Türkoloq Elçin İbrahimov:
"Türk dünyası üçün ortaq ünsiyyət
dili günün vacib tələbinə çevrilib"
Keçmişdən günümüzə qədər
türk dünyasında ortaq əlifba, ortaq ünsiyyət dili
məsələsi hər zaman müzakirələrə səbəb
olub və bu gün də müzakirələr davam edir. Türk
dünyasında ortaq əlifba, ortaq ünsiyyət dili
mövzusunda araşdırmalar müəllifi olan türkoloq
alim, filologiya üzrə fəlsəfə doktoru, dosent
Elçin İbrahimovla da elə bu barədə söhbətləşdik.
Onun fikrincə, ortaq ünsiyyət dilinin formalaşması
ancaq bütün türk xalqlarının və topluluqlarının
başa düşdüyü tək bir dil vasitəsilə
mümkün ola bilər.
-
Hazırda türk xalqları üçün ən aktual məsələ
olan ortaq ünsiyyət dilinin formalaşdırılması
üçün də birinci problem ortaq əlifbadır. Əlbəttə, əlifbada ortaqlığın
heç də asan məsələ olmadığını
yaxın tariximizə baxanda görə bilərik. Bir məsələni də qeyd edim ki, XX əsrin
birinci yarısına qədər türk dünyasının
bir-birini anlamamaq kimi bir çətinliyi, dərdi yox idi.
Misal üçün, Əhməd Yasəvi, Yunis Əmrə,
İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əlişir
Nəvai və daha sonra türkcələr arasında
böyük fərqliliklərin olduğu zamanlarda belə (XIX əsrin
sonu və XX əsrin əvvəlləri) İstanbulda yazan
Namiq Kamal, Şamaxıda yazan Mirzə Ələkbər Sabir,
Kazanda yazan Abdulla Tükay və digərləri Anadoluda,
Bakıda, Kazanda və Daşkənddə rahatlıqla oxunurdu.
Bir zamanlar Baxçasarayda nəşr olunan
"Tərcüman" qəzeti və Tiflisdə
çıxan "Molla Nəsrəddin" jurnalı,
Türküstanda, Qafqazda, Anadoluda və başqa türk
coğrafiyalarında əldən-ələ gəzirdi.
Böyük ədibimiz Cəlil Məmmədquluzadə
yazır: "Bizim dilçilərimiz ədəbi, akademik dil
arayışında olduqları zamanlarda belə Molla Nəsrəddin
jurnalı açıq və sadə türkcəsiylə
qısa zamanda hər kəs tərəfindən bəyənilən
və oxunan bir jurnal olmaqla qalmadı. Kür, Araz
çaylarını da keçərək, Xəzər və
Qara dənizi də keçərək Türkiyəyə,
Türküstana, ordan da Krıma və digər türk ölkələrinə
keçdi..."
- "Molla Nəsrəddin" jurnalı türk
dünyası üçün çox önəmli bir
addır. Onun
bu sahədəki rolu barədə daha ətraflı
danışaq...
-
"Molla Nəsrəddin" jurnalının 7 aprel 1906-cı
il tarixli ilk nömrəsində Mirzə Cəlil
bizi düşündürən məsələlər
haqqında yazırdı: "Birlikdə Qafqaz türkləri
üçün bir dil məsələsində ümumi
razılığa gəlmədilər. Bəs
Osmanlı türkləri, Krım və Kazan tatarları,
Türküstan türkləri və Özbəkistan,
İranda yaşayan Azərbaycan türkləri necə? Yaxşı, bunu etiraf edirik ki, əvvəl və
sonra türklər üçün ədəbi dilə,
orfoqrafiyaya, əlifbaya böyük ehtiyac var. Biz bütün
varlığımızla inanırıq ki, ortaq əlifba əsasında
ortaq danışıq dili yaranacaq". Bir
məsələni xüsusilə vurğulamaq istərdim, bu da
azərbaycanlı bir ədibin hələ 1906-cı ildə
belə bir ortaq dilin gec-tez vücuda gələcəyinə
inanmasıdır. Böyük ədib Mirzə
Cəlil hələ Çar Rusiyasının senzuralı, sərt
siyasətinin hökm sürdüyü bir dövrdə
türklərin gələcəkdə ortaq bir dil ətrafında
birləşəcəyinə inanır və cəsarətlə
fikirlərini ifadə edirdi. Bu gün
türk respublikaları müstəqilliklərini qazanıblar,
ancaq ortaq əlifba və ünsiyyət dili üzərində
mübahisələr və müzakirələr
aparılır. Əfsuslar olsun ki, bu
müzakirələr və mübahisələr ortaq əlifba
və dil yaratmaqla bağlı deyil, onun əksinə olan gərəksiz
müzakirələrdir.
