Türkçülüyün
üçlü formulu: ideologiyanın keçmişi,
bugünü və gələcəyi
Hər bir xalqın inkişaf yolunda onun ictimai, siyasi, dini
görüşlərinin formalaşmasının arxasında
güclü bir ideologiya dayanmaqdadır. Bu ideyalar isə
bir an içərisində cəmiyyət tərəfindən
qəbul olunmur, bunun üçün müəyyən zaman kəsimində
düşüncənin toplumun əsas özəyi tərəfindən
qavranılması lazımdır. Azərbaycan
və bu coğrafiyada yaşayan digər türk xalqları
üçün mayak rolunu oynayan formul isə "türkləşmək,
müasirləşmək, islamlaşmaq" kimi ortaya qoyulub.
İdeoloji sistem 150 ildən artıq bir dövr ərzində
türk dünyasında təkmilləşdi, özü
içərisində yeniləndi. XX əsrin
əvvəllərinə isə Azərbaycan xalqı
üçün siyasi məna qazanmağa başladı.
Bunun nəticəsidir ki, Azərbaycan Xalq
Cümhuriyyəti dönəmində üçlü formulun
prinsiplərinə uyğun olaraq dövlət bayrağı
hazırlandı. Bu isə Azərbaycan
bayrağınının dalğalandığı hər bir
yerdə həmin düşüncənin yaşaması deməkdir.
Burada bir neçə sual meydana gəlir: "Türkləşmək,
müasirləşmək, islamlaşmaq" üçlü
formulu necə oldu ki, xalqın ictimai-siyasi həyatına bu
şəkildə təsir etdi və bu ideologiyanın
arxasında hansı düşüncə adamlarımız nə
kimi işlər görmüşlər?
Bu
sualların ətraflı cavablarını ədəbiyyatşünas,
filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin
"Türkçülüyün üçlü formulu: nəzəri
və tarixi aspektləri" adlı monoqrafiyasına nəzər
yetirdikdə almaq olur. Altı bölümdən
ibarət olan monoqrafiyada həm ideyanın nəzəri hissəsi,
həm də triadanın komponentləri
ayrı-ayrılıqda təhlil olunur. Burada
daima xalqın yüksəlməsi üçün
çalışan ədiblərimiz sadəcə bədii
yaradıcılıqla məşğul
olmadığını, eləcə də milli ideologiyaya
sahib çıxan vətəndaşlar olması faktı
göstərilir. B.Əhmədli M.F.Axundzadə,
Ə.Süavi, C.Əfqani, Y.Akçura, Ə.Hüseynzadə,
Ə.Ağaoğlu, Z.Göyalp, M.Ə.Rəsulzadə kimi ədiblərin
üçlü formulun komponentləri haqqında
düşüncələrini araşdırır.
İlk növbədə B.Əhmədli doğru bilinən
yanlış bir məqamı düzəltməyə
çalışır. Belə ki, bəzən bilərəkdən
(çünki araşdırmaq və həqiqəti
çatdırmaq çətin prosesdir!) və ya məlumat
azlığından bu formulun müəllifinin Əli bəy
Hüseynzadə olduğu bildirilir. Professor isə Ə.Hüseynzadənin bu
ideologiyanın yayılmasında danılmaz xidmətləri
olduğunu bildirərək, üçlü formulun sadəcə
ədibin düşüncəsindən
yaranmadığını da qeyd etmişdir. Ə.Hüseynzadəyə
İ.Qaspıralının "Dildə, fikirdə, işdə
birlik" formulu və Y.Akçuranın "Üç tərzi-siyasət"
(Siyasətin üç yolu) əsəri onun üçlü
formul haqqında olan düşüncələrinin dərinləşməsinə
böyük rol oynamışdı. Onun
fikrincə, əsas məsələ ideyanı ilk kimin işlətməsi
deyil, formulun təkmilləşdirilməsində kimlərin nə
şəkildə iştirak etməsidir. Çünki
bir düşüncənin yayılması, xalqın təfəkküründə
əsaslı yerə sahib olması sadəcə bir nəfərin
adıyla bağlı ola bilməz (konkret
olaraq buradakı situasiyada!). İstər ədəbi,
istərsə də siyasi sahədə öz sözlərini
demiş ziyalılarımızın düşüncələri
əsasında zamanla formalaşan üçlü formul,
xalqın ideyanı sahiblənməsi ilə bugünlərə
qədər gəlib çıxdı.
