Tarixi yaddaşımızı təzələyən
oğullar
Bakı
şəhər 70 saylı məktəb-liseyin müəllimi,
vaxtilə Qarabağ deyilən gözəl bir diyarı
qarış-qarış gəzmiş, onun daşına,
torpağına, otuna, gülünə, çiçəyinə
məhəbbətini qəlbində əbədiləşdirən
və 30 ildən artıq bu məhəbbət abidəsinə
həsrət qalan Nuridə xanım Hümbətova yenicə
çapdan çıxan kitabına "Qarabağ Azərbaycandır"
adını verib.
Ulu
öndər Heydər Əliyevin vaxtilə söylədiyi
"Ya ayağa qalxıb torpaqlarımı azad etməli, ya məhv
olmalı, ya da millət olmadığımızı etiraf etməliyik"
- sözləri kitabın ilk səhifəsində verilib.
Cəmi 44 gün davam edən II Qarabağ müharibəsinin
qələbə ilə sonuclanmasında xüsusi xidmətləri
olmuş oğullarımızın göstərdikləri
igidliklərdən yazmaq istəyən Nuridə xanımın
uşaqlıq və yeniyetməlik illəri Füzulidə
keçib. O,
gənclik dövrünün 5 ilini isə mənfur
düşmənlərimizin tam ixtiyarında olan ən gözəl
bir diyarda - Xankəndində keçirdib. Ali təhsilini
Xankəndində yerləşən Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda alıb. Ömrünün
yarıdan çoxunu sonralar 30 il həsrət
qaldığımız Qarabağımızda keçirən
və baş verənlərin kökünün haradan
qaynaqlandığını, hətta bəzi dırnaqarası
tarixçi alimlərimizdən daha yaxşı bilən Nuridə
xanımın bu barədə danışmağa daha çox
haqqı çatır.
Kitabda II Qarabağ müharibəsinin bir neçə
qazi və döyüşçüsü haqqında qısa
məlumat verilməklə yanaşı, həm də I
Qarabağ müharibəsinin iştirakçısı
olmuş və II Qarabağ müharibəsinin qazisi
Əbülfəz (Amil) Qurbanov haqqında bir qədər
geniş məlumat verilmişdir.
Əbülfəzin
dediklərindən:
- 1992-ci
ildə vəziyyət pisləşdi, əsgərləri
inandırmaq üçün öndə getmək, gecə
postu yoxlamaq, əsgərin yeməyini vermək, ermənilərin
üstünə getmək - bunları etməsəm, əsgəri
inandırıb döyüşə aparmaq çətin
olardı...
Mənim
Salakətindəki dostum igid idi, o da polis idi, ermənilərin
içində - Salakətində yaşayırdı, qorxmurdu,
axırda kişi kimi şəhid oldu...
...I
Qarabağ müharibəsində biz məğlub olmadıq,
bizi, Qarabağı satdılar, amma igid oğullarımız
şəhid oldular...
...Mən
həmişə Allaha yalvarırdım ki, mənə möhlət
versin, ermənilərdən qardaşlarımın - şəhidlərin
qisasını alım. O günü çox gözlədim. Nəhayət,
30 ildən sonra II Qarabağ savaşı başladı və
mən könüllü olaraq, əvvəlki
döyüşçü yoldaşlarımla bərabər cəbhəyə
getdim... Sevindim ki, o gün gəldi, yağılara qan uddurmaq
vaxtıdır..."
Nuridə xanımın - Sən indi nə fikirdəsən,
peşmansanmı 55 yaşında yenidən müharibəyə
getdin, ayağından yaralandın? - sualına II
Qarabağ müharibəsində yaralanan Əbülfəzin
(Amilin) cavabı belə olub:
- Biz gedib
ləyaqətlə döyüşdük. Sağ olsun
Müdafiə Nazirliyi, bizi döyüşə buraxdı.