- Türk
dünyasının görkəmli şəxsiyyətlərindən
olan İsmayıl bəy Qaspıralı, türkləri
"Dildə, fikirdə və əməldə" birliyə
səsləyirdi. Türk dünyası bu gün
dildə, fikirdə, əməldə birdirmi, sizcə?
- Bu
gün türk dünyasında Qaspıralı İsmayıl bəyin
"Dildə, fikirdə və əməldə" birlik
ideyasını ifadə edən böyük idealının
reallaşması üçün hazırda siyasi, mədəni
və texnoloji şərait ən yüksək səviyyədədir.
Türk dünyasının birliyi və
bütövlüyü üçün ortaq bir ünsiyyət
dilinə ehtiyac vardır. Türk dünyasının hər
bir sahədə aktual olan məsələlərinin
düşüncədə birləşməsi bütün
türk xalqlarının anlaya biləcəyi ortaq türkcə
ilə mümkün ola bilər. Türk dünyasında, alimlər arasında ortaq
ünsiyyət dilinin hansı türkcə olacağı,
formalaşdırılması mövzularında bu gün
üçün bir vahid (qəbul edilən) bir fikir yoxdur.
"ortaq türkcə", "ortaq dil", "ortaq ədəbi
dil", "ortaq türk yazı dili", "ortaq ünsiyyət
dili", "ortaq türkcə" kimi terminlərlə ifadə
edilən və hər kəsin fərqli anlayışlar kimi qəbul
etdiyi yanaşmaları belə qruplaşdıra bilərik:
Türk
dillərinin bugünkü quruluşuna görə ortaq bir
ünsiyyət dilin yaradılmasının
mümkünsüzlüyü; Bütün türk dillərini
əhatə edə biləcək, hər dildən müəyyən
ortaq xüsusiyyətlər götürülməklə ortaq
bir türkcənin yaradılması; Eyni qrupa mənsub türk
dillərinin öz daxilində ortaq bir dil müəyyənləşdirmələri,
yəni Oğuz qrupunun ortaq dili, qıpçaq qrupunun ortaq dili
və sair; Türk dünyasında ortaq ünsiyyət dili kimi
Türkiyə türkcəsinin istifadə edilməsi.
Ortaq ünsiyyət məsələsi əlbəttə,
bu gün ən aktual məsələlərdən biridir. Ancaq əfsuslar
olsun, cəmiyyətdə belə bir yanlış təsəvvür
var ki, ortaq ünsiyyət dili, ortaq türkcə dedikdə
Türkiyə türkcəsini nəzərdə tuturuq. Ümumiyyətlə, yaradılacaq ortaq dilə
hansısa bir türkdilli ölkənin dilinin hegemonluğu və
ya üstünlüyü aspektindən baxmaq olmaz. Türk dünyasında ortaq ünsiyyəti həyata
keçirəcək bu dil (ortaq dil) bütün türk dillərinin
ortaq xüsusiyyətlərini özündə
daşıyacaq. Ancaq bir reallıq da var ki,
bu gün türk dünyasında ortaq ünsiyyəti dili
funksiyasını Türkiyə türkcəsi öz üzərinə
götürüb. Bunun isə bir çox səbəbləri
var: Türkiyə Cümhuriyyətinin əhalisinin sayı,
iqtisadi-siyasi gücü, türk dünyası ilə olan elmi,
ədəbi, mədəni əlaqələri və sair.
Yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə türkcəsinin
bu gün türk dünyasında ortaq dil statusu qazanması digər
türk dillərindən üstün olması kimi qəbul
edilməməlidir. Təmiz, saf türkcə prizmasından baxsaq, bu gün
Azərbaycan dili, Krım tatarcası, qazax türkcəsi və
digər türkcələr istər söz ehtiyatının zənginliyi,
istərsə də qrammatik quruluşu və əlifbası
baxımından ortaq dil olma potensialına sahibdirlər. Burda əsas diqqət edilməli məqam Türkiyənin
bu gün türk dövlət və topluluqları ilə
bütün sahələrdə olan əlaqələridir ki,
Türkiyə Cümhuriyyəti bu münasibətləri
çox böyük həssaslıqla və yüksək səviyyədə
həyata keçirir. Əslində ortaq
dil məsələsindəki qarışıqlıqdan da uzaq
durulmalıdır. Onsuz da bu, zamanla həllini
tapacaq.
Türk dünyasında ortaq ünsiyyət dilinin
formalaşdırılması artıq günümüzün
vacib tələbinə çevrilib. Bu, bir zərurətdir.
