Emin Sabitoğlu yad edilib
Noyabrın
2-də görkəmli bəstəkar, Xalq artisti Emin
Sabitoğlunun (1937-2000) anadan olmasının 85 ili tamam olur.
Bu münasibətlə II Fəxri xiyabanda bəstəkarın məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.
Mərasimdə Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) pedaqoji kollektivi, mədəniyyət və incəsənət nümayəndələri, bəstəkarın ailə üzvləri və digər qonaqlar iştirak edirdilər.
Jurnalistlərə müsahibə verən bəstəkarın qızı, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qeyd etdi ki, Emin Sabitoğlu xalqına, vətəninə bağlı insan idi: “Mən bilirəm ki, onun musiqisini sevərək dinləyənlər çoxdur. Emin Sabitoğlu cismən bizimlə olmasa da, onun yaradıcılığı xalqımız tərəfindən sevilir. Hər bir bəstəkar üçün yəqin ki, bu ən böyük qiymətdir”.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev Emin Sabitoğlunun müasir Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açıb. Dedi ki, onun əsərləri hər zaman insanlar tərəfindən böyük zövqlə, sevgi ilə dinlənilib, qəbul edilib. Azərbaycan musiqi mədəniyyətində Emin Sabitoğlunun özünəməxsus yeri, imzası var. Vəfatından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, onun əsərləri əbədi yaşayacaq”.
Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev
vurğulayıb ki, Emin
Sabitoğlu elə bəstəkarlardandır
ki, musiqiçilərimizin bir
neçə nəsli onun əsərlərindən
ilham alıb, daha sonra tanınıb, məşhurlaşıb:
“Mən elə bir musiqiçi
tanımıram ki, onun
repertuarında Emin Sabitoğlunun
mahnısı olmasın. Bu
mahnıların hər birinin ilk notlarını eşidəndə bilirsən
ki, bu əsərlər
Emin Sabitoğlu
dünyasının məhsuludur. Musiqili Teatr, demək olar ki, Emin müəllimin
ikinci evi olub. Biz uzun illərdən sonra istəyirik ki, Emin Sabitoğlunun “Hicran” komediyasını səhnələşdirək”.
Xalq artistləri Zamiq Əliyev, Brilliant Dadaşova,
Gülyanaq Məmmədova,
Mələkxanım Əyyubova,
Əməkdar artist Nüşabə
Ələsgərli və
başqaları görkəmli
bəstəkarın bənzərsiz
yaradıcılığından söz açıblar.
Sonda bəstəkarın qızı,
professor Ceyran Mahmudova çıxış
edərək atasının
xatirəsinə göstərilən
ehtirama görə tədbir iştirakçılarına
təşəkkürünü bildirib.
525-ci qəzet.- 2022.- 3 noyabr.- S.10.