Yol üstə toy  

 

 

Vətən müharibəsində qəhrəmanlıq göstərmiş, şəhid olmuş bir əsgərimiz döyüşlərə yollananda, bir yol üstə  sevincindən öz toyunda oynayırmış kimi oynamaq istəmişdi oynamışdı da...

 

 

 

"Başladı savaşlar savaşı", - dedi,

"Qardaş, bir maşını yavaşıt, - dedi, -

Mən burda bir "Cəngi" oynayım gərək,

Lap babalar həngi oynayım gərək!

 

 

 

gözəl oynamaq yeridi bura,

Qarabağa gedən bax, bu yol üstü...

Qanlı döyüşlərə yollanmamışdan,

Burda bir doyunca oynamamışdan

Mən hara gedirəm, hara, əlüstü?!"

Maşın dayanmamış sıçradı yerə,

Vurub çəkməsini biri-birinə,

Vurub əllərini biri-birinə,

Əsgər toy havası çalıb oynadı.

Biz onun ağrısın alana kimi,

Bizim ağrımızı alıb oynadı.

 

 

Getdi döyüşlərə nərildəyərək,

O əsgər bir azman Diviymiş bəlkə?

Oynaya-oynaya döyüşə getmək,

Özü bir döyüş növüymüş bəlkə?!

          

 

Düşmənin üstünə mərmi yağdırdı,

Tez-tez yerə dəyən ayaqlarıyla.

Özü yaxşı oynadı, baxın!

Dağlarla, daşlarla verib baş-başa,

Səngərlə yanaşı oynadı baxın!

Dönə-dönə oynadı,

Yenə oynadı...

Yenə oynamaqdan doymadı, baxın!

 

 

 

Özü yox, ürəyi oynadı sanki,

həkət çıxartdı hər oyunuyla.

İndidən yol üstə döyüşə girdi,

Kişi oyunuyla, Ər oyunuyla!

Yol üstə toy səsi bürüdü Ərzi,

Əsgərə qoşulub qol qaldırmağa

O Tay da qol açıb bu Taya gəldi.

Qollar havalanıb, yollar yığışıb,

Yol üstə çalınan o toya gəldi! -

 

 

Belə xidmət etsin xidmət eyləyən,

Vətənə, istərəm, yurda, istərəm.

Belə olar igid,

Mərd olan, bəli!

Bir heykəl ucalsın burda, istərəm,

Sevincdən oynayan əsgər heykəli!

 

 

Bu yolun üstünü el məhəbbəti,

Doldurub, boş-bekar qoymayacaqdır.

Əminəm, o əsgər necə oynayıb,

Heykəli elə oynayacaqdır!

 

 

Əsgərim, ölsən , qələbə çaldın,

Oyna! Çox yaraşır oynamaq sənə!

Mümkünmü sənintək heç oynamamaq,

Mümkünmü heç heykəl qoymamaq sənə?!

 

 

...Oynaya-oynaya döyüşə gedən,

İgidlər, oğullar beşiyi vətən!

Sənin haqqındı...

Sən dur, oyna!

Bu gündən qol açıb gülmək, sevinmək,

Oynamaq vaxtındı..

sən dur, oyna!

Necə oynamışdı oğlun yol üstə,

O qayda əl qaldır, o qayda oyna!

Oyna, Qarabağın toyunda oyna!

Uğrunda döyüşə girirmiş kimi.

Hər kim ki oynadı...

onunla oyna!

 

 

Ey üçrəngli bayraq, ey şanlı torpaq,

Dur, başına dolan, boyundan doyma!

Oynadın qəhrəman oğlunla bir vaxt,

İndi şəhid olmuş oğlunla oyna!

İndi qazi olmuş oğlunla oyna!

 

 

... yaxşı vaxtında əl uzatdı, əl,

Əsgər əllərindən yapışa bildik.

Oynayan əsgərin heykəlinə

Vətən, daha səni tapşıra billik!

 

Barat VÜSAL

 

525-ci qəzet.- 2022.- 6 noyabr.- S.15.