Türk dünyasının bir-biri ilə
ünsiyyəti üçün mütləq bir ortaq dilə
ehtiyacı var. Bu gün türk xalqları arasında iqtisadi, mədəni
və siyasi əlaqələr gündən-günə daha da
yüksək səviyyəyə çatır. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, bu əlaqələrin
daha da inkişaf etdirilməsi üçün türk
xalqları arasında əlçatan və səmərəli
ünsiyyət vasitəsinin yaradılaraq tətbiq edilməsi
olduqca zəruridir ki, bu da öz növbəsində,
türkdilli dövlətlərin və cəmiyyətlərin
bir-birinə daha da yaxınlaşmasına səbəb olacaq.
- "Türklərdə ortaq əlifba və imla problemləri"
mövzusunda doktorluq dissertasiyası yazan bir mütəxəssis
kimi, türk dünyasında ortaq əlifba problemi ilə
bağlı hansı təklifləriniz var?
- Bu gün latın əlifbasından istifadə etməyən və ya kiril-latın əlifbasını istifadə edən Özbəkistan, Qırğızıstan və Qazaxıstan mütləq latın əlifbasına keçməlidir. Bütün türk dövlətləri bir an əvvəl ortaq əlifba üzərində işə başlamalıdır. Yaradılacaq ortaq latın əlifbasında türk dillərində ortaq səslər üçün ortaq hərflərdən istifadə edilməlidir. Bu əlifba mümkün qədər praktik və asan olmalıdır. Ortaq əlifbanı bütün türk xalqlarına öyrətmək üçün türk dünyasının ortaq ədəbiyyat qaynaqları olan dastanlar, nağıllar, bayatılar, atalar sözləri hər bir respublikada bu əlifba ilə nəşr edilməlidir. Bu ədəbi əsərlərin bütün türk dünyasının ortaq dəyəri olması təbliğatlarını genişləndirmək lazımdır. Bu əlifbada bütün türk respublikaları və toplumları üçün lazım olan bütün işarələr göstərilməlidir. Türk cümhuriyyətlərindəki dil institutlarının və dil qurumlarının dəstəyi ilə ortaq əlifba ilə bağlı araşdırma və araşdırmalar aparmaq üçün mütəxəssislərdən ibarət beynəlxalq əlifba komissiyyaları yaradılmalıdır. Ümumi əlifba, ortaq orfoqrafiya, ortaq lüğət və ümumi terminlər üzərində araşdırmalar prioritet şəkildə aparılmalıdır. Yeni yaradılacaq ortaq əlifbadan və gələcəkdə yaradılacaq ortaq ünsiyyət dilindən (ortaq türkcə) siyasi idarələrdə istifadə zərurətini nəzərə alaraq, məsələnin türk dövlətlərinin hökumətləri səviyyəsində gündəmə gətirilməsi müsbət bir nəticə əldə etməyə səbəb olacaqdır. Onu da qeyd edək ki, biz yaradılacaq yeni ortaq əlifba terminindən çox istifadə edirik. Əslində, bu yeni deyil. 34 hərfdən ibarət olan bu ortaq əlifbanın layihəsini türk dünyasının görkəmli türkoloqlarından olan heyət hələ 1991-ci ildə İstanbulda Mərmərə Universitetində keçirilən konfransda qəbul etmişdilər. Bir məsələni də vurğulamaq istərdim, qeyd etdiyimiz ortaq əlifbanın layihəsini görkəmli azərbaycanlı türkoloq alim, professor Firudin Cəlilov hazırlamışdı. Təəssüf ki, ortaq əlifbanı həmin dövrdə türk respublikaları dövlət səviyyəsində qəbul edə bilmədilər. Yalnız Azərbaycan həmin əlifbanı 32 hərflə qəbul etdi.
- Son olaraq ortaq əlifba və ortaq ünsiyyət dili ilə bağlı türk respublikalarında fəaliyyət göstərən beynəlxalq türk təşkilatları ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Əlbəttə, yuxarıda da qeyd etdiyim kimi, bu gün türk dünyasının birliyi sahəsində çoxlu fəaliyyətlər, çalışmalar və layihələr icra olunur. Qazaxıstanda fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının, Türkiyədə fəaliyyət göstərən Beynəlxalq TÜRKSOY təşkilatının, Türk Dil Qurumunun, Yunus Əmrə İnstitutlarının, Türk Keneşinin, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ayrı-ayrılıqda və birlikdə gördükləri işləri qeyd etmək olar. Qeyd etdiyimiz təşkilatların həyata keçirdikləri, türk dünyası birliyinə həsr olunan elmi toplantılar, konfrans və simpoziumlar, nəşr etdikləri kitabları bu sahədə son dərəcə səmərəli fəaliyyətlər kimi qiymətləndirə bilərik.
MEHRİ
525-ci qəzet.-
2022.- 4 noyabr.- S.13.