İşlərinizin asan olmasını istəyirsinizsə...

 

O ZAMAN ELEKTRON VƏTƏNDAŞ OLUN

 

Müasir dünyamızda rəqəmsallaşmanın sürətinə ən cəld marafonçu belə çata bilməz. Bu, heçqulağa xoş gələn metafora deyil, günümüzün xoş reallığıdır. İndi elə bir dövrdür ki, texnologiyanı həyat tərzinə çevirmiş qabaqcıl düşüncə sahibləri oturduqları yerdən qızıl qiymətli vaxtlarına qənaət edib, çətin işlərini asana çevirirlər. Hətta belələrini başqalarından fərqləndirmək üçün, onlara ad da fikirləşiblər: Elektron vətəndaş. Elektron vətəndaşlar o adamlardır ki, dövlət qurumlarının göstərdikləri xidmətlərə elektron müraciət edib operativ nəticələr əldə etməyi həyatlarının ayrılmaz parçasına - vərdişə çeviriblər.

Elektron vətəndaşın xidmətlərə əlçatanlığını təmin edən isə uyğun məzmunu asanlıqla tapmağa imkan yaradan və müxtəlif mənbələrdən alınan məlumatları vahid istifadəçi interfeysində birləşdirən "myGov" (www.mygov.az) portalıdır. "myGov" portalının əsas üstünlüklərindən biri də dövlət qurumlarını vahid platformada birləşdirməsidir. Sistemə daxil olmaq çox asandır. Öncə "ASAN Login" (https://asanlogin.my.gov.az/auth) sistemində yaradılan 4 imkandan istənilən biri ilə qeydiyyatdan keçmək lazımdır. Ya şəxsiyyət vəsiqəsinin FİN kodu, ya Asan imza ilə, ya Elektron imza, ya da Bank Sertfikat Xidmətləri Mərkəzinin imzası ilə qeydiyyatı həyata keçirmək mümkündür.

Portalda qeydiyyatdan keçən hər bir vətəndaşın öz şəxsi kabineti olur. Şəxsi kabinetdə biz dövlət qurumları tərəfindən daxil edilmiş fərdi məlumatlarınızla tanış ola, xidmətlərə elektron qaydada müraciət ünvanlaya, məlumatların doğruluğunu təsdiq edə və məlumatları digər dövlət qurumlarına göndərə bilərik. Şəxsi kabinet bizim rəqəmsal portfelimizdir. Biz bu virtual portfeldə şəxsiyyət vəsiqəsini, ümumvətəndaş pasportunu, daşınmaz əmlakla bağlı çıxarışları, etibarnamələri, diplomları, nəqliyyat vasitələri və cərimələrlə bağlı müvafiq sənədləri, ailə tərkibi və yeri haqqında arayışları daşıyırıq.

Portalda hər şey o qədər sadə və asandır ki... Təsəvvür edin ki, lazım olan müxtəlif arayışları bir anda - heç bir yerə getmədən və növbəyə dayanmadan - "pdf" formatında kompütertelefonumuza yükləyirik. Üstəlik, şəffaflıq və operativliyi təmin edən portalın sol küncündəki "Əsas xidmətlər" bölməsindən "Məlumatlar" alt bölməsinə keçməklə məlumatlarımızı da əldə edə bilərik. Portalın daha bir xidməti isə ekranın sağ yuxarı küncündə zəng şəkilli bildiriş xidmətidir. Buraya şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş pasportununya sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitmə tarixi ilə bağlı göndərilən bildirişlər daxildir. Əgər sadalanan sənədlərdən hər hansı birinin etibarlıq müddətinin bitməsinə 60, 30 və ya 10 gün qalıbsa, bu barədə xəbərdarlıq göndərilir. Bildirişləri izləməliyik, çünki portal daim yenilənir, təkmilləşir.

