“İran hakimiyyətində
Azərbaycan dövlətinə qarşı həmişə bir qısqanclıq olub”
"İran hakimiyyəti
ilə Ermənistanı türklərə,
türkçülüyə qarşı mübarizə birləşdirir"
Son zamanlar İranın
Azərbaycana qarşı
bəyanatları, sərgilədiyi
anti-Azərbaycan mövqeyi
daha açıq şəkildə özünü
büruzə verməyə
başlayıb. Bundan əlavə, müntəzəm
şəkildə İran
mediasında Azərbaycana
qarşı təbliğat
aparılmasının, qeyri-dost
fikirlərin səsləndirilməsinin
də şahidi oluruq. İranın regionda bu dərəcədə gərginlik
yaratmaqda maraqlı olmasına səbəb nədir? Bu məsələlərlə
bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri
Sədrəddin Soltanla
həmsöhbət olduq.
Müsahibimiz İranın hakimiyyətinin
Azərbaycana və ümumilikdə türk dünyasına bəslədiyi
qərəzli münasibətin
köklərindən, regionda
törətdiyi təxribatlardan
və digər məsələlərdən danışıb.
Sədrəddin bəy, İran
dövlətinin Ermənistanı
bu qədər qətiyyətlə, nümayişkaranə
şəkildə dəstəkləməsinin
səbəbi, sizcə,
nədir?
- Söhbət İran dövlətindən yox, İran hakimiyyətindən
gedir. İranda 30 milyondan çox
Azərbaycan türkü
var və onlar İran hakimiyyətindən zülm,
işgəncə və
ayrıseçkilik görür.
İrandakı teokratik
rejim fars
düşüncə sisteminin,
panfarsizmin təmsilçisidir.
Bu rejim türk
düşmənidir. Eynilə erməniliyin
də əsasında türkcülüyə qarşı
mübarizə dayanır.
İran hakimiyyəti ilə Ermənistanı birləşdirən
də məhz türklərə, türkçülüyə
qarşı mübarizədir.
İran hakimiyyəti İslam, şiə məzhəbi ilə pərdələnir,
təməl olaraq isə həmin siyasi-ideoloji xətdədir.
Bu, İranın Pəhləvilər dövründən
bəri davam etdirdiyi siyasətdir.
Pəhləvilər hakimiyyətə gələndən sonra İranda panfarsizm, farsçılıq, vahid
millət, vahid dövlət ideologiyası
həyata keçirilməyə
başladı. O çağa
qədər heç bir siyasi xəritədə
İran adında dövlət olmayıb. "İran" sözü
Əbülqasım Firdovsinin
"Şahnamə"sində uydurulmuş bir ölkə kimidir. Bu
uydurmanı panfarsçılar
gətirib öz ölkələrinin adına qoydular. O vaxta qədər İran ərazisində sülalə hakimiyyəti
vardı. İran 1920-ci illərə qədər Qacar sülaləsi tərəfindən
qorunan məmləkətlər
birliyi idi. Qacarlardan da əvvəl Səfəvilər olmuşdu
və s.
İranı son bir il
ərzində Ermənistanı
belə açıq şəkildə dəstəkləməsinin
səbəbi isə budur: İstər cümhuriyyət dövründə,
istərsə də indi, İran hakimiyyətində Azərbaycan
dövlətinə qarşı
həmişə bir qısqanclıq olub və indi də
var. Çünki Azərbaycanda
Güney Azərbaycan türklərinə nümunə
ola biləcək bir dövlət formalaşıb. Nə qədər ki,
torpaqlarımız işğal
altında idi, İran tərəfi bundan Güney azərbaycanlılara qarşı
bir qaxınc kimi istifadə edirdilər, torpaqlarımız
işğaldan azad edildikdən sonra isə onlarda bir çaşqınlıq
yarandı, çünki
bunu heç vaxt gözləmirdi.
