Ədəbi-bədii düşüncənin sərhədləri  

 

 

Tanınmış ədəbiyyatşünas, sənətşünas Timuçin Əfəndiyev son illərdə iki fundamental tədqiqat ilə çağdaş ədəbiyyatşünaslığımızı zənginləşdirib; bunlardan biri "Romantizm: təşəkkülü, problemləri, şəxsiyyətləri", digəri isə "Milli özünüdərk ədəbi kontekstdə" monoqrafiyalarıdır. Hər iki tədqiqatla bağlı elmi cameədə məqalələr yazıldı, təhlillər aparıldı və həqiqi dəyəri verildi. Zaman keçdikcə bu tədqiqatlara hələ çox müraciətlər və istinadlar ediləcək. Hər iki kontekst ədəbiyyatşünaslığımızın ən mühüm problemlərindən biri kimi gələcəkdə də prioritetliyini qoruyub saxlayır. Professor Tumiçin Əfəndiyev bu dəfə "Ədəbi bədii düşüncələr" (Bakı, Zərdabi Nəşr, 2022, 752 s.) kitabı (tərtib edəni və ön sözün müəllifi sənətşünaslıq elmləri doktoru Vəfa Xanoğlan) ilə oxucularının görüşünə gəlib. Kitabda filologiya elmləri doktorunun müxtəlif illərdə qəzet və ədəbi dərgilərdə dərc olunmuş nəzəri, estetik, publisistik məqalələri, səfər təəssüratları, xatirələri, görkəmli nümayəndələri haqqında fikirləri və onun şəxsiyyəti, yaradıcılığı haqqında müasirlərinin yazdıqları məqalələr, resenziyalar toplanıb. Doğrusu, ədəbi prosesin ən zəif cəhətlərindən biri proses iştirakçılarının yaradıcılıq "mətbəx"inin bütün yönləri ilə açılmamasıdır. Yəni bizdə yaradıcı adamların həyatını, şəxsiyyətini aça bilən yazılara az yer verilir. Bu mənada Timuçin Əfəndiyevin bu kitabı ədəbi cameəmizdə olan boşluğu bir qədər doldurur. Nəzərə alanda ki, Timuçin Əfəndiyev gənc yaşlarından ədəbi prosesin içində olub (görkəmli yazıçı İlyas Əfəndiyevin oğlu olması faktını xatırlayaq!) və universitet illərindən dərhal sonra elmə gəlib, müxtəlif yerlərdə çalışıb, ədəbiyyat və sənət cameəsində təkcə yazıları ilə deyil, vəzifəsi ilə də funksional mövqedə olub, o zaman onun yazılarının, təəssüratlarının dəyəri bir qədər də artmış olur. Ömrünün əlli ilini elmə, təhsilə həsr etmiş bir elm, sənət adamının yazılarının dəyəri həm də onun həyat təcrübəsini bölüşməsində, hadisə və şəxsiyyətlərə verdiyi dəyərdədir. Kitab həm də müəllifin keçdiyi həyat yolunu, onun şəxsiyyətinin müxtəlif məqamlarını, ömürlüyünün mərhələlərini, sənətə münasibətini, eləcə də həmkarlarının onun yaradıcılığına baxış bucağını əks etdirir.

