Özlərini istedadlı əsərləriylə
təsdiq edən cavanlara inanmışam və inanıram"
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar
Teleqraf.com-a müsahibə verib. Müsahibəni
təqdim edirik.
- Anar müəllim, AYB-nin 26 oktyabrda
keçirilmiş 13-cü qurultayında yenidən quruma sədr
seçildiniz. Sizi təbrik edir, faəliyyətinizdə
uğurlar arzulayırıq. Növbəti
dövr üçün hansı planlar ar?
-
Noyabrın 5-də Azərbaycan Yazıçılar Birliyinin
plenumu keçiriləcək. Plenumda qurultayda
seçilmiş İdarə Heyətinin üzvləri,
Ağsaqqallar Şurası və Gənclər
Şurasının nümayəndələri iştirak edəcəklər.
Katiblər arasında iş bölgüsü aparılacaq. AYB-nin mətbu orqanlarının redaktorları və
redaksiya heyətləri təsdiq olunacaq.
Başqa
iş planlarımız da var. Noyabrda Ağsaqqalar və Gənclər
şuralarının üzvləri ilə gənclərə həsr
edilmiş müşavirə keçirmək istəyirik. Məqsədimiz gəncləri dinləmək,
onların problemlərini öyrənmək və onlara dəstək
olmaqdır.
Dekabrda "Azərbaycan" jurnalının 100 illiyini
qeyd edəcəyik. Gələn ilin yanvar, fevral və mart
aylarında dilimiz haqqında və dilimizə qayğı, bundan
başqa, tərcümələrin səviyyəsi və
problemləri, ədəbiyyat dərslikləri ilə
bağlı müşavirələr keçirəcəyik.
Apreldə İdarə Heyətinin üzvləri
ilə cari məsələlər və gələcək
planları müzakirə edəcəyik. Ən
yaxın zaman üçün planlarımız qeyd etdiklərimdən
ibarətdir.
- Qurultayda AYB rəhbərliyində, yəni sədr
müavini və katiblər arasında heç bir dəyişiklik
olmadı. Ümumiyyətlə, növbəti dövrdə kadr
dəyişikləri gözlənilirmi?
- Kadr dəyişkənliyini
qurultayarası dövrdə apardıq. AYB-yə Elçin
Hüseynbəyli, Səlim Babullaoğlu və İlqar Fəhmi
yeni katib təyin olundular. Bu qurultay da həmin təyinatları
təsdiq elədi. Qurultay tez keçiriləsəydi,
katibləri orada təqdim edəcəkdik. Pandemiyaya
görə qurultayın tarixini dəyişməli olduq.
Qurultaylarası dövrdə iki katibimiz - Arif
Əmrahoğlu və Fikrət Qoca vəfat etdilər, Allah
onlara rəhmət eləsin. Həmçinin Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini Nazim
İbrahimov da dünyasını dəyişdi. Ona görə Çingiz Abdullayev AYB-nin birinci katibi,
Rəşad Məcid sədr müavini oldu. Üç nəfəri
isə katib təyin etdik: Elçin Hüseynbəyli, Səlim
Babullaoğlu və İlqar Fəhmi. AYB-də
bu dəyişikliklər oldu.
İndi isə redaksiya heyətlərində əlavələr
olacaq. Rəhmətə
gedən, işdən uzaqlaşan işçilərimiz var.
Noyabrın 5-dəki plenumda "Ədəbiyyat qəzeti"nin və dörd jurnalımızın redaksiya
heyətləri yenidən təsdiq olunacaq.
- Bəs,
redaktorlar arasında dəyişiklik olacaqmı?
- Xeyr, təklif
edəcəm ki, redaktorlar fəaliyyətlərini davam etdirsinlər.
Onu da qeyd etmək istəyirəm ki, qurultaya qədər
seksiya rəhbərləri də dəyişmişdi. Son zamanlar nəsr seksiyasının rəhbəri Səyyad
Aran, poeziya seksiyası sədrinin müavini İbrahim
İlyaslı və tərcümə seksiyasının sədri
Kamran Nəzirli təyin edildi. Qurultay isə
bu təyinatları təsdiq etdi. AYB-də ötən
müddət ərzində xeyli kadr dəyişiklikləri
baş verdi.
- Hərçənd
qurultaydan əvvəl və sonra əsas müzakirə sizin
yenidən sədr seçilməyiniz ətrafında gedirdi. Amma qurultayda diqqətə çıxmalı
başqa nüanslar da olmalıydı və vardı.