Ona görə də İranda Azərbaycana qarşı təbliğatlar
başladı - istər
müharibə dövründə,
istərsə də ondan sonra. Azərbaycana
qarşı açıq
təhdidlər, sərhəddə
irimiqyaslı hərbi
əməliyyatların keçirilməsi,
Azərbaycana güc nümayişi ilə Ermənistnın arxasında
dayandığını göstərir,
həm də regionda Azərbaycan-Türkiyə-Gürcüstan
əməkdaşlığına qarşı alternativ Ermənistan-İran əməkdaşlığı
yaratmaq istəyir.
Bu məsələdə Rusiyanın da marağı və əli var. Sadəcə Rusiya Ermənistana təsir imkanları baxımından o qədər
də aktiv oynaya bilmədiyindən, bu rolu İran
oynayır. Azərbaycanın irəli sürdüyü
bütün təşəbbüsləri
bloklayan da İrandır. Bunu Zəngəzur
məsələsinə, Azərbaycanın
həmin bölgəni
Zəngəzur adlandırmasına
İranın qısqanclıqla
yanaşması da təsdiqləyir.
- Qeyd etdiniz ki,
Azərbaycan-Türkiyə-Gürcüstan
əməkdaşlığına qarşı alternativ Ermənistan-İran əməkdaşlığının
yaranması məsələsində
Rusiyanın da əli var. Bəs, İranın son zamanlar regionda yaratdığı
gərginlik Rusiya ilə birgə plan ola bilərmi?
- Əslində, İranla
Rusiya eyni oyunu oynayır. Azərbaycana qarşı hər zaman müttəfiq olublar, birgə fəaliyyət göstəriblər.
1908-ci ildə Güney Azərbaycan türkləri şaha qarşı etiraz aksiyası keçirirdi, onda Çar Rusiyasının ordusu onları sakitləşdirmişdi.
Habelə 1941-ci ildə
Sovet qoşunları Güney Azərbaycan ərazisinə yeridilmişdi,
1945-ci ildə isə dekabrda Güney Azərbaycan özünün
milli hökumətini elan etdi, amma
Sovet qoşunları onların arxasından çəkildi, nəticədə
şah Milli hökuməti boğdu. Həmçinin, 1979-cu ildə SSRİ azərbaycanlıların olduğu
"Tudə" partiyasına
xəyanət etdi və bu, İranda
prosesləri ləngitdi,
çünki "Tudə"
partiyasının proqramında
həm də milli zülmə qarşı mübarizə
dayanırdı.
Rusiya ilə İran arasında müttəfiqliyi göstərən
başqa amil də var. Məsələn,
Ukrayna məsələsində
Rusiya-İran münasibətlərinin
gözəl olduğu
açıq aşkar
görünür. Məsələn, Putin və Xamenei görüşündə Xameneinin
"siz hücum etməsəydiniz, onlar hücum edəcəkdilər"
ifadəsini verməsi
Rusiyanın işğalçılıq
siyasətinin dəstəklənməsi
idi. Yaxud da Azərbaycanda
sərhəd məsələsi
başlayandan sonra İran xarici işlər naziri Abdullahiyan Rusiyaya səfər etmişdi.
Rusiyadan qayıdandan sonra isə təzədən bəyanat verdilər ki, regionda sərhədlərin
dəyişdirilməsi məsələsi
İranın qırmızı
xəttidir. 44 günlük müharibə
dövründə Rusiyaya
məxsus silahların
İran vasitəsilə
Ermənistana ötürülməsi
də Rusiya-İran əməkdaşlığı ilə bağlıdır.
Bütövlükdə İran-Rusiya-Ermənistan müttəfiqdirlər və
bu, region üçün
təhlükə yaradır.
