Lənkəranda əks olunan
Mirzə Cəlil işığı
Müxtəlif fasilələrlə 25 ilə
yaxın nəşr olunan "Molla Nəsrəddin" jurnalı
fəaliyyətə başladığı
gündən yüzlərlə
fəhlə-kəndli müxbiri
ətrafına toplamışdı. Jurnal lənkəranlı
müxbirlərin yazılarına
da xüsusi əhəmiyyət verirdi.
Lənkəran qəzasından
göndərilən məktublar,
felyetonlar, satirik şeir parçaları
"Uzaq görən",
"Şeytan", "Millət",
"Qara gülsüm",
"Quyruğu belində",
"Bacı oğlu",
"Lənkəran fırıldaqçısı",
"Qardaşoğlu", "Sarsaqqulu", "Sancaq",
"Yoldan keçən",
"Mücərrəd", "Söz yığan" və sair imzalarla
dərc olunurdu. Jurnalda "Bacı oğlu", "Qara gülsüm", "Quyruğu
belində", "Lənkəran
fırıldaqçısı" imzaları Mirzə İshaq Mövsümzadəyə,
"Şeytan", "İfrit",
"Millət" imzaları
İbrahimxəlil İsazadəyə,
"Qardaşoğlu", "Sarsaqqulu" imzaları Mirzə Ağəli Əziz oğluna mənsub idi (Respublika Əlyazmaları Fondunun Əsərləri,
II cild, B., 1963, səh.129).
"Molla Nəsrəddin"in
Lənkəran müxbirlərini
iki qismə ayırırlar. Eyni amalın yolçusu
olan bu adamların
bir qismi inqilabdan əvvəl, digər qismi isə Sovet hakimiyyəti illərində
fəaliyyət göstərmişdi.
Mirzə Ağəli Əliyev, İbrahimxəlil
İsazadə, Abbas Axundov, Musa Nurullayev, İsmayıl Qənbərov,
Hüseyn Atakişiyev,
Mirzə İshaq Mövsümzadə və
Mirzağa Əhmədbəyli
ilk molla-nəsrəddinçilər sırasında olmuşlar.
Fərəculla Daşdəmirov,
Mütəllim Məmmədov,
İsgəndər Səmədzadə,
Əliağa Qənbərov,
Nəsrulla Qənbərov,
Məmi Kazımov, Qəzənfər Nəsirli
və İman Əliyev müxbirlik fəaliyyətlərinə Sovet
hakimiyyəti illərində
başlamışlar.
Jurnalın redaktoru Cəlil Məmmədquluzadə Lənkərana
hər gəlişində
müxbirləri ilə
görüşərək, məsləhət və tövsiyələrini verərdi.
Cəlil
Məmmədquluzadə 1926, 1927 və 1929-cu illərdə
Lənkəranda olmuş,
ictimaiyyətin nümayəndələri,
o cümlədən, lənkəranlı
mollanəsrəddinçilərlə görüşmüşdü. 1927-ci il sentyabrın 24-də Lənkəranda keçirilən
Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin
ikinci sessiyasında (beşinci çağırış)
çıxış edərək
xalq maarifi, fanatizmlə mübarizə
yolları, torpağın
zəhmətkeşlərə məxsus olması və sair haqqında
qəza icraiyyə komitəsinin etdiyi məruzəyə dair münasibətini bildirmişdi
(Q.Məmmədli. C.Məmmədquluzadə
- deputat, "Ədəbiyyat
və incəsənət"
qəzeti, 31 mart 1965).
CƏLİL
MƏMMƏDQULUZADƏDƏN MƏKTUBLAR
Nəsrulla Qənbərov "Molla Nəsrəddin" jurnalının
fəal müxbirlərindən
idi. Jurnalda onun yazıları "Uzaqgörən",
"Qarnıcırıq", "Sancaq", "Yoldan keçən", "Qənbərli"
imzaları altında verilib. "Hoqqabazlar",
"İdarəyə məktub",
"Üləmalar məclisi",
"Rehlət", "Ara
həkimin fırıldağı",
"Qolçomaq keşiş"
və sair məqalələrdə Nəsrulla
Qənbərov gördüyü,
şahidi olduğu hadisələri qələmə
almış, fırıldaqçı
mollaları, cəhaləti
tənqid etmişdi.