Sualımız belədir: qurultayda diqqətinizi cəlb edən
hansı təkliflər səsləndi?
-
Qurultayda çox maraqlı təkliflər oldu. Noyabrın
5-də baş tutacaq plenumda bu haqda ətraflı məlumat verəcəm.
Diqqətimi çəkən təkliflərdən
biri akademik Nizami Cəfərovun çıxışında səsləndi.
O bildirdi ki, Qazaxda böyük yazıçımız İsa
Muğannanın ev muzeyi
açılsın. Mən bu təklifi dəstəkləyirəm.
Plenumda bu təklifi bir daha səsləndirəcəm
və sonra AYB adından Mədəniyyət Nazirliyinə təklif
verəcəm.
Qurultayda Elçin Hüseynbəyli təklif etdi ki,
AYB-nin Şərqi Zəngəzur bölməsi yaransın. Zəngəzur
bölməsi Qarabağ bölməsinə daxildir, amma Şərqi
Zəngəzur ayrı bir iqtisadi vahid olduğu
üçün belə təklif tamamilə məntiqlidi.
Bu təklifi də qəbul edirəm.
Cənubi Azərbaycan ədəbiyyatına daha çox
diqqət yetirilməsi barədə də təklif verildi. Bizim
"Dünya ədəbiyyatı" adlı məcmuəmiz
var, təklif edəcəm ki, onun bir nömrəsi
bütövlükdə cənuba həsr edilsin.
- AYB-yə
yenidən sədr seçilməyinizlə bağlı
münasibətlərin ümumi məzmunu sizi qane etdimi? Səsvermənin nəticələri məlumdur.
- Qurultaya
330 nümayəndə seçilmişdi, onlardan 300-ə
yaxını iştirak etdi. Səsvermədə nümayəndələrdən
298-i namizədliyimin lehinə, 2 nəfər əleyhinə səs
verdi. Bu, təbii prosesdi.
Ola bilsin, iki nəfər mənim yenidən sədr
olmağımı istəmirdi.
-
Qurultayda bir sıra hadisələr də baş verdi. Gənclərin namizədlə
çıxış etmək istəyi, şairlər Emil
Rasimoğlu və Fuad Cəfərlinin namizədliyinin qeydə
alınıb səsə qoyulmaması və sair. Bu haqda fikriniz necədir?
- Onlar əvvəldən
bir neçə dəfə bəyan etmişdilər ki, sədr
olmaq istəyirlər. Bu, AYB üzü olan hər
bir kəsin haqqıdır. Nəsə
yazıb-yazmayıb, tanınır-tanınmır kimi
halları müzakirə edib, onları pərt etmək istəmirəm.
Çünki hamı-hamını gözəl
tanıyır. Ona görə onlar
haqqında heç bir xoşagəlməz söz söyləməyəcəm.
Amma bunların bir qaydası, proseduru var, sən
namizədliyini vermək istəyirsənsə, gərək rəsmi
şəkildə çıxışa yazılmalı idin.
Kağız təqdim edərdin ki, mən
çıxış etmək istəyirəm. Mən isə təkid edərdim ki, ona söz versinlər.
Bilmirəm, deyəsən, onlar ikisi birdən sədr
olmaq istəyirdilər, vəzifəni aralarında necə
bölüşəcəkdilər, onu da bilmirəm. Onlar bunu təklif edə bilərdilər və səsvermədə
seçilərdilərsə, ilk mən onları təbrik edərdim.
Sadaladıqlarımın heç biri olmadı.
Xalq yazıçısı
Elçin Əfəndiyev qurultaydakı
çıxşında dedi ki, təklif edirəm, müzakirələr
bitsin, Anarın namizədliyi irəli sürüldü və
səsvermə keçirildi. Bununla qurultayın
işi tamamlandı. Bundan sonra iki nəfər
yerdən qışqırdı, səs-küy saldı,
qalmaqal yaratdı. Qalmaqalla iş bitmir. Demokratiyadan
söhbət gedirsə, qurultay bütün demokratik qaydalara
riayət edərək keçirildi. Namizəd
irəli sürüldü, səsvermə keçirildi və
sədr seçildi.
-
Qurultaydan sonra gənc yazarlarla görüşəcəyinizi
qeyd etmişdiniz. Onlarla
görüşdünüzmü?
