"Şöhrətin yayılıb hər yana, ceyran!.."

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov: "Cəbrayılın iqlimi ceyranların  məskunlaşması və populyasıyası üçün tam uyğundur"

 

Ceyran söhbəti iki həftə olar aktuallaşdı. Daha dəqiqi, oktyabrın 19-20-də işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılandan sonra. Ara söhbətlərindən sosial şəbəkələrə, sosial şəbəkələrdən mediaya qədər ən fərqli müstəvidə hər kəs öz yöntəminə və səviyyəsinə uyğun tərzdə bu mövzudan danışmağa başladı. Amma hansı səviyyədə olur-olsun, bu söhbətlərin hamısında müzakirələr müsbət, pozitiv implusludur. Başqa cür də ola bilməz; çox yox, vur-tut iki il öncə uzaqdan-uzağa həsrətini çəkdiyimiz, nə vaxtsa qovuşacağımızın xəyalları ilə yaşadığımız, düşmənin "mənəm-mənəm" dediyi torpaqlarımızdan bu gün onların əsl sahibləri kimi, qürrələnə-qürrələnə danışırıq.

Azərbaycan öz relyefi, iqlim xüsusiyyətləri, fauna və flora aləmi ilə dünyanın zəngin təbiətə malik Qafqaz regionunda hər zaman diqqət çəkib. Hündür, sərt yamaclı dağları, geniş düzənlikləri, çayları, şirin sulu gölləri, sıx meşələri, rəngarəng landşaft örtüyü bu ərazilərdə müxtəlif bitki və heyvan növlərinin də geniş yayılmasına münbit şərait yaradır. Adı "Qırmızı kitab"a salınan, Azərbaycan təbiətinin incisi sayılan ceyranın da Cənubi Qafqazda əsas arealı Azərbaycandır. XX əsrin 40-cı illərinədək ceyranlar ölkənin Acınohur, Kürəkçay vadisində, Eldar, Sarıca, Qarabağ, Mil, Muğan, Şirvan düzlərində, Qobustan çöllərində geniş yayılmışdı. Mərkəzi Aran düzənliyi, Böyük Qafqaz, Kiçik Qafqaz dağətəyi ərazilərin hamısı ceyran sürüləri ilə dolu olardı. Lakin sonralar ceyranların sayı kəskin azalmağa başladı.

Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyir ki, ceyran populyasiyasının əsas məkanı olan indiki Şirvan Milli Parkında ötən əsrin 60-cı illərdə cəmi 60-70 ceyran qalmışdı: "Sonradan mərkəzi düzənliyin əkilməsi, motorlu teknikanın meydana çıxması, ceyranların ovlanması onların həm yaşayış ərazilərinin məhdudlaşmasına, həm də ceyranların sayının azalmasına gətirib çıxardı. 1960-cı ildə aparılan aviauçotlar zamanı məlum oldu ki, Azərbaycanda 20-30 min sayda olan ceyrandan cəmi 200 ceyran qalıb. Həmin ərazi xüsusi mühafizə edilən təbiət ərazisi elan olundu. Bundan sonra tədricən həmin ərazidə heyvanların sayı artmağa başladı. Azərbaycan ərazisində ceyranların sayının kritik həddə azalması təhlükəsini nəzərə alaraq ceyran populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin sərəncamı ilə 2003-cü ildə Şirvan Milli Parkı yaradıldı, həyata keçirilən intensiv mühafizə tədbirləri nəticəsində ölkədə ceyranların populyasiyası bərpa edildi. 2021-ci ilin noyabr statistikasına əsasən, Şirvan Milli Parkının ərazisində 6228 baş ceyran məskunlaşıb. Şirvan, Ağgöl, Abşeron milli parkları, Şirvan, Korçay dövlət təbiət qoruqları, Bəndovan, Qax dövlət təbiət yasaqlıqları və onlarla həmsərhəd olan ərazilərdə aparılmış sayımın nəticəsinə görə, bu ərazilər üzrə ceyran populyasiyasının sayı təxminən 7413 olub. Şərqi Qafqaz turlarının populyasiyasının sayı isə Şahdağ Milli Parkı, Zaqatala, İlisu dövlət təbiət qoruqları, Zaqatala, Qax dövlət təbiət yasaqlıqları, Şəki və Babadağ ovçuluq təsərrüfatları, eləcə də bu ərazilərlə həmsərhəd olan sahələrdə aparılmış sayım nəticəsinə görə təxminən 6563 müəyyən edilib".

