Güney nisgili Azərbaycan ədiblərinin yaradıcılığında  

 

 (Əvvəli ötən sayımızda)

 

Görkəmli ədib, filologiya elmləri doktoru Mir Cəlal Paşayev S.Rüstəmin yaradıcılığında cənub mövzusundan söz açarkən demişdi: "Cənubi Azərbaycanda onun saf ana dilində səslənən səmimi, odlu, təzə, təravətli şeiri Təbrizdə azərbaycançılıq məfkurəsinin, vətənpərvərlik qardaşlığının bir manifesti kimi təsir bağışlamışdı.

Böyük Sabirin, Vurğunun Süleymanın şeiri Cənubi Azərbaycan oxucu dinləyicilərinin yalnız fikir intibahına, inqilabi ruh yüksəkliyinə, ideyaca silahlanmasına deyil, həm estetik zövqünə ədəbiyyata daha yeni, daha ayıq münasibətinə səbəb olmuşdu..."

Bəli, cənub ağrısı, vahid vətən, birləşmək arzusu, istiqlal, hürriyyət, Təbriz həsrəti S.Rüstəm yaradıcılığının bu mövzuda əsas leytmotivini təşkil edirdi.

Bütöv, bölünməz, vahid Azərbaycan deyərək, əbədi vətən sevgisini şeirlərində əsl vətandaş kimi, Araza xitabən, ilhamla, iftixarla tərənnüm edirdi:

 

 

 

Araz! Hər yaz çəmən birdir o sahildə, bu sahildə,

Qərənfil, yasəmən birdir o sahildə, bu sahildə.

Bilirsən ki, suya kəskin qılınc vursan da ayrılmaz,

Ürək birdir, bədən birdir, o sahildə, bu sahildə.

Ürək telli müqəddəs saz, şerdən incə xoş birdir.

Araz, bildinmi sən birdir o sahildə, bu sahildə?

Süleyman, gəl haray sal, qoy bütün aləm eşitsin ki,

Əziz, doğma Vətən birdir, o sahildə, bu sahildə,

 

 

Cənub ağrısı, bütöv, bölünməz vətən həsrəti, Araz dərdi, xalq şairi Məmməd Rahimin yaradıcılığından da yan keçməyib. Bir müddət Cənubi Azərbaycanda yaşayan şair qan bir, can bir, bacı-qardaşlarımızın bütün ağrı-acılarını, niskilini, bir-birinə qovuşmaq arzusunu "Xalçaçı qız", "Qara daşın həsrəti", "Arazın şikayəti" şeirlərinə köçürüb:

 

 

 

 

 

Arazla bu səhər gəldim üz-üzə

Axıb gedən zaman yaşıl bir düzə,

Dedi: "Şairlərdən şikayətim var.

Mənim çox qəribə hekayətim var"

Dedim ki: " olub?"

 

                          Qövr etdi dərdi,

 

Dedi: - El bir zaman mənə deyərdi:

"Arazım, Arazım, axan Arazım!

Sinəsi yadlara qalxan Arazım

Çağla ki, sən mənim öz vüqarımsan,

Sevincim, fərəhim, iftixarımsan"!

 

Dedim ki: "Elədir".

 

Gəldi hiddətə:

"Elədirsə, nədən bəs qana-qana

Şairlər salırlar məni böhtana!

Qalır bir tərəfdə zülmkar, yağı,

Deyirlər sən böldün ana torpağı".

 

                                   O axdı, getdi.

 

Qəlbimdə yanğılar buraxdı, getdi.

Xəyala qərq etdi bu halət məni,

Öldürdü, doğrusu, xəcalət məni.

Ayrıldığım zaman kədərli çaydan,

Gördüm ki, qardaşım baxır o taydan.

 

 

 

Şair "İran başdan-başa zindandır bu gün" şeirində İranda hökm sürən hərc-mərcliyi, rejimin apardığı ədalətsiz siyasəti hədəf alır, ölkənin sözün əsl mənasında zindana çevrildiyini təsvir edir:

 

 

Təbriz kədərlidir, axşamdan bəri

Süzür qərib-qərib həsrətkeş qəmər.

Onun işığında gəzir şəhəri

Fikri, düşüncəsi qara kölgələr.

 

 

Qapanıb məktəblər, kitabxanalar,

Açılır ümumi evlər yenə ;

Saçından sürülür dərdli analar,

Həyat məhv edilir bir məngənədə.

 

Yoxdur igidlərin sıralarından.