B.Əhmədli müasir dövrümüzə qədər
gələn ideyanın qorunmasının o qədər asan
olmadığını da bildirir. XX əsrin əvvəllərindən
Sovet hakimiyyəti qurulana qədərki dövr ərzində
üçlü formul Azərbaycan ədəbiyyat və siyasətinə
o qədər dərin nüfuz etmişdi ki, 1937-ci il repressiya hadisələri belə bu
konsepsiyanı sonlandıra bilmədi. Düzdür,
müstəqillik illərinə qədər olan zaman kəsimində
bu ideologiyanın üzərində çox durulmamış,
unutdurulmağa çalışılmışdı. Lakin sözün əsl mənasında "Bir kərə
yüksələn bayraq bir daha enməz" düşüncəsi
nə qədər qadağa edilsə də, günümüzədək
enerjisini qoruyub saxlayıb. Qanla və təhdidlə
bir zaman kəsimində adı hallanmasa belə xalqın hafizəsində
yer edildiyindən heç bir qorxu, senzura onu tamamilə yox edə
bilmədi.
Monoqrafiyada xronoloji ardıcıllıq gözlənilməklə
ilk tədqiq edilən hissə müasirləşmək
komponentidir. Maraqlıdır ki, türkçülükdən də
əvvəl avropalaşmaq, yeniləşmək ön plana
çıxmışdı. Avropadakı
düşüncə inqilabı türk xalqlarının
yaşam tərzinə, iqtisadi və siyasi münasibətlərinə
böyük təsir göstərmişdi. M.F.Axundzadə yeniləşməni müsbət qiymətləndirərək
xurafatın qarşısında dayanmışdı. B.Əhmədli qeyd edir ki, ədibin istər bədii,
istər elmi, istər publisistik əsərlərində qərbləşmə
meyilləri güclüdür. O, müasirləşmək
üçün görülməli olanın təqliddən
ibarət olmamasını, bu mənada islami reformun həyata
keçirilməsini önəmli hesab edirdi. C.Əfqani
də Türkiyə və Azərbaycan siyasi təfəkkürünə
yeni nəfəs gətirən şəxsiyyətlərdən
biridir. B.Əhmədlinin də qeyd etdiyi
kimi, alim Qərblə Şərqin birliyindən yaranan
gücün türk xalqlarını fikri azadlığa
çıxaracağını bildirirdi.
Ziya Göyalp da "Türkçülüyün əsasları"
əsərində Qərb mədəniyyətinin, yeniləşmənin
müsbət cəhətlərini göstərmişdi. Onun
düşüncəsində avropalaşmaq öz kimliyini
unutmaq demək deyildir, əksinə, özünə geri
qayıtmaq üçün əvəzsiz vasitədir. Eynilə, yaponlar kimi türklər də milli mədəni
keçmişlərini unutmamaqla birgə gələcəyə
müasir şəkildə addımlamalıdır. XX əsrin əvvəllərində ideyanın siyasi
mahiyyətinin güclənməsi ilə birlikdə fərqliliklər
də özünü göstərməyə başladı.
Bu mənada B.Əhmədlinin
vurğuladığı daha bir məqam "türkləşmək,
islamlaşmaq, müasirləşmək" formulunda
üçüncü yerdə olan müasirləşmək
prinsipinin M.Ə.Rəsulzadə dönəminə ikinci yerdə
göstərilməsidir. Bu isə
ideologiyada yeni bir mərhələ yaratdı və
bayrağımızda da bu şəkildə əks olundu.
Üçlü formulun digər prinsiplərindən olan
türkləşmək özünün həm siyasi, həm
də ictimai dayaqları ilə cəmiyyətə təsir
gücü çoxdur. B.Əhmədli burada
türkçülük hərəkatının Rusiya
torpaqlarında ruslaşdırma və xristianlaşdırma cəhdlərinə
qarşı gəlindiyi dövrdən
başlandığını qeyd edir. Eləcə
də Ziya Göyalpın araşdırmalarına istinadən
Avropada türk xalqlarının tarixinin öyrənilməsinə
böyük maraq olduğuna diqqət çəkir. Bu məsələ isə bizə heç də təəccüblü
gəlməməlidir, çünki istər Rusiya, istərsə
də Avropa xalqları hər daim türklərlə
münasibətdə idi. Bu münasibət
bəzən müttəfiqliklə, bəzənsə
müharibələrlə sonlanmışdır. Ancaq dəyişməyən tək şey odur ki, hər
iki tərəfin də türklərin Avrasiyada hakimiyyətinin
uzun ömürlü olmasını bilməsi və ona
uyğun şəkildə hərəkət etməsidir.
Maraqlı bir cəhət də odur ki, türklərin
də Avropa və Rusiyanın özlərinə nələr
qatacaqlarını bilməsidir. Bu
özünü üçlü formulda bariz şəkildə
göstərir. Türk xalqları
haqqında danışdığımız milliyyət,
azadlıq kimi anlayışları Avropadan mənimsəmişdir.
Azərbaycan türklərinin
özünütanıma prosesində əvəzsiz xidmətləri
olan ədibimiz isə Ə.Hüseynzadə olaraq göstərilir.
