
Reparatanın üzərinə düşdü, sonralar isə,
bu geniş məkan Madonnaya həsr olunmuş sayılmaqla,
indiyədək Mariya del Fiora və ya
"Çiçəyin Müqəddəs Madonnası"
adlanır. Bu kilsə Bakirə ananın
Florensiyanı himayə etməsinin ovsunu rolunu oynayırdı.
Məryəm ananın emblemi isə zanbaq
çiçəyi idi. Bu kilsə
Florensiyanın dini mərkəzi olmuşdu, baxmayaraq ki, bina əsrlər
ərzində böyümüş və dəyişilmişdi.
Renessans erasından keçməklə bu
kafedral kilsə nəticədə öz nəhəng qübbəsi
ilə taclanmışdı. XIX əsrdə
isə binaya mərmər fasad əlavə olunmuşdu. Bu ərazi Florensiyada xristian inancının fokus
nöqtəsinə çevrilmişdi. Kafedral kilsənin
yanında Cottonun ağ mərmərdən
olan Zəng Qülləsi ucalır.
Baptisteriya Florensiyadakı ən köhnə binalardan biri
olmaqla, onu hətta Dante də "Mənim sevdiyim San
Covanni" deyə xatırlamışdı. O, burada uşaq vaxtı
xaç suyuna çəkilmişdi. Kilsə
XI-XII əsrlərdə Roman binasının yerində
tikilmişdi. Mərmərlə bəzədilmiş
və tacı dəstəkləmək üçün ikiqat
ordenlərlə əhatə olunmuşdur. Onun
üç giriş qapısı kardinalın nöqteyi-nəzərinə
müvafiq olaraq yaradılmışdı. Baptisteriyanın
daxilində Bizans üslubunda çəkilmiş freskalar var
idi, onları Venetsiya və Florensiya sənətkarları
çəkmişdi.
Nəhəng binanın tikintisinə 1296-cı ildə
başlanmışdı. Respublikanın
komissiyası işləri yüksək məharətlə həyata
keçirmişdi, sonralar isə tikinti Cottonun nəzarəti
altında aparılmışdı. Nəticədə,
1386-cı ildə dəqiq plan dörd arxitektora tabe edilmiş
və tikinti bundan sonra asan ritmlə getmişdi. 1436-cı ildə papa IV Yevgeni təntənəli
qaydada məbədə müqəddəslik verərək, onu
Santa Mariya del Fiore şərəfinə həsr etmişdi.
Fasad Florensiya qotik üslubunda
ucaldılmış və həmin dövrün sənətkarları
tərəfindən heykəllərlə bəzədilmişdi.
Binada mərmərin
işlədilməsi isə heç də böyük xərcə
başa gəlmirdi, çünki yaxınlıqda
Karraradakı karxanalardan gətirilirdi, Fasadı İisusun 12
apostolunun heykəlləri bəzəyirdi, həm də burada mərkəzdə
Bakirə ana və uşaq təsvir olunmuşdu. İlk bünövrə daşına xeyir-dua
vermiş dörd yepiskopun da burada heykəlləri var idi.
Onların içərisində soldan
üçüncü, kilsəyə müqəddəslik
vermiş papa IV Yevgeni idi.
Kafedral kilsədə indi Mikelancelonun "Pieta" -
"Fəryad" heykəli yerləşir, onu heykəltaraş
öz qəbri üçün düzəltmişdi. Müəllifin
daha məşhur "Pieta" heykəltaraşlıq kompleksi
Romada, Müqəddəs Pyotr bazilikasında nümayiş
etdirilir.
Florensiyadakı əsər Müqəddəs Pyotr kilsəsinin
iftixarı olan digər "Pieta"dan həm də sadəliyinə
görə fərqlənir.
Kafedral kilsənin qübbəsi uzaqdan diqqəti cəlb
edir. Romadakı Müqəddəs Pyotr Kilsəsinin
tikintisi də antik heykəltaraşlıq incisini üzə
çıxarmışdı. Müqəddəs
Pyotr bazilikasının bünövrəsi qazılarkən
orada qədim yunan heykəli olan "Laakoon"
tapılmışdı. Rafael heykəlin
proporsiyalarından və gözəlliyindən heyrətə
gəlmişdi. Pyotr kilsəsi tikiləndə
Mikelancelo onun qübbəsini tikmək üçün bu incidən
ilham almışdı.
Cottonun layihəsini verdiyi Zəng Qülləsi isə 82
metr hündürlüyündə olmaqla, gözəlliyinə
görə özünə dünyada heç bir rəqib tanımır. Bu nadir
qüllənin tikintisindən isə yarım min ildən
çox bir vaxt keçmişdir. Sinyoriyanın
dəvəti ilə Cotto 1334-cü ildə öz layihəsini
təklif etdi və bu nəhəng işin bünövrəsini
qurmağa başladı. Üç il
sonra bədbəxtlikdən, Cotto vəfat etdi və tikili
üzərində iş 1384-cü ilə qədər davam
etdi.