- Bəli,
qurultayda qeyd etdim ki, sizinlə ədavət etmək istəmirəm,
siz oğlum da yox, nəvəm yerindəsiniz. Əgər
təklifləriniz varsa, "Mən sədr olmaq istəyirəm"
yox, "Mən sədr olsam, nələri edə bilərəm?"
istiqamətində təklifləriniz varsa, buyurun gəlin,
qapım üzünüzə həmişə
açıqdır.
Təklifləriniz məntiqlidirsə, qəbul edərəm,
əks halda başa salaram ki, müəyyən səbəblərə
görə bu, mümkün deyil. Yaxud elə bir
razılığa gələrik ki, bir təklifiniz qəbul
olunar, başqa təklifiniz yox. Normal
münasibətlərimiz və danışıqlarımız
olar. Amma "Mən mütləq sədr olmaq istəyirəm"
kimi iddia yox... Mən də Britaniya
kraliçası II Yelizaveta öləndən sonra İngiltərənin
kralı olmaq istərdim. Bu, mümkün deyil ki... Adamın istəməyi azdır, gərək səni
başqaları da istəsin.
-
Başqa bir sual da yaranır. Uzun müddət
AYB-yə rəhbərlik etmiş, təşkilata yaxından bələd
olmuş bir sədr, bir yazıçı kimi
özünüzdən sonra varis olaraq kimi yerinizə layiq
görərdiniz? Beləsi AYB-də
varmı?
- Birinin
adını çəksəm, digəri qalacaq. Həmişə
demişəm ki, AYB-nin sədri olmağa layiqli çox
insanlar var, Azərbaycan Yazıçılar Birliyinin katibləri
və kənarda olan şəxslər... Qurultayda qəti
fikrimi bildirdim ki, son beş ildə sağ
qalsam, növbəti qurultayda namizədliyimi verməyəcəm.
O zaman kimin daha çox şansı varsa, təcrübə
qazanıbsa, demokratik yolla o seçiləcək.
-
Ümumiyyətlə, AYB-nin gənclərlə bağlı
siyasəti sizi qane edirmi? Bundan sonra bu istiqamətdə AYB-də
hər hansı dəyişiklik ola bilərmi?
Hərdən gənclər etiraz edirlər.
Siz özünüz də vaxtilə gənclik
illərinizdə nələrəsə etiraz etmisiniz.
- Bizim nəsil,
60-cılar nəsli ədəbiyyata gələndə
özümüzdən əvvəl fəaliyyət göstərən
yazıçılara hörmətlə yanaşdıq. Amma bizim nəslin nümayəndələri dedilər
ki, biz özümüzdən əvvəlkilər kimi yazmaq istəmirik,
problemlərə başqa cür yanaşmaq və yazmaq istəyirik.
Bu, zamanın tələbi idi, çünki
dövr dəyişmişdi. Azad söz
söyləməyə, azad fikir bildirməyə müəyyən
qədər imkan verilmişdi. Ona görə
də biz bizdən əvvəlki yazıçılar kimi
yazmadıq, başqa istiqamətdə fəaliyyət göstərdik.
Amma onların heç birini də inkar etmədik.
Bu, yanlış və yalan fikirdir ki, AYB cavanların əleyhinədir. Mən AYB-ə
sədr seçiləndən sonra hər qurultayda bir cavan
yazıçımız katib olub. 34 il
əvvəl Çingiz Abdullayev AYB-nin katibi təyin
seçildi. Ondan sonra, növbəti qurultayda rəhmətlik
Arif Əmrahoğlu katib seçildi. Sonra Rəşad
Məcid AYB-nin katibi oldu. AYB rəhbərliyində
cavanlaşma prosesi həmişə gedib.
"Ulduz" jurnalına əvvəllər yaşlı
insanlar rəhbərlik edirdilər, mənim sədrliyimdən
sonra bütün heyət cavanlaşdı. "Ulduz"
jurnalı bütünlüklə cavanların ixtiyarına
verildi. Gənclər Şurası təsis
olundu. Rəşad Məcidin rəhbərliyi
ilə Gənc Ədiblər Məktəbi yarandı. Gənclərin kitablarının təqdimatını
keçiririk, kitabların nəşrinə kömək
edirik, gənclərə təqaüd veririk, onları xarici
ölkələrə səfərlərə göndəririk.
Cavanlar üçün bundan artıq neyləmək
olar?! Bilmirəm. Mütləq
onlara deməliyik ki, gəl, yerimdə otur?! Belə olsa bir nəfər razı olub, digərləri
narazı qalacaqlar.
