Antik dünyanın parlaq şəxsiyyətləri
(Əvvəli
ötən şənbə saylarımızda)
Onları İtaliyaya getməyə
öz vətənində ədalətsizliklə üzləşən
bir etrusk həvəsləndirmişdi, ilk şərabı da
qallara o gətirmişdi. Qallar əvvəlcə
etruskları öz şəhərlərindən qovub, onlarda məskunlaşdılar.
Bu, Kamillin sürgünə getməsindən
xeyli əvvəl baş vermişdi.
Qall dəstələri etrusk şəhəri Kluziyaya gəlib,
onu mühasirəyə aldılar; çünki onun
torpaqlarına göz dikmişdilər. Qall sərkərdəsi
Brenn Kluziyaya girib, sakinləri qızışdırdı ki,
onlara qoşulub romalılara hücum etsinlər. Brenn Kruziyanın mühasirəsini
götürüb, öz qoşununu Romaya apardı. Qallar guya hansısa romalının bir cəsur
qallı öldürdüyünün qisasını almaq istəyirdilər.
Sürətlə hücum edən düşmənə
qarşı tribunlar romalıları döyüşə
çıxardılar. Qoşun böyük idi, lakin əksəriyyəti
hərbi işə öyrədilməmişdi, silahla da birinci
dəfə işləməli olmuşdular. Romalılar şəhərdən kənarda
düşərgə salmışdılar. Döyüş başlananda əsgərlərin əksəriyyəti
paytaxta qaçdı, qalanları isə Romanı məhv
olmuş hesab edib, Veyi şəhərinə qaçdı.
Bədbəxtlik insanın izinə düşdükdə,
gözləmədiyi, ən sevincli günündə də onu
tapır. Sonralar çar Attal və Böyük Pompey
doğulduqları eyni gündə də həyatdan
getmişdilər.
Əgər qallar qələbədən sonra
qaçanları həmin andaca təqib etsəydilər,
asanlıqla Romanı dağıdardılar, onda
yaşayanları isə ölüm gözləyəcəkdi. Lakin
düşmən necə böyük qələbə
çaldığına inanmırdı. Sevincdən
onlar ziyafət təşkil etdilər və düşərgədə
tapdıqları qəniməti bölüşdürməyə
başladılar. Bu, Romanı tərk edən əhaliyə
imkan verdi ki, şəhərdən
mümkün qədər uzaqlaşsın, tərk etməyənlər
isə azacıq sevindilər ki, müdafiəyə
hazırlaşmağa hələ vaxtları vardır. Romalılar Kapitolini möhkəmləndirib, silah
ehtiyatı yaratdılar. Qaçanlar Vesta
odunu da özləri ilə götürmüşdülər.
Məşhur çar Numa Pompili (o, Romuldan sonra
Romanın ikinci və ilk sabinli çarı idi) oda pərəstiş
etmək qaydasını qoymuşdu və onu kainatı idarə
edən əbədi həyatın simvolu kimi sönməyə
qoymamağı əmr etmişdi. Oda bakirə
qızlar olan vestalkalar daim qarovul çəkirdi.
Döyüşdən üç gün sonra şəhər
yaxınlığında Brennin qoşunları
göründü. Darvazalar açıq, divarlar isə
mühafizəçilərsiz olduğundan o, elə başa
düşdü ki, bu, bir tələdir, hərbi hiyləgərlikdir.
O inanmırdı ki, romalılar tam ruhdan düşmüşlər.
Lakin o, buna əmin olduqda, Romadakı Kollin qapılarına
cumdu və şəhərin əsası qoyulandan 360 il sonra onu götürdü, lakin bu hesablama səhv
də ola bilərdi.
