Yaddaşımdan boylanan Şəki və...
Məşədi Muxtar
(Əvvəli
ötən sayımızda)
Məşədi
Muxtar ortaboy, dolubədən, çopur, uzunsov,
qırmızı, sağlam sifətli, yaşı 50-ni
keçmiş bir adam idi. Xırda,
lakin qətiyyətli addımlarla hərəkət edir, sanki
daim harasa tələsirdi. Başındakı
milli papaq da sanki sifətinin davamı kimi ona çox
yaraşırdı. Şəhərin Gəncəli
məhəlləsində yaşayırdı. Bu məhəllədə yaşayanlar vaxtilə Gəncədən
köç etmiş şiə təriqətli insanlardı.
Yerli sünnilər onlara "Qəcərlər"
deyirlər. Bu, həmin toplumun Qacar şahlarının tərəfdarları,
yaxud vaxtilə İrandan köçmüş qohumları
olduqlarını fərz etməyə əsas verir... Bu məhəllədən pərvazlanaraq Azərbaycan
elminin, mədəniyyətinin, ictimai - siyasi həyatının
görkəmli nümayəndələri sıralarına
qoşulmuş önəmli simalar yetişmişlər.
Bu sırada məşhur Salman Mümtaz, AMEA müxbir
üzvü, professor Yaşar Qarayev və onun qardaşı,
Əməkdar rəssam Ənvər Qarayev, AMEA-nın
müxbir üzvü, professor Mahmud İsmayılov, milli
jurnalistikamızın patriarxı professor Şirməmməd
Hüseynov, Nuxada Sovet hakimiyyəti qurulandan sonra Qəza Kommunist
Firqəsinin məsul katibi vəzifəsində işləmiş,
"bolşevik Qulam" ləqəbli Qulam Axundov və
qızları - Xalq artisti, bəstəkar Şəfiqə
Axundova, bacısı - ilk azərbaycanlı qadın elmlər
namizədi, akademik Məmməd Arifin həyat yoldaşı,
şair Araz Dadaşzadənin anası Zümrüd Axundova,
Xalq artisti, məşhur müğənni Əlövsət
Sadıqov, Şəki Şəhər Soveti İcraiyyə
Komitəsi sədrinin müavini olmuş Cəmilə Məmmədova,
mahir folklor bilicisi, yumor ustası, dəyərli ziyalı kimi
tanınan mədəniyyət xadimi Mirzə Abdulcabbar
Əliyev (Alaqanski kimi də tanınır. O, vəsiyyət
etmişdi ki, vəfat edəndən sonra başdaşına bu
sözləri yazdırsınlar: "Məndən narahat
olmayın, yerim rahatdır". Məhəllə komitəsinin
sədri, dülgər Ələskərin mənə dediyinə
görə yerliləri onun bu son arzusunu da yerinə yetiriblər),
görkəmli maarif xadimi Ağabala Zeynalov, uzun illər Şəki
Şəhər Maliyyə Şöbəsinin müdiri vəzifəsində
işləmiş, şəhərin sayılıb-seçilən
simalarından olmuş, məşhur
"Qızılonluqlar" nəslini təmsil edən Abbas Nəcəfov,
onun oğlu, respublikamızın rabitə sistemində
özünəməxsus xidmətləri olan, yüksək
intellektual səviyyəli ziyalımız Akif Nəcəfov,
Şəki şəhər icra hakimiyyəti
başçısının müavini olmuş, istedadlı
jurnalist Teymur Xəlilov və başqalarının adları fəxrlə
çəkilir. Güldəstə piri (Gəncəli
məhəlləsinə bəzən Güldəstə də
deyilir) camaatın müqəddəs saydığı inanc
yerlərindəndir. Görkəmli
ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyevin mənə
dediyinə görə, bu pir onun ana xəttilə babası,
böyük babası, yəni anasının babası Hacı
Mirbabanın qəbridir. Hacı Mirbaba
çavuş olub, zəvvarları Həcc, Kərbəla və
Məşhəd ziyarətinə aparırmış. Deyilənə görə 40 dəfə Kərbəlada,
25 dəfə Məkkədə olub. Bəzi
məlumatlara görə 113 yaşında, başqa bir rəvayətə
görə isə 117 yaşında axırıncı dəfə
ziyarətdən qayıdanda 1918-ci ildə Ağdaşdakı
Türyançayda batıb, atla birlikdə onu sel aparıb.
Hacı Mirbabanı Güldəstədə
basdırıblar, camaat onun qəbrini pirə çevirib.
