Sən mənim and yerim

 

Təqdim etdiyimiz şeirin həsr olunduğu əziz şəhidimiz Məmmədzadə Kəmaləddin Vüqar oğlu (14.09.1999 - 08.11.2022) Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb, Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərib. Cəsur döyüşçü Kəmaləddin Məmmədzadə 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Məmmədzadə Kəmaləddin Vüqar oğlu "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib. Şəhid Kəmaləddin, Saatlı rayonu Minbaşılı kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb. Allah rəhmət eləsin.

 

Şəhid Kəmaləddin Vüqar oğlu Məmmədzadənin əziz xatirəsinə

 

 

 

Bir səhər "Qarabağ Azərbaycandır!" -

Deyib silahını aldı əlinə

Bildi ki, bu döyüş bir imtahandır,

Açdı ürəyini səhər yelinə!

 

 

Əsgər dostlarıyla o and da içdi,

Vətən torpağına, Vətən daşına,

Neçə cəbhələri yararaq keçdi,

Neçə zirvələrin çıxıb başına!

 

 

Zəfər məqamına saatlar vardı,

Yaşamaq haqqından keçdi şəhidim,

İsa bulağını qanıyla aldı,

Kövsər bulağından içdi şəhidim!

 

 

 

Çalındı ən böyük qələbə, zəfər!

Düşmən tapdağından qurtardı Şuşa

Keçdi həyatından neçə min əsgər,

Min yaşa, qəhrəman şəhid, min yaşa!

 

 

O gün şimşək çaxdı, göy haray saldı,

Ağladı buludlar, yağdı yağışlar!

Şəhidimin adı əbədi qaldı,

Qəhrəman şəhidim, sənə alqışlar!

 

 

İllər gəlib keçdi şəhidliyindən,

Səninlə fəxr edir bu ana yurdun!

Elə bir zirvəyə ucaldın ki sən,

Ellərin könlündə bir heykəl qurdun!

 

 

Ayısan, günüsən anan Aygünün,

Atan Vüqar kimi vüqarlısan sən!

Göylərdə çalındı toyun, düyünün,

Bir əbədi gəncsən, baharlısan sən!

 

 

Şəhid, sən and yerim, imanım, dinim,

Sən mənə bəxş etdin bu qələbəni!

Rahat yat cənnətdə, Kəmaləddinim,

Bu torpaq  heç zaman unutmaz səni!

 

 

 

Əli ƏLİYEV Əmək veteranı

525-ci qəzet.- 2022.- 6 noyabr.- S.15.