Brenn Romanı tutduqdan sonra, qoşun dəstəsini
Kapitolini müşahidə etmək üçün qoydu,
özü isə Foruma yollandı. O, bayramsayağı geyinmiş və
dinməz oturmuş adamları görəndə təəccüb
qaldı. Onlardan heç biri düşməni
görəndə yerindən qalxmadı. Nəhayət,
bir qall romalıya yaxınlaşdı. Romalı
onu vuranda, qall onu öldürdü. Düşmənlər
başqalarının da üstünə cumub, onları
öldürdülər. Heç kəsə
aman verilmədi. Sonra isə evləri qarət
etməyə başladılar. Qarət bir
neçə gün davam etdi. Sonra
düşmən şəhəri yandırdı və tamamilə
dağıtdı. Kapitolidə
yığışan romalılar onların təslim olmaq təklifini
qəbul etmədilər, əksinə, divarlarla müdafiə
olunub, hücum edənləri yaralayırdılar. Buna görə də qallar təkcə şəhəri
dağıtmadılar, həm də bütün əsirləri
- kişiləri və qadınları, qocaları və
uşaqları qılıncdan keçirdilər.
Şəhərin
mühasirəsi uzandı və qalların çörəyinin
çatışmaması baş verdi. Onlar bölündülər, bir hissə çarla
Kapitolini mühasirə etmək üçün qaldı, digərləri
isə şəhər kənarlarındakı hücum etdikləri
kəndləri qarət edir və viran qoyurdular. Onların bir hissəsi Kamillin sürgündən
sonra yaşadığı Ardey şəhərinə də
hücum etdilər. Kamill düşməndən
qaçmadı, əlverişli vaxtı gözləyirdi ki,
onlara hücum etsin. O, birinci növbədə gənclərə
müraciət etdi. O dedi ki, romalıların məğlubiyyətini
qalların igidliyinə yazmaq lazım deyildir, qalların qələbədə
heç bir iştirakı olmamışdır, bu, taleyin
işidir. Müharibə yalnız məğlubların
qalibləri məhv etməsi ilə başa çata bilər.
Əgər onlar ruhca möhkəm olsalar və
qurban getməyə hazır olsalar, bir vaxt o, onlar
üçün heç bir təhlükə törətməyən
qələbənin təqsirkarı olacaqlar. Gənclər onun sözlərini sevinclə
qarşıladılar və Kamill Ardeyin magistratlarını və
senatını dilə tutdu ki, onun təklifini qəbul etsinlər,
bütün gəncliyi silahlandırdı, lakin onlara şəhərdən
çıxmağa icazə vermədi. Çünki
düşmən onun planından agah ola bilərdi.
Qallar qənimətlərdən xoşlanıb,
çöldə düşərgə qurdular, heç bir
ehtiyatlılıq tədbiri də görmədilər. Gecə düşəndə onlar sərxoş idilər,
düşərgələrində sakitlik hökm
sürürdü. Bunu casuslarından
öyrənən Kamill ardeyliləri çölə
apardı. O, əsgərlərinə əmr etdi ki, hər
tərəfdən qışqırsınlar və truba
çalsınlar ki, qalları qorxutsunlar. Axırıncılar
çətinliklə oyandılar. Qorxudan,
sərxoşluqdan ayılanlar, silah götürüb, Kamillin əsgərləri
ilə vuruşa başladılar. Əksəriyyəti
isə yuxuda, silahsız və sərxoş olduqlarından
öldürüldülər. Az sayda
düşərgədən qaçanlar, gündüz
vaxtı onlara özünü yetirən süvarilər tərəfindən
qılıncdan keçirildilər.
Baş verən bu hadisənin xəbəri tezliklə
şəhərlərə yayıldı. Silah
götürməyə qadir olan gənclərin çoxu hər
tərəfdən Kamillin yanına axışdı,
onların içərisində romalılar da çox idi.
Onlar kədərlə bir-birlərinə deyirdilər
ki, "Gör necə bir lideri şər tale Romadan almışdı".
Qoy Ardeyə tələb göndərək ki,
öz sərkərdəsini bizə versin, ya da
özümüz silahlanıb, onun yanına yollanacağıq.
Kamill sürgünə gedən olduğunu yaddan
çıxarmalıdır, onlar bildirdilər ki, "biz - vətəndaşlarıq,
bizdə isə indi vətən yoxdur, o, düşmənin
hakimiyyəti altındadır". Onların
təklifi qəbul olundu və onlar Kamillə xahişlə
müraciət etdilər ki, onlara başçılıq
etsin. O cavab verdi ki, qoy Kapitolidəkilər
onun seçilməsini qanuni yolla təsdiq etsinlər. Kamillin ehtiyatlılığı və alicənablığı
hamını heyrətə gətirdi. Lakin
şəhərin düşmənin hakimiyyəti altında
olması da acı bir fakt idi.
