Kamal Abdullanın "Casus"u Lənkəran səhnəsində
İnsan münasibətlərində güclə
nəzərə çarpan
və ya açıq-aşkar görünən
bütün gizli məqamlar teatr sənətinə daha dərindən sirayət edərək baxış bucağını dəyişdirir.
Teatr səhnəsində
hadisələr məhz
hərəkət və
dinamika üzərində
qurulur. Bu səbəbdən
də teatr nümunəsi mütəhərrik
olmalıdır, dünəni
canlandırıb, bu günü sabaha bağlamağı bacarmalıdır.
Çünki zamanın yeni
zövqləri, yeni baxışları yeni tip
seyr tələb edir. Əsərdən məlumatı olan
şəxs ilk baxışda
anlayacaq ki, Anar Babalının Dədə Qorqudu elə ən cilalanmışıdır, ən
müasiridir.
İlkin olaraq tamaşanın girişindəki musiqi - bəstəkar işi, insanı sanki tilsimləyib öz ağuşuna alır. Musiqi seçimlərində
türk xalqlarına məxsus olan qopuz, saz, tütək
qaranlıqda axtardığımız
yolu tapmaq üçün bir qığılcımdır. Sanki musiqilərdəki bu hayqırtılar həm də gəlişini hiss etdiyimiz təntənəni
bizə yaşadacağına
işarə edir. Ümumiyyətlə, Kamal Abdullanın
bütün romanlarında
baş verənlər
keçmişlə bu
günün arasında
əlaqə və yeni ovqat yaradır.
Tamaşa yarımçıq qalmış
əlyazmanın oxunuşu
ilə başlayır. Qədim
əlyazmanın elmi iş kimi oxunuşu
Əlyazmalar İnstitutunun
qədim, toz basmış kitablarla zəngin olan kitabxanasında baş verir. Təbii ki, kitabxana sisteminin daxili qaydalarının, əlyazmanın
kataloq nömrəsinin
dəqiqliklə (A21. 733) bir
neçə dəfə
xüsusi vurğulanması,
tamaşaçıya məlumat
öturməsi diqqətimdən
yayınmadı.
Kitabxanaçının "bu, yarımçıq əlyazmadır, nə əvvəli var, nə də sonu, sizinçün maraqsız olar" deməsi belə tamaşaçıda dərin
maraq oyadır. Bu isə tədqiqatçıda
da, tamaşaçıda
da daha fərqli,
sirli duyğular doğurur. Bu dialoq tamaşaçıda
əlyazma kimi sonu bilinməyən təəssüratlar yaradır,
maraqlı səhnə
tərtibatı, musiqi
və aktyor oyunu keçid-keçid insanı özünə bağlayır. Hadisələrin 1139-cu ildə Gəncə zəlzələsindən, zərərçəkmiş
şəhər sakinlərinin
acınacaqlı vəziyyətindən
bəhs edərək orada yarımçıq qalması və tədqiqatçının əlyazmanın
sehriylə Oğuz yurduna düşməsi, Xalq artisti Qabil
Quliyevin aktyor ifasında peşəkarlıq
estetikası ilə sərgilənir. Sanki hamımız anidən, ehmalca Oğuz yurduna düşürük.
Geyim və dekorasiya işi, geyim rənglərinin harmoniyası
bir-birini tamamlayır,
gözü yormur.
Olduqca sadə, anlaşıqlı
şəkildə, musiqidəki
qopuz səsi və dastan ab-havası "sakitcə
dinlə, göstərərək
nəql edim" deyə pıçıldayır.
Dədə Qorqudun gizlətdiyi bütün sirlər təsəvvür edilməyəcək
qədər baxışlarında
əks olunub.
Oğuz elinə xəyanət edən satqının - Casusun axtarışının
bəhsi, dostla düşmənin sərhəddini
pozması indiki zamanla səsləşir. Rejissor da
bunu vurğulamaq istəyib ki, indiki dövrdə də ölkəsinə, xalqına xəyanət edənlər içimizdən
deyilmi?! Əlbəttə, sapı özümüzdən
olan baltalardır.
Tamaşa boyu ürəklərini şübhə
gəmirən, öz aralarındakı Casusu tapan, satqınlığı
Oğuza ağır zərbə kimi qəbul edən və sonradan Casusu azadlığa buraxmaq üçün dəridən-qabıqdan çıxan
da Oğuz bəylərinin özləridir.