Elşad Əsgərovun dediyinə görə, 2008-ci ildən ölkədə ceyranların tarixi areallarına bərpası işləri daha da intensivləşdirilib. 2010-cu ildən başlayaraq Şirvan milli parkında ölkədə ilk rentraduksiya layihələrinə başlanılıb: "Bununla ilk dəfə ceyranların rentraduksiya həyata keçirilib. Bu layihənin məqsədi ölkədə nadir və həssas növ olan ceyranların Şirvan milli parkının ərazisindən tutularaq həmin növün tarixən yaşadığı ərazilərə köçürülməsi idi. Bu layihə indi də uğurla davam etdirilir. Layihə çərçivəsində 293 baş ceyran Şirvan milii parkının ərazisindən tutularaq ceyranın tarixən yaşadığı ölkənin digər ərazilərinə köçürülüb. Bu ərazilərdən biri də Ağgöl milli parkının ərazisidir. Bu əraziyə 26 baş ceyran köçürülüb. Bu ceyranlar ildə bir dəfə daim monitoriq olunur və saylarında artım müşahidə edilir. Hazırda ceyranların reintroduksiyası davam edir. Məqsəd bəzi növlərin bərpasına yönəlib".

Yazının əvvəlində qeyd etdiyimiz kimi, bu ayın ortalarında işğaldan azad edilən Cəbrayıl rayonuna 33 baş (18-i oktyabrın 19-da, 15-i isə oktyabrın 20-də) ceyran buraxıldı. Bununla da işğaldan azad edilən ərazilərdə ceyranların populyasiyasının bərpa edilməsi işlərinə start verildi. Proses ceyranların stabil populyasiyası yaranana kimi davam etdiriləcək.

Elşad Əsgərov deyir ki, ceyranların ölkənin təbii areallarına reintroduksiya prosesi sonrakı dövrlərdə də davam edəcək: "İlkin mərhələdə prosesi müşahidə etmək üçün həmin ceyranlar təbiətə buraxılıb. Onlar özlərinə yaşayış məskəni seçdikləri ərazilərə növbəti mərhələdə qrup şəklində ceyranların köçürülməsi layihəsi həyata keçiriləcək. Azad edilən ərzilər vaxtilə ceyranın tarixi arealına daxil idi. İndi orada insanlar məskunlaşmamış ceyran populyasiyasını bərpa etmək olar. İşğaldan azad edilən ərazilərdə ceyran, nəcib maral kimi fauna növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub. Hazırkı dövrədək ümumilikdə 293 baş ceyran ölkənin təbii areallarına reintroduksiya edilib və aparılan son sayğı monitorinqlərinin nəticələrinə görə, Azərbaycanda 7000-dən artıq ceyran fərdinin yayılması qeydə alınıb".

Elşad Əsgərov bildirib ki, ceyran tez artan heyvandır, normalda ildə iki və daha artıq bala verir. Ceyranların cütləşmə dövrü noyabr-dekabr aylarına, balalama dövrü aprel-iyun aylarına düşür. Ceyranlar 1, 2 və ya 3 bala verir. İstər tək, istərsə də böyük sürülər şəklində həyat sürürlər. Ceyranlar qidaya çox tələbkar olmayan heyvanlardır. Onların qidasını təşkil edən bitki örtüyü yarımsəhra şəraitinə uyğunlaşmış efemer - kserofit bitkilərdir. Parkın ərazisində bu bitki formasiyaları mövcuddur: səhra bitkiləri - qaraşoranlı, şahsevdi, duzlaqşoğanlı, yarımsəhra bitkiləri yovşanlı, çərənli-yovşanlı, yovşalı-efemerli, dənli - müxtəlif otlu, efemerli sahil qumlu və çala-çəmən bitki formasiyaları. Ərazilərdə ən çox yayılan yulğun, şahsevdi, şoran - çoxillik efemerləri və şahsevdili - yulğun kollarıdır ki, bunlar, əksər yerlərdə qarışıq assosiasiyalar yaradır. Bu bitkilər bütün fəsillərdə ceyranların xoşladıqları qida hesab olunur. Ceyranlar ən çox şorlaşma olan yerlərin bitkilərindən - çərən, şoran, qışotu, bitişikçiçək, digər çoxillik və birillik halofit bitki qrupları ilə, qış fəslində isə kollar arasında qalan birillik sancaqayağı, bozaq, laturus, bağayarpağı, incilə, dəvəayağı, kimi efemerlərlə qidalanırlar. Heyvanların qidasının 75-80 faizini yarımsəhra tipli bitkilər təşkil edir. Tonqalotu, bozaq, buğdayı ot, qarayonca, kilikburu, demək olar, ceyranların məskunlaşdığı bütün ərazilərdə var. Bu bitkilər istər qışda, qar altında qurumuş şəkildə, istərsə də erkən yazda yovşan yarımsəhraları ilə birlikdə ceyranların yem bazasının əsasını təşkil edirlər. Bu qrup bitkilər qısa vegetasiya müddətinə malikdir və çoxlu toxumları olduğu üçün qüvvətli yem kimi əlverişlidir. Düzənlikdə, xüsusilə, cənub otlaqlarında adətən taxıllar, xaççiçəklilər, paxlalılar, mürəkkəbçiçəklilər və s. fəsilələrdən olan efemerlərin iştirak etdiyi xırda sahələrdən ibarət yarımsəhralara rast gəlinir. Bu qruplaşmalar ceyranların yay otlaqları üçün və payız fəslində heyvanların cütləşmə dövrü üçün qüvvətli qidalardır. Əlverişli hava şəraitində efemerlərin toxumları adətən, payızda cücərir və cücərmə mərhələsində qışlayır. Bu cücərtilərin bir hissəsi qış düşənədək inkişaf edir və müəyyən vegetativ kütlə verir ki, bu, ceyranların qış fəsli üçün yem bazasının 20-25 faizini təşkil edir. Efemerlər yazın axırına yaxın, may ayının ortaları quruyur. Erkən yazda, martın axırları havaların istiləşməsilə əlaqədar efemerlərin bir hissəsi çiçəkləyir və toxum verir. Bu toxumlar qida rasionunun əsas hissəsini təşkil edir.