Populyar bazarın mərkəzi olan San Lorentso meydanında isə Covanni Nerenin heykəli yerləşir. Buradakı kilsə əvvəldən Milan yepiskopu Müqəddəs Ambroze tərəfindən San Lorentsoya həsr olunmuşdu, ona görə də həm də Ambrozian bazilikası kimi tanınır. Sonralar Mikelancelo Mediçilərin qəbirləri yerləşən kiçik kilsəni və kitabxananı tikdi və kilsənin fasadının içərisini başa çatdırdı. O, fasadın zahiri tərəfinin də layihəsini vermişdi, lakin bu iş heç vaxt həyata keçirilmədi. XV əsrdən San Lorentso kompleksi Mediçi ailəsinin mülkiyyətinə çevrildi.
Mediçi kiçik kilsəsi Madonna meydanının girəcəyində yerləşir. Mikelancelo kiçik kilsənin içərisini heykəllərlə bəzəmişdi. Burada məşhur qəbirlər yerləşir. Mikelancelo yalnız Madonnanı və uşağın heykəlini qoyanda, onları tamamlaya bilməmişdi. Bu inci Mikelancelonun həm arxitektor, həm də heykəltaraş kimi məharətini nümayiş etdirir. Burada arxitektura və heykəl bir-birini tamamlayır. Hər bir arxitektura elementi kütlənin plastik enerjisini göstərir.
Culianonun qəbrinin üstündəki Mikelancelonun yaratdığı heykəldə o, qərargah komandiri kimi zirehli paltarda, oturuqlu təsvir edilmişdir. Gündüzü və Gecəni təmsil edən iki simvolik fiqur onun ayaqlarının alında yerləşdirilmişdir. Gecə çılpaq real qadın təsvirində olduğu halda, Gündüz kişi kimi əks etdirilir. Urbino hersoqu Lorentsonun qəbri üzərindəki Mikelancelonun yaratdığı heykəltaraşlıq kompleksində Möhtəşəm Lorentsonun bu nəvəsi heykəldə düşüncəyə dalmış bir pozada təsvir olunur. Onun da ayaqları altında Dan Şəfəqinin və Qaranlığın müqəddəs simvolları kimi iki fiqur yerləşdirilmişdir. Burada qadın gənc, çılpaq bədənli qız kimi, kişi isə yaşlı, saqqallı adam kimi təsvir edilmişdir.
Santa Mariya Novella meydanında ortadakı bağla əhatə olunmuş kilsə yerləşir. Meydançanın hər bir qurtaracağında Mediçi Böyük Hersoqu I Kozimo obelisklər ucaltmışdı. Dominikan ordeninin kilsəsi olan Santa Mariya Novella əvvəldən gənclərin təhsilinə həsr olunmuşdu. Dante də orada oxumuşdu. Santa Mariya Novella "Yeni Müqəddəs Mariya kilsəsi" deməkdir. Toskana qotik üslubunda olan bina 70 ilə tikilmişdi. Renessans erasına məxsus olmaqla, Leon Batista Alberinin dühasının məhsulu idi. Kilsə binasının planı yunan xaçı formasında idi.
Santa Trinita ("Müqəddəs Üçlük") meydanı Ədalət sütunu ilə birlikdə qədim sarayları əhatə edir. Arno çayının üzərindən çox böyük təəssürat yaradan Ponte Santa Trinita ("Müqəddəs Üçlük Körpüsü") keçir. Məhz Mikelancelonun təsiri altında italyan arxitekturasının sevilən körpülərindən biri olan bu tikinti meydana gəlmişdi. Lakin 1944-ci ildə, İkinci Dünya müharibəsi vaxtı aviasiya bombardmanı nəticəsində dörd əsrə yaxın ömrü olan bu körpü məhv edilmişdi. Onun arxasında isə Florensiyanın qədim körpüsü olan Vekkio körpüsü yerləşir. Onun üzərində kiçik mağazalarla yanaşı, buranı I Kozimonun arzusuna uyğun olaraq qızıl və gümüş zərgərləri tutmuşdular. Onlar körpünün hər iki tərəfində yerləşmişdilər: körpü X əsrdə ağac materialından tikilmişdi, dörd əsr sonra çayın daşması ilə dağıldığından, indiki görünüşdə olan körpü tikilmişdi. Bu körpüdən sol tərəfdə məşhur Vekkio sarayı ucalır. Strottsi sarayının uc tərəflərində dəmir fənərlər yerləşir. Təmiz Renessans xarakterli möhtəşəm bina olan Mediçi Rikardi sarayı diqqəti cəlb edir. XV əsrdə tikilən bu bina sonralar Möhtəşəm Lorentsonun kral sarayı olmuşdu.
Santa Kroçe (Müqəddəs Ürək) meydanı şəhərin təkamülünün arxasınca gedərək, burada yığılan xalq, Xristin inancı barədəki duaların səsini, XV əsrdə isə cəngavərlərin, onların arasında Culiano de Mediçi də var idi, çağırışlarını eşitmişdilər. San Kroçe kilsəsi Florensiyanın ən məşhur kilsələrindən biridir. Tikinti XIII əsrdə başlamış, XIV əsrin sonunda başa çatdırılmışdır. Palattso della Sinyoriyanı və kafedral kilsəni tikən arxitektor bu binanın da layihəsini vermişdi. Mərmər fasad XIX əsrə məxsus olmaqla, modern bir iş hesab olunur. Gözəl zəng qülləsi qotik üslubunu təkrar edirdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 2 noyabr.- S.14.