Nəsrulla müəllimi yaxşı
tanıyırdım. Tez-tez görüşərdik.
Bir dəfə evlərində
olarkən Cəlil Məmmədquluzadə ilə
dostluğundan danışdı
və çoxdan saralmış bir neçə məktubu mənə uzatdı.
- Mirzə Cəlildən xatirədir, - dedi. - Vaxtaşırı məktublaşardıq.
Xoş bir təsadüf üzündən
onların fotosurətini
çıxartdıra bilmişdim.
Bu günlərdə şəxsi
arxivimi araşdırarkən
Cəlil Məmmədquluzadənin
həmin məktublarına
rast gəldim.
Mollanəsrəddinçi-müəllim Nəsrulla Qənbərov Mirzə Cəlildən üç məktub alıb. Birinci məktub
Mirzə Cəlilin Lənkərana səfərinə
bir-iki həftə əvvəl yazılıb:
"Lənkəranda Nəsrulla
Qənbərli yoldaşa!
Məlumunuz olsun ki, bu
günlərdə Mərkəzi
İcraiyyə Komitəsi
üzvləri ilə bahəm Lənkəran şəhərinə gələsiyəm. Sizdən
xahiş edirəm: əvvəlan biz oraya gələn vaxt sizə mümkün olsun ki, bəndəni
tapasınız ki, görüşək. Və saniyən
mən oraya gələn vaxtdan həmin məlumatı toplayasınız ki, görüşdüyümüz zaman mənə verə biləsiniz.
1. Lənkəranda bu saat neçə məscid var?
2. Orada neçə molla var? Bunların vaizi
neçədir, mərsiyəxanı
neçədir?
3. Həmçinin, qəzada,
hansı qəsəbədə
və hansı kənddə məscid var və nə
qədər molla var?
4. Cəmi mollaların adları.
5. Harada təhsil tapıblar?
6. Bu qədər mollaların nə qədər iranlı və nə qədəri azərbaycanlıdır?
7. Bunların hansı bu saat ev məktəbi saxlayır?
8. Mümkünsə, onların
məktəblərindən və dərslərindən
bir qədər məlumat toplayasınız,
cəmaətimizin maarifinə
xidmət naminə bu məlumatı toplayasınız ki, Lənkəranda mana verə biləsiniz.
Sizin dostunuz Cəlil Məmmədquluzadə, Bakı,
18 sentyabr, 1928"
Cəlil
Məmmədquluzadə Nəsrulla
Qənbərova növbəti
məktubda yazırdı:
"Ən istəkli
cavan yoldaşlarımdan
hesab etdiyim Nəsrulla Qənbərli yoldaş!
Bu ayın 12-də yazdığın
məktubu oxuyanda doğrusu, bir növ xəcalət çəkdim. Çünki sən mənə kağızı hər dəfə fürsət düşəndə yazırsan,
əmma mən sana yazmıram.
Əlbəttə - adət beylədür
ki, mən gərək deyəm "vaxtım yoxdur". Bəs onda sən də
deyə bilərsən
ki, əgər vaxtın yoxdur, indi bəs niyə
kağız yazmağa
vaxt tapdın və sair. Bununla bərabər sən həmişə yadımdasan
və səni və İsmail (N.Qənbərlinin böyük
qardaşı - E.Ə.) qardaşıvı
həmişə könlüm
istər və arzuluram. Məndən İsmailə dua
yetir. Məktublarıvı bu saat Əli Nəzyə göstərirəm ki, bə qədr imkan istifadə etsin.
Və bundan sonra da məni
gah-gah yad etməgivə də ümidvaram.
Sağ ol, əzizim, çox yaşa!
Cəlil,
Bakı, 20 oktyabr,
1930"
Cəlil
Məmmədquluzadə Nəsrulla
Qənbərliyə üçüncü
məktubda yazırdı:
"Nəsrulla Qənbərli
yoldaşa! Lənkəranda bu övqat idarəmizə məktub və məqalə göndərən çoxdur.