Təbiətə buraxılan ceyranların yem bazasına gəlincə, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, ceyranların buraxıldığı ərazi həm kifayət qədər böyükdür, həm də Şirvan Milli Parkının təbii iqlim şəraitinə uyğun yerlər seçildiyindən yem bazası ilə bağlı hansısa problem yoxdur. Onların yem bazası kifayət qədərdir: "Ceyranların buraxıldığı ərazilər boş sahələrdir və həmin yerlər məskunlaşma üçün uyğundur. Əgər ceyranlar həmin ərazilərdə məskunlaşsa, onların kifayət qədər yem bazası olacaq ki, növbəti dövrlərdə populyasiyasını bərpa edə bilsin. Ceyranlar üçün azad edilmiş ərazilərdə adətən iki təhlükə mövcuddur - yırtıcı heyvanların hücumu və mina partlaması. Yırtıcı heyvan-canavar və qismən çaqqal hücumuna məruz qalma təhlükəsi Şirvan Milli Parkında da var. Bildiyimiz kimi, ceyranlar cəld olduqları üçün saatda 60 km sürətlə qaça bilir. Çox nadir hallarda canavarlar sağlam ceyranı ovlaya bilirlər. Nəzərə almaq lazımdır ki, ceyranların buraxıldığı ərazilərdə 30 il müddətində nəinki təbiətə, eləcə də bioloji müxtəlifliyə ciddi ziyan dəyib. Həmçinin, yırtıcılar da demək olar yoxa çıxıb. Çox nadir hallarda həmin heyvanlara rast gəlmək olar. Əraziyə buraxılan ceyranlar buranın təbii iqlim şəraitinə uyğun seçilib. Cəbrayılın iqlimi, ümumi şəraiti ceyranların məskunlaşması və populyasiyası üçün tam uyğundur. Ceyranların bu dövrdə təbiətə buraxılması onların populyasiyasının artımına və yaşamaq üçün asanlıqla təbii ərazilər seçməsinə hədəflənib. Ceyranlar burada populyasiyalarını daha rahatlıqla artıra və yaşam areallarını asanlıqla seçə biləcəklər. Gələcəkdə ceyranların kütləvi yaşayış yerlərinin xüsusi mühafizə olunan təbiət ərazilərinə çevrilməsi nəzərdə tutulub".

Nazir müavininin dediyinə görə, seçilmiş ərazi mina riski baxımından daha təhlükəsizdir. Çünki həmin ərazinin bir qismi minalardan təmizlənib: "Cəbrayılda hazırda təhlükəli ərazilər var. Lakin digər azad olunan ərazilərlə müqayisədə burada vəziyyət daha sabitdir. Cəbrayılda böyük bir ərazi məhz bu layihə üçün təmizləndi. İndiki müddətdə bu layihənin həyata keçirilməsi çox vacibdir. Orada hələ insanların məskunlaşması həyata keçirilməyib, bu da bizə imkan verəcək ki, təbiətə buraxılan ceyranları müşahidə etməklə onların məskunlaşacağı yeri müəyyənləşdirək. İki baş ceyran boyunlarına xüsusi GPS-lər yerləşdirilib. Onları izləməklə həm ceyranların davranışını, həm də yaşayış məskənlərini təyin edə biləcəyik".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 5 noyabr.- S.13.