Bizim sağlam düşüncəli, istedadlı
cavanlarımız var, onları hər zaman dəstəkləyirəm. Amma bəzi
cavanlarımızda belə bir xüsusiyyət var,
iradını bildirir ki, deyir cavanları irəli çəkin.
Dəstək olursan, irəli çəkirsən,
onda da deyir ki, o cavanları yox, mən özümü nəzərdə
tuturam.
Onu da deyim ki, namizədliyini vermək istəyən iki nəfər
haqqında xahiş etdim ki, qurultayda onlar iştirak etsinlər. Nümayəndələrin
seçilməsinə qarışmırdım, amma qeyd etdiyim
kimi, adımdan xahiş etdilər ki, onlar mütləq qurultaya
nümayəndə seçilsinlər. Çünki
seçilməsəydilər, deyəcəkdilər ki, bizdən
qorxdular, qurultaya nümayəndə seçilsəydik,
mütləq sədr də olacaqdıq. İkisi
birdən sədr olacaqdı?! Səsə
qoyulsaydı, yalnız hər biri bir səs alacaqdı,
özünün səsini. Bir səslə
AYB-yə sədr seçilər?!
- Emil
Rasimoğlu Gənc Ədiblər Məktəbində oxuyub,
Fuad Cəfərli Gənclər Şurasının
üzvüdür. Hər iki şəxs eyni
zamanda AYB-yə üzvdür. Onları
qurumdan uzaqlaşdırmaq kimi təhlükə gözləmir
ki?
- Xeyr,
Emil Rasimoğlu və Fuad Cəfərli həmin yerdə fəaliyyət
göstərəcəklər. Qurultay zamanı
bəziləri deyirdi ki, elə adamları təklif edirlər,
hər zaman AYB-nin əleyhinə olublar və mütləq mən
onları yaxın qoymamalıyam. Biz
heç kəsdən qorxmuruq və heç kəsin
qarşısında utanmalı, çəkinməli işimiz
yoxdur. Əleyhimizə olanlar da gəlsinlər,
fikirlərini bildirsinlər. Amma güclə
deyə bilmərik ki, gəl, əleyhimə danış.
Qurultayda istəsəydilər, hamısına
söz verəcəkdik.
Mən çalışıram, elə söz deyim ki,
cavanların qəlbinə dəyməsin. Qurultay günü də sədr
iddiasında olanlara dedim ki, sizin beş il
vaxtınız var. Çalışın bəyanatlarla yox, əsərlərinizlə
özünüzü təsdiq edəsiniz.
Elə əsərlər
yazın ki, növbəti dəfə sizi təqdim edəndə
deməsinlər ki, bu kimdir, heç adını da eşitməmişik...
Biz də yaxşı əsərlərinizi
müdafiə və təbliğ edək, haqqınızda
yazılar yazaq. Ondan sonra namizədliyinizi verəndə
hamı desin ki, doğrudan, bu yazıçı da var. Bu, hələ
o demək deyil ki, o, dərhal sədr postuna seçiləcək,
amma hər halda "Bu kimdir", "Nə yazıb"
sualı da olmayacaq.
Bu sözləri xeyrxah niyyətlə deyirəm. Sizin
saytınız vasitəsilə bir daha onları dəvət
edirəm, təklifləriniz varsa, gəlin, bildirin. Mən heç birinə düşmən
gözü ilə baxmıram, gənclər ədəbiyyatımızın
gələcəyidir, ədəbiyyat sahəsində öz
yerləri olmalıdır. Gənclərin
fikirlərini həmişə diqqətlə dinləməyə
hazırıq.
-
Qurultayın nəticələrinin doğurduğu rezonans
baxımından bir məsələ də diqqət çəkdi.
AYB-nin katibi Çingiz Abdullayevlə jurnalist
arasında problem yaşandı. Bir qisim
jurnalisti, digər qisim isə katibi günahlandırdı.
Jurnalisti sualı düzgün verməməkdə,
katibi isə suala təmkinli və arqumentli cavablandırmamaqda
suçladılar. Sizin bu məsələyə
münasibətinizi bilmək istərdik.
