Güney nisgili Azərbaycan ədiblərinin yaradıcılığında  

 

Son iki əsrdən bəri Azərbaycan xalqının ürəyində cənub dərdi, cənub həsrəti dərin sağalmaz yaraya çevrilib. 1828-ci ildə qanla yazılmış İran Rusiya arasında imzalanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan ikiyə bölündü.

1813-cü ildə bu iki dövlət arasında imzalanmış Gülüstan müqaviləsi Azərbaycan xalqının gələcək faciəsinə çevriləcək Türkmənçay müqaviləsinə yol açdı.

Xalqımız həm Rusiya, həm İran hakimiyyəti tərəfindən olmazın məhrumiyyətlərə məruz qaldı, qanlı faciələrlə üzləşdi. 2 əsr keçməsinə baxmayaraq, belə bir münasibət mətin xalqımızın iradəsini, əzmini qıra bilmədi. Hər vəchlə öz dilini, dinini, milli adət ənənələrini, milli dəyərlərini, mədəniyyətini, ədəbiyyatını qoruyub saxladı.

Müstəqil Azərbaycan Respublikasının yaradılması isə əslində bu müqavilələri laxlatdı, onun getdikcə torpağa gömülməsinə start verdi...

Zaman-zaman ədiblərimizin yaradıcılığında cənub mövzusu ürək ağrısı ilə təsvir edilib. Həm ədiblərimiz yazılarında 2-yə parçalanmış xalqımızı daim haqq səsini qaldırmağa, azadlığa çıxmağa, özünün müstəqil dövlətinin yaradılması uğrunda mübarizəyə səsləyən maarifçi əsərlər yaratdılar.

1905-1911-ci illərdə Azərbaycanın döyünən ürəyi sayılan, inqilablar beşiyi Təbrizdə milli-azadlıq hərəkatı (Məşrubə hərəkatı) başlandı. Bu hərəkat Səttarxanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz mahalının azadlıq fədailərinə rəhbərlik edən Səttarxan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı, cəsurluğu, şücaəti ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrildi. Səttarxanın bu qəhrəmanlığından ilhamlanan, vəcdə gələn böyük şairimiz Mirzə Ələkbər Sabir "Səttarxana" adlı şeirində yazırdı:

 

Ta ki millət məcməin Tehranda viran etdilər,

Türklər Səttar xan ilə əhdi-peyman etdilər,

Zülmü istibdadə qarşı nifrət elan etdilər,

Millətə, milliyyətə can nəqdi-qurban etdilər,

Ayeyi-Zibhi əzim itlaqi ol qurbanədir,

Afərinin himməti-valayi-Səttarxanədir.

 

 

İştə Səttarxan, baxız, İranı ihya eylədi,

Türklük, İranlılıq, təklifin ifa eylədi,

Bir rəşadət, bir hünər göstərdi, dəva eylədi,

Dövlətin bir əynini dünyada risva eylədi,

Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,

Afərinin himməti-valayi-Səttarxanədir.

 

 

Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!

Düstü düşmən əl çalıb eylər sizə səd mərhəba!

Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!

Cənnəti-əladə Peyğəmbər sizə eylər dua,

Çün bu xidmətlər bütün islamədir, insanədir,

Afərinin himməti-valayi-Səttarxanədir.

 

Səttarxan, Bağırxan, Xiyabani, sonralar Pişəvəri azadlıq carçıları kimi başladıqları hərəkatlar İranda şah rejimi tərəfindən qəddarlıqla, amansızlıqla yatırıldı, qanda boğuldu.

Nədəndirsə, ədiblərimiz cənub mövzusunu qələmə alarkən istinad etdikləri əsas hədəf "Araz" çayıdır. Sanki onlar ürək sözlərini "Araz"a söyləyir, qəlblərindəki istəkləri ona ünvanlayır, başqa sözlə təsəlli tapırdılar.

Dahi dramaturq Cəfər Cabbarlının da yaradıcılığında bu mövzuya rast gəlinir. O, xalqın ikiyə bölünməsində obrazlı desək, Araz çayını suçlayır:

 

Araz, çəkil aradan, qovuşsun Azərbaycan!

Araz, söylə üçün, sən yol saldın buradan?

Yoxsa qorxdun azadlıq, gəlib keçsin oradan?!

Ya ki, Azər yurduna, salam etsin Savalan.