Gəncəli məhəlləsindən danışarkən
buranın 103 yaşında bir neçə il
bundan əvvəl dünyasını dəyişmiş,
Böyük Vətən Müharibəsinin fəal iştirakçısı
olmuş adlı-sanlı sakini, dost münasibətində
olduğum rəhmətlik Molla oğlu Mənəfi
xatırlamasam, ruhu məni bağışlamaz. O, baməzə,
hazırcavab, ədəb-ərkanlı, müdrik bir insan idi. Əsasən, alqı-satqı, xırda ticarətlə
ailəsini dolandırır, xüsusən hazırladığı
südlü dondurmanın şöhrəti dillər əzbəri
olardı. Özünün qoşduğu
deyimlərlə dondurmanın tərifləməsinə
tamaşaya gələn azarkeşləri də öz yerində.
Məni harada görsə, "Ay dünya malında
gözü olmayan insan", - deyə ucadan səsləyərdi.
Novruz bayramının Güldəstədə necə
böyük təntənə ilə qeyd edilməsi isə
başqa bir söhbətin mövzusudur. Şəhərin
hər yerindən, hətta yaxın kəndlərdən də
bu möhtəşəm tamaşaya baxmağa yüzlərlə
insan axışıb gəlirdi. Bu yerdə
guya Sovet dönəmində Novruz bayramının keçirilməsinə
qoruq-qadağa qoyulmasına dair söz-söhbətlər təəccüb
və təəssüf doğurur. Atalar
yaxşı deyib ki, yıxılan ağaca balta çalan
çox olar.
Məşədi Muxtarla bağlı söhbətə
qayıdıram. Qəssab Muxtar Məşhəd ziyarətindən
sonra Məşədi Muxtar oldu. O dövrdə Həcc, Kərbəla
və Məşhəd ziyarətlərinə gedənləri
barmaqla saymaq olardı. Elə Məşədi
Muxtarı yerlilərin gözündə yüksəldən həm
də onun Məşhədi ziyarət etməsi idi. Ətrafında yalnız bazarda yox, bazara gedib-gəldiyi
yolboyu da, necə deyərlər, "azarkeşləri"
olardı. Xətrini çox istədiklərindən
bəziləri sataşar, cırnatmaya, atmacalara əl atar, bəziləri
əti bazara çatdırmaqda kömək etmək istərdi,
ayaq saxlayıb onu rəğbətlə müşahidə edənlər
də olurdu. Şəhərin prokuroru, milis şöbəsinin
rəisi, hərbi komissar və başqa rəhbər vəzifəlilərin
də onunla səmimi, dost münasibətləri vardı. Xülasə, onun şəxsiyyətinə laqeyd
qalan tapılmazdı. Satışa
çıxardığı ətin tərifini yalnız
öz üslubuna uyğun ifadələrlə göylərə
qaldırırdı, qeyri-standart davranışı,
yerişi-duruşu ilə bir əsərə mövzu ola bilərdi. Hətta bazarlığa,
ət almağa yox, yalnız Məşədi Muxtarı
görmək üçün onun başına
yığılanlar da olurdu. Üç
qızını və bir oğlunu tanıyırdım.
Kiçik qızı Həqiqət fəhlə-gənclər
axşam məktəbində mənim sinif yoldaşım idi.
Sonralar Şəki dükanlarının birində
satıcı işləyirdi. Oğlu Nəriman
ucaboy, pəhlivan qamətli, heybətli sifəti olan (lakin qəlbən
təmiz, həlim və yumşaq təbiətli) bir gənc
idi. Güləşdə ona qalib gələn
tapılmazdı. İdmanın bu
növü üzrə respublika yarışlarında mukafat
alardı. Xalq arasında "Qoçu Nəriman"
ləqəbi ilə tanınırdı. Nə yazıq
ki, o ilahidən verilən bu vergidən məqsədli, yerində
istifadə edə bilmədi, həyatda layiq olduğu zirvəyə
çatmadı...
Sahəsi
8000 kv.m., 243 otaqlı, XVIII-XIX əsrin möhtəşəm
tarixi-memarlıq abidəsi, vaxtilə Nuxada tikilmiş 5 karvansaradan
biri olan Aşağı Karvansarada fəaliyyət göstərən
bazarda Məşədi Muxtarın da qəssab dükanı
vardı. Karvansaranın bir hissəsində
müharibədən sonra repressiyadan canını qurtararaq
Şimali Azərbaycana mühacirət etmiş Azərbaycan
Milli Hökumətinin (1945 -1946) sədri Seyid Cəfər
Pişəvərinin tərəfdarları yerləşdirilmişdi.