- Əlbəttə,
heç bir jurnalisti, ümumiyyətlə, heç kim heç kimi təhqir etməli deyil və elə
sözlər deməməlidir. Amma bizdə qəribə bir
hal var ki, jurnalist yazıçıları, ağsaqqalları
təhqir edə bilər, onlar haqqında yalan, böhtan yaza,
haqqında ən pis sözləri işlədə bilər,
amma o adam gözün üstə
qaşın var deyirsə, deməli, jurnalistlərə təhqirdir.
Niyə?! Niyə jurnalist Fikrət Qoca
sağ ola-ola yaza bilər ki, "Hələ Fikrət Qoca
ölməyib?" və heç kəs buna etiraz etmir.
- Həmin
şəxs jurnalist deyil, yazıçıdı.
- Lap
yazıçı olsun. Fikrət Qoca
böyük şair idi, ürək əməliyyatı
keçirmişdi, oğlunu, qardaşını itirmişdi.
Belə bir vaxtda yaşlı adama "Fikrət
Qoca hələ ölməyib" demək etikadır?! Jurnalistikadır? Xeyr. Biz bunu deyəndə deyirlər ki, niyə bizi təhqir
edirsiniz?!
Mənim haqqımda nələr yazmayıblar. Elə
deyirsiniz, Çingiz filan sözü deyib. Düzü,
mən dəqiq bilmirəm, hansı ifadəni işlədib.
-
Jurnalistin qurultayın keçirilməsi üçün
ayrılan 203 min manat vəsaitin hara xərclənməsi haqda
sualına Çingiz Abdullayev "Utanmırsan, ölmürsən,
bu sualı mənə verirsən" deyə cavab vermişdi.
- Nahaq elə
deyib, gərək elə deməyərdi. Mənim
haqqımda da yazırlar ki, "Anar nə vaxt öləcək?"
Onlara nə deyim? Deyim ki,
yaxşı edirsiniz? Gərək jurnalistin
də mərifəti, tərbiyəsi olsun. Jurnalist olanda nə olar?! Həsən
bəy Zərdabi, Cəlil Məmmədquluzadə də
jurnalist olub. Jurnalistikamızın
böyük ənənələri var. Nəcəf Nəcəfov
kimi namuslu jurnalistimizi yada salaq.
Jurnalistlər arasında çoxlu dostlarım var, amma bu
o demək deyil ki, jurnalist olduğuna görə "babam mənə
kor deyib, gəlib gedəni vur" deyib prinsipiylə hərəkət
etməlisən.
- Anar
müəllim, hər halda, həmin jurnalistin sualını biz
də veririk: qurultaya ayrılmış 203 min manat necə xərcləndi?
- Mən
maliyyə məsələlərinə qarışmıram,
onunla əsasən, Çingiz Abdullayev məşğul olur.
Çingizlə 34 ildir işləyirik, ona inanıram, bir qəpiyə
də söz ola bilməz. Çingizin
nə ehtiyacı var?! O, hamıdan da dövlətli
yazıçıdır. Suala baxın, deyir ki,
203 min hara xərclənib? Qurultaya maliyyəni
Prezident Administrasiyası ayırıb, biz də onun qəpiyinə
qədər hesabatını verəcəyik.
Ölkəmizə xarici qonaqlar gəldi, beş-altı
ölkədən gələn qonaqların biletlərini, otel xərclərini
hesablayın.
Rayonlarımızdan gələn
yazıçıların yol pulları verildi. Sual verən deyir ki, xərclənən pulun nəticəsi
zalda görünmür. Zalda necə
görünə bilər? Zalda qəlyanaltı,
qəhvə və çay təqdim edildi. Şampan,
şərab da qoyardıq, qara kürü də verərdik?.. O zaman görünəcəkdi ki, pulu hara xərcləmişik?!
Ona görə məntiqsiz suallar adamı
çilədən çıxarır, əsəbləşdirir.
Əsəbləşəndə də Çingiz kimi bir az köntöy cavab verirsən.
-
Yaxın günlərdə AYB və Mədəniyyət
Nazirliyi ilə "Şuşaya salam"
layihəsi təqdim edildi. Ümumiyyətlə,
AYB-nin Qarabağla bağlı nə kimi layihələri
gözlənilir?
- Zəfərimizdən
dərhal sonra "Qarabağ dastanı, 30 ilin həsrəti-44
günün Zəfəri" adlı kitabımız nəşr
edildi. Qarabağ haqqında başqa bir
kitabımız da çıxıb.
