Bizim İlqar
Şuşalılar bəzən soyadı əvvələ çəkir. Onun da qismətinə düşüb: yeniyetməliyində
və ilk cavanlığında
Kərimov Vaqifin oğlu deyə tanınıb, sonra Kərimov İlqar kimi.
Yaş fərqimiz
var İlqarla, nə Şuşada yaxınlığımız olub,
nə qaçqınlığın
siftə illərində,
yalnız xeyirdə-şərdə
hal-əhval tutmuşuq.
Son səkkiz ildə isə ayrı günümüz az olar. İlqarın xalası oğlu
Abuzər köhnə
dostumuzdur, onlar ayrı durmaz, beləcə yaxınlıq
eləmiş, isinişmiş,
dostlaşmışıq.
Ərköyün, şuluq olub İlqar. İndi də hərdən
tərs damarı tutar, amma söz
də eşidər, böyük-kiçik yeri
bilər.
Üç bacının tək qardaşıdır. Gah birinin, gah o
birinin qayğısı
dalınca qaçar.
Qohum-əqrəbanın, dost-qardaşın da hər işinə
yarayar. Adama canı yanar, hava bir az çönəndə
gəlib işdən götürər səni,
maşını evin qapısına sürər.
Bir şərdən
qalmaz, dostları bir-bir götürüb yasa aparar, sonra
gətirib bir-bir düşürər.
Xəstə yatan var, İlqar
düzüb-qoşar, gedib
baş çəkərik. Həbs olunan
var, İlqar bilir nə bazarlıq
eləmək gərəkdir.
Evində
bir əskiyi olan adama ən
sərfəli dükanı
nişan verər, qonaqlığa hər şeyin ən yaxşısını
alar, evdə bişən mürəbbənin
ilkini dostlara gətirər İlqar.
Hər üzünə
söhbət eləmək
olur, məlumatlıdır,
biliklidir. Darıxmırsan onunla.
...Məni Şuşaya aparan oğlandır İlqar. Görürdü xiffət çəkirəm,
bilirdi hər adama ağız açmaram, ona görə "Səni Şuşaya özüm aparacam" deyərdi.
Dediyini də elədi. Neçə
ay əlləşib icazəmizi
aldı, maşına
oturdub yurdumuza apardı.
Viran qalmış
dədə evlərinin
həyətində babası
Hüseyn kişini xatırladım onda. Soyadı
ilə tanınırdı
o zabitəli kişi:
Kərimov. Köhnə kişilərdən.
Atasının direktor olduğu kombinatın uçuqlarına
da getdik. Vaqif Kərimov Şuşanın
işğalından səkkiz
il sonra
vəfat edib. Cəmi 55 yaşında. Sayılıb-seçilən
kişi olub.
İlqarın anası da Şuşanı
azad görməmiş
dünyadan köçüb. Qələbə
savaşına bircə
il qalmış.
Ata-ananın yurdunda
yurdçu qalıb İlqar. Hamıdan çox bacıları
zəng vurar ona, o da hamıdan
çox bacılarını
arayar.
İki oğluna bağlılığı
da bir ayrı
bağlılıq...
lll
Ürəyində problem varmış. Son vaxtlar
bilinib, tez də üstünə düşüb, yüngül
əməliyyat keçirib.
"Yaxşıyam" deyir, yaxşı bilirik.
Oktyabrın 30-u gündüz saat 2-də zəng vurur. Axşam çayxanada
görüşməyə razılaşırıq. Hər gün
olduğu kimi.
5-in yarısında xəbər
eləyirəm gəl.
Dəstə cəm olur: Vasif Quliyev, Elçin, Abuzər, İlqar, mən...
Çox rahat gün. Arada beynimdən keçir noyabrın 27-si İlqarın
49 yaşı tamam olur, o vaxtacan lap yaxşılaşar...
lll
Səkkizə işləmiş evə gedirəm.
Məndən bir neçə dəqiqə sonra da İlqar evə
yollanır.
Qalan dostlar bir az da oturası
olur.
lll
Çox
az keçib
ayrılmağımızdan. Baxıram Elçindən zəng gəlib. İki zəng. Bir zəngin
xatası yoxdur.
...Ölüm-itimin hər üzünü görmüş
adamların da əlini üzündə qoyan ölüm. Evə çatmamış, yoldaca
qəfil keçinib İlqar.
lll
Neçə dosta-simsara inanmadığım
xəbəri mən çatdırası oluram.
Hər zəngə eyni sarsıntı:
- Bizim İlqar???
Hamının dilindədir:
- Bizim İlqar...
Hikmət SABİROĞLU
525-ci qəzet.- 2022.- 5 noyabr.- S.16.