Məlumdur ki, Hüseyn Cavid yaradıcılığı professor T.Əfəndiyevin elmi araşdırmalarının əsas obyektidir və bu görkəmli şair, dramaturq haqqında bir çox araşdırmaları var. Tədqiqatçının ilk elmi debütü kimi onunla bağlı apardığı araşdırmalar da maraq doğurur. Bu cəhətdən 1973-cü ildə yazdığı "Hüseyn Cavid ədəbi tənqiddə" adlı ilk araşdırması ilə tanış oluruq. Bu, ilk məqalələrindən biri idi və elm yolunda ilk addımlarını atırdı. Lakin elə ilk addımdaca gənc tədqiqatçı Hüseyn Cavidə çox doğru olaraq sovet tənqidçilərinin münasibətini cəsarətlə "təftiş" edir, sənətkara qarşı qərəzli, ideoloji münasibəti aşkara çıxarırdı. Məsələ təkcə 20-30-cu illər tənqidindən getmirdi, sonrakı tənqidlərdə olan yanlışlıqları da üzə çıxarır və 50-ci illərdə siyasi bəraət alan Hüseyn Cavidə və onun yaradıcılığına ədəbi prosesdəki, elmi təfəkkürdəki bəraətini də əsaslandırırdı. Bu zaman hələ tam olaraq elmi mühitdə 20-30-cu illər tənqidinə aydın münasibət də formalaşmamışdı. Timuçin Əfəndiyev bu dövrün tənqidçilərinin haqlı cəhətləri ilə yanaşı, metodoloji səhvlərini də üzə çıxararaq onların H.Cavid yaradıcılığına düzgün yanaşmamalarını metodoloji cəhətdən səhv hesab edirdi: "...bəzi tənqidçilər Cavid kimi sənətkarların yaradıcılıq üslubu və imkanlarını nəzərə almayaraq, onlara birtərəfli münasibət bəsləyir, qarşılarında həddindən artıq böyük tələblər qoyurdular". Bu yanaşmanın sonrakı ədəbi tənqid tərəfindən də təqdir edilməsi müəllifin düzgün mövqedə olduğunu təsdiq edir.

"Romantik dramaturgiyada mühit və şəxsiyyət problemi" məqaləsində də Hüseyn Cavid yaradıcılığına müraciət edilir və romantizm ədəbiyyatının ən mühüm məsələsi araşdırılır. Tədqiqatçı burada romantik şairin (yazıçının, dramaturqun!) yaşadığı dövrə, mühitə, xalqın taleyinə, ictimai hadisələrə münasibət məsələsini qoyur və problemi ilk mərhələdə yazdığı "Ana", "Şeyda", "Uçurum", "Afət" dramları kontekstində təhil edir. Bu əsərlərin romantizm estetikası baxımından və dünya ədəbiyyatşünaslığının çağdaş nəzəri fikrinə istinadən təhlili tədqiqatçının doğru yolda olduğunun bir sübutudur.

Professor Timuçin Əfəndiyevin ədəbi prosesdə romantizm estetikası və onun görkəmli nümayəndəsi Hüseyn Cavid haqqında apardığı araşdırmalar yeni bir yanaşmadan xəbər verirdi. Burada görkəmli ədəbiyyatşünaslar Məmmədcəfər Cəfərov, Məsud Əlioğlunun tədqiqatlarını da yada salmaq lazım gəlir. Bu yanaşma "Romantik dramaturgiyada tarixilik və müasirlik", "Faciədə bədii zaman və romantik qəhrəman" məqalələri ilə davam edir. Məqalələrdə Hüseyn Cavidə olan münasibətdəki vulqar sosiologizm, sosrealist baxış elmi arqumentlərlə tənqid edilir. "Topal Teymur", "Peyğəmbər", "İblis" kimi dram əsərlərinin təhlilində dünya romantizm estetikasının nəzəri postulatlarına söykənmək və bədii mətndən çıxış etmək tədqiqatçıya yeni dividentlər gətirir. Xüsusilə, faciədə bədii zaman və romantik qəhrəmanın gücünü bəlirləməsi və "həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yaratması" (V.Belinski) tədqiqatçının söykəndiyi nəzəri istinadlardır. Nəzəri kontekst "Hüseyn Cavid irsi və XX əsrin əvvəllərində yaradıcılıq metodları" məqaləsində də davam edir. Bu elmi, nəzəri arqumentlərin hesabına tədqiqatçı Hüseyn Cavid irsini və romantizm poetikasının araşdırılmasında yeni yanaşmalar sərgiləyir və gələcək tədqiqatlara geniş imkanlar açır.