Bu möhtəşəm bazar şəhərdə yeganə
idi və rayonun bütün kəndlərindən buraya
cürbəcür matahlar, ad-san çıxarmış məşhur
Zəyzid, Qoxmuq, Göynük və Baltalı
düyüsü, süd və süd məmulatları, meyvələr,
toyuq - cücə, taxıl və taxıl məhsulları, bəhməz,
bal, ağacdan hazırlanmış nehrə, beşik, nərdivan,
təhnə, tabaq, xüsusi quyularda ağacları
yandırmaqla alınan kömür, və sair gətirir,
qayıdanda da özlərinə lazım olan şeyləri
alıb aparırdılar. Şəhər sənətkarları
öz işlərini, qadınlar isə gözəl ornamentli,
poetik ad qoyduqları və öz əlləri ilə
toxuduqları çeşniləri, corab və əlcəkləri
satışa çıxarırdılar. Burada
hər şey - "quş iliyi, can dərmanı" tapmaq
olardı. Nuxa bazarı hələ XIX əsrin 50-ci illərinin
sonunda məşhur ipək yolu marşrutu ilə buraya səfər
etmiş fransız yazıçısı Aleksandr
Dümanın (ata) da diqqətini cəlb etmişdi: "Mənim
gördüyüm bazarlar içərisində ən
yaxşısı, ən zəngini, üçü - Dərbənd,
Bakı və Nuxa bazarlarıdı; hətta Tiflis bazarı da
bunlardan geri qalır". Şəki bazarı həm
də şifahi xalq ədəbiyyatının - folklorun zəngin
mənbəyi sayıla bilərdi. Yerli
şirin dialektdə dilə gətirilən bazar tərifləməri,
atmacalar, lətifələr, deyimlər, cırnatmalar, atalar
sözləri və məsəllər və başqa folklor
nümunələrini toplamaq üçün bura münasib məkan
idi. Bir neçə nümunə ilə fikrimi
tamamlayıram: - Gəl, ay müştəri,
qızıldandı dişdəri. Əliyar lovyəsi,
yaylaq suyu, quzu əti. Sarı inəyin
südü, qaragöz camışın qaymağı. Ə, ədə, gədə, həmşəri, getmə
ora, gəl bəri. Ət suyu yi, kiftə
yi, pulun yoxdu, müftə yi. Pulu ver mala,
qızı ver keçala. Mən dimirəm
mənnən alın, mən diyirəm maldan alın. Darçın -zəncəfil çayı, Qəndabınan
Söhrabdı. Gəl, badı-budu qurtardı, alça
çiçəyin tez açan, qızların
saçın uzadan, uşaqları aldadan, qızların baxtın
açan badı-budu...
Rəhmətlik Məşədi Muxtarı yadıma salan və onun obrazını qələmə almağa vadar edən bir əhvalat oldu. "Bir cüt papuş" adlı gerçək əhvalat üçün material toplayarkən vaxtilə Şəki milisinin rəisi, sonralar Respublika Daxili İşlər Nazirliyinin Ağır Cinayətlər üzrə Baş İdarəsinin rəisi və ədliyyə nazirinin birinci müavini vəzifələrində işləmiş Ərzuman Zülfüqarovun Daxili İşlər Nazirliyinin A. Heydərov adına hospitalında həkim işləyən qızının mənə verdiyi, atasının müəllifi olduğu "Ömrümün 80 illik anları" kitabında Məşədi Muxtarla bağlı bir maraqlı epizoda rast gəldim və bu, yuxarıda qeyd etdiyim, onun şəxsiyyətinə xas təkrarolunmaz qəribəliklərə əlavə də ola bilər. Həmin kitabdan sitat: "Baladadaş Əliməmmədov İkinci Dünya müharibəsindən sonra Nuxa şəhər milis idarəsinin rəisi olmuşdu. Az müddətdə böyük hörmət qazanmış, cinayətkarlıqla mübarizədə müəyyən nailiyyətlər əldə etmişdi. Onun haqqında Şəkidə əfsanə və nağıllar danışılırdı. Bir gün Baladadaş Əliməmmədovun qonağı olur. Xörək bişirmək üçün əti həmişə şəhər ağsaqqalı Muxtar kişidən alarmış. Qonaq gələndə milis (polis) nəfərini göndərib Muxtardan təzə ət gətirdir. Ətin az olduğunu görən rəis, milis nəfərini bir də ət satan Muxtarın yanına göndərir. Axşamdan xeyli keçdiyindən Muxtar kişidə ət olmur. Milis nəfəri boş qayıdıb rəisə məruzə edir ki, ət yoxdur. Əliməmmədov milis nəfərini bir də Muxtarın hüzuruna göndərir ki, bəs get denən ki, rəis əmr edir. Muxtar kişi Baladadaşın xətrini o qədər çox istəyirmiş ki, milis nəfərinin gözü qarşısında ət doğrayan baltanı götürüb əlini kötüyün üstünə qoyaraq baş barmağını balta ilə çapıb milis nəfərinə verir ki, apar ver rəisə və denən ki, Muxtar kişidə ət yoxdur. (Bu əhvalatı rəhmətlik kişi özü mənə danışmışdır. Həqiqətən də, onun baş barmağı yox idi". (bax: Ərzuman Zülfüqarov. Ömrümün 80 illik anları. Xatirələr. Bakı, 2004, səh.77).
