İsmayıl Osmanlının zəfəri
və "məğlubiyyəti"
İsmayıl Osmanlı vəfat edəndə mənim 19
yaşım vardı, əsgərlikdə idim və o vaxta qədər
bir dəfə də olsun İsmayıl müəllimlə nə
yollarımız kəsişmiş, nə də canlı
ünsiyyətdə olmuşduq. Amma televiziyada İsmayıl müəllimin
bir çıxışı, daha doğrusu, həmin
çıxışın bəzi detalları həmişəlik
yaddaşımda
qalmışdı. Həmin çıxışda
ustad yaşlı həmkarlarından biri haqqında
danışırdı, özü də elə
danışırdı ki, əlində yağın da
daşsaydı, başını qaldırıb onun ekranda
görünən nurlu çöhrəsinə baxmağa,
ürəkdən gələn səmimi söhbətini dinləməyə,
ən başlıcası isə televiziyanın indi absurd təsir
bağışlayan davranış etiketlərinə
("Əllərinizlə sərbəst hərəkət eləməyin,
gülümsəməyin", "Belə sərbəst
pozada, arxayın-arxayın əyləşmək olmaz" və
s.) sözün yaxşı mənasında
sayğısızlığını seyr etməyə məhkum
idin - İsmayıl müəllim səsinin mərhəmanə
ahəngi, nitqinin canına hopmuş sadəliklə, səmimiyyətlə
hamının diqqətini cəlb etməyi bacarırdı...
Yaxşı yadımdadır, ustad həmin
çıxışda bir şəkili kimi içindən gələn
inersiya ilə söhbətinə yumor çalarları qatıb
tamaşaçılarla dilxoşluq eləməyə də
macal tapdı.
Müsbət aura, sadəlik, səmimiyyət - məncə,
İsmayıl Osmanlını həm sıradan bir insan, həm
də böyük sənətkar-aktyor kimi hamıya sevdirən
məhz bu keyfiyyətlər idi. İndi - aradan xeyli illər keçəndən
sonra fikirləşirəm ki, burada qeyri-adi heç nə
yoxdur, çünki İsmayıl müəllim böyük səhnəyə
heç bir ixtisas təhsili almadan birbaşa həyatın
dibindən gəlmişdi və həyatın ona öyrətdiklərini
özü ilə bir yerdə sənətə, səhnəyə
daşıya bildiyindəndir ki, dram dərnəyinin həvəskar
aktyorundan SSRİ Xalq artisti kimi uca bir mərtəbəyə
yüksəlsə də, nə möhtəşəm
uğurları, nə də ümumxalq məhəbbəti
tamaşaçıların yaddaşında ilk növbədə
ağsaqqal kimi qalan bu kişinin xislətini dəyişə,
hansısa bir tərəfə əyə bildi - sadəlik, səmimiyyət bu qeyri-bərabər
dartışmadan qalib çıxdı.
İsmayıl müəllimin aktyorluq məharətinin
bütün spektlərini bir yazı çərçivəsində
açıb nümayiş etdirmək, təbii ki,
mümkün deyil. Üstəlik, onun teatrda
yaratdığı rəngarəng obrazlar keçmişdə,
bir də həmin tamaşaları görən azsaylı
tamaşaçıların yaddaşında qalıb. Aktyorun kinomuzda yaratdığı personajlar isə həmişə
diridir və mən məhz filmlərimizdən görünən
İsmayıl Osmanlı fenomenini yenidən kəşf etməyə
çalışacam.
Məlumdur ki, bədii əsərlərin qəhrəmanlarının
ekranda konkret vizual obrazlarını yaratmaq cəhdləri əksər
hallarda uğursuzluqla nəticələnir. Səbəb isə çox
sadədir - ekran sənətinin əyanilik (və buna uyğun
konkretlik) effekti oxucu təxəyyülünün məhsulu
olan personajların elə təxəyyülün,
fantaziyanın hüdudsuzluğunda min bir rəng alan vizual görüntüsünü bir
növ solğunlaşdırır. İ.Osmanlı rejissor Rauf
Kazımovskinin quruluş verdiyi "Poçt qutusu"
kinonovellasında bu "aksiomanı" mifə çevirə
bildi, hətta ən ünlü sənət bilicilərinə
qarşı gedib istisnaların mümkünlüyü versiyasını
gündəliyə gətirdi, Novruzəlinin
"İ.Osmanlı variantı" sadə, zəhmətkeş
və avam Novruzəlinin təxəyyüllərdə
yaranmış bütün xarakterik xüsusiyyətlərini
özündə ehtiva edən obraz kimi doğuldu və dərhal
da hamı tərəfindən qəbul olunub sevildi. Onun Novruzəlisi Mirzə Cəlilin bədii
sözün qüdrəti ilə yaratdığı
personajın sanki güzgüdə görünən dəqiq
vizual ekvivalenti idi və eyni zamanda, hər bir oxucunun təsəvvüründə
yaranan Novruzəlini təkrarlayırdı. Amma bütün bunlarla bərabər, bu sadə kəndlinin
aktyor tərəfindən kəşf olunan ekran obrazı əlbəttə
ki, ilk növbədə İsmayıl müəllimin ruhu ilə
cisminin vəhdətindən yaranmışdı. Bu qədər zəngin yozumun bir aktyorun oyununda
reallaşması aktyor sənətində, bədii mətnin
ekranlaşdırılmasında çox nadir hallarda rast gəlinən
fenomenal hadisə idi.
