ŞUŞA QALASINDA BAŞ VERMİŞ ERMƏNİ-MÜSƏLMAN MÜNAQİŞƏSİ MÜNASİBƏTİLƏ

 

 

Müsəlmana ermənilər durdu sataşmağa,

Qarınca tək Qalada qatışıb qaynaşmağa,

Qırallığın yolların üzlərinə aşmağa,

Başlarına böyüklük ciqqəsini saşmağa.

 

 

Köçərlini ermənilər əzəlcə yandırdılar,

Xəlfəli qapısında evlərə od qoydular,

Neçə müsəlmanları şəhid edib soydular,

İlan kimi hər birin başladılar saşmağa.

 

 

Görən vaxta bu zülmü ermənidən müsəlman,

Difayə hazır olub cümləsi pirü cavan,

Nərə çəkib hər biri manəndi-şiri-jiyan,

Əllərində tüfənglər başladı atışmağa.

 

 

Hər sərgərdə var idi bir müdəbbir pəhləvan,

O Rüstəmi-Zaltək hər biri şiri-jiyan,

Xalqı tərğib edirdi, mərdliyə hər zaman,

Namərdlik edənlər möhtac olur yaşmağa.

 

 

Bir neçə yüz o dəmdə çöldən gəlib atdılar,

Bir gecə rahat olub yeyib, içib yatdılar,

Ermənilər panbığın səhərəcən atdılar,

Dükanına, evinə durdular daraşmağa.

 

 

Qətl-qarət etdilər hər gələni, gedəni,

Bellərində tapança, əllərində suzəni,

Dayanmadı qabaqda bircə nəfər erməni,

Üz qoydular evlərə bir parası qaşmağa.

 

 

Evlərə, dükanlara od qoydular müsəlman,

Yalo  çıxdı səmaya, bir yel qalxdı nagahan,

Yandı evdə, dükanda əksəri pirü cavan,

Sudxana, divanxana başladı alışmağa.

 

 

Ermənilərin yarısı od tutuban alışdı,

Şöləsi yanğıların Kərkicahana düşdü,

Övrət, uşaq bir-birə çığrışıban qarışdı,

Dedilər İsa gərək bu dügünü açmağa.

 

 

Cəhənnəmin oduna bu dünyada yandılar,

İslamın həqiqətin böyük-kiçik qandılar,

Müsəlman igidlərin şirü pələng sandılar,

Aciz olub başladı yalvarıb yapışmağa.

 

 

Övrət, uşaq, cümləsi başlarını yoldular,

Ağacda yarpaq kimi titrəyib həm soldular,

Bir parası qaçıban kazarmaya doldular,

Xovf, rəca içində başladı ağlaşmağa.

 

 

Davanın üç günündə kəlisanı aldılar,

Əzan deyib şad olub, naqusları çaldılar,

Bir günilə, bir gecə kəlisada qaldılar,

Başladılar erməni milləti çalışmağa.

 

 

Havayı neçə güllə gəldi o dəm nagahan,

Şahmar bəy şəhadət tapdı, o nazlı cavan,

Köçdü dünya evindən, mənzili oldu cinan,

Hurü qılmanlar ilə başladı danışmağa.

 

 

Az qalmışdı erməni bilmərrə olsun tamam,

Övrət, uşaq, cümləsi üz qoydular xassü amm,

Daşaltına qaçmağa Şahinidən çün himam,

Tədbir etdi böyüklər barışıb qarışmağa.

 

 

Bu dəmdə rus qoşunu muziklərin  çaldılar,

Papaqları ağacda havaya qalxızdılar,

Çala-çala gəldilər, məscidə çün çatdılar,

Çalışdılar hər biri sülh yolun açmağa.

 

 

Bir böyük xaç əlində xəlfə oldu nümayan,

Yeddi aman baydağı, dövri-bərində əyan,

Neçə böyük erməni cümləsi zarü nəvan,

Boynu kəndirli gəlib keşişlər barışmağa.

 

 

Müsəlmanın əyanı dedilər ki, barışaq,

Bu davadan gəlir, yaxşı odur qarışaq,

Həmdəm olaq, yar olaq, hörmətlə danışaq,

Lazım deyil bir kəsə bu sülhdən qaçmağa.

 

 

Bu vaxtda nagahan cəm oldular cavanlar,

Dedilər ki, necə olsun nahaq tökülən qanlar,

İsa kimi əzası mismarlı pak canlar,

Vacib olub bizlərə ölüncə çalışmağa.