Bir gənc
romalı paytaxta getməli idi, özü ilə mühasirədə
olan Kapitoliyə ünvanlanmış heç bir məktub da
götürməmişdi ki, düşmən Kamillin
planından agah ola bilər. O, şəhərə
yaxınlaşanda axşam düşdü. Özünü
probka kütləsinə bağlayıb, Tibrə tullandı
ki, asanlıqla üzsün. O, qarşı sahilə
çıxıb, şəhərdəki Kapitoli təpəsinin
qapılarına yaxınlaşdı. Təpə
dik qayalarla əhatə olunmuşdu. Qarovulçulara
yaxınlaşıb, onlara salam verdi və
kim olduğunu dedi. Onu tutdular və Roma
qarnizonunun rəisinə təqdim etdilər. Tezliklə senatorlar yığışdı. Oğlan onlara Kamillin qələbəsi barədə
danışdı, bunu onlar hələ bilmirdilər. Qoşunun arzusunu çatdırıb, xahiş etdi
ki, Kamilli sərkərdə rütbəsində təsdiq
etsinlər ki, bütün vətəndaşlar onun əmrlərinə
tabe olsun. Senatorlar müşavirə
keçirdikdən sonra Kamilli diktator elan etdilər. Oğlan geri qayıdıb, şəhərdən kənarda
olan romalılara senatın qərarını dedikdə, bu xəbəri
onlar sevincdə qarşıladılar.
Kamill
onların yanına gələndə sıralarında 20 min
silahlı adam gördü. O, daha çox
müttəfiq yığıb yürüşə
hazırlaşmağa başladı. Beləliklə,
o, ikinci dəfə diktator seçildi. O, şəhərlərə
gedib, çox sayda əsgər topladı, çünki
düşmən üzərinə hücum etmək lazım
idi.
Brenn daha fərasətli qalları topladı ki, onlar
qayaya dırmaşmaqla Kapitoli təpəsinə
çıxsınlar. O, bu qalanı götürməyi vacib vəzifə hesab
edirdi. Çarın həvəsləndirici
sözləri qalları işə cidd-cəhdlə girişməyə
vadar etdi. Gecə yarısı onlardan
çoxu qayaya dırmanmağa başladı. Onlardan birincilər lap zirvəyə çatdı və
qalanı tutmağa hazırlaşdı. İtlər
onların gəldiyini hiss etməmişdilər. Yunona məbədində ilahəyə həsr
olunmuş qazlar saxlanırdı, onlar son vaxtlar ac
qalırdılar və aclıqdan yata bilmirdilər. Onsuz da qazlar təbiətcə həssas və qorxaq
quşlardır. Onlar yaxınlaşan qalları hiss edib,
səs-küylə onlara tərəf qaçdılar və
hamını oyatdılar. Hər bir romalı əlinə
keçən silahı götürüb, düşmənin
qarşısına tullandı. Keçmiş
konsul Manli, o, gücü və ruhunun möhkəmliyi ilə fərqlənirdi,
ilk olaraq iki düşməni gördü. Biri qılıncı ilə ona hücum edəndə,
Maili bir zərbə ilə onun qolunu kəsdi və onu qayadan
aşağı itələdi. Digər
düşmənləri də geri çəkilməyə məcbur
etdilər. Manlini igidliyinə görə təltif
etdilər.
Bu uğursuzluqdan sonra qallar ruhdan düşdülər. Ərzaq
ehtiyatının azlığı da öz təsirini göstərirdi.
Kamilldən qorxduqlarından atlarına yem
tapmağa yollanmağa da qorxurdular. Həm də xəstəlik
meydana gəlmişdi, onlar ölü cəsədləri ilə
əhatə olunmuş xarabalıqlarda qalırdılar, uzun
müddətli mühasirə də onları cana
doydururdu. Kapitoli adlanan qalanı onlar artıq yeddi
ay idi ki, mühasirədə saxlayırdılar. Qoşunda ölüm hadisələri çox idi,
meyitlər dəfn edilməmiş qalırdı.
