Şəhidlərdir ruhumuzun bayrağı!..  

 

 

Mövqe qələbəsi qazanmışdılar. Döyüşçülər əsə-əsə yüksəkliyə tələsən həlim yelin içində ayaq saxlayıb bir hovurluğuna nəfəs dərirdilər. Müharibədə bir döyüşün sonluğu növbəti döyüşün başlanğıcıdır. Bir azdan başlayacaq döyüşün ovqatı qınından sıyrılmış qılınc kimiydi. Anlar ağırlaşmışdı elə bil, ötüşmürdü. Səid iri bir daşa dirsəklənmişdi. Baxışları qarşı yüksəklikdən üzülmürdü. Əlini ürəyinin üstünə qoymuşdu. Əlində ilahi bir hərarət hiss eləyirdi. Döyüşlər başlayandan bəri sinəsində gəzdirdiyi bayrağımızın hərarətini işğaldan azad edəcəkləri torpaqların örtüyü bilirdi. Döyüş-döyüş həmin günə yaxınlaşırdılar...

Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzulinin Horadiz şəhərində anadan olmuşdu. Bakıda şəhid S.Yolçuyev adına orta məktəbi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi...

"Dövlət Vətən deməkdir, Vətən - torpaq. Torpağı qorumaq dövləti, dövləti qorumaq Vətəni qorumaqdır. Torpaqlarımızı işğaldan azad edəcəyik , qoruyacağıq da. Torpaq olmayandan sonra Vətən yoxdur, Vətən olmayandan sonra mən nəyə lazımam, biz nəyə lazımıq...", - Səid tay-tuşlarına da, xidmət yoldaşlarına da, döyüşçülərə belə deyərmiş...

Hamımız canımızla bu dövlətin, ruhumuzla bu torpağın əsgəriyik. Dürüst söz dürüst niyyətə, dürüst niyyət dürüst ömürə düşən işıqdı. Ömrünə bələd olanlar deyir ki, Səid Nofəl oğlu dövlətimizə, dövlətçiliyimizə sevgisiylə bayrağımızın işığında dürüst ömür yaşadı. Neçə 30 illər keçəcək, babalar nəvələrinə gerçək nağıllar danışanda deyəcəklər ki, Nofəl oğlu Səid vardı, igid idi, qəhrəman idi, işığına qaranlıqlar tamsınmasın deyə erməniliyi ayağının altına qoyub bayrağımızı ucalığa dikəltmək istəyirdi...

2016-cı ilin Aprel döyüşlərində Səid Rəşidzadə döyüşmüşdü. "Biz qəhrəman olmaq üçün döyüşmürük, qəhrəmanlıqla döyüşürük", - Səid aprelin 4-də dan yeri söküləndə, döyüşə bir nəfəs dərimiycə qalmış belə demişdi. Polkovnik Polad Həşimov təbəssümlə Səidə baxmışdı. Bu, sözlə ifadə edilməyən təşəkkür idi, döyüş ərəfəsində əsgərlərin qələbə ruhunu ovxarlayan kəlamlara görə komandir minnətdarlıq idi... Səid sonralar öz döyüşlərindən danışmazdı, əsgərlərin döyüşündən danışardı, "mən" deməzdi, "biz" deyərdi. "Aprel döyüşləri son döyüşümüzdən əvvəl qazanılmış qələbədir...", - Aprel qələbəsini son döyüşümüzün ərəfəsi adlandırırdı...

Əhdi vardı Səidin. 14 günüydü döyüşlər azca səngiyəndə Arif Nihat Asyanın "Bayraq" şeirini xatırlayardı. Ürəyinin başında gəzdirdiyi bayrağımızı öpüb gözlərinin üstünə qoyardı:

 

 

 

Yer üzündə yer bəyən,

Hara sancılmaq istəsən,

Söylə, səni ora sancım! -

 

 

 

deyərdi; bayrağımız Azərbaycan Ordusunu Zəfərə aparırdı...