 

 

Aqibətbin olmayıb bir-birini yağladı,

Bu bimövqe barışmaq aləmləri dağladı,

Şad olmayan şəxslər qeyzə gəlib ağladı,

Qeyrətü namusdan az qaldı odlaşmağa.

 

Müsəlmana təəssüb vacibdi, Nəvvabi-zar,

Böylə fərman veribdir o rəsuli-tacidar,

Həmiyyəti olanı hifz eyləsin Kirdgar,

Qeyrətsiz əşxasla izn yox danışmağa.

 

 

QƏZƏLLƏR

 

 

 

Keçdi ahü zarilə günüm, oldu qara sənsiz,

lazımdır mənə olsa əgər bu masiva sənsiz.

 

 

Yanar eşq atəşinə sineyi-suzan hər ləhzə,

Yetə gər rövzeyi-rizvandan abü həva sənsiz.

 

 

Günüzlər biqərarəm, əşkbarəm hicri-ruyində,

Olur niran kimi bəstər mənə leyl-əddüca sənsiz.

 

 

Gədalıq rütbəsi xoşdur sənin dərgahi-pakində,

Müti olsa əgər, mən neylərəm, şahü gəda sənsiz.

 

 

Əgər Cəmşid olam, yara, ya İskəndərü Dara,

Degil lazım mənə ayineyi-giytinüma sənsiz.

 

 

Cəhənnəm yadi-vəslinlə mənə firdövsi-əladır,

Haram olsun, behiştə gər edəm seyrü səfa sənsiz.

 

 

Əlim yetsə əgər ki, Xızrvəş ol abi-heyvanə,

Yəqin et, içmənəm bir cürə mən abi-bəqa sənsiz.

 

 

Təvafi-kuyi-pakin olmasa Nəvvabə gər qismət,

Mənayi-eşqdə neylər dəxi səyü səfa sənsiz.

 

lll

 

Tapdı çün badi-səbadan tabi-ənbərbar zülf,

Aşiyani-mürği-ruhim etdi tarü mar zülf.

 

 

Oldu gülzari-behişt ədnində çün bağiban,

Tapdı yarın gülüzarında çü istiqrar zülf.

 

 

Rövzeyi-rizvan içində həlqələndi hər tərəf,

Adəmü Həvvanı içva eyləyən şəhmar zülf.

 

 

Şəbnəmi-rüxsaridən sirab olur hər ləhzədə,

Tellənir hər dəmdə çün gülzarda əzhar zülf.

 

 

İqtiran etdi çü bürci-səd içində şəmslən,

Ta əbəd düşməz vəbalə bəxt dər dəri-tar zülf.

 

 

Ənfəsü afaq ol dəmdə edərlər inqilab

Kim, müşəvvəşlig üzünə eyləyə əşar zülf.

 

 

Hər kəsi gördü, müqəyyəd eylədi tərsasifət,

Şeyx Sənan kimi saldı boynuna zünnar zülf.

 

 

Saldı qeydi-daminə Nəvvabı insaf etməyib,

Sirri-eşqin eylədi aləmlərə işhar zülf.

lll

 

Əzəl günü, ey məh, sənə dildar mən oldum,

Axirdə yenə həsrəti-didar mən oldum.

 

 

Gül qönçəsitək bağrımı qan eylədi qəmzən,

Bülbül kimi əfğanə kiriftar mən oldum.

 

 

Hicr atəşinə canı yanan çoxdu cahanda,

Amma qamusundan da günü tar mən oldum.

 

 

Saldın nəzərindən məni, ey Leyliyi-dövran,

Məcnun kimi vəhşilər ilə yar mən oldum.

 

 

Fərhadsifət tişeyi-qəm saldı ayaqdan,

Şirin ləbin həsrəti xünbar mən oldum.

 

 

Sən mülki-bədən içrə yəqin qütbsən, ey mah,

Başına dolanmaqlığa pərgar mən oldum.

 

Əğyar olub Kəbeyi-küyində müəzzəm, mükərrəm,

Hicrində, vəli xarü diləfkar mən oldum.

 

 

Nəvvabı çəkib dari-qəmə bir büti-rəna,

Mənsur kimi dəhrdə əşhar mən oldum.

 

 

 

RÜBAİ

 

 

 

Görmədim bir ləhzə mən azadə olsun könlümü,

Qüssəvü dərdü ələmdən sadə olsun könlümü,

Gəşteyi-heyrət içində qalmışam Nəvvab tək,

Haliya, qərq olmağa amadə olsun könlümü.

 

Mir Möhsün Nəvvab

 

525-ci qəzet.- 2022.- 3 noyabr.- S.15.