Gəncədən gəlirəm...
"Yeni Gəncə"
qəzetinin baş redaktoru Hicran Məmmədova: "Mətbuat
təhqirlə tənqidi ayırd edə bilməyən
"jurnalist"lərin poliqonuna çevrilib"
Bu günlərdə yolumu ruhumun şəhəri Gəncədən saldım. Həm oraları bir daha görmək, həm də ruhən sakitləşmək üçün, çünki Bakının səs-küyündən hərdən uzaqlaşmaq vacibdir. Amma əli qələmli kəs bir yerə gedirsə, oradan əliboş qayıtmaq ona yaraşmaz. Elə ona görə də ehtiyatımı bəri başdan tutdum ki, qayıdanda Gəncədən gəlirəm deyə bilim. Köməyimə yenə də sağ əlimiz olan sosial şəbəkə gəldi və seçimimi etdim. Ünsiyyət sadə tanışlıqdan başladı və yavaş-yavaş səmimiyyətə keçdi. Burada həmkar olmağımız da öz sözünü dedi, yazı mübadilələri də özünü göstərə bildi və sonda Bakı ilə Gəncəbasar arasında bir körpü sala bildik. Və nəhayət deyəndə ki, Gəncəyə gəlirəm, bəlkə bir həmsöhbət olaq? Bax, onda əsl qonaqpərvərlik keçdi önə. Xoş gəlirsiz, amma mütləq qonağım olmalısız cavabını eşitdim. Xoş sözdən xoşhallanıb yola hazırlaşdım. Uzanan yolları arxada qoya-qoya gəlib mənzil başına çatdım. Və çox keçmədi ki, həmkarımın çox səliqəli, göz oxşayan, rahat mənzilində üzbəüz oturub söhbətimizə başladıq. Beləliklə, gəlin müsahibim "Yeni Gəncə" qəzetinin baş redaktoru Hicran Məmmədovanı hamımız tanıyaq.
- Yaxından tanış olaq...
- Gəncədə anadan olsam da, Daşkəsəndə yaşamışıq. Burda boya-başa çatıb, S.Vurğun adına 4 saylı orta məktəbi bitirəndən sonra həkim olmaq arzuma çatmaq üçün indiki Azərbaycan Tibb Universitetinə sənədlərimi verdim. İmtahanları verə bilsəm də, müsabiqədən keçə bilmədim. Və beləcə həkim olmaq fikrindən birdəfəlik daşındım. Növbəti il üzümü BDU-nun Jurnalistika fakültəsinə tutdum. Bilmirəm nədənsə, bu fakültəni özümə münasib bildim, çünki ara-sıra qələmimi sınayaraq mənsur şeirlər yazırdım. Tale elə gətirdi ki, mən qəbul oldum. Təhsil ala-ala ailə həyatı qurdum. Universiteti bitirdikdən sonra qısa bir müddət mətbuatda çalışdım, lakin ailə qayğıları, uşaqlarla bu, çox çəkmədi. Uzun müddət hər tərəfli özümü təcrid edərək evdar xanım oldum. Yalnız 2014-cü ildə yenidən mətbuata qayıtdım. Həmin vaxtdan indiyədək YAP Gəncə şəhər təşkilatının mətbuat katibi, eyni zamanda, təşkilatın orqanı olan "Yeni Gəncə" qəzetinin baş redaktoruyam. Və çox şanslıyam ki, jurnalistikanı özümə sənət seçə bilmişəm.
- Daşkəsəndə bir ailə vardı...
- Bəli, Qədir Abdullayevlə Almaz xanımın dörd övladı olan bir ailə. Çox sadə və zəhmətkeş insan olub atam. Bacarıqlı avtomobil çilingəri idi və hamı maşınını məhz atamın yanına gətirərdi. Amma bu sadə insan o qədər maarifpərvər idi ki, bizim oxumağımız üçün hər şərait yaratmışdı. Anam Almaz xanım da onun kimi. Anamgilin ailəsində övladların hamısı təhsil almışdı, bir tək ondan başqa. Erkən ailə qurduğundan anamın təhsil almaq arzusu elə ürəyində də qalıb. Bu səbəbdən anam bizim təhsil almağımızda o qədər həvəsli idi ki, sanki bununla həm də öz yarımçıq arzusuna çatacaqdı. Məni ev işlərinə belə, yaxın buraxmırdı ki, təki oxuyub ali təhsil alım. Nə yaxşı ki, belə valideynlərimiz olub.
- Jurnalist jurnalist haqqında...
