Bakıda “Caspian Dream” adlı sərgi açılıb
Noyabrın
1-də “The Landmark” otel və biznes mərkəzində
dünyaşöhrətli fotojurnalist Reza Deqatinin
fotolarından ibarət “Caspian Dream” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Reza Deqatinin 1997-ci ildə çəkdiyi mühüm 7 fotoşəkildən ibarət “Caspian Dream” adlı xüsusi vizual incəsənət instalyasiyası nümayiş olunub.
Dünyaşöhrətli sənətkarın iştirakı ilə keçirilən sərgidə R.Deqati fotolarına tarixi kontekstdə şərhlər verib: “Ötən əsrin 90-cı illərində, Birinci Qarabağ müharibəsi gedən zaman tez-tez Bakıya gələrdim, məcburi köçkünlərlə görüşüb onlara yardım göstərərdim. Həmin dönəmdə 6 ay ərzində bütün Xəzəryanı ölkələrə səfərlər edib, şəkillər çəkirdim. Xəzərin möhtəşəmliyini lentə alarkən bu hövzədə çalışan neftçilərin, sahilboyu yaşayan insanların həyatını qabartmağa çalışırdım. Bayıl qəsəbəsində yurdundan didərgin düşən və yeməyə ərzaq tapmayan camaatın sübh tezdən balıq tutduqları anı dünya ictimaiyyəti ilə bölüşmək istəyirdim. Yaxınlaşıb onlarla söhbət edərkən bir gün Azərbaycanın qüdrətli bir ölkəyə çevriləcəyini deyirdim. Onları inandırmağa çalışırdım ki, Azərbaycan düşmənə qalib gələcək və öz torpaqlarını işğaldan azad edəcək”.
Sərginin təsadüfən “The Landmark” otel və biznes mərkəzində keçirilmədiyini deyən Reza Deqati bildirib ki, 20-ci mərtəbədən açılan Xəzərin möhtəşəm mənzərəsi həm insanın diqqətini çəkir, həm də fotolara bir növ yeni çalar qatır: “Dünyanın bir çox ölkələrində binaların divarlarını iri ölçülü fotolarla bəzəmişəm. Bu dəfə də həmin niyyətimi neft şəhəri Bakıda, ancaq binanın xaricində deyil interyerində gerçəkləşdirmək istədim. Ümid edirəm arzum yerinə yetdi”.
Qeyd edək ki,
görkəmli fotojurnalist Reza
Deqatinin karyerası haqqında
danışanda ağıla üç söz gəlir: xeyriyyəçi, idealist və humanist. R.Deqati fotoqrafiyaya başlamazdan əvvəl ilk
dəfə memar kimi təhsil
alıb. Bəşəriyyət tarixinin əsas
anlarını tuta bilməsi üçün uzun yola çıxmasının nəticəsi olaraq onun əsərləri
yüzdən çox beynəlxalq mediada dərc olunub. O, bununla bütün dünyada fotolarından ibarət böyük instalyasiyalarını nümayiş etdirir, eyni zamanda, böyük
universitetlərdə və beynəlxalq təşkilatlarda
keçirilən konfranslarda mühazirəçi
kimi çıxış edir.
525-ci qəzet.- 2022.- 3 noyabr.- S.10.