Qətiyyən şübhə etmirəm ki, Məşədi Muxtarın bu hərəkətini çılğın və emosional təbiətindən daha çox, adı gələndə hamını titrədən milis rəisi Baladadaş Əliməmmədovdan qorxduğuna görə də deyil, ona olan sədaqətinin, sevgisinin, qəlbən bağlılığının canlı ifadəsi, həm də illərin sınağından çıxmış etibarının itirilməsindən ehtiyatlanması kimi yozmaq olar.
Güman edirəm ki, yuxarıda qəssablarla bağlı Akif Nəcəfovdan gətirdiyim sitatın Məşədi Muxtara aid olan hissəsi onun sözlə portretinin tamamlanmasına kömək edərdi: "Məşədi bir gün Səkinin "Voyenkomunu" evinə qonaq çağırır. O da bir neçə dostu və oğlu ilə Məşədinin evinə təşrif gətirir. Qonaqlar getdikdən sonra Məşədinin əsəbiliyini hiss edən arvadı: "Bəlkə xörəklər qonaqların xoşuna gəlməyib", - deyə narahatlığını bildirdikdə Məşədi: - Arvad, xörəklərin əla idi, amma oğlumuz Pota (oğlu Nərimanı nəzərdə tuturmuş. H.Ə.) ... -batırdı.Voyenkom oğlu ilə Potanı güləşdirdi, oğlumuz qonağı yerə çırpdı və kişi pərt oldu".
Biz, məhəllə uşaqları çox vaxt bazarla əlaqəli bir işimiz olmasa da sözləşərək Məşədi Muxtarı "görməyə" gedərdik; onun yanında 2 -3 nəfər ət alan vardısa da, onlarla məzəli danışığına, matahını tərifləməsinə, sataşanlara cavab verməsinə tamaşa edənlər olardı. Və bu səhnə hər gün təkrarlanırdı. Biz bir gün yenə ona "baş çəkməyə" gedəndə iş başında görmədik. Dükanının həndəvərində də qeyri-adi sükut hökm sürür, adət etdiyimiz qələbəliyi görmədik. Bazardakı dükanların da, demək olar, hamısı bağlı idi. Ürəyə damma, intuitiv hisslər nə isə mühüm bir hadisənin baş verdiyini bildirirdi. Ehtiyatla bazar əhlindən nə baş verdiyini soruşduqda onlar bu axşam Məşədi Muxtarın haqq dünyasına qovuşduğunu, bazar əhlinin də onu son mənzilinə yola salmağa getdiyini bildirdilər. Onu Gəncəli məhəlləsinin yuxarı hissəsində, dağın yamacındakı böyük Sona qəbiristanlığında dəfn etdilər...
Artıq ciddi lüzum olmayanda bazara getmir, gedəndə də qeyri-ixtiyari nəzərlərlə onu axtarırdıq...Elə bil onsuz bazarın dadı-duzu getmişdi, yeri boş idi. Səsi qulağımızda, siması gözümüzün önündə idi. Qeyri-adi varlığı yoxluğunda görünürdü.
Yaddaşıma həkk olunmuş rəhmətlik Məşədi Muxtar haqqında bu xatirəmi qələmə alarkən doğrudan da hər bir insanın bir dünya olduğunu, bu dünyanın onunla doğulduğunu və onunla öldüyünü söyləynin nə qədər haqlı olduğunu bir daha gördüm. Və həyata bu rakursdan baxanda "əvəzedilməz insan yoxdur" iddiasında olanların nə qədər məntiqsiz və əsassız fikirlərlə yaşadıqlarına təəssüf edirsən...
Məşədi Muxtar cismən torpağa qarışsa da, mənən xatirələrdə yaşayır. İndi də onu xatırlayanda üzlərdə təbəssüm görürük. Və vaxtilə həddi-buluq yaşına çatmamış bir uşaq onun varlığını müşahidə edərək 70 il yaddaşında hifz edib bu gün haqqında xatirə-hekayə yazırsa, deməli o mənən ölməyib, yaddaşlarda yaşayır.
Dekabr, 2020.
Hikmət
ƏBDÜLHƏLİMOV
525-ci qəzet.- 2022.- 2 noyabr.- S.12.;13.