Professor Timuçin Əfəndiyevin məqalələrinin böyük bir hissəsi romantizm estetikasının nəzəri və parktik problemlərinə həsr olunub. "Azərbaycan romantizminin hüdudları", "Azərbaycan romantizminin estetik prinsipləri", "Mürtəce" Azərbaycan romantikləri" (Ağadadaş Müniri, Əliabbas Müznib, Əbdülxalıq Cənnəti, Əhməd Kamal və b.), "Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük", "Azərbaycan romantiklərinin yaradıcılığında turançılıq" və s. məqalələri romantizm ədəbiyyatının bütün yönləri və problemləri ilə araşdırılmasına xidmət edir. Yarandığı dövrdən bir qədər sonra araşdırılmaya başlayan romantizm estetikası bu məqalələrlə bir qədər də zənginləşir və yeniləşir. Romantizmin hüdudlarının müəyyənləşdirilməsində tədqiqatçı yeni elmi qənaətlərə gəlir. Bu qənaət sovet dövrü ədəbiyyatşünaslığından fərqli və daha doğru bir nəticədir. Romantizmin başlanğıcı və sonu, onun vahid bir cərəyan olaraq tədqiqi, romantizmin ideoloji nümayəndələrə bölünməsi və uzun illər dəyərləndirmələrdə bu kontekstdən yanaşılması, mövcudluğunun hüdudlarının dəyişilməsi kimi məsələlər yeni faktorlarla elmi həllini tapır.

Professor Timuçin Əfəndiyev Azərbayacan romantiklərinin estetik prinsiplərinin müəyyənləşməsi və təsnifatında da önəmli nəticələrə gəlir. Aydındır ki, uzun müddət romantizmin estetik prinsipi üçün "sənət sənət üçündür" fikri əsas götürülmüşdür. Tədqiqatçı isə bu prinsipin romantizm ədəbi cərəyanının deyil, ümumiyyətlə ədəbiyyatın əsas problemlərindən biri olduğuna diqqət çəkir və romantizm estetikasının həqiqi prinsiplərini ortaya çıxarır. Romantizm estetikasının Ə.Hüseynzadə yaradıcılığında və onun baş mühərriri olduğu "Füyuzat" dərgisində formalaşmasına dair faktlara söykənən fikirləri maraq doğurur: "Ə.Hüseynzadənin romantizm konsepsiyasına dair fikirləri "Füyuzat" məcmuəsində də nəinki davam edir, bir az da dərinləşir, sistemli xarakter alır. O, ədəbiyyatın saflığına çalışır, sənət prinsiplərinə üstünlük verirdi. "Füyuzat" dərgisində çıxış edən müəlliflərin yazılarında bu estetik prinsiplərdən çıxış edilirdi".

Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük, turançılıq problemləri də yeni bədii nümunələrlə tədqiq edilir. Əslində bu nümunələrdən sovet dövrü ədəbiyyatşünaslığının bir çox romantikləri nədən "mürtəce romantiklər", - deyə damğalamasının nədəni aydın olur. Onların yaradıcılığında mövcud ideologiya (sosrealizmlə!) uyğun gəlməyən türkçülük, turançılıq, vətənçilik və milli düşüncə əsas yer tuturdu. Ümumiyyətlə, romantizm və onun nümayəndələri elə bir zəngin irsdir ki, hər zaman araşdırılmalı və yeni qənaətlərə gəlmək mümkün olur.

T.Əfəndiyevin ictimai fikirdə milli ideya və özünüdərk məsələlərinə həsr edilən silsilə məqalələrini romantizm tədqiqatlarının davamı hesab etmək olar. Bu kontekstdə yazılmış "Sabir satirasında özünütanıma və milli kimlik", "Millət və vətən anlayışları milli özünüdərkin atributları kimi", "Üzeyir Hacıbəylinin publisistikasında milli özünüdərk", "Milli özünütanımanın tarixi-ədəbi mənbə və qaynaqları", "Cümhuriyyət dövrü poeziyasında türkçülük çağırışları çağdaş Azərbaycançılıq məfkurəsinin tarixi ideya mənbəyi kimi", "Poeziyada milli ruh və istiqlalçılıq ideyasının tərənnümü" və s. məqalələrində özünüdərkin forma və prinsipləri, keçdiyi yol və ifadə imkanları araşdırılır.