Mühasirədə olanlar da onlardan yaxşı vəziyyətdə
deyildi. Aclıq gözlənirdi və Kamilldən heç
bir xəbər yox idi. Qallar da şəhəri
qoruyurdular. Bu vaxt hər iki tərəf
danışıqlara getməyi qərara aldı, Roma hərbi
tribunu Brennlə görüşdü. Şərtə
görə, qallar min funt çəkidə qızıl
almalı, sonra şəhəri və Roma torpaqlarını
azad etməli idilər. Hər iki tərəf
and içdi. Qızıl gətiriləndə
qallar əvvəlcə romalıları gözəçarpan
şəkildə çəkidə aldatmağa
başladılar. Sonra isə əqrəbi
birbaşa başqa tərəfə çəkdilər.
Çəki düzgün getmirdi. Romalılar təhqir olunmuşdular. Brenn ələ salmaq qaydasında öz
qılıncını kəmərindən
çıxardıb tərəzinin üstünə qoydu.
Sonra ucadan dedi: "Məğlublara dərd olsun!" Onun bu sözü tezliklə zərb-məsələ
çevrildi.
Qallar və romalılar öz aralarında mübahisə edəndə şəhərin qapısında Kamillin qoşunu göründü. O əmr etdi ki, döyüşçülər onu arxasınca gəlsin. Özü isə ən igid əsgərlərlə romalıların yanına yollandı. O əmr etdi ki, qızıl tərəzidən götürülsün və onun liktorlarına verilsin, qallara isə təklif etdi ki, tərəzini və daşları götürüb uzaqlaşsınlar. O dedi ki, romalılar vətəni qızılla deyil, dəmirlə xilas etməyə adət etmişlər. Brenn təhqir olunmuşdu. O, bəyan etdi ki, onunla ədalətsiz davranılır. Müqavilə pozulmuşdur. Kamill cavab verdi ki, müqavilə qanunsuz olduğuna görə həqiqi sayıla bilməz. Əgər "diktator seçilmişdirsə, hakimiyyətin yeganə nümayəndəsi yalnız odur. Müqavilə heç bir hüququ olmayan adamlar tərəfindən bağlanmışdır. O, davam etdi ki, indi onlar nə istəyirlərsə, danışa bilərlər. O, qanuni hakimiyyət sahibi kimi gəlmişdir və xahiş etsələr, onları bağışlaya bilər və ya peşman olmasalar, günahkarları cəzalandıra bilər. Onun sözləri Brenni hirsə mindirdi və silahına əl atdı. Hər iki tərəf qılınclarını çıxardı. Brenn binaların arasında vuruşmanın narahatlığını başa düşdü, onun əmri əsasında düşərgəyə çəkildilər. Həmin gecə şəhəri tamamilə tərk etdilər və xeyli uzaqlaşdıqları yerdə düşərgə qurdular. Səhər açılanda Kamill əla silahda gəldi, romalılarda bu, böyük ümid yaratdı. Döyüş çox dəhşətli və inadkar idi. Düşmən darmadağın edildi və ağır zərbəyə məruz qaldı. Onun düşərgəsi romalıların əlinə keçdi. Qaçanlar müxtəlif tərəflərə səpələndilər, lakin çoxu ətraf kəndlərin və şəhərlərin əhalisi tərəfindən qılıncdan keçirildilər.
Roma ağlasığmaz qaydada tutulmuşdu, ağlasığmayan qaydada da xilas edilmişdi. Bütövlükdə şəhər yeddi ay ərzində düşmənin hakimiyyəti altında olmuşdu. Kamill məhv olmuş vətəni xilas etdiyinə görə triumf aldı. O, şəhərə girəndə, buradan getmiş adamlar arvadları və uşaqları ilə geri döndülər.
Kamill diktator səlahiyyətlərindən hələ il başa çatmamışdan imtina etdi. O, senatı çağırmağı qərara aldı. Bir natiq çıxış etməyə başlayanda, küçədən senturionun olduqca hündür çıxan səsini eşitdi. O, gələcəyin tam naməlum olduğunu deyirdi.
Romalılara hələ işləri başa çatmamışdan yeni müharibəni aparmalı oldu. Etrusklar hücum edib Romanın müttəfiqi olan bir şəhəri mühasirəyə aldılar. Hərbi tribunlar Romadan latinlərə kömək göstərməyi xahiş etdilər.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 5 noyabr.- S.14.