Zindan o zindandır, dərban o dərban...

Çəkdiyim bu lövhə duyan halıdır

Zavallı, İranın öz timsalıdır.

Qərbin istəyini yaşatmaq üçün

İran başdan-başa zindandır bu gün.

 

 

Cənubi Azərbaycan, bütöv Vətən ideyası Xalq şairi Bəxtiyar Vahabzadənin bədii təsvir obyektlərindən olub. Şair bu mövzunu ötən əsrin 50-ci illərindən başlayaraq, yaradıcılığının bütün mərhələlərində davam etdirmişdi. "Sökün çəpərləri", "Məktublar", "Şəhriyara", "Şair-vətən", "Ustad Şəhriyarın S.Rüstəmə göndərdiyi məktubuna cavab", "Cavab", "Həsrət", "Şəhərdə məktub" şeirləri ədibin bu qəbildən olan sənət inciləridir.

B.Vahabzadə xalqın göz dağı olan Araz çayı ilə ikiyə bölünərək o taylı, bu taylı damğası ilə damğalanan vətəndən böyük nisginliklə yazır, kövrək hisslərini misralara köçürürdü:

 

 

            Arazın

bu tayı vətənim,

o tayı vətənim,

vətəni görməyə

amanım yox mənim.

 

 

- deyən şair bu nisgilini, ağrısını sona qədər ürəyində gəzdirirdi. Hər dəfə sərhədlərə baxarkən, tikanlı məftillərlə ayrılmış ellərimizə salam verə bilməməsini, vətən olsa da oraya ayaq basa bilməməsini özünə böyük dərd edirdi. Bu dərdi Füzuli dərdi ilə müqayisə edərək həsrətin qədər ağır, acı, sonsuz, çəkilə bilməyən olmasının isbatı kimi səciyyələndirilir:

 

Füzuli həsrətlə

qürbətdən vətənə baxırdı,

Mən isə...

Vətəndən-vətənə baxıram.

 

 

 

B.Vahabzadənin istiqlal bütövlük ideyalarının qorunmasında müstəsna rol oynayan möhtəşəm əsərlərindən biri "Gülüstan" poemasıdır. Azərbaycanın birliyi istiqlaliyyəti uğrunda çarpışan Səttarxan, Şeyx Məhəmməd Xiyabani Pişəvərinin xatirələrinə həsr etdiyi bir poemadır. Şair əslində poemada xalqımızın ikiyə bölünməsinə gətirib çıxaran "Gülüstan" müqaviləsini ürək ağrısı ilə təsvir edir:

 

 

 

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı,

Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın.

 

 

Necə ayırdınız dırnağı ətdən

Ürəyi bədəndən, canı cəsəddən?

Axı kim bu haqqı vermişdir sizə,

Sizi kim çağırmış, Vətənimizə?

 

 

Bir görəydim ayrılığı kim saldı,

Ölkəmizdə kim qırıldı, kim qaldı.

 

"Gülüstan", "Türkmənçay" müqavilələrindən 200 il keçir. Lakin vahid, bütöv Azərbaycan ideyası hər zaman olduğu kimi yenidən gündəmə gələrək soydaşlarımızı, həmvətənlərimizi mübarizəyə səsləyir. 200 il öncə də, 100 il öncə də, elə bu gün də mahiyyət etibarı ilə rejim həmin rejimdir. Antitürk, anti Azərbaycan siyasəti İranın hazırkı molla rejiminin də ideologiyasıdır. 40 milyona yaxın həmvətənimizin  bu gün İranda hüquqları pozulur. Onların doğma ana dillərində belə məktəbləri, mətbu orqanları və sairi yoxdur.

Lakin zaman dəyişir. Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikası tərəqqi edir. 44 günlük vətən müharibəsində zəfərə imza atmış Azərbaycan xalqı dünyaya sübut etdi ki, xalqımın qeyrətli oğul və qızları vətən torpaqlarını düşməndən azad etməyə, öz torpağına sahib çıxmağı bacaran bir müzəffər xalqdır. Bizim bu zəfərimiz cənublu bacı və qardaşlarımız üçün bir mayakdır. O gün uzaqda deyildir. Tezliklə, dünya bütöv, vahid Azərbaycan dövlətinin şahidi olacaq. Allah xalqımızı qorusun, hürriyyətimizi və dövlətçiliyimizi əbədi etsin!

 

Qafar ƏSGƏRZADƏ

Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 6 noyabr.- S.13.