Professor Timuçin Əfəndiyevin "Humanist sənətkar", "İnsan unudulmur" haqqında", "İrsin tədqiqi", "Yarımçıq əlyazma"nın bütöv çap nüsxəsi və yaxud bədii evristikanın ilk qaranquşu", "Nizami poeziyasının rasionalist və kosmoloji paradiqmaları", "Sənət və səmimiyyət", "Sonsuzun dərkinə uzanan yol", "Şairi düşünərkən" və s. məqalələrində ədəbiyyatımzın müxtəlif problemlərinə münasibət bildirilir. "Nizami poeziyasının rasionalist və kosmoloji paradiqmaları" məqaləsində Nizami poeziyasının epik vüsəti, fəlsəfi xarakteri, idealist görüşləri və rasionallığı çağdaş nəzəri fikir kontekstindən dəyərləndirilir. Məqalədə Nizami Gəncəvi irsinin öyrənilməsinin aktual problemləri və yolları bəlirlənir. "Sənət və səmimiyyət" məqaləsində isə tədqiqatçının fəlsəfi-estetik mülahizələri ilə tanış oluruq. Tədqiqatçı burada sənətdə vacib amillərdən olan səmimiyyət konteksti üzərində dayanır və uşaqlıqdan atasından eşitdiyini yada salaraq yola çıxır. Sənətdə səmimiyyətin bədii, fəlsəfi mahiyyəti nəzəri aspektdə açan müəllif yazır: "Sənətkarı şəxsiyyət zirvəsinə qaldıran amillərdən biri də onun səmimiyyətidir. İstedadlı sənətkarın yaratdığı hər bir sənət əsəri hüdudsuzdur, çünki əsl sənət daxili gözəlliyin, yəni görünməyən aləminin, dərin hiss və duyğularının, sevinc və kədərinin fəlsəfi-estetik tərənnümüdür".

Professor T.Əfəndiyevin məqalələri içərisində çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrinin yaradıcılığı da mühüm yer tutur. Kamal Abdullanın yaradıcılığına həsr edilən "Yarımçıq əlyazma"nın bütöv çap nüsxəsi və yaxud bədii estetikanın ilk qaranquşu", "Sonsuzun dərkinə uzanan yol" məqalələrində "Yarımçıq əlyazma" və "Unutmağa kimsə yox" romanları təhlil edilir.

Professor T.Əfəndiyevin ədəbi, elmi fəaliyyətinin teatr, dramaturgiya və incəsənət yönü, eləcə də uzun müddət incəsənət sahəsində işləməsi yaradıcılığında bu sahəyə ayrıca yer ayırmasına, ədəbiyyatşünaslıq qədər önəm verməsinə imkan verir. "Teatr və müasirlik", "Yaradıcılıq etikası və teatr", "Çağdaş teatr prosesləri. Zaman müstəvisində baxış", "Teatr və rejissura", "Teatr və musiqi", "Teatr və rəssamlıq", "Azərbaycan teatrşünaslığı: dünənimizdən bugünümüzə", "Düşünən və düşündürən bəstəkar", "Şəxsiyyətin və sənətin nuru", "Mədəniyyətlərin çarpazlaşması", "Ənənəyə sadiqlik" və s. onlarla məqalələrində incəsənətin müxtəlif sahələrinin nəzəri və praktik məsələləri təhlil edilir, görkəmli nümayəndələirinin yaradıcılıq və şəxsiyyətinin portreti yaradılır. Teatr etikasından danışarkən aktyor Ələsgər Ələkbərovun Stanislavskinin sənət estetikasına əsaslanaraq üç-dörd saat obraz üzərində işləməsi, obrazdan kənar heç nə düşünməməsi müşahidəsi olduqca qiymətlidir. Yaxud Sidqi Ruhullanın "Vaqif" tamaşasının məşqləri üzərində çalışarkən Qacarın sözdə asıb-kəsməsini doğrulayan hərəkətin olması istəyini Səməd Vurğuna bildirməsindən sonra dramaturqun "Sidqi qardaş, bəlkə Qacar belə bir söz desin: "Bir boynu olsaydı bəşəriyyətin, //Onu bir qılıncla vurardım yəqin", - əlavəsinin obrazın mahiyyətini bütünlüklə əks etdirməsi teatrın, sənətin görünməyən tərəflərini əsk etdirir. Teatr və musiqinin sintezi, teatrla rəssamlığın, dekor sənətinin paralel inkişafı, rejissor-aktyor-müəllif əməkdaşlığı kimi məsələlər konkret həyati faktlarla təhlil edilir.