Bayraqlarımız işğaldan qurtuluşun carçısı olacaqdı, Şuşada dalğalanacaqdı, Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaqdı. Qaliblər dalğalandıracaqdı, qaliblər sırasında "Bayrağım - varlığım, bəxtiyarlığım!" deyən Səid dalğalandıracaqdı. Səidlər bayrağımızın işığını gözlərinə köçürmüşdü, bu işıq onlara "Qəzan mübarək, igid!" deyirdi, onları döyüşlərə Vətən uğurlayırdı. Onlar da bilirdi ki, qazavata bayrağın işığıyla gedənlər məğlub olmur. Bayraq ruhunun can köynəyi olanlar döyüşlərdəydi. Döyüş-döyüş qələbəyə yaxınlaşırdılar.

Füzuli istiqamətində döyüşürdülər...

Hər döyüşü son döyüş bilib döyüşürdülər. "Şəhidlərin ruhu da sıramızdadı. Şəhidlərin adından döyüşürük", - Səid belə deyirdi. Onda döyüşçülər gözucu göy üzünə baxardılar, sonra komandirlərinə. Bu baxışlar inamıydı, sevgiydi, sədaqətiydi, bir döyüşqabağı məsləhət, tövsiyə istəyi. Səidin sağ əli Elgünün, sol əli Raqifin çiyninə endi. Səssizlikdə Səid döyüşçülərə, döyüşçülər qarşıdakı yüksəkliklərə baxırdılar. Döyüş əzmi vardı baxışlarda, bir qələbə ruhu. Döyüşçülərin döyüş əzminin, qələbə ruhunun kölgəsi qarşıdakı yüksəkliklərin sinəsini sıxırdı.

Böyük Pirəhmədlini azad etmişdilər. Döyüş səngiyəndə Səid "Sənin ata yurdunu işğaldan azad etdik, ay ata!..", - pıçıldadı. Üzü Bakıya sarı əsən kükrək yellər ağacların xırda budaqlarını titrədirdi...

Neçə il əvvəl söhbətləşəndə "Bayrağa sevgi bütün sevgilərdən ötədi, bayrağa sevgi Vətənə sevgidi", - demişdi. Tabor komandiri kursant Səid Rəşidzadənin cavabını bəyənmişdi. Kursantlara "Bayrağımızı Səid kimi sevin. Bu sevgi sizin Vətən sevginizin hilalı olsun", - demişdi. Az sonra Səid dostlarının əhatəsində bir misra pıçıldamışdı: "Vətənə sevgidi bayrağa sevgi..." İndi, aradan illər keçəndən sonra arzuladıqları döyüşlərdəydilər, döyüş ərəfəsində həmin misra düşmüşdü yadına. Əlini ahəstəcə sol döşünün üstündə gəzdirdi. Oktyabrın 10-da bir nəfəs dərimi müddətiycə çəkən vaxtda Səid döyüşçülərə ötən əsrin əvvəllərində Sarıqamış döyüşündən danışdı, Çanaqqala döyüşündən danışdı. Bu döyüşlərin sonunda mehmetçiyin qazandığı qələbədən danışdı, o qələbədən bugünkü Türkiyənin doğulduğunu dedi. Tarixin gedişini dayandırmaq üçün dedi, işğalın bu gününü sabahlara bağlamağa qərarlı olanların niyyətini dağlamaq, o bağları yandırmaq üçün dedi. Onu da xatırlatdı ki, bir kökdən gələn döyüş ruhunun sərhəddi olmur. Biz torpaqlarımızı işğaldan xilas edəcəyik. Səid "Xoş o döyüşçüyə ki, döyüşündə şəhidlərin ruhunun qaziliyiylə, şəhidliyiylə ünvanlanan qayibanə duasını eşidir: "Qoluna qüvvət!". Döyüşçüləri döyüşə həm Səidin dediyi kəlmələr uğurlayırdı. Döyüşçülər səngərdən döyüş üzünə çıxmışdılar...

Düşmənin Hadrut istiqamətində əks-hücumunun qarşısı qətiyyətlə alındı.

Şişqayanın düşməndən azad edilməsi əmri verilmişdi. Meşəliklə yarım kilometrəcən  irəliləmişdilər. Yeddi nəfəriydilər: bölük komandiri kimi baş leytenant Səid Rəşidzadə, leytenant Raqif Xanışov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Xalid Abdullayev, İqbal Qurbanov, Yadigar Əsgərzadə əsgər Əmrah Səfərli. Düşmənlə təmas döyüşü çox çəkmədi. Gözlənilməzlik düşməni təntitmişdi. Döyüşə-döyüşə irəli gedirdilər. Şişqayanı ermənilərdən qurtarmağa. Bu döyüş bölüyün yeddi döyüşçüsünü Şişqayanın qurtuluşuna aparırdı...