 

 

 

Araz, rədd ol aradan, bir olsun Azərbaycan!

Kimdir səni yaradan?

Böldün böyük Vətəni,

Araz, böylə, aradan.

 

Bu şeirdə C.Cabbarlının hayqırtılarını, qəlb çırpıntılarını, bütöv Azərbaycan istəyini, Vətən sevgisini görmək, hiss etmək olur.

Yaradıcılığında S. Rüstəm qədər cənub mövzusunda əsərlər silsiləsi yaradan ikinci bir ədib yoxdur desək, yanılmarıq. XX əsrdə vahid şimallı-cənublu Azərbaycan ədəbiyyatı, "O tay bu tay", "O sahil bu sahil", "Bakılı, Təbrizli", "Vətənin birliyi", "Bütöv millət" kimi anlamlarının elmdə, ədəbiyyatda yaşamasının, dillər əzbərinə çevrilərək beyinlərimizə, şüurumuza nüfuz etməsinin əsas səbəbkarlarından biri birincisi məhz S.Rüstəm olmuşdu.

Başqa sözlə, S.Rüstəm cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına yeni poetik çələng bəxş elədi. Məncə, şairin bu mövzuda yazdığı əsərlər sirri açılmamış sandıq ədəbiyyatıdır.

II Dünya müharibəsi illərində İranda, Cənubi Azərbaycanda olan S. Rüstəm qəddar şah rejiminin ölkədə törətdiyi fəlakətlərin acı nəticələrini gözləri ilə görmüş, imperializm əleyhinə mübarizənin canlı şahidi olub.

Cənub mövzusu şairin yaradıcılığında sanki ikinci nəfəs açmışdı. Sovet hakimiyyətinə inanan, bütün varlığı ilə ona rəğbət bəsləyən şair rejimin amansız siyasətinə bir vətəndaş etirazını bu mövzuda yazılan şeirlərlə birbaşa, dolayısı sətiraltı mənalarda böyük ustalıqla qələmə almışdı. Bu mövzuda yazılan şeirləri diqqətlə oxuyanda görürsən ki, şairin etiraz dolu hayqırtıları həm o taydakı, həm bu taydakı rejimə qarşı yönəlib. O dövrdə belə səviyyədə şeirlər yazmaq böyük cəsarət, hünər iradə tələb edirdi. Lakin S.Rüstəm öz həyatını təhlükəyə ataraq bir vətəndaş kimi, xalqının oğlu kimi bu prosesdə geridə qalmadı. O zaman həm İran da, həm SSRİ- dövlətin ana dilimizə qarşı uzanan əllərinə şair "Dilimə dəymə" şeiri ilə qarşı çıxdı:

 

 

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl, sən bu ana dilimə dəymə.

Sənin bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

 

 

Bu etiraz kövrək bir vətəndaş şairin fəryadı deyilmi?

"Könlümə Təbriz düşdü", "Təbrizim", "Ayrılıq günü", "Vüsal həsrəti", "Anam dili qardaşım" və.s. S. Rüstəmin cənub mövzusunda yazdığı qiymətli sənət inciləridir.

Xüsusilə , şairin Məhəmmədhüseyn Şəhriyarla yazışmaları-məktubları diqqəti daha çox çəkən əsərlər kimi yaddaşlarda həkk olunub. Bir maraqlı fakta diqqət yetirmək yerinə düşər. Şəhriyar doğma Vətən torpağının ikiyə bölünməsində Araz çayını suçlayaraq deyir:

 

Göz yaşımsan, ay Araz,

Qoyma gözüm baxsa da görsün.

yaman pərdə çəkibsən

İki qardaş arasında.

 

 

S.Rüstəm isə Arazın adından bu şeirə tutarlı cavab verir:

 

Yox, yaranmamışam mən göz yaşından,

Göyərçin dalğalı Arazdır adım.

Ay  ellər, qardaşı qan qardaşından

Ayıran ayırdı, mən ayırmadım.

 

 

 

Məntiqli və cəsarətli cavabdır, deyilmi?! Əslində şair bununla Azərbaycanı ikiyə bölən Rusiya ilə İran rejimini ittiham edir, bu bölünmənin əsas səbəbkarlarının kimlər olmasını oxucuya aydın olaraq çatdırır, onu düşünməyə vadar edir.

 

(Ardı var.)

Qafar ƏSGƏRZADƏ

Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 5 noyabr.- S.15.