"Türklər kimdir və kimlərdən ibarətdir"
əsərində, publisistik yazılarında,
"Füyuzat" jurnalında da bu hiss olunur. Monoqrafiyada
vurğulandığı kimi, onun
yaradıcılığında ideolojidən daha çox
türkçülüyün elmi, maarifçi aspektləri təhlil
olunur. Siyasi türkçülük yolunda
daha sonra Əhməd bəy Ağaoğlu, Məhəmməd
Əmin Rəsulzadə və digər ədiblərimiz ideyalar
ortaya qoydular.
Türk əsilli xalqların islam dini ilə tarixi bağlılığı üçlü formulun sonuncu prinsipi olan islamlaşmaq ideyasını yaratdı. Siyasi İslamçılıq Osmanlıda olduğu qədər Azərbaycanda rəğbət görməməsi ilə birlikdə, yenə də xalqın dini inancında əsas yeri tutmaqda idi. Bunun sübutu isə M.F.Axundzadənin türk xalqlarının birliyini daha da möhkəmləndirmək üçün yeni əlifba islahatı hazırlaması, ancaq Osmanlı hökumətinin bu yeniliyin dinə qarşı edilmiş bir hərəkət olaraq görməsidir. Axundzadədən sonrakı dövrlərdə Azərbaycan ictimai fikrində onun qədər kəskin şəkildə dini ideologiyaya qarşı fikirlər səsləndirilmirdi. Ancaq H.Zərdabi, C.Əfqani, Ə.Hüseynzadə Ə.Ağaoğlu kimi ədiblərimiz dini xurafatın xalqı məhvə sürüklədiyini, buna görə nicatın və aydınlanmanın dini islahatlardan keçdiklərini anlayırdılar. B.Əhmədli M.Ə.Rəsulzadənin də dini ideoloji düşüncələrinə yer verir. Rəsulzadə "Tutacağımız yol" məqaləsində islam dininin türklər üçün müqəddəsliyindən bəhs edərkən, "Getdiyimiz yol"da isə dini islahatların qaçınılmaz reallıq olduğunu vurğulayır. Buradan belə bir nəticəyə gəlirik ki, islamlaşmaq prinsipi də üçlü formulda öz yerini qoruyub saxlayır.
Monoqrafiyanın ən maraqlı hissəsi, bizim fikrimizcə, altıncı bölümdür. Müəllif tərəfindən "Gələcəyə baxış" olaraq göstərilən bu hissədə üçlü formulun bugünkü vəziyyəti və gələcəkdə olacaq dəyişimləri izah edilir. Professor formulun yenilənmiş konturlarını "Turançılıq, Avrasiyaçılıq, Modernçilik" olaraq görür. İlk olaraq Turançılıqdan başlayan B.Əhmədlinin də bildirdiyi kimi, əslində prinsip üçlü formulun dördüncü qolu kimi dəyərləndirilə bilər. Buradakı məqsəd türk xalqlarının tarixi köklərinin unudulmaması və onların bir çətir altında birləşdirilməsidir. Türk Dövlətlər Təşkilatının bugünkü durumu da buna doğru yol gedir. Nəticə etibarı ilə siyasi cəhətdən türk dövlətləri birləşib bir dövlət halında olması mümkün görünmür. Əsas məsələ mövcud üçlü formul ideologiyasını qorumaqdır. Qloballaşan dünyada öz keçmişini, yaxınlarını, müttəfiqlərini unutmadan irəliyə doğru addımlamaq türk dünyasının qarşısında duran məqsəddir.
Avrasiyaçılıq isə turançılıqdan bir qədər fərqlənməkdədir. Burada Türk-Slavyan birliyinin önəmi vurğulanır ki, bu da bizə son zamanlarda yaşanan xarici siyasi prosesləri xatırladır. Avrasiyada geniş coğrafi əraziyə yayılmış bu xalqların nümayəndələri qarşılıqlı əlaqə ilə varlığını davam etdirir. Modernçilik dedikdə isə artıq müasirliyin təkcə Avropa ilə məhdudlaşmadığını və bütün mədəniyyətlər, xalqlardan nələrinsə öyrənilməsinin vacibliyi vurğulanır.
Ən sonda gəldiyimiz qənaət belədir ki, dəyişən dünya şərtlərinə uyğun olaraq çıxılan bu uzun yolda türk xalqlarının birliyi üçün hansı addımlar atılacağını izləməklə bərabər, bu ideologiyanı da qoruyub saxlamaq, müxtəlif ayrımları kənara qoyub ortaq məxrəcdə qərarlaşmaq lazımdır. Bunu da B.Əhmədlinin monoqrafiyanın sonunda qeyd etdiyi kimi, zaman özü göstərəcək. Biz gənclərin üzərinə düşən ən böyük vəzifə bayrağımızın üzərində dalğalanan rənglərin mənalarını dərk etməklə, ona sahib çıxıb təkmilləşdirərək gələcəyə türk keçmişimizi unutmadan, modern düşüncə tərziylə və digər xalqlarla birlikdə addımlamaqdır.
Həyat HACIYEVA
525-ci qəzet.-
2022.- 4 noyabr.- S.15.