Gedib ürəyimdə qalan qisasımı aldım... Hətta
bir oğlumu da müharibəyə verdim, bəziləri kimi
gizlətmədim...
Qazi
Əliyev Vasif Şükür oğlu
1994-cü ildə doğulan Vasif orta təhsilini 70
saylı məktəb-liseydə alıb. O, ailənin tək
övladıdır. Dövlət İdarəçilik
Akademiyasının Beynəlxalq münasibətlər
fakültəsini bitirdikdən sonra 2015-2016-cı illərdə
hərbi xidmətdə olub. 2018-ci ildə
Bakı Mühəndislik Akademiyasının magistraturasını
bitirdikdən sonra Dövlət Gömrük Komitəsində əmək
fəaliyyətinə başlayıb.
Nuridə xanım Vasifin anası Elnarə xanımla eyni
məktəbdə işlədiyinə görə, II
Qarabağ müharibəsi dövründə o ailənin nələr
çəkdiyinin canlı şahidi olub. Deyir, Elnarə
xanım heç vaxt ağlına gətirə bilməzdi ki,
yeganə övladı nə vaxtsa müharibəyə gedə
bilər. Amma Vasif elə Hərbi Komissarlığa
çağırıldığı gün - 2020-ci ilin 28
sentyabrında birbaşa cəbhəyə yola
düşüb... Və qızğın döyüşlər
zamanı mina partlaması nəticəsində ayağından
yaralanıb. Sonra isə bir ayağı dizdən
aşağı amputasiya olunub...
Vasif
sağalandan sonra onunla həmsöhbət olan Nuridə
xanımın - "Nəyəsə təəssüf edirsənmi",
- sualına belə cavab verib:
- Mən
Vətənə öz borcumu verdim, bununçün çox
rahatam, amma bir şeyə təəssüf edirəm:
Şuşaya getmək istəyirdim, mənə qismət
olmadı...
Bəzi
suallarına çətinliklə də olsa cavab ala bildiyinə
görə çox sevinən Nuridə xanım yazır:
"Bilirəm ki, gün gələcək, Vasif qəhrəmanım
Qarabağ torpağında qürurla gəzəcək".
Vasif dövlətimiz tərəfindən
"Füzulinin azad olunmasına görə" və
"Xocavəndin azad olunmasına görə"
medallarına layiq görülüb. Ona maşın və
yeni mənzil də verilib.
Qazi
Əliyev Elnur Tofiq oğlu
Əliyev Elnur 1989-cu ildə Bakı şəhərində
doğulub. 70 saylı məktəb-liseyi bitirdikdən sonra
BDU-nun Geologiya fakültəsinə qəbul olunub.
2011-2012-ci illərdə hərbi xidmətdə olub. 2016-2017-ci illərdə müddətdən artıq
xidmət edib. 2017-2020-ci illərdə
Qusarda hərbi hissədə bölük komandiri olub. Vaxtilə dərs dediyi şagirdi Elnur haqqında
danışan Nuridə xanım yazır ki, döyüş
yolu Füzulidən başlayan Elnur Cəbrayıl, Zəngilan,
Hadrut, Xocavənd istiqamətlərində gedən
döyüşlərdə iştirak edib. Elnurun dediyinə görə, o, silahlı qüvvələrdə
bəlkə də yeganə bölük komandiri olub ki, əsgərlərini
şəhid verməyib. Nuridə xanım
deyir ki, Elnur elə orta məktəbdə oxuduğu vaxtlarda da
öz çevikliyi və hazırcavablığı ilə
hamıdan fərqlənirmiş.
Xocavənddə - Qırmızı Bazarda minaya
düşən Elnurun ayağını ilk dəfə Cəbrayılın
Daşkəsən kəndində, çadırda əməliyyat
ediblər, ayağı amputasiya olunub.
Müharibədən
əvvəl anasını itirən Elnura bacısı ana əvəzi
olub, onun qayğısını çəkib...