Nə dayanırdı bu uğurun bünövrəsində? Əlbəttə
ki, ilk növbədə İ.Osmanlının naturası, cazibədar
xarizması, onun stixiyasından gələn sadəlik və səmimiyyət.
Aktyor obrazı qrafik cizgilər və daxildən
püskürən enerjinin sintezində yaratmışdı, hətta
personajın mətndən görünən portretinə
özündən də nələrsə əlavə
etmişdi - böhranlı anlarda burnunu çəkməsi,
danışanda tez-tez boynunu əyməsi elə bil Novruzəlinin
boyuna biçilmişdi.
İ.Osmanlı
yaratdığı obrazları həyat
dan gələn
enerji ilə "doydurmağı", onların təbiiliyini
sonadək eyni səviyyədə saxlamağı Azərbaycan
aktyorları arasında ən yaxşı bacaranlardan idi. Ona görə də bu obrazlar həyatın
içindən çıxıb ekran mühitinə təşrif
buyurmuş qonaqlar kimi hamı tərəfindən sevilirdi.
Filmlərdə yaratdığı hansı personaja üz
tutursan tut - sənə tanış olan, səninlə
səmimi bir dildə ünsiyyət quran canlı insanla
qarşılaşırsan, hətta mövcud olduqları məkanlar
arasında böyük zaman distansiyası olsa belə.
Məsələn, "26 Bakı komissarı" filmindəki
Şahbazov ötən əsrin əvvəllərində
yaşamış milyonçuları simvolizə edən
obrazdır və filmin çəkildiyi dövrün ideoloji qəliblərinə
uyğun olaraq mənfi planda
düşünülmüşdü. Amma İsmayıl Osmanlı onu
koloritli rənglərlə rəsm edir, qəhrəmamının
hərəkətlərinə, jestlərinə, replikalarına
yumor çalarları qatır və nəticədə
Şahbazov tarix dərsliklərdə yaradılmış
"istismarçı", "zalım" qəliblərindən
çıxıb bir qədər başqa qiyafədə
görünür. Siyasət adamı olmasa da, 26 komissar adı
altında fəaliyyət göstərən daşnak
bandasının təzyiqi altında olan Şahbazov əslində,
ötən əsrdə formalaşan milli burjuaziyanın ilk
ekran obrazı idi və onun hansı qiyafədə zühur etməsi
həm sənət, həm də tarixə münasibət
baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Xoşbəxtlikdən məhz İsmayıl müəllimin
aktyorluq məharəti və ustalığı hesabına
Şahbazov yaddaşlarda o qarmaqarışıq hadisələr
burulğanında "Yaşasın bizim türk
qardaşlarımız" - deyən, milli ruhun təcəssümü
olan cəsarətli kişi kimi qaldı.
Məhz
bu obrazla kinomuza gətirdiyi üslubun, dəst-xəttin zəfəri
idi ki, bir neçə il sonra "Ulduzlar sönmür"
filmində yaratdığı Hacı Zeynalabdin Tağıyev
obrazı millətin və vətənin təəssübünü
çəkən bir şəxsiyyət kimi ilk dəfə
pozitiv qütbdə təqdim olundu. Bu, həmin
illərin hakim ideologiyasına kövrək də olsa bir
etiraz, rəqibə əlcək atmaq qədərində bir cəsarət
idi və bu gizlin dartışmada İsmayıl müəllimin
xidmətləri artıq sənət tariximizin unudulmaz
faktına çevrilib.
İsmayıl müəllimin özüməməxsus
üslubu bəzən ilk baxışdan əlverişli, rahat təsir
bağışlamayan situasiyalarda da maneələri, əngəlləri
dəf etmək gücündə idi. Baxın, necə bir qabiliyyət,
istedad yiyəsi olmalısan ki, Novruzəli kimi sadə, avam kəndlidən
Nəimi kimi mütəfəkkirin, azman düşüncə
adamının dayandığı mərtəbəyə kimi
çətin, mürəkkəb yolu rahatca adlayıb dini
doqmaların hakim olduğu XIV əsrin ziddiyyətlərlə
dolu mühitinə daxil olmağa gücün və nəfəsin
çatsın, üstəlik, bu tarixi şəxsin
obrazını realist səpkidə yarada biləsən.