Məsələn, Türkiyə,
Gürcüstan və
Azərbaycan da müttəfiqdir, əməkdaşlıq
edir, amma bu əməkdaşlıqdan
dünya qazanır, faydalanır. Bunlar çox böyük işlərdir, istər Bakı- Tbilisi-Ceyhan, istərsə TANAP və
TAP layihəsi, istərsə
də Bakı-Tiflis-Qars dəmiryolu xətti və sairə. Bütün bunlar da əməkdaşlıqdır,
amma İran-Ermənistan-Rusiya
əməkdaşlığından kim udur
və nə udacaq? Onların əməkdaşlıqla bağlı çıxışları
da sadəcə olaraq sözdür, regionda gərginlik yaratmaq üçündür.
Ermənistan dalanda yerləşən
əhəmiyyətsiz bir
ölkədir və yalnız beynəlxalq miqyasda casusluq rolunu oynaya bilər.
- Bəs, Ermənistan uğurlu partnyor kimi İranı yarıda biləcəkmi?
- Yarıtmır, çünki
İran heç özü-özünə yarıyan
bir dövlət deyil, əvvəllər də olmayıb. İran hakimiyyəti bütün qonşu ölkələrlə
çox ciddi qarşıdurma içərisindədir.
Səddam Hüseynə qədər
İraqla, Bəhreynlə,
Ərəb ölkələri,
Pakistanla, Əfqanıstanla,
Türkmənistanla, Azərbaycanla
və hətta Türkiyə ilə.
Odur ki, İran indi
özünütəcrid vəziyyətdədir.
İran Ermənistanı özünə
tərəfdaş seçməklə
erməni lobbisindən
Türkiyə və Azərbaycana qarşı faydalanmaq istəyir. Ermənistan İrana bərabərhüquqlu
tərəfdaş kimi
yox, daha çox alət kimi lazımdır.
- İran ilə
Azərbaycan arasında
hər hansı hərbi toqquşma yaşanması ehtimalı
varmı?
- İran müharibəyə cəlb olunmaq istəyər, daxili məsələləri nizamlamaq, ölkədəki müxalifəti susdurmaq baxımından bu, onun üçün qurtuluş olardı. Əgər regionda Rusiyanın hərbi qüvvələri varsa, Ermənistan silahlandırılırsa, İran qonşulara güc nümayiş etdirirsə və daim hərbi manevrlər keçirməklə dünyanı, İsraili, ərəb ölkələrini, Türkiyəni, Azərbaycanı, hətta Pakistanı belə hədələyirsə, deməli, qarşıdurma ehtimalı az deyil. Əslində, silahlı toqquşmalar həmişə ola bilər, amma bunun üçün bəhanə lazımdır. Məsələn, İran daim bəyan edir ki, Ermənistanla bağlı onun qırmızı xətti var və gəlib Qafanda konsulluq açır. Azərbaycanla Ermənistan arasında dövlət sərhədləri müəyyənləşmədən Qafanda konsulluq açmaq nə dərəcədə məntiqlidir? Bəlkə, sərhədlər müəyyənləşdikdən sonra ermənilər Qafan şəhərindən imtina etməli olacaqlar? Odur ki, İranın Qafanda konsulluq açması qaşınmayan yerdən qan çıxarmağa oxşayır. Artıq İran tərəfi silahlı münaqişə üçün bir zəmin yaradır. Üstəlik, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın istəkləri reallaşarsa, İran tərəfi buna da mane ola bilər. Heç şübhəsiz, bütün bunların hamısının arxasında həm də Şuşa Bəyannaməsi dayanır. Bu bəyannaməyə əsasən, Azərbaycana qarşı hərbi müdaxilə Türkiyəyə qarşı hərbi müdaxilə deməkdir. Bu baxımdan, İranın belə bir münaqişəyə cəlb olunması çox təhlükəlidir və İran üçün perspektiv baxımından dağıdıcı ola bilər. İran-İraq müharibəsi dövründən fərqli olaraq, indi İranda cəmiyyət hakimiyyətin arxasında deyil. Etiraz aksiyaları artıq iki aya yaxındır davam edir. Bu onu göstərir ki, cəmiyyətin hakimiyyətdən çox ciddi narazılığı var.