Dövlətimizin
hərtərəfli qayğısından razılıq edən
Elnur Əliyev müxtəlif medallarla təltif olunub: "Xocavəndin
azad olunmasına görə", "Füzulinin azad
olunmasına görə", "Cəbrayılın azad
olunmasına görə", "Cəsur
döyüşçü" medalı, "İgidliyə
görə" medalı, "Vətən müharibəsi
iştirakçısı" medalı, "Azərbaycan
ordusunun 100 illik yubileyi" medalı.
Qazi
Hüseynov Elşən Zülfüqar oğlu
1998-ci ildə hərbçi ailəsində dünyaya gələn
Elşən orta təhsillidir. 2016-cı ildə hərbi
xidmətə çağırılıb. Xidmət müddətini başa vurduqdan sonra AzTV-də
videotekada çalışıb. O, Cəbrayıla, Tərtərə,
Şuşaya Xüsusi Təyinatlılarla birgə gedib. Onun olduğu tabora başçılıq edən
komandiri Cavid Mahmudov Füzuli alınanda, bayraq taxarkən şəhid
olub.
Nuridə
xanımla həmsöhbət olarkən, Elşən
yaddaşına həkk olunmuş bir hadisəni təəssüf
hissilə tez-tez xatırladığını xüsusi
vurğulayıb: "Ermənilər tanklara Azərbaycan
bayrağını sancmaqla, bizi çaşdırıb
aldatdılar və biz bu zaman çox sayda şəhid verdik. Onlar bizi mühasirəyə aldılar. Hərbi
hissədən kömək gələndən sonra mühasirədən
çıxdıq..."
Elşənlə
Mərdəkanda - "Günəşli" sanatoriyasında tanış olan Nuridə xanımın ona
xüsusi qayğı və məhəbbətlə
yanaşdığı kövrək sətirlərdən
aydın hiss olunur. "Onun anasının əllərindən
öpürəm", - deyir.
Bu
cılız cüssəli qazimizin - Elşən Hüseynovun
"Füzulinin azad olunmasına görə",
"Şuşanın azad olunmasına görə"
medalları və "Vətən müharibəsi
iştirakçısı" nişanı ilə təltif
olunmasını fəxrlə bildirən müəllif deyir ki,
"Qarabağ Azərbaycandır" kitabımı Elşənə
onun iş yerində təqdim etdim ki, qoy iş
yoldaşları onu daha yaxşı tanısınlar.
Döyüşçü
İsayev Həsən Rauf oğlu
Nuridə xanım Həsən haqqında danışarkən
onu "üzünü görmədiyim
döyüşçü" adlandırıb. Çünki Həsənin
adını doğmalarından eşitsə də, onun
özündən nəsə öyrənməyə imkan
tapmayıb, daha doğrusu, bu təvazökar
döyüşçü "mən nə etmişəm ki,
Vətənə olan borcumu yerinə yetirmişəm", -
deyərək, müəllifin suallarından yayınmağa
çalışıb.
Həsən
İsayev 1996-cı il noyabrın 27-də
Bakı şəhərində doğulub. İbtidai
təhsilini Binəqədi rayonundakı 244 saylı məktəbdə,
tam orta təhsilini isə Bakı şəhər
Fizika-Riyaziyyat-İnformatika liseyində alıb. Azərbaycan Texniki Universitetini bitirib. 2017-2018-ci illərdə hərbi xidmətdə olub və
qayıtdıqdan sonra Azərbaycan Respublikası Müdafiə
Sənayesi Nazirliyinin Radioquraşdırma zavodunda mühəndis-texnoloq
vəzifəsində çalışıb. O, II
Qarabağ müharibəsi başlayan gündən - 2020-ci ilin
28 sentyabrından 2021-ci il yanvarın 3-dək
torpaqlarımızın düşməndən azad edilməsi
uğrunda gedən döyüşlərin
iştirakçısı kimi Füzuli, Cəbrayıl, Zəngilan
və Qubadlıda olub.