Düşmənin sığındığı yüksəklikləri çığnayıb keçəcəkdilər. Bu qətiyyətin sonunda qələbənin işığı vardı, qələbə vardı, o işıqda bayrağımızın ucalıqlarda dalğalanması vardı. Bir Böyük Qələbəyə aparan yolu nişan verəcək yol vardı. Bu yola çıxmaq üçün döyüşürdülər. Döyüşün son gülləsindən sonra bu döyüşə döyüşlərin ən gözəli, o yola yolların ən düşərlisi deyəcəkdilər...

Döyüşə-döyüşə bir-birinə söykəkli meşəli təpəlikləri keçdilər. Hər təpəlik uğrunda döyüşdülər. Döyüşün birinin sonluğu digərinin başlanğıcı oldu. "Sürətli hücum, sürətli döyüş, sürətli qələbə!", - döyüşün başlanğıcında Səid aldığı döyüş əmrini tamamlayan döyüş göstərişi vermişdi; belə döyüşdülər...

Müqavimət göstərə bilməyib yüksəklikdən geri çəkilən düşməni təqib edirdilər. Kürəyi döyüşçülərinin nəfəsiylə isinən komandir - baş leytenant Səid Rəşidzadə meşəliyi çıxa-çıxda 15-20 addımlığına bir mərmi düşdü. Azca sağa meyillənib atışı davam etdirdi. Leytenant Raqif Xanışovun harayını ikinci mərmi çiliklədi.

Mərmilər hücumu dayandıra bilmədi. Komandirin döyüşməsi döyüşçülərin qələbə ruhunu coşdurmuşdu. Sonuncu təpəlikdə bir qədər müqavimət göstərsə düşmən davam gətirə bilmədi. Geri çəkilə-çəkilə atışmağa heyi qalmamışdı...

Açıqlıqdaydılar. Düşmən qaçıb dərədə gizlənmişdi. Səidin əmriylə dərəyə bir neçə qumbara atdılar. Öləni öldü, qalanı Hadruta tərəf qaçdı...

Şişqayanı azad etmişdilər. Daha döyüş texnikalarımız döyüşə qoşula biləcəkdi...

Təpəliklər düşməndən azad edilmişdi...

Meşəlik arxada qalmışdı. Açıqlıqdaydılar. Hadrut, Şişqaya görünürdü. Şişqayada ermənilərin bayrağı görünəndə Səidin qaşları çatıldı. Sol əli avtomatın qundağını bədəninə, sağ əli köksünü ürəyinə sıxdı. Gözucu ermənilərin bayrağına sarı baxdı. Qətiyyətlə "Orda bizim bayrağımız dalğalanacaq, bizim!", - dedi...

Dərəni keçdilər...

Döyüşə-döyüşə erməni bayrağına yaxınlaşırdılar...

Mövqeni 50-60 erməni döyüşçüsü müdafiə edirdi. Ağır döyüş gedirdi. Səkkiz döyüşçü 50-60 döyüşçünü atışla mövqedən çıxmağa məcbur etməli idi. Edirdi. Etdi...

Beş döyüşçümüz şəhid oldu...

Səid düşmənin bayrağını layiq olduğu kimi endirdi, layiq olduğu yerə qoydu. Bayrağımızı sinəsindən çıxardıb öpdü. Gözdolusu baxdı bayrağımıza. "O ucalıq sənin yerindi...", - dedi. Dikəlmək istəyəndə snayper gülləsi dəydi Səidə. Diz çökdü, yıxılmadı. Bayrağımızı köksünə sıxdı ki, torpağa düşməsin. Son nəfəsində bayrağımızı biröpdü. Əlində dalğalanan bayrağımız Səidin üstünə sərildi...

Azca dikəldi, torpağı qucaqladı...

İndi minlər deyir ki, Səidlərdi ruhumuzun, bayrağı!..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş baş leytenant Səid Rəşidzadə tarixin cığırdaşı oldu...

 

Rəşid FAXRALI

 

 

525-ci qəzet.- 2022.- 3 noyabr.- S.11.