Qarabağ haqqında yazılan poemaya görə
mükafat verdik. Bundan sonra da Qarabağ ədəbiyyatımızın
əsas mövzularından olacaq, həm qələbəmiz, həm
də Qarabağ problemini nəzərdə tuturam. Yazıçılarımız yazacaqlar, biz də ən
yaxşı əsərləri təqdir edib, mükafat verəcəyik.
-
Yaradıcılıq planlarınızla bağlı nə deyə
bilərsiniz? Hazırda hansı əsər
üzərində çalışırsınız?
-
Jurnalistlərimizin bəziləri çox
"savadlı"dırlar, deyirlər ki, Anar son 30 ildə nə
yazıb? Mən sizə nə
yazdığımı deyim.
Son illərdə rus dilində üç cildlik
"LİK (Literatura, İskusstvo, Kultura) Azerbaydjana"
adlı kitabım çıxıb. "Yaşamaq
haqqı" adlı kitabım nəşr edilib. "Söz dünyası" beşcildliyimin
dörd cildi çapdan çıxıb, beşinci cildi də
yaxın günlərdə çıxacaq. Nazim Hikmət
haqqında "Kərəm kimi" sənədli romanı,
"Ağ qoç, qara qoç", "Göz muncuğu
povestləri, Cəfər Cabbarlı haqqında ssenari,
"Şəhərin qış gecələri" adlı
pyes, hekayələr, saysız-hesabsız məqalələr
yazmışam. Bunları son illərdə
etmişəm. Haqqımda "30 ildə
heç nə yazmayıb" deyənlər fil
qulağında yatıblar? Yaradıcılığını
bilmədən, heç nədən xəbərin olmadan kimisə
ittiham edirsən? Bu yaşımda bu qədər əsər
yazmışam, bir az insafınız olsun.
Yazsın ki, bu qədər əsər yazıb, amma
heç nədir. Yenə razılaşaram ki, heç olmasa
nə yazdığımdan xəbəri var. Yoxsa xəbəri
olmadan fikir bildirmək, məni ittiham etmək?!
34 ildir AYB-ə rəhbərlik edirəm. Fəaliyyətimin ikinci
ilindən yerimə adam axtarmağa
başladılar. Deyirlər, Anar əvəzedilməz adam deyil. Bu fikirlə yüz fazi
razıyam. Deyirlər, bir vəzifəni o
qədər tutmaq olmaz. Bununla da razıyam, amma 34 ildir bir
adam tapmayıblar ki, Anarı əvəz
etsin. Niyə tapmamısınız?
Anarın yerinə konkret adam tapın,
buyursun, gəlsin. Biri kimisə təklif edir, o
birisi onunla razılaşmır, başqasını təklif
edir. Ona görə sonunda fikirləşirlər ki, yenə
Anar yaxşıdır...
-
Qurultayda akademik İsa Həbibbəyli bildirdi ki, ədəbiyyatımızda
hələ də Heydər Əliyev nəhəngliyinə
uyğun bədii əsər yazılmayıb. Bu istiqamətdə
AYB iş aparmağı nəzərdə tutur?
- Bədii
obraz baxımından İsa Həbibbəyli ilə razıyam,
ədəbiyyatımızda Heydər Əliyevin bədii
obrazı ilə rastlaşmamışam. Ulu
öndər Heydər Əliyev çox böyük və əzəmətli
bir şəxsiyyətdir. Böyük bir
ömür yolu keçmiş insandır. Onun
obrazı çox möhtəşəm olmalıdır.
Mən Heydər Əliyev haqqında sənədli
əsər yazmışam. Dahi şəxsiyyət
haqqında "Unudulmaz görüşlər"
kitabını qələmə almışam. Dəfələrlə Ulu öndərlə təmasda
olmuşam, söhbətlərimiz olub. Xarici
səfərlərə yazıçıları da
aparırdı, mən də səfərlərdə
iştirak etmişəm. Söhbətlərimizin
demək olar ki, böyük hissəsini yazmışam.
-
Yazmadıqlarınız da olubmu?
- Yox,
ictimai əhəmiyyət kəsb edən hər şeyi, demək
olar ki, yazmışam.
- Siz
özünüz Heydər Əliyevin bədii obrazını
yaratmaq istərdinizmi?
- Mənə
elə gəlir ki, belə insanların bədii obrazını
yaratmaq üçün azı 50 il vaxt
keçməlidir. Tarixi şəxsiyyəti
yaşadığı dövrə yaxın qələmə
alanda uğurlu olmur.