Çünki Boğazca Fatma
asanlıqla sübut edə bilir ki, Casus elə o bəylərin özündəndir.
Yeri gəlmişkən,
Boğazca obrazını
canlandıran Qızılgül
xanım da bu çətin xarakterin səhnə həllini layiqincə yarada bilib. Tamaşa
boyu onun haldan-hala düşməsi,
bəylərə eyni
şəkildə iltifat
göstərməsi, məcbur
qalıb hamısına
yarıağlar, yarı
yalan, yarıgerçək
şəkildə yalvarması,
daha dəqiq desək, oynaması aktyor duyğularının,
ağrısının, aktyor
ifasının peşəkarlıq
göstəricisidir ki,
aktrisamız bunun öhdəsindən məharətlə
gəlir.
Diqqətimi çəkən məqamlardan
biri də, Boğazcanın bütün
bəylərə rahatca
yaxınlaşması, toxunması,
lakin Dədə Qorqudun geyiminin ətəyinə uzaqdan -
"toxunmadan" yalvarışı
paklığın hər
zaman ali
- ilahi qalmasına işarə edir. Dədə Qorquda deyilə bilməyəcək sözlər
onun Çomağına
ünvanlanır. Və tamaşa
boyu Çomaq səhnədə qalır.
Bunu isə rejissorun fərqli yanaşmasına,
ideyasına göz önündəki işarə
hesab etmək olar. Tamaşanın girişində aşan
oturacaqların iplə
idarə edilərək
göydə asılı
qalması, eyni zamanda, Qazanın yardımçısı Şirşəmsəddinin
əlindən yerə
qoya bilmədiyi oturacaq da rejissorun
şərti işarələri
kimi simvolik məna daşıyır.
Xalqın istəkləri, arzuları,
layiq olduğu münasibətlər xalq deyimlərində daim yaşayır.
Burla xatun və Qazan xanın ikili səhnələrində ailə-məişət ön plana çıxarılır və əsərə doyumsuz yumor qatır. Sözsüz ki, rejissor bu ştrixlərlə o dövrü indiki dövrlə paralel şəkildə əlaqələndirir, bu isə yeni seyr axtarışında olan tamaşaçını yormur. Bütün hadisələrin fonunda rejissor, qadının idarəçilik gücünü işıq altında saxlayır, Boğazca obrazını saysız durumlara salıb yıxır, sürüyür, bayıldır, bəzən ağladır, bəzən tamaşaçıya qəfil sillə vururmuş kimi sözünü deyə bilmə imkanı verir, amma onu öldürmür.
Əksinə, qadın iradəsini zəmin tutaraq "qırx oynaşlı Boğazca" kimi qadınların belə analıq hissinin olduğunu, analıq duyğusunun gücünü, "ana pis qadın olsa belə, yenə də anadır" prinsipini zirvəyə qaldırır. Bəli, Boğazca Fatma, qadın olaraq bütün Oğuz elinin bəylərinə sözünü qəbul etdirə bilir. Özü də müdrik Dədə Qorqudun məsləhətilə. Sual yaranır, Dədə Qorqud niyə ona yardım etdi?! Zənnimcə, rejissor yalnız böyük məsləhətinin sayəsində ağ günə çıxmaq şansının olduğunu sərgiləyərək, Dədə Qorqudun diliylə desək, "Ana haqqı, Tanrı haqqı" deyimini ideya olaraq gücləndirir.
Bütünlükdə tamaşa özündə çoxmənalılığı ehtiva etməsiylə öz fərqliliyini sərgiləyir ki, Dədə Qorqud Kamal Abdulladan ötrü həm canlı insan, həm mənəvi kateqoriya, həm də müəmmalı anlayışdır.
Ümumilikdə düşünmək olar ki, bu əsər və türk dünyasının klassik ədəbiyyatının ruhu müəllifin öz əsərlərini yazarkən ilhamlandığı təməl qaynaqlarıdır.
Bir sözlə, "Kitabi Dədə Qorqud"
mətni əsasında hazırlanmış işlər
içərisində Anar Babalının quruluş verdiyi "Casus" xüsusi
seçilən və təqdirəlayiq tamaşadır
Banu
MUHARREM
525-ci qəzet.- 2022.- 5 noyabr.- S.12.