Kitabın maraqlı bölümlərindən biri tədqiqatçı haqqında olan fikirlər, məqalələr, resenziyalardır. Azərbaycanın görkəmli elm və mədəniyyət adamları Anar, Kamal Talıbzadə, Oqtay Mirqasımov, Qabil, Hüseyn Abbaszadə, Kamal Abdulla, Amaliya Pənahova, Cənnət Səlimova, Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Fuad Qasımzadə, Rasim Əfəndiyev və başqalarının Tumiçin Əfəndiyevin fəaliyyəti, yaradıcılığı ilə bağlı fikirləri onu bir elm və mədəniyyət adamı olaraq dərk etməyə imkan verir. Akademik Kamal Talıbzadə onu "yüksək hərflə yazılmağa layiq bir ziyalı" hesab edir: "Dosta aid edilən ziyalılığın məsuliyyəti böyükdür. İstədim, ya istəmədim, bu anlayış özündə istiqanlılıq, sədaqət, təmizlik kimi xüsusiyyətləri ehtiva edir. Və bu xüsusiyyətlərin hamısı dostum Timuçinin mənəviyyatına, cisminə hopmuş kimidir. O, özü bu xüsusiyyətlərin şərəf əsirinə çevrilmişdir". Akademik Siyavuş Qarayev onunla dostluğunu "illərin, çətinliklərin sınağından çıxmış" bir dostluq hesab edir. Akademik Azad Mirzəcanzadə onun doktorluq dissertasiyası və monoqrafiyasına söykənərək bir alim kimi yüksək dəyərləndirir. Aktrisa Amaliya Pənahova "Böyük və istedadlı şəxsiyyət" məqaləsində mədəniyyət və incəsənətdəki uğurlarını dəyərləndirir. Fərhad Xəlilovun nəzərində "fəal təşkilatçı və nəcib insan"dır. İnqilab Kərimov üçün "gözəl alim, bacarıqlı təşkilatçı", Azərpaşa Nemət üçün isə "fədakarlıq mücəssiməsi, ziyalılıq etalonu"dur. Timuçin Əfəndiyevin mədəniyyətimiz qarşısında xidmətlərini yüksək dəyərləndirən Anar yazır: "...mənim Timuçinə qarşı duyduğum doğmalıq hissi yalnız ailə ənənəsindən qaynaqlanmır, daha çox onun öz şəxsiyyəti və xasiyyəti ilə bağlıdır. Timuçin çox mehriban və xeyirxah insandır".

Kitabda Timuçin Əfəndiyevin araşdırmaları haqqında yazılan resenziyalara da yer verilir. Məryəm Əlizadə, Gülşən Əliyeva, Vəfa Xanoğlan, Aydın Kazımzadə, Xəzər Zeynalov, Ərtegin Salamzadə, Asif Rüstəmli, Nizaməddin Şəmsizadə, Məmməd Əliyev, Xaləddin Sofiyev və başqalarının resenziyalarında Timuçin Əfəndiyevin elmi yaradıcılığı sənət və ədəbiyyatşünaslıq kontekstindən təhlil edilir. Bütün bunlar professor Timuçin Əfəndiyevin şəxsiyyətinin bizə məlum olan və olmayan tərəflərini açır, yaradıcılığının mahiyyətini, əhəmiyyətini dərk etməyə imkan verir.

 

Bədirxan ƏHMƏDLİ

 

525-ci qəzet.- 2022.- 3 noyabr.- S.12;13.