- Azərbaycan
ədəbiyyatının hazırkı vəziyyəti ilə
bağlı nə düşünürsünüz? İndiki dövrdə yaxşı əsər
üçün əsas meyar xaricdə çap edilmək,
dünyaya inteqrasiya olunmaq, bestellərə çevrilməkdir.
İstərdik ədəbiyyatımızın
hazırkı durumuna bu kontekstdə qiymət verəsiniz.
-
Hansısa yazıçının kitabının xaricdə nəşr
edilməsi yaxşı haldır. Hər bir
yazıçı istəyir ki, kitabı xaricdə çap
edilsin. Mənim də xeyli əsərlərim
başqa ölkələrdə nəşr olunub. Amma mənim haqqımda "Dünya şöhrətli
yazıçı" deyiləndə gülməyim gəlir.
Həmişə deyirəm, xoşbəxtəm
ki, Azərbaycan şöhrətli yazıçıyam, məni
Azərbaycanda tanıyırlar. Bu, mənim
üçün kifayətdir.
Dünyaya çıxmaq çox gözəl haldır,
amma Cəlil Məmmədquluzdə, Mirzə Ələkbər
Sabir, Hüseyn Cavid dünyaya çıxmışdılar? Xeyr. Bununla onların böyüklüyü azalır?
Yox. Yazıçı ilk
növbədə öz xalqı arasında tanınmalı,
öz ədəbiyyatına xidmət eləməli, öz ədəbiyyatını
zənginləşdirməlidir. Eyni zamanda,
dünyaya da çıxırsa lap yaxşı, əks halda,
bunu özünə dərd eləmək lazım deyil.
- Gözəl
şairimiz Ramiz Rövşənin şeirlərinin birində
bir misra var: "Yaman uzun çəkdi ömrüm deyəsən..."
Səhv eləmiriksə, bu misranın olduğu
şeiri 30 yaşlarında yazıb və bəlkə, insan məhz
bu yaşda belə düşünə bilər. Siz hazırda ömür yolunuz haqqında nə
düşünürsünüz? Yorulduğunuz
zamanlar olurmu?
- Yorulmuram, amma öz həyatım haqqında düşünəndə bir xalq misalı var, tez-tez o yadıma düşür: "İçim özümü yandırır, çölüm özgəni". Kənardan baxan deyir ki, yazıçı ailəsində anadan olub, maddi ehtiyac çəkməyib, ömür yolu asan keçib. Halbuki bu tam həqiqət deyil. Onu da deyim ki, yeni bir kitab üzərində işləyirəm. AYB-yə sədr seçildiyim ilk aydan haqqımda yazılan haqsız iradlar, tənqidlər, böhtanlar, təhqir tipli yazıların hamısını toplamışam. Bu kitabımda nəşr ediləcək.
- Tərif də varmı?..
- Bu kitabda tərif çox azdır. Kitabda tənqidi fikirləri və haqqımdakı bütün yalanları dərc elətdirəcəm. Hər qurultay öncəsi "Anar gedir, filankəs gəlir", "Anarın sonu gəldi", "Anar tükəndi" və sair başlıqlı yazılar yazılıb.
- Bu tip
yazılar sizə necə təsir edir?
- Necə
təsir edə bilər?! Bir gün çox pis təsir edir, həmin
an keçirdiyim o hissi dililə ifadə
etmək çətindir. Özü də
yalnız mənim haqqımda xoşagəlməz fikir bildirsinlər,
yox, atama da söz atırlar. Övladlarım
yaradıcılıq fəaliyyəti göstərirlər,
heç kimdən də pis yazmırlar. Onları
heç yerə təqdim etmirəm, onlara təqaüd,
mükafat vermirəm. Yenə də deyirlər
ki, bunlar niyə yazırlar?! Niyə bir ailədən
üç yazıçı olur. Niyə olmasın?... Övladlarım olduğu
üçün onlara belə münasibət göstərirlər.
Müsahibəmizi giley-güzarla bitirmək istəməzdim.
Həmişə ədəbiyyatımızın
sağlam qüvvələrinə, o cümlədən,
özlərini istedadlı əsərləriylə təsdiq
edən cavanlara inanmışam, arxalanmışam və
inanıram, arxalanıram.
Qurban
YAQUBOĞLU,
Rəqsanə
HƏSƏNOVA
Teleqraf.com
525-ci qəzet.- 2022.- 5 noyabr.- S.10-11.