Nuridə
xanım yazır ki, Həsən cəbhədə
torpaqlarımızın azadlığı uğrunda
bütün çətinliklərə dözümlə sinə
gərdiyi o ağır günlərdə, onun ixtisasca həkim
olan anası Reyhan İsayeva oğlunun yolunu həyəcanla
gözləməklə bərabər, həm də o zaman
insanların 2-ci mənfur düşməninə
çevrilmiş COVİD-19-a yoluxmuş xəstələrin
sağalması üçün əlindən gələni əsirgəmirdi...
Şükürlər olsun ki, Həsən müharibədən
sağ-salamat qayıdıb. O, "Qubadlının azad
olunmasına görə" medalına layiq görülüb
və Müdafiə Sənayesi Nazirliyinin Fəxri fərmanı
ilə təltif olunub...
Döyüşçü
Əliyev Rahib Vaqif oğlu
Rahib 1993-cü ildə Bakı şəhərində
doğulub. İbtidai təhsilini 32 saylı məktəbdə
alıb. 2020-ci ildə 70 saylı məktəb-liseyi,
2014-cü ildə Azərbaycan Universitetinin Marketinq fakültəsini
bitirib. Beyləqan rayonunda hərbi xidmətdə
olub. 2020-ci ilin 30 sentyabrından isə könüllü
olaraq II Qarabağ müharibəsində iştirak edib...
Torpaqlarımız işğaldan azad olunandan sonra Rahib
Əliyev "Kəlbəcərin azad olunmasına görə"
medalı ilə təltif olunub.
Rahibin anası Xatirə xanım Nuridə müəllimlə
eyni məktəbdə işlədiyinə görə, o, həmin
ailənin nələr çəkdiyinin canlı şahidi
olub. Ailənin
tək oğlu olan Rahibin müharibədən sağ-salamat
qayıtması toya-bayrama çevrilib...
Nuridə
xanım yazır: "Mən Xatirə müəllimin
müharibədəki intizarını, oğul itirmək
qorxusunun hələ də keçmədiyini indi də
görürəm. Biz bir-birimizə baxanda belə,
baxışlarımız deyir ki, doğrudanmı müharibə
qurtarıb, bir də o günlər olmayacaq ki?!
Bu gün Rahib evlidir, xoşbəxt ailəsi var".
lll
Nuridə
Hümbətovanın çox çətinliklərə
qatlaşaraq, öz şəxsi vəsaiti hesabına ərsəyə
gətirdiyi və yüksək səviyyədə təqdimatını
keçirdiyi "Qarabağ Azərbaycandır"
kitabında həm də döyüşçü, polis
işçisi, I Qarabağ müharibəsi veteranı Hümbətov
İlham Daşdəmir oğlu və onun böyük oğlu,
II Qarabağ müharibəsinin veteranı Araz Daşdəmirli
haqqında, eyni zamanda, Nuridə xanımın yaxından
tanıdığı bir çox dəyərli insanlar
haqqında maraqlı məlumatlar verilmişdir.
Kitabda müəllifin ailəsi haqqında xatirələr
və eyni zamanda şair təbiətli Nuridə xanımın
özünün şeirlərindən nümunələr də
yer almışdır.
Sonda
kitabın müəllifi, vətənpərvər və
xeyirxah insan, zəhmətkeş və millətsevər pedaqoq,
azərbaycanlı və qarabağlı olmağı ilə
qürur duyan Nuridə Hümbətovaya sonsuz minnətdarlığımı
bildirir və yeni-yeni uğurlar arzulayıram!
Maral
POLADOVA
AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun Elmi
nəşrlər və proqnozlaşdırma şöbəsinin
baş mütəxəssisi
525-ci qəzet.- 2022.- 6 noyabr.- S.14;15.