Tənqidə tələsənlər

 

Esse

 

 

Tanınmış rejissor Vaqif Mustafayevin çəkdiyi, 44 günlük Vətən müharibəsindən bəhs edən, ən çox gözlənilən "Həyat, deyəsən, gözəldir" filminin treyleri, nəhayət, yayımlandı. Treyleri görən kimi sevincək sosial şəbəkə profilimdə paylaşdım. Ancaq nədənsə paylaşımın şərh bölümündə sevincimə şərik olan çox az adam gördüm. Kimi filmi multfilmə bənzədir, kimi ayrılan pula heyifslənir, kimi Vaqif Mustafayevin ünvanına sərt fikirlər yazırdı. Hətta söyüşə, təhqirə yol verənlər var idi. Təəccüb içində bir sualla üz-üzə qaldım: axı nəyə əsasən, 45 saniyəlik treylərləmi?

Bəli, treyler istənilən film haqqında çox şey deyir. Amma əminəm ki, rejissorun ünvanına sərt fikirlər yazacaq, haqqında təhqiramiz ifadələr işlədəcək fikirlər söyləyəcək qədər çox şey demir. Burada məni düşündürən mövzu filmin yaxşı, yaxud pis olması yox, insanların tənqid obyekti olmadığı halda belə aqressiv fikirlərə, hətta təhqirə əl atmalarıdır. Tənqid inkişaf deməkdir, ancaq bütün əskik parçalar göz önündə olarsa. Amma hələ ortada filmdən bir parça belə yoxdur. Deməli, onda bu münasibət qərəzdir.

Ümumiyyətlə, analiz etmədən fikir bildirən adamlara cəmiyyətdə hər addımbaşı rast gəlmək olur. çox qarışqadan fil düzəldən.

Çox vaxt məsələnin kökündə emosiyaların diktəsi dayanır. Emosiyalar nəyisə doğru-düzgün analiz etməyə mane olur. Bu yolu tutan adama da bir ovuc bilgi bəs edir ki, qarşısındakını yerdən-yerə vursun.

Mən başa düşürəm ki, insanlarımızın "Fəryad" filmindən sonra Vaqif Mustafayevdən gözləntiləri böyükdür. Necə deyərlər, uman yerdən küsərlər. Həm nəzərə alsaq ki, Mustafayev artıq qalib xalqın zəfərini göstərir, deməli, gözləntilər ikiqat artır. Amma lakin, Vaqif Mustafayevin özünəməxsus dəst-xətti, hadisələrə özünəməxsus yanaşma tərzi var. Deməli, biz ilk növbədə bizə həyatı qara yumorun pəncərəsindən göstərən adamın filminə baxdığımızı unutmamalıyıq.

Bəlkə , filmə baxandan sonra mən treyleri tənqid edənlərə qoşulacağam, bilmirəm. Ancaq indi bildiyim bir şey var ki, tənqid üçün hələ çox tezdir.

Bəndənizin fikrincə, istənilən mövzu haqqında mənfi, yaxud müsbət fikir bildirəndə mövzuya bələd olmaqda fayda var.

Babam mənə Quranı dəfələrlə oxutdurub. Bir dəfə dözməyib dedim ki, ay baba, vallah, əzbərlədim artıq. Niyə Quranı dəfələrlə oxudursan? Bəlkə mən heç inanclı insan olmadım. Babam da cavabında qayıtdı ki, inanclı insan olsan, nəyə inandığını, olmasan da, nəyə inanmayacağını yaxşı biləcəksən. İnsan qarşı olduqlarını da aid olduqları qədər yaxşı bilməlidir. Nə zaman kimisə tənqid etmək istəsəm, yadıma babamın bu sözü düşür. Dərhal özümdən soruşuram ki, mən tənqid etdiyim obyekt barədə nə bilirəm? Bu sualın cavabı nə olursa, davranışım da elə olur.

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2022.- 6 noyabr.- S.10.