- Bu gün jurnalistika qarışıq bir sahəyə çevrilib. Hər əlinə qələm alan özünə jurnalist deyir və hətta sinəsinə döyür. Başqa ixtisas sahibi olaraq da, yaza bilər kimsə, mən bunun əleyhinə deyiləm. Amma o halda ki, o qələm yaza bilsin. Elə-belə yox, manşet xatirinə yox, sinəmdə vəsiqə var, nə istəsəm yazaram deyə yox. Jurnalistin qələmi o qədər şəffaf, dürüst, haqqa söykənən olmalıdır ki, qərəz adında məfhum yanından keçməyə cürət belə etməsin. Amma təəssüf ki, bu gün belə jurnalistlər çox azdır. Məqsədli yazılar üstünlük təşkil edir. Xırdalıqlara varmaq istəmirəm.
- Mətbuatdan danışmaya bilmərik...
- Bu gün
məni qane etməyən mətbuatdan nə
danışım? Etiraf edirəm
ki, bir jurnalist
kimi mən senzuranın tərəfdarıyam. Bu ətrafdakılara qəribə,
hətta gülməli
də gələ bilər, amma mən fikrimi açıq deyirəm.
Çərçivə deyilən bir
sədd lazımdır.
Lazımdır ona görə
ki, sarı mətbuat bu qədər ayaq açıb yeriyə bilməsin. Söz azadlığı, demokratiyanı o həddə
çatdırıblar ki,
bu günün oxucusu sarı mətbuatı addım-addım
izləyir. Mətbuat bu
gün təhqirlə
tənqidi ayırd edə bilməyən
"jurnalist"lərin poliqonuna
çevrilib. Etika sözü
sanki lüğətdən
silinib. Amma onu da inkar etmək olmaz ki, cəmiyyətdə
müxtəlif kateqoriyalara
bölünən insanları
mətbuat tənzimləyə
bilmir. Bir qrup bugünkü
oxucunun, izləyicinin,
tamaşaçının nəzər
nöqtəsini istədiyi
məcraya yənəldə
bilib və istədiyini də demokratiya adı altında edir. Və adını reytinq qoyaraq məharətlə bunu cəmiyyətə sirayət etdirə bilir. Bütövlükdə KİV-ə qarşı səmt bucağını
dəyişmək lazımdır.
O da var ki, kimsə nəsə etməyə çalışarsa, unutmaq
olmaz ki, hər an partlayışa
hazır olan sosial şəbəkə
adlı bombalardan qurtulmaq mümkün deyil. Amma bunu da əsas tutaraq sakit oturmaq da
olmaz. Bizim savadlı kadrlarımız,
ziyalılarımız var,
əl-ələ verib
cəmiyyəti düçar
olduğu bu bəladan xilas etməyə çalışmalıyıq.
Və məhz bu yöndə
mətbuatın üzərinə
düşən vəzifə
böyükdü. Yetişən gənc nəsil sabahın qurucularıdı.
Bu dövləti yaşadanlar, tanıdanlar məhz onlar olacaq. Çox istərdim ki,
bu haqda ciddi düşünək.
Axı, bizim çox bacarıqlı, savadlı, vətənpərvər gənclərimiz
çoxdur. 44 günün gözü yaşlı əzəmətini
canları bahasına bizə yaşadan gənclərimizə bizim
də borcumuz var.
- Ömrümüzdən keçən
44 gün...
- Bu, olmalı idi, çünki 30 illik bir səbrin fırtınası mütləq
idi. 30 il
elə-belə bir zaman deyildi. Yurdundan, elindən, obasından zorla qopardılaraq Vətən
torpağına səpələnən
insanlarının itmiş
gəncliyi,
yarımçıq arzuları,
qurumuş göz yaşları, nakam məhəbbəti, çalınmayan
toy sədası, torpaq
həsrətilə bu
dünyadan köç
edənlərin didərgin
ruhları idi. Və bu ədalətsizlik öz haqlı cavabını almaq üçün çox uzun bir yol
gəldi. Bu uzun yolu bizim
oğullarımız cəmi
44 günə qət etdi. Şəhidlərimizin qanı, qazilərimizin
canı bahasına itirdiklərimiz qayıtdı.
Gözümüzün önündə
Gəncə beş
dəfə raket atəşinə tutuldu,
26 nəfər mülki
insan həlak oldu. Aralarında uşaq və
yeniyetmələr də
vardı. Bu müharibədə
Gəncə 96 şəhid
verdi. Ayağa qalxıb
silaha sarılanda bütün şəhidlərin,
qazilərin bir amalı vardı - 30 ilə nöqtə qoymaq. Onlar bunu bacardı,
arxaya belə baxmadan ölümün üzərinə gedən
bu oğullardan bəlkə elə ölümün özü
də qorxdu. Onlar illərlə boynubükük
bir xalqın qamətini düzəldərək
dünyaya meydan oxudular. Bunu bizim gənclər
etdi.