Ancaq mən onların bəzilərinə inanmıram.
Onunçün da səndən
məqalə gözləyirəm,
bu şərtlə ki, müxtəsər olsun.
İsmailə dua göndərirəm.
Cəlil,
Bakı, 13 iyul,
31"
Nəsrulla Qənbərov 1925-1930-cu illər
arasında "Molla Nəsrəddin" jurnalı
redaksiyasında olmuş,
burada Mirzə Cəlil və Əli Nəzmi ilə görüşüb
söhbət etmişdi.
Nəsrulla Qənbərov 1925-ci ildə
Azərbaycan müəllimlərinin
birinci qurultayında Cəlil Məmmədquluzadə
ilə yanaşı oturmuş, bir yerdə çəkilmiş
şəkil qurultayın
davam etdiyi günlərdə "Kommunist"
qəzetində verilmişdi.
İKİLİKDƏ
SÖHBƏT
1976-cı ilin yazı
təzə gəlmişdi. Azərbaycan Dövlət
Universitetinin Jurnalistika
fakültəsinin son kursunda
oxuyurdum. "Molla Nəsrəddin jurnalının Lənkəran
müxbirləri" mövzusunda
diplom işi üzərində işləyirdim.
Elmi rəhbərim, Azərbaycan mətbuatının
görkəmli tədqiqatçılarından
biri, professor Nəriman Zeynalovun məsləhətilə mollanəsrəddinçi
Nəsrulla Qənbərovla
yenidən görüşdüm
və bir neçə sualla müraciət etdim.
- Mirzə Cəlillə
ilk görüşünüz yadınızdadırmı?
- Onda 23 yaşında idim, - Nəsrulla müəllim bildirdi. - Astraxanbazar (indiki Cəlilabad) rayonunun Privolnı kəndində müəllim işləyirdim. 1924-cü il idi. Günortaya az qalmış məktəbimizə rayon dairə icraiyyə komitəsinin sədri Fərzi Babayevlə hündürboy, enlikürək, xoş simalı bir nəfər də gəldi. O, məktəbin vəziyyəti, uşaqların təhsili ilə maraqlandı. Sonra qonağın xahişi ilə valideynləri iclasa dəvət etdik. O, çox təmkinlə danışırdı. Deyirdi ki, məktəbdən bir nəfər də kənarda qalmamalıdır. Gələcək uşaqlarındır, qızları da məktəbə cəlb etmək lazımdır.
Qonaq özünü tanış verməmişdi. Odur ki, mən də adını soruşmağa cəsarət etmirdim. İclasdan sonra o, mənə bir neçə zərf uzatdı və tapşırdı ki, mədəni-maarifin inkişafına mane olanlar haqqında yazıb bu zərfə qoyum və Bakıya göndərim. Zərfin üstündə "Molla Nəsrəddin" adını görəndə qonağın Mirzə Cəlil olduğunu başa düşdüm. Onunla ilk tanışlığım belə başlandı.
- Yəqin ki, "Molla Nəsrəddin" jurnalı redaksiyasında da olmusunuz. Bu barədə nə deyə bilərsiniz?
- Redaksiya onda Starı Poçtovı küçəsində yerləşirdi. Sonra küçəyə N.Ostrovskinin adı verildi. Dəfələrlə redaksiyada olmuş, Mirzə Cəlil və Əli Nəzmi ilə görüşüb söhbət etmişəm. Böyük ədibə "Cəlil dadaş" deyə müraciət edərdim. "Kənd kooperativlərində" adlı felyetonum jurnalda gözəl bir illüstrasiya ilə verilmişdi. Felyetonda Lənkəran rayonunun Veravul kənd mağazasında əhaliyə lazım olan zəruri tələbat mallarının olmaması tənqid edilirdi. Mağazanı təsvir edən şəklin altında bu sözlər yazılmışdı:
Azsoyuzdur - ərşini var, bezi yox,
Narkomlardır özün bəzir, bizi yox.
(Ardı var)
Etibar
ƏHƏDOV,
Lənkəranda
çıxan "Aşkarlıq" qəzetinin baş
redaktoru
525-ci qəzet.- 2022.- 3 noyabr.- S.14.