"Qreko qəhvəxanası"
Azərbaycan rəssamlıq sənətində
öz yaradıcılığı
ilə iz qoyan görkəmli rəssam Tahir Salahov müxtəlif janrlarda möhtəşəm
əsərlər yaradıb:
natürmort, mənzərə,
portret və s. Rəssamın yaradıcılığında
"Növbədən qayıdanlar",
"Təmirçilər", "Qreko qəhvəxanası"
əsərləri xüsusi
yer tutur. Xüsusilə qeyd etmək
lazımdır ki, Azərbaycan rəngkarlığında
sərt realizmin adı Tahir Salahovla bağlıdır.
Haqqında danışacağımız
"Qreko qəhvəxanası"
da bu məqam
öz əksini tapır.
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Humay
İslamovadır. Humay xanımla Tahir
Salahovun "Qreko qəhvəxanası" əsərindən
danışmışıq.
- Tahir Salahovun yaradıcılığının ən gözəl nümunələrindən biri
də "Qreko qəhvəxanası" əsəridir.
Bu əsərlə bağlı bilməli olduğumuz təməl bilgilər nələrdir?
- Əsər 2002-ci ildə T.Salahov tərəfindən çəkilib. Rəsmdə texnika olaraq yağlı boyadan istifadə edilib və kətan üzərində əks olunub. Həmçinin, rəssam əsərdə aynanın digər tərəfində öz portretini əks etdirib. Əsər realizm üslubundadır. Rənglərin kəskinliyi nəzərə çarpır. Əsərdə kitab oxuyan qadın tələbə obrazları görürük . Ümumiyyətlə, rəssamın yaradıcılığında aynalar üstünlük təşkil edir.
Romada yerləşən Qreko adlı bu qəhvəxana çox məşhurdur. Tahir Salahov Romaya səfər edərkən ora getmiş və gördüyü mənzərəni fırçası ilə kağıza köçürmüşdü. Əsərinin rəng koloriti və kompozisiyası sərt üslubdadır Əsərin ölçüsü 120-160 sm- dir.
- Tablo hazırda harada saxlanılır?
- Tahir Salahovun ev muzeyində saxlanılan əsər hər il nümayiş edilir.
- Əsərin koloriti haqqında nə deyə bilərsiniz?
- Sərt üslubda olan əsərin rəng koloriti daha kəskin şəkildə özünü büruzə verir. Bu tabloda sarı, qırmızı rənglərin kəskinliyi daha çox gözə çarpır. Qara, boz və ağ rənglərin qarşılıqlı vəhdət təşkil etməsi gözdən yayınmır. Pəncərənin kənarlarında qırmızı və tünd sarı rəngi öz əksini tapıb. Yuxarı tavanda ağ və boz rənglərin qarışığına şahid oluruq. Ön hissədə əyləşən qadının geyimində qırmızı rənglərin olması diqqəti cəlb edir. Rəssam özünü də əsərdə əks etdirib və geyimini qara rənglə çəkib.
- Sizcə, əsər bizə nəzərə deyir?
- Tahir Salahovun "Qreko qəhvəxanası" əsəri Romada yerləşən belə gözəl məkanın varlığını insanlara bir daha xatırladır. Qırmızı rəng rəssamın sevdiyi və əsərlərində ən çox istifadə etdiyi rəngdir. Əsərə diqqətlə nəzər salsaq, rəngkarlığımızda Tahir Salahovun ilk sərt realizmin banisi olduğu aydın şəkildə görərik. Burada həmçinin, rəssamın ən çox istifadə etdiyi texnikanın yağlı boya olduğu görünür. Əsərdə digər diqqətçəkən məqam isə bir daha rəssamın ayna sevgisinin şahidi olmağımızdır.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 2 noyabr.- S.13.