- Dünya jurnalistin gözü ilə..
- Rəssamdan fərqli olaraq, jurnalist dünyanı tamam başqa rəngdə görür. Lakin kim hansı bucaqdan baxırsa baxsın, dünya öz axarı ilə gedir, öz işində, öz gücündədi. Dünya amansız deyil, onu dəyişdirən insan əlidir. Dünyanın bir istəyi var - sülh, əmin-amanlıq, firavan həyat. Qoynunda yaşadığı insanlar isə onu rahat buraxmaq istəmir. Məhz bu xırdalıqları görən məhz jurnalistdir. Ən əsas kimliyimizdən asılı olmayaraq, dünyanın nizamını qorumağı bacaraq.
- Bir anlıq geriyə boylanaq...
- Geriyə boylananda ən əvvəl ailəmizi görürəm. Əlində çanta məktəbə gedən Hicran adlı balaca bir qızcığazı görürəm. Çox sakit, yalnız dərsləri ilə məşğul olan, əlaçı bir şagird olmuşam. Elə tələbə ikən də xasiyyətim olduğu kimi dəyişməz qalıb. Atama çox bağlı olmuşam. Atam tez-tez Bakıya gələrdi və hər dəfə də mütləq məni də aparardı. Deyərdi ki, Hicran mənim yol yoldaşımdır. Bəlkə elə buna görə atama xüsusi bağlılığım vardı. Onunla o qədər rahat idim ki, asanlıqla hər sözümü atama deyə bilərdim, hətta anama demədiklərimi də. Mən jurnalistikaya daxil olandan sonra "beynəlxalq jurnalistika" ixtisası açıldı. Çox həvəsləndim və bu ixtisasa yiyələnmək üçün ərizə ilə müraciət də etdim. Böyük xəyallar qurmuşdum özüm üçün. Bu ixtisasa yiyələnib dünyanı gəzmək kimi arzularla yaşayırdım. Amma tələbə vaxtı qurduğum ailə həyatı arzularımı yarımçıq qoydu. Demək ki, qismət deyilmiş. Mən o kəslərdənəm ki, taleyində iki dövrü yaşayıb. Gənclik illərimə qədər sovet epoxası adlı bir dövr mənim də həyatımdan keçib. Bu gün 72 il sürən bir zaman haqqında fikirlər, mülahizələr çox mübahisəlidi. Amma etiraf etmək lazımdı ki, həmin dövr sırf mənfilərdən ibarət olmayıb. Lakin mən çox şanslı bir insanam ki, ömrümün daha böyük hissəsini müstəqil Azərbaycanın vətəndaşı kimi yaşamışam və yaşayıram da. Müstəqillik asan bir yol deyil, biz bunu görə-gərə, sınaqlardan keçə-keçə, qalib ölkə adını qazanmağa nail omuşuq. Təbiətimdə narahatlıq deyə bir cəhət çox qabarıqdı. Tək ailəmə, doğmalarıma görə yox, bütün dünyaya görə narahatam. Bu gün dünyamız çox təlatüm içindədi. Belə olan halda rahat düşünmək də çətindi. Biz Ali Baş Komandanımızın başçılığı ilə igid oğullarımızın bizə yaşatdığı qələbə sevincinə sevinib qürrələnsək də, hələ də üzdəniraq "qonşular"la üz-üzəyik. Qaraya ağ deyərək, buna bütün dünyanı inandırmaq xüsusi məharət tələb edir ki, bu da onlarda var. Çox ümid edirəm ki, bizdən gələcək nəsillərə Qarabağ adlı bir problem qalmayacaq. Ən ümdə arzum odu ki, övladlarımızın övladları bizim yaşadıqlarımızı yalnız tarix kitablarından oxuyaraq bilsinlər. Əminəm ki, belə də olacaq.
P.S. Söhbət əsnasında bildim ki, 8 noyabr Hicran xanımın doğum günüdü. Ömrünün 55-ci baharını qarşılayacaq. Özünü şanslı bir insan hesab edən Hicran xanım heç də yanlış düşünmür, çünki artıq bu tarixi Zəfər günü kimi bütün Azərbaycan qeyd edir. Həmkarıma uğur dolu illər arzu edirəm.
Tamilla M-zadə
525-ci qəzet.- 2022.- 6 noyabr.- S.12.