Əgər sistemdəki məlumatlarda yanlışlıqlar varsa, doğru məlumatların rəqəmsal mühitdə qeyd olunması üçün "Əks əlaqə" düyməsindən istifadə edib müvafiq quruma müraciət göndərmək mümkündür. Qurum müraciəti araşdırır, yanlışlıq varsa, düzəldir, məlumatlar 15 günü ərzində əlavə olunur. Təhlükəsizlik və şəffaflıq baxımından xidmətlərdən nə zaman istifadə etdiyimiz, şəxsi kabinetimizə giriş, çıxış tarixləri "Tarixçə" bölməsinin yaddaşında qeyd olunur.

Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktor müavini Soltan Bayramov "myGov" arayışlarının identikliyinin və etibarlılığının təmin olunması üçün QR kodun mövcudluğunu, operatorun 1 saniyə ərzində onu oxuduğunusaxta yolla, "Photoshop"la yaradıla bilən arayışı orijinaldan ayıra bildiyini deyir: "İnsan doğulan andan dataları formalaşır, ad, soyad, vətəndaşlıq, doğum, FİN kod, məktəb və universitet məlumatları, , avtomobil, evlilik, COVİD-19 pasportu, evi, övladları, biznesi, pensiyası və sonda ölüm haqqında məlumatlar öz əksini tapır. "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, bizim fərdi məlumatlarımızın sahibi biz özümüzük. İcazəmiz olmadan heç kim, heç bir dövlət qurumu bizim datalarımızı mənimsəyə, hər hansı formada istifadə edə bilməz. Yaşlı nəslin nümayəndələrinin məlumatlarında səhv ola bilər, çünki onların informasiyalarının mənbəyi kağız sənədlərdir, məlumatlar elektron şəkildə öz əksini tapmayıb. Səhv olarsa, lazımi sənədləri yükləməklə, məlumatın doğruluğunu təmin etmiş olarıq. EHİM məsələni həll edəcək, problem aradan qaldırılacaq".

Statistikaya görə, insan doğulandan ölənə kimi onun orta hesabla 1500 adda məlumatı formalaşır. Bunu isə şəxsi kabinet əsaslı ilk elektron hökumət portalındakı statistik məlumatlardan danışan EHİM PMO ofis müdiri Aynur Qurbanlı deyir: "Bu günədək "MyGov" da 1 milyondan çox istifadəçi, 53,8 milyon istifadə qeydə alınıb, 710 elektron xidmətə çıxış, 21 bildiriş növü və xidmətlər təqdim edən 19 qurum var. Xidmətlərin vətəndaşlar üçün daha əlçatan olmasını təmin etmək məqsədilə 2021-ci ildə "myGov" elektron hökumət portalının mobil tətbiqi də istifadəyə verilib. Vətəndaşa şəxsi kabineti vasitəsilə öz fikirlərini, şərhlərini, şikayət və təkliflərini aidiyyəti qurumlara göndərmək imkanı da yaradılıb".

Sonda qeyd edim ki, vətəndaşlar üçün unikal imkanlar yaradan sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzi yaradıb. "e-Gov"dan fərqli olaraq "myGov", vətəndaş hər hansı xidmətə müraciət etməsə belə, vaxtı çatanda müraciətin labüdlüyü haqqında ona bildirişlər göndərir. Sistem tezliklə özəl şirkətlərə öz xidmətlərini təqdim etmək imkanı yaradacaq, o zaman bütün xidmətləri vahid məkandan - bir portaldan əldə etmək mümkün olacaq.

Əvvəldə demişdim axı, biz ən cəld marafonçu olsaq belə, yenə də "myGov" hamıdan öndə gedəcək və əlindəki elektron xidmətlərin rəmzi olan məşəllə gələcəyə aparan yolumuza daim işıq salacaq.

 

Pərvanə FƏRHADQIZI

jurnalist, SMM menecer

525-ci qəzet.- 2022.- 3 noyabr.- S.8.