- İqtisadi cəhətdən necə, İran iqtisadiyyatı müharibəyə tab gətirə bilərmi?
- İran iqtisadiyyatını əsasən, neft-qaz gəlirləri təşkil edir, ancaq İranın neft-qaz sektoruna da ABŞ sanksiya tətbiq edib. Hətta Rusiyanın "Lukoil" şirkəti belə İrandan çıxıb. Bu baxımdan, İranın iqtisadiyyatı çox bərbad vəziyyətdədir. İndi qara bazarda Çinə neft-qaz satmaqla və birdə daxili bazarın hesabına özlərini saxlaya bilirlər. Lakin iqtisadiyyat günü-gündən ağırlaşır. Etiraz aksiyalarının səbəblərindən biri də bununla bağlıdır. İranda bir sıra müəssisələrdə işçilər, fəhlələr, hətta müəllimlər belə əmək haqlarını ala bilmirlər. Həmçinin, ölkədə yeni texnologiyalar da yoxdur. Yeni texnologiyanı isə xarici ölkələrdən sanksiya olduğuna görə ala bilmir.
- Sizcə, Azərbaycan İranın təxribatlarına nə qədər adekvat cavab verə bilir?
- Azərbaycan ərazi cəhətdən kiçik, dövlətçilik tarixi baxımından gənc ölkə olsa da, İrandan daha müdrik və daha təmkinli görünür. Azərbaycan İranın təxribatlarının bir çoxuna sadəcə olaraq əhəmiyyət vermir, bütün bu məsələlərə təmkinlə qulaq asır və sonrakı mərhələdə daha təsirli cavab ortaya qoyur. Məsələn, son iki ildə Azərbaycan İranla bağlı iki böyük məsələnin üstünü açdı. Biri Xameneinin Azərbaycandakı nümayəndəsi Əliəkbər Ocaqnejadın ifşa olunması, onun 5-ci kolon yaratmaq cəhdinin açıqlanması və ölkədən qovulması, ikincisi isə bu yaxınlarda DTX-nın İrana aid casus şəbəkəsini ifşa etməsidir. Bunlar daha təsiredici hadisədir, nəinki sərhəddə hərbi manevrlər etmək. Çünki bunun Azərbaycana heç bir təsiri yoxdur. Azərbaycanın da Xüsusi Təyinatlıları bu gün cənub bölgəsində təlimlər keçirir. Azərbaycan bununla göstərir ki, o, İranın hay-küyündən çəkinmir. Məsələn, 2001-ci ildə İran gəmiləri Azərbaycanın Xəzərdəki buxtalarına yaxınlaşmışdı. Türkiyənin şahinləri isə Bakıda uçuşlar həyata keçirdilər və bununla sübut etdilər ki, Azərbaycanın arxasında Türkiyə dayanır. Həmçinin, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinə xor baxanlar, Azərbaycanı kiçik görən, Azərbaycana qarşı pis münasibətdə olanlar üçün bir göstəri, güc nümayişi idi. Azərbaycanın müstəqilliyi dövründə - istər 1918-ci ildə, istərsə də sonra - iki ölkə arasında belə bir sənəd heç vaxt imzalanmamışdı. Məsələn, 1918-ci ildə Nuru Paşanın Azərbaycana gəlməsi çağırış idi, böyük müqavilə əsasında deyildi. Bu bəyannamə isə o deməkdir ki, Türkiyə Azərbaycanı müdafiə etməklə bağlı üzərinə öhdəlik götürür. Türkiyəni müdafiə etmək də Azərbaycanın borcudur və bu, İran hakimiyyətinə qarşı güc birliyidir.
Fərid SANÇAR
525-ci qəzet.- 2022.- 6 noyabr.- S.9.