İsmayıl müəllimin naturası zahirən hərəkətlərini
əvvəlcədən proqnozlaşdırmaq mümkün olan
sadə kişilərin xarakterik qəliblərinə daha
uyğun gəlsə də, o, bu filmdə də bir aktyor kimi zəfər
çaldı, təbiiliyi, sadəliyi, Yer adamı olması ilə
fərqlənən öz naturası və Tanrını
göydə yox, yerdə axtaran Nəiminin ideyalarından, qəzəllərindən
görünən xarakteri arasında kəsişən nöqtələri
tapa bildi və oyununun ağırlıq mərkəzini də
məhz bu nöqtələrin üzərinə keçirərək
müdrik bir mütəfəkkir-şair obrazı yaratdı.
Realist aktyor məktəbinin yetirməsi və ən
qüdrətli nümayəndələrindən biri kimi
İsmayıl Osmanlının sənət fəlsəfəsində
yersiz pafosa, gurultulu diksiyaya, süni jest və mimikalara yer yox
idi. Buna
görə də yaratdığı müsbət auralı
obrazlar (poçt rəisi - "Mən ki gözəl
deyildim", baba - "Torpaq, dəniz, od, səma"...) sanki
hər gün həyatda gördüyümüz tanış insanlar idilər; yaxın
adamlarımız, doğmalarımız, simsarlarımız
kimi sanki onlarla bizim aramızda heç bir sədd yox idi. Bununla yanaşı, aktyor yaratdığı
obrazları tipikləşdirməyi, eyni zamanda, onları
xarakterik cizgilərlə fərdiləşdirməyi də
ustalıqla bacarırdı. Məsələn, "O olmasın,
bu olsun" filmindəki qəzetçi Rza bəy
özünü "qəzetlər padşahı", məslək
adamı kimi qələmə versə də, bir kağız əskinaz
qarşısında məsləkini də, padşah "məğrurluğunu"
da unudub pulun quyruq tulasına çevrilən bu dələduzun
ikili xarakterini, bir insan kimi mənəvi iflasını o,
realist oyun tərzi lə əks etdirirdi və adama elə gəlirdi
ki, Rza bəy, eləcə də "Sehirli xalat" filmindəki
boşboğaz vəzirlə İsmayıl müəllimin
yaratdığı (və yaradacağı) mənfi
obrazların limiti artıq sona çatıb.
Amma yox!
Aktyorun bu planda yaratdığı şedevr - məkrli Kələntər lələ 1970-ci ildə zühur etdi və o, film televiziya ilə göstəriləndən sonra İ.Osmanlı bir gecənin içindəcə tamaşaçıların sevimli aktyorundan saqqal-birçəyi cürbəcür söyüşlərin tamamlığına dönən antiqəhrəmana çevrildi (!). (Belə tamaşaçılardan biri də elə mənim rəhmətlik anam idi. Hər dəfə film göstəriləndə arvad "Saçından saqqalından utanmır", - deyə kişinin ağ yuyub qara sərirdi.) Hətta iş o yerə çatdı ki, aktyorun ünvanına Azərbaycanın hər yerindən söyüş dolu qalaq-qalaq məktub gəlməyə, küçədə adamlar onu görəndə üzlərini çevirib, kəskin atmacalar atmağa başladılar. Deyilənə görə, aktyor bundan əməlli-başlı sarsılmış və bir müddət özünə gələ bilməmiş, bu rola çəkildiyinə görə özünü dəfələrlə qınamışdır.
Nədə idi bu sənət möcüzəsinin (və kütləvi antipatiyanın) səbəbi? Əlbəttə, Kələntərin mənfi yükündə, yəni inqilab düşmənlərini təmsil etməsində, qocafəndi casusluğunda yox, İsmayıl müəllimin Rza bəy obrazında olduğu kimi, bu obrazda da "bir vücudda 2 xarakter" prinsipini əsas götürüb üzdə mələk, əhlikef qoca olan Kələntərin o biri üzünü - vəhşi və qəddar təbiətini, xəyanətini vizual qavrayış predmetinə çevirməsində. Öz xilaskarına - sadəlövh Cəlala xəyanətini, üstəlik, onu əzabla, işgəncə ilə öldürmək ehtirasını tamaşaçılar İsmayıl Osmanlıya heç cür bağışlaya bilmirdilər.
Qəribədir, niyə məhz İsmayıl Osmanlıya? Axı onun suçu nədə idi?
İş ondaydı ki, Kələntər o qədər təbii və həyati alınmışdı ki, aktyorla onun yaratdığı personaj arasındakı sərhəd itmişdi və tamaşaçılar Kələntəri İsmayıl Osmanlı, İsmayıl müəllimi isə Kələntər kimi qəbul edirdilər - sanki Cəlala verdiyi işgəncədən həzz alan, o biri ayağını da nişan almaq üçün iyrənc təbəssümlə tüfəngi aşağı endirən Kələntər yox, İsmayıl Osmanlının özü idi.
Şübhəsiz ki, bu sonsuz nifrət
tarixin yaddaşına əbədi həkk olan elə o boyda da
sevginin astar üzü, İsmayıl müəllimin isə
bir aktyor kimi qələbəsi və nə qədər
paradoksal səslənsə də, yaratdığı obraza məğlubiyyətinin
nəticəsi idi.
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